Ən əski
yazılarımız
Xalq yazıçısı Anar
yazır
Arxivimi səliqəyə
salarkən keçən əsrin altmışıncı illərində qələmə
aldığım və
unutduğum bir yazıya rast gəldim, “Qələmə
aldığım” - deyirəm,
çünki o vaxt hələ kompüter yox idi, əllə
yazır, sonra makinada köçürürdüm.
Yazının hər iki variantı - əllə
yazdığım mətn də, makinada
köçürdüyüm də qalıb. O vaxtdan az qala altmış il
keçib, bəhs olunan məsələlər alimlər tərəfindən
dəfələrlə araşdırılıb, yeni faktlarla,
yeni baxışla tədqiq olunub. Ola bilsin ki, elmin bu sahədə
sonrakı kəşfləri baxımından köhnə
yazımda səhvlər, ya düzgün olmayan məqamlar
var. Amma oxuculara bu mətni məhz o illərdə
yazdığım şəkildə təqdim etmək istədim.
Türk
xaqanlığı - türk xalqlarını tarixin ümumbəşəri
inkişaf çərçivəsinə salan ilk böyük faktdır. VI - VIII əsrlərdə
Mərkəzi və Orta Asiyada hakim olan türk dövlətinin
- Türk xaqanlığının tarixi 552-ci ildən
başlayır. Ümumi “türk”
adı altında birləşən müxtəlif qəbilələr
552-ci ildə Tumın xaqanın (qədim türk
yazılarında Bumın xaqan)
başçılığı altında qiyam etmiş,
Juan-Juan xaqanlığını dağıtmış, bu
dövlətin əsarətindən qurtularaq Mərkəzi
Asiya, Altay, Ceti su (Yeddi su - Semireçye) sahəsində Türk
xaqanlığını qurmuşlar. “Türk” terminin məzmunundan
asılı olmayaraq, Xaqanlığının
özülünü türk etnik elementi (Orxon və yaxud Altay
türkləri) təşkil edirdi və Xaqanlıq
dövründən qalan yazılı abidələrin dili də
formalaşmış türk dilidir. Çin səddindən Bizans
sərhədlərinə və Xəzər dənizi sahillərinə
qədər uzanan bu nəhəng Xaqanlıq tarixdə
Çingiz xanın imperiyasından sonra sahəcə ən böyük dövlət olsa da, 580-ci illərdə
çinlilər tərəfindən ağır məğlubiyyətə
düçar edilərək iki
hissəyə - Qərbi və Şərqi
Xaqanlığına parçalanıb. VII əsrin birinci
yarısında hər iki Xaqanlıq Çin tərəfindən
zəbt edildi, amma elə həmin əsrin ikinci yarısında əvvəl Şərqi,
704-cü ildə isə Qərbi Xaqanlıq azad ola bildi. Türk dilinin ən əski yazılı abidələri
də məhz bu dövrlərə aiddir.
“Türk”
termininin mənşəyi alimləri çoxdan
düşündürür, “türk” sözünün ən
qədim transkripsiyasına, eləcə də bu sözü
izah etmək cəhdlərinə ilk olaraq Çin salnamələrində
rast gəlirik. Çinlilər bu sözü “tukye - tu-qyu” şəklində
vermişlər ki, bu transkripsiyanın orijinalı “türk”
sözünün “türklər” və ya “türküt” şəkli
olduğunu hesab edirlər. Çinlilər bu termini türklərin ətrafında
yaşadıqları dəbilqə şəkilli bir
dağın adıyla bağlayırlar.
Türk
xalqlarının bu termini izah etmək təşəbbüsünə
ilk dəfə
Mahmud Qaşqarlının
“Divani lüğət-it-türk” əsərində rast
gəlirik. M.Qaşqarlı öz lüğətində “türk”
sözünü üç cür birləşmədə
vermişdir: türk
- günəş ödü (günəşin
günorta vaxtı), türk üzüm ödü
(üzümün dəyən vaxtı), türk igid (yeniyetmə
igid). Göründüyü kimi, hər
üç misalda türk kəlməsi nəyinsə (günəşin,
üzümün, adamın) yetişməsi, ən yüksək
nöqtəyə çatması, parlaqlığı mənasını
verir. Mahmud Qaşqarlı türklərin
tarixdə yeri haqqında Həzrət peyğəmbərlə
bağlı bir hədisi də gətirir.
