Milli kinomuzun bayramı
PƏRVİN
Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino
Gününə həsr olunmuş tədbir keçirildi. Artıq bir
neçə ildir ki, təntənəli şəkildə qeyd
olunan bu tədbirin ənənəsi var.
Hər il Kino günündə tamaşaçılara
yeni bir film təqdim olunur. Bu dəfə qısa
müddətdə uğur qazanmış “Nar bağı”
filmini də seyr etmək imkanımız oldu.
Tədbiri
giriş sözüylə açan Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev kinomuzun son illərdə
qazandığı uğurlardan danışdı: “Azərbaycan
filmlərinin hansı zirvələri fəth etdiyini, hansı
yenilikləri tamaşaçılara təqdim etdiyini rəqəmləri
nəzərdən keçirməklə müəyyənləşdirmək
olar. Dövlətimizin başçısının müvafiq
sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər
üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən
müddət ərzində Azərbaycanda 44 tammetrajlı bədii
film, yüzlərlə sənədli film çəkilib.
Dövlət sifarişi ilə “Azərbaycanfilm”
kinostudiyasında, “Yaddaş”, “Salnamə”, “Debüt”
studiyalarında çəkilmiş filmlərin sayı 300-dən
artıqdır. Azərbaycan filmləri 50-dən
çox ölkədə festivallarda iştirak edib. 200-dən çox beynəlxalq kino festivallarında
filmlərimiz nümayiş olunub. Azərbaycan
filmləri müxtəlif kino festivallarında ən
yaxşı film, dəfələrlə ən yaxşı
aktyor, rejissor, ssenari adlarına layiq görülüb. Azərbaycan kino sənəti beynəlxalq səviyyədə
layiqincə təqdim edilir. Bu sənətə
yeni nəslin gətirilməsi, yeni imkanların
açılması üçün ciddi addımlar
atılır. Hazırda bir neçə
istedadlı gənc dövlət hesabına müxtəlif
ölkələrdə təhsil alır. Filmlərin
çəkilişlərində təcrübəli kino xadimləri
ilə yanaşı, gənclər də iştirak edirlər”.
Azərbaycan kinosunun son illərdə əldə etdiyi
uğurları sadəcə sadaladıqca bu statistik rəqəmlərə
yaxşı mənada təəccüblənir insan. Axı kitab oxumayıb “ədəbiyyat
yoxdur, yeni ədəbiyyat yaranmır” deyənlər kimi, yeni
çəkilən filmlərlə maraqlanmayıb, bircəsinə
belə baxmayıb “kino çəkilmir” söyləyənlər
də az deyil. Əlbəttə,
son illərdə Azərbaycanda müasir tipli kinoteatrların,
kino zallarının qurulması, həm xarici, həm də
yeni yerli filmlərin bu zallarda nümayişi
tamaşaçı ilə kinonun, kinoteatrın münasibətini
xeyli yaxınlaşdırıb. Bununla belə,
yeni çəkilən filmlərin geniş təbliğatına,
tamaşaçı kütləsinə
çatdırılmasına ehtiyac var. Lakin bütün
hallarda kinomuzun bugünkü inkişafı da göz
önündədir. Azərbaycan
Respublikası Kinematoqrafçılar İttifaqının sədri,
Xalq artisti Şəfiqə Məmmədova da son dərəcə
nikbin çıxışında kino sahəsində
görülən işlərdən, yeniliklərdən
danışdı. Artıq ənənə halını
almış kino mükafatı bu dəfə rejissor Vaqif Mustafayevə
təqdim olundu.
Bütün nikbin, bayram ovqatlı söhbətlərin
içərisində kinematoqrafçılar ağrılı
mövzunu da unutmadılar. Artıq illərdir ki,
Qarabağ dərdi sənətin ən müxtəlif sahələrinin
mövzusuna çevrilib. Elə kinomuzda da bu
ağrını ifadə edən, bu mövzuda çəkilmiş
filmlər az deyil. Milli Kino
günündə də bu mövzuya həsr olunmuş
qısametrajlı film nümayiş olundu.