İran tarixçisi Mirxond “Rövzəttüsəfa” adlı əsərində
Nuh peyğəmbərin üçüncü oğlu Yafəsin
övladları sırasında Türkün adını
çəkir. Mirhondun nəvəsi Xondəmirin “Xülasətül-əxbar” əsərində
də Yafəsin 8 oğlunun içində Türkün adı var. XVII əsrin türkmən
tarixçisi Əbül Qazi xan “Şəcəreyi tərakimə”
əsərində Yafəsin
oğullarını belə sadalayır: Türk, Xəzər, Səğlib,
Mink, Çin, Kəməri, Tarıx... Yafəs öləndə
yerinə ulu
oğlunu oturdur və o biri
oğlanlarına deyir ki, Türkü özünüzə
padşah bilib onun sözündən çıxmayın.
Türk xalqlarının atası Yafəsin oğlu Türk
haqqında rəvayət A.Bakıxanovun “Gülüstanı
İrəm” əsərində də gətirilmişdir.
Avropada “türk” sözünü
izah etmək təşəbbüsləri VII əsrlərə
aiddir. Məhz bu dövrdə türklərin troyalılardan əmələ
gəlməsi rəvayəti kağıza köçürülmüş və türk
sözünün etimolojisi padşah Torquiotus, daha sonralar isə
padşah Troilusin adıyla əlaqələndirilmişdir.
E.Bloşe
“Avesta”nın qəhrəmanlarından olan və Şərqdə hakimiyyət
sürən Turu türklərin ulu babası sayır. Firdovsi
“Şahnamə”sinin böyük şöhrəti “Turan”, “tur”
və “türk” sözlərinin
eyni kökdən olması haqqında xalq etimologiyasını
daha da möhkəmləndirdi. XIX və XX əsrin Qərbi
Avropa türkşünasları “türk” sözünü gah “törük” (törəmiş,
xaliq olmuş, yaranmış insan), gah da “güc”, “qüdrət”
məhfumuyla əlaqələndirirlər. V.Bartold
“türk” terminini tamamilə yeni bir şəkildə izah edir.
Onun rəyincə, qədim türk abidələrində bu
söz etnik yox, siyasi
məna ifadə edir və “törü- törə”
(qanun) sözüylə bağlıdır. Belə olduqda
müxtəlif qəbilələr müəyyən bir
“törə” (qanun)
əsasında qurulmuş dövlətdə birləşdiklərindən
“türk” adını alırlar. Bartoldun bu fikrinə şərik
çıxan S.P.Tolstov yazır: “Bu termin uzun zaman qəbilələrin
hərbi ittifaqının ümumi adı kimi istifadə olunur.
Bu termin uzun
zaman konkret etnik məna kəsb etmir”. (S.P.Tolstov, “K istorii
drevnetyurkskoy sosialnoy terminoloqiyi .Vestnik drevney istorii 1988)
“Türk”
sözünü siyasi termin hesab edən A.N.Kononov bu
sözü iki elementdən ibarət olan tərkib kimi analiz
edir: tür - k. Bu tərkibin ikinci elementi, yəni “k” Kononovun
fikrincə, “gün” - qadınlıq deməkdir. (Azərbaycan dilində “günü” sözüylə
müqayisə edin). Bu söz madər şah dövründə dövlət mənasını əhatə
edə bilərdi. Bunun qalığını yenə
də Azərbaycan dilində “elim-günüm” ifadəsində
görmək olar. Sözün birinci elementi “ tür” Kononova görə, müəyyən
bir totemlə əlaqədardır. Sonralar bu
söz bizim bildiyimiz etnik mənanı kəsb etmiş və
türk xalqlarına aid olmuşdur.