Kinoşünas, rejissor Ayaz Salayevin çəkdiyi
“Qarabağın həsrət salnaməsi” filmi ilk
baxışdan, daha doğrusu, ilk kadrlarından çox adi gəlir
adama... Yəni müəlliflər sadəcə,
ən müxtəlif adamların - fəhlənin, həkimin,
müəllimin, satıcının, kosmetoloqun, süpürgəçinin,
cavanın, qocanın, uşağın, yeniyetmənin dilindən
Qarabağ dərdini, Qarabağ həsrətini verir. Bu müxtəlif
adamların dilində ardıcıl olaraq
ağrılı, həsrət dolu sözləri dinləmək
o qədər təsirlidir ki... Ayaz Salayev
çıxışında əsas niyyətin dünyaya mesaj
olduğunu söylədi: “Ermənilərin yalançı təbliğatlarının
sayəsində dünyada elə yanlış fikir
formalaşıb ki, guya sadə xalq Qarabağı istəmir
heç, bunu siyasi oyun kimi qələmə verməyə
çalışırlar. Biz bu cür müxtəlif
adamların dilindən dərdimizi göstərməklə
dünyaya mesaj ötürürük. Qoy
görsünlər ki, Azərbaycan xalqı Qarabağın
itkisi ilə barışmayacaq heç vaxt. Artıq minlərlə adamı
danışdırmışıq. Və
bu layihə Qarabağ alınana kimi davam edəcək. Biz bu filmləri internetə yerləşdirib, təbliğatı
ilə məşğul oluruq. Bununla da
dünyanı ədalətə çağırırıq”.
Son vaxtlarda mətbuatdan aldığımız xəbərlərə
görə, İlqar Nəcəfin “Nar bağı” filmi ciddi
uğurlara imza atıb. Bugünlərdə film 13-cü Avrasiya
Beynəlxalq Film Festivalında mükafatlarla təltif olunub və
baş rolun ifaçısı Qurban İsmayılov “Ən
yaxşı kişi rolu” mükafatına layiq
görülüb. Filmin ssenari müəllifləri
Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo,
quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı
Rafiq Nəsirov, bəstəkarı Firuddin Allahverdidir.
Yaradıcı heyət, filmdə rol alan
aktyorlar - Qurban İsmayılov, İlahə Həsənova, Səmimi
Fərhad, Həsən Ağayev nümayişdən öncə
səhnəyə çıxıb təəssüratlarını
bölüşdülər.
Rejissor İlqar Nəcəf əməyi keçən
insanlara, çəkilişlərin aparıldığı
Göyçayın Bığır kəndinin sakinlərinə,
evin sahibinə təşəkkürlərini
çatdırdı. Baş rolun ifaçısı, Əməkdar
artist Qurban İsmayılova Avrasiya Beynəlxalq Film
Festivalının mükafatını təqdim etdi. Yaradıcılığında bir çox
uğurlara imza atan, qeyri-adi peşəkarlıq səviyyəsi
və istedadı ilə seçilən Qurban İsmayılov
bu dəfə də son dərəcə təvazökar
çıxış etdi. Bəzən mənə
elə gəlir ki, Qurban müəllim böyük
uğurlarına, Allahın ona verdiyi istedada görə
utanır, təriflənəndə sıxılır,
mükafat alanda özünə yer tapmır. Ona sadəcə,
oyun, iş, prosess maraqlıdı, qalan
şeylərə həvəsi, zamanı da yoxdu sanki. Yadımdadı, 2012-ci ildə Bakı Beynəlxalq
Teatr Konfransına Fuceyra Monodram Festivalın təşkilatçıları
gəlmişdilər. Bir il öncə
orda nümayiş olunan, rejissor Bəhram Osmanovun quruluş
verdiyi, Qurban müəllimin “Bu da axırı”
tamaşasındakı ifasından
danışmışdılar. Bizim aktyor, bizim
rejissor haqqında eşitdiyim sözlərdən o qədər
qürurlanmışdım ki, elə həmin axşam Qurban
müəllimə zəng edib bu festival, orda qazandığı
uğurları haqqında soruşmuşdum. Amma nə qədər
çalışsam da, aktyordan “yaxşı oldu”, “təşəkkür
edirəm”, “nə bilim oynadım da” sözlərindən
başqa söz ala bilməmişdim. Uşaqlığımdan
“Qurbanəli bəy” rolu ilə sevdiyim və yaddaşımda
qalan bu aktyorun sonrakı rollarına, Bəhram Osmanovun “Mən
gəldim, qızlar”, “Miras” tamaşalarındakı
ifalarına baxanda düşünmüşdüm ki,
görünür, təriflərdən qaçmaqda
haqlıdı Qurban İsmayılov. Emosiyalarını,
hisslərini sənəti üçün qoruyur. “Nar bağı” filmi isə onun
yaradıcılığında ayrıca yer tutur.