Tarixdə
ilk böyük türk dövlətinin - Türk
Xaqanlığının ədəbi yadigarları - qədim
runik yazılar -
Orxon-Yenisey abidələridir.
Orxon-Yenisey
abidələri
türk dillərinin ən əski yazılı nümunələridir. Daşlar və qayalar üzərində qədim
runik yazılar haqqında hələ XVIII əsrdən məlumat
vardı. 1889-cu ildə rus
tədqiqatçısı N. M.Yadrintsev Monqolustanda, Qoşa
Saydam vadisində Orxon çayı (Baykala tökulən Selenqa
çayının qoludur) yaxınlığında iki dildə - qədim runik hərflərlə
və Çin heroqlifləriylə yazılmış
(qazılmış) iri daş
abidələri tapdıqdan sonra
bu yazıların öyrənilməsi xeyli canlandı. Orxon və Yenisey çayları
yaxınlığında, eləcə də Monqolustanın,
Sibirin və Ceti-Suyun başqa yerlərində
tapılmış bu yazıları mütəxəssislər
V-VIII əsrlərə aid edirlər. Daha
qabaq - Sasanilər dövründə (III-VII əsrlər)
türk dillərində ədəbiyyatın mövcudluğu
haqqında bəzi tarixi məlumatlar vardır. Lakin Sasani
dövrünün türk ədəbiyyatından heç bir
nümunə bizə çatmamışdır. Orxon Yenisey yazıları türk dillərinin bu
gün əlimizdə olan ən əski vəsiqələri
kimi misilsiz əhəmiyyətə malikdirlər. Qədim
türk əlifbasıyla yazılmış
(qazılmış) bu abidələrin oxunması böyük
çətinlik
törədirdi. Ağır zəhmət nəticəsində Orxon abidələrindən
“türk”, “tanrı” və s. sözləri oxuya bilən
Danimarka alimi V. Tomsen 1893-cü
il noyabrın 25-də bütün əlifbanın
açarını tapa bilib. Rus alimi V.Radlov bu abidələri ilk dəfə
tərcümə etdi. Abidələrin oxunması, nəşri,
şərhi və tərcüməsi işində rus alimləri P. Melioranski və S.Malovun,
osmanlı alimlərindən
Orxunun, fin alimlərindən Donnerin, macar alimi Y.Nemetin və
başqalarının böyük xidmətləri olub.
Qədim türk yazılarının ən əskiləri
Ceti- suda tapılmışdır. Qəbr daşları
üstündə olan bu yazılar V əsrə aid edilir.
Yeniseydə tapılmış XVIII əsrlərə
aid yazılar Ceti- su abidələrinə yaxın, Orxon abilərindən
isə xeyli fərqlidirlər. Orxon və Selenqa
çayları yaxınlığında tapılmış yazılar Yenisey
və Ceti - su abidələrindən sonrakı dövrə VII
əsrin 30-cu illərinə olmalarına baxmayaraq, onların əhəmiyyəti
hər cəhətdən daha mühümdür.
Çünki sərkərdələrin, bəylərin,
xanların qəbrləri üzərinə qazılmış
qaya, divar,
daş, məişət əşyaları üzərinə
həkk edilmiş, əksəriyyətlə ancaq bir neçə
sözdən ibarət olan Yenisey və Ceti - su abidələri monumental
Orxon, Selenqa mətnlərinə
nisbətən cüzi linqvistik material təşkil edir.
Yenisey
abidələrinin dili qədim qırğız dili, Orxon,
Selenqa yazılarının dili
qədim oğuz dilidir. Orxon türklərinin
və oğuzların eyni bir xalq olmasını ilk dəfə
Radlov təyin etmişdir. “Orxon yazıları
özünü vaxt etibariylə ilk olaraq türk adlandıran
və VI əsrdə
meydana çıxan xalqa - oğuzlara aiddir” - bu isə
Bartorldun sözləridir.