Çexovun “Albalı bağı” pyesindən təsirlənən
ssenaristlər ölən ümidlərin, böyük itkinin
sonunda işıq göstərməyə, hər zaman
sıfırdan başlamağın
mümkünlüyünü anlatmağa
çalışır. Filmdə Nar həm birbaşa, həm də
rəmzi mənada istifadə olunub. Filmin qəhrəmanı
(Qurban İsmayılov) uzun illərdir ki, gəlini və nəvəsi
ilə nar bağına qulluq edir. Bir vaxt
ailəsini atıb Rusiyaya getmiş oğlunun övladına,
arvadına baxmaq da bu saf, məsum adamın boynuna
düşüb. Filmin ilk kadrlarından
atasının üzünü belə görməyən
oğlanın həkimdə göz müayinəsi ideyanın
başlanğıcıdır. Rejissor Tahir Tahiroviç
“Nar bağının rəngi” essesində bu məqamı
xüsusi şəkildə yozur: “Əslinə qalsa, film boyu mən
tamaşaçı olaraq həyatı Cəlalın
gözüylə rəngsiz görürdüm. Xüsusən
də narın qırmızı rəngini seçə bilməməsi
onun üçün qaranlıq dünya idi. Qırmızı rəng canlılıq, dinamizm,
xoşbəxtlik eşqi təmsil edir. Gördüyümüz
bir işdə nə qədər əzimli və qərarlı
olduğunuzu göstərə biləcəyimiz bir rəngdir.
Qırmızı sevən insanlar tez həyəcanlanır,
tez əsəbiləşirlər. Tənbəlliyi
sevmir, başqalarının düşüncələrinə
elə də fikir vermirlər. Cəsarət
və sosiallıqları ilə seçilirlər. Mənim üçün filmin qəhrəmanı Cəlaldır.
Çünki düşdüyü ailə
mühiti cansıxıcıdır. Filmin
müəllifləri ekran əsərində buna xüsusi fikir
veriblər”. Tahir Tahiroviçin bu dəqiq
qənaətini təsdiq edərək, onu da əlavə etmək
olar ki, filmdə dünyanı rəngsiz görən, o cür
hiss edən təkcə Cəlal yox, həm də onun
anasıdır. Ona görə illərdən sonra peyda
olmuş ərinin kürəyindəki banka
izlərini heyrət içində sığallayır...
İllərdir ki, kişi nəvazişinə,
diqqətinə, sevgisinə həsrət qadın
üçün ərinin dönüşü ümid,
işıq, inamdır. Amma... Cəlal da,
anası da, babası da bu gəlişin onlara həmişəlik
yara vuracağını, əbədi bir gedişə
çevriləcəyini bilmirlər. Filmi ayrıca və
daha geniş təhlil etmək niyyətim olduğu
üçün burda ətraflı şərhə ehtiyac
duymuram... Amma qısaca olaraq deməliyəm ki, mənə
görə “Nar bağı” filminin əsas
üstünlüyü peşəkarlığıdır.
“Qarabağın həsrət səlnaməsi”
və “Nar bağı” filmləri 2 avqust Milli Kino Gününün
dəyərini, əhəmiyyətini xeyli artırdı.
Çünki sənət adamları üçün ən
böyük bayram elə bu cür yeni filmlərin yaranması,
çəkilməsidir.
525-ci qəzet 2017.- 5 avqust.- S.12.