Orxon
yazılarının elm aləmində daha populyar olan ikinci adı “Gül təgin”
abidəsidir. Türk xaqanı
Bilgə xaqan (734-cü ildə ölmüşdür) tərəfindən
732-ci ildə vəfat etmiş kiçik
qardaşı Gül təginin şərəfinə elə həmin ildə qoyduğu bu abidə iki hissəyə - Böyük və Kiçik
daşa ayrılır. Selenqa çayı
yaxınlığındakı abidə isə Tonüqüq
abidəsi adlanır.
“Gül təgin”
abidəsi və
başqa əski türk yazıları böyük tarixi, etnoqrafik, ədəbi-linqvistik
əhəmiyyətə malikdirlər. Bu
yazılar əlifba baxımından da böyük maraq
oyadırlar. Qədim türklərin yüksək mədəni
səviyyələrini sübut edən bu orijinal
əlifba bəzi alimlərin fikrincə, Aramey-Soğd-Xarəzm
yazısının təsiriylə yaranmışdır. Lakin türk dillərinin bir sıra spesifik səslərini
ifadə edən hərflərin çoxunun Aramey-Soğd-Xarəzm
prototipini tapmaq mümkün deyil. Bu yerli mənşəli
hərflər türklərin geniş yayılmış
ağac, silah, əşya, mal-qara üzərində həkk
olunan damğalarıyla, xüsusən arxeoloji Daşlıq
(b.e.əvvəl 1 əsr) mədəniyyətinin damğalarıyla əlaqədardırlar. Bu əlifbanın
hərflərinin böyük qisminin damğalardan əmələ
gəlməsi - onu kənardan gətirilmə deyil, müstəqil
türk şüurunun bəhrəsi saymağa əsas verir. Bartoldun fikrincə,
bu əlifba türk dillərinə bütün başqa əlifbalardan
daha yaxşı uyğunlaşdırılmışdır.
Ən maraqlı cəhət odur ki, bu əlifba geniş
xalq kütlələrinə də yaxşı bələd
imiş. Bu
Orxon yazılarından aydın görünür: “türk bəklər,
budun (budun-xalq, bəzi fərziyyələrə görə
“bütün” sözündəndir) bunı (yəni mənim
sözümü, burda yazdığımı) esidin! (eşidin)
“Annı (onu) görip bilin, türk amtı (indiki) budun, bəglər!”
“türk oğuz bəklər, budun esidin!”
Dəfələrlə bu ifadələri təkrar eləyən
müəllif “sabının” (sözünün) dinləniləcəyinə
əmindir. Xalqı və bəyləri səhvlərdən
saqındırmaq məqsədiylə müəllif yol
ağzında, görünən yerdə onlara ibrət olacaq
bir tarixi yazı qoymaq fikrinə düşür. Xalqa və bəylərə nə sözü varsa
daş üzərində yazdırır. “Könüldəki
sabımı görü bilin” deyir.
Göründüyü kimi, müəllif nəinki
yuxarı təbəqələrin (bəklərin), xalq
kütləsinin (budunun) da savadlı olduğuna əmindir. Odur ki, onlara da xitab edir. Bu ifadələrin
heç bir konkret mənası olmayan ritorik müraciətlər,
emosionallığı artırmaq üçün işlədilən
bədii vasitələr zənn
etmək düz olmaz. Çünki bu müraciətlər
məhz ritorik deyil, konkret ictimai-siyasi xarakterdədirlər.
Gül təgin abidəsinin başqa Şərq
hökmdarlarının bu sayaq
yazılarıyla, məsələn İrandakı məşhur
Bisitün mətniylə müqayisə etdikdə, aydın
görünür ki, ikinci
şöhrətpərəstlik səciyyəsindədirsə,
birincinin tarixi ekskurslarında mənəm-mənəmlik, quru
mübaliğəli lovğalıq elementi yoxdur. Gül təgin
abidəsinin müəllifi üçün tarixi hadisələr
ibrət məktəbi, keçmişə baxış, bu günü və
gələcəyi qurmaq vasitəsidir. Müəllif xalqa onun
tarixi taleyini, qələbə
və məğlubiyyətlərini xatırladır, xeyrini və
zərərini başa salır, səhvlərindən və
igidliklərindən danışır, ona yol göstərir, nəsihət
edir. Bütün bunlar müəyyən siyasi məqsədlər
güdən, müəyyən dinləyicilər
auditoriyasına xitab edən praqmatik təbliğatdır.
Türk Xaqanlığında siyasi ehtiraslar çoşduğu bir vaxta təsadüf edən Gül təgin
abidəsi qəmli epitafiyadan daha artıq həyəcanlı
bir pamflet, alovlu bir çağırışdır. Müəllif türkləri
saysız miqdarda “altun, gümüş, içirti (içgi),
kutay (ipək) verən tabğaçların (çinlilərin)
şirin dilinə inanmamağa çağırır. “Bilik
bilməz kişilər (dərrakəsiz adamlar)
tabğaçların yağlı dilinə, yumşaq
mallarına aldanaraq öz yerlərini buraxıb
Tabğaça (Çinə) yaxın “qonduqda” türk
xalqının başına gələn bəlalardan söz
açır “ol ergürü (o
yerlərə) barsan (varsan, getsən)
türk budun öltəciksən” deyə xəbərdarlıq
edir, türklərin Ötükən yerində
yaşadıqları vaxt necə xoşbəxt
olduqarını xatırladır. Müəllif
təəssüflə ac olanda toxluğu, tox olanda
aclığı bilməyən türk xalqına öz xeyrini
başa düşməməyi ucundan bəlalara və çətin
günlərə düçar olduğunu yada salır.
Xalqa müraciət edərək deyir ki, “sən… xaqanın
sabını almadın, yer sayı bardın, kop (hamılıqla) anda akkındıq (azaldıq)
arıldıq”. Ayrılıb öz yerində
qalmışlar da “tiri-ölü” yəni yarımcan bir halda
idilər.
Orxon mətnlərinin
yazıldığı vaxt orda təsvir olunan bir çox hadisələrdən
yüz ildən artıq müddət keçdiyinə
baxmayaraq, müəllif
Türk Xaqanlığının Tabğaca məğlub
olması səbəblərini heyrətamiz və məharətli
siyasi təhlillə açıb göstərə
bilmişdir. “Bəklər budunu
tüzsüz üçün Tabğac budun təlqinin
gördüyu üçün, armakçısı
üçün (şirnikdirildiyi üçün) inili (ailədə,
nəsldə kiçik), əçili (ailədə, nəsldə
böyük) kintükün (kin
ədavət saxladığı üçün) bəklə
budununq yon şurtukun üçün (bəylə budunu
dalaşdırdığı üçün)türk budun …
tabğaç budunga bəglik
urı(arı) oğlun qul boldu, çilmik (təmiz) qız
oğlın qun (kəniz) boldı.
Türk xalqının
Tabğaç əsarəti altında
qalmasının təsviri qüvvətli publisistik pafosla
yaradılmış və böyük təsir gücünə malik parçalardır.
“Türk
bəklər türk adın atı(b)
tabğaç adını tutıban tabğac xaqanka
girmiş, əlik yıl işik - gücik ğermiş.
(Türk bəyləri türk adlarını atıb unudub, tabğaç bəylərinin
adlarını alıblar, tabğaç xaqanına tabe
olmuş, əlli il iş gücünü, zəhmətini
tabğaçlara vermişlər)
Türk
xalqının əlli il tabğaçlara zəhmət
çəkməsini oğul və qızlarının qul-kəniz
olması dərdi əsirlərin qasırğalarından
keçib gəlib, xalqının taleyi üçün yanan bir vətəndaşın
qəlb çırpıntılarını bizə
çatdırmışdır. O da maraqlıdır ki, bu məsələdə
müəllif xalqla (budunla) bəglər arasında
fərq qoyur. Fateh tabğaçlara bəylər
satılmışlar, xalq isə itaət altında yaşamaq
istəmir. Müəllif xalqın şikayətini həyəcanlı
bir üslubla ifadə edir:
“Türk qara qamuğ budun (burda
küllü qara camaaat anlamında) anca (belə) timiş (demiş): “ellik budun
idim, elim amitı qanı? (Eli olan xalq idim elim
indi hanı?) Xaqan olıq budun irtim,
xaqanım hanı (Xaqanı olan xalq idim, xaqanım hanı?)
Nə xaqana işik-gücik berimən?” (hansı xaqana işimi gücümü verməliyəm?)
Bu təbii
etirazlara baxmayaraq
xalq təşkil olunmamış, silahsız və zəif idi.
Özündən qat-qat güclü düşməni məğlub elə bilməyəcəyini
dərk elən xalq artıq qul da qalmaq istəmirdi. Qul olmaqdansa “türk budun ölürəyin”
demişdi. Fəqət uca türk tanrısı “ türk üdük (müqəddəs) yeri subu (torpağı anlamında)
demiş: türk budun yok
bolmasın, budun bolsun”. Əvvəlcə 17 (yeti
yikirmi), sonra yetmiş ərlə çıxış edən
Eltəriş xaqan “tanrı güc berdük üçün”
qurd tək, yağıları isə qoyun tək olmuşdu.
Eltəriş
xaqansızlaşmış, türk törəsini
(qanunu) unutmuş bir xalqın yenidən dövlətini
qurmuş, həm də bu dövləitin “türk törə”sini yaratmışdı. Sağdan
tabğaç xalqı, soldan Boz xaqanın qoqquz oğuz
xalqı, qırğızlar, qurımanlar, otuş tatarlar,
kitanlar, tatabilar - hamısı ona yağı imiş.
Lakin qüvvəti gün gündən artan Eltəriş 47 hərbi səfərə
çıxaraq 20 dəfə vuruşmuşdu. O, türk
yağılarının hamısını məğlub
etmiş, tizliyini çükürmüş (diz
çökdürmüş), başlığın
yüküntürmüş (başlarını əymiş).
Müəllif türk
bəylərinə müraciət edərək belə
güclü dövlətin zəlil
olmasının səbəblərini soruşur. O, özü
bunun səbəbini türklərin bir yerdə məskən
tutmamalarında, müqəddəs. Ötükən yerini tərk
edərək gah irəli, gah geri - müxtəlif səmtlərdə
yürüməsində görür. Bu
fikir yazılarda çox təkrar olunur. Bizcə
bu dövlətini və xalqını oturaq həyata
bağlamaq istəyən bir siyasi xadimin köçəri həyat
tərzinə qarşı etirazının ifadəsidir. Müəllif yerdən yerə keçmənin
(köçmənin) zərərlərini anlatmağa
çalışır. O deyir ki, bütün bu yerlərdə
türk xalqı sənin qanın subça yükürdü
(su kimi axdı), sönüxün taxca yatdı
(sümüyün dağca qalandı). Bütün
bu misallardan göründüyü kimi, bu yazılar aktual
siyasi qayə daşıyırdı. Onlar
başdan-başa təbliğat xarakterində olan
şüarlar nəsihətlər, xəbərdarlıqlardır,
ibrətamiz analogiyalar və gələcəyə
baxışlarla doludur. Bu fakt yazının müəyyən
məqsəd daşıması xalqın əksəriyyətinin
savadlı olduğuna
sübutdur. Amma bu yazıların başqa bir önəmi
də var. Bəzi Qərb alimləri Şərqdə şeirə
aludəçiliyin səbəblərini bu xalqların primitivliyində, yalnız
ritual, ya əyləncə xarakterli sənət yarada bilməsiylə
izah edirlər. Onların rəyincə, tarixi mətnləri
yalnız öz mənliyini dərk etməyə qadir olan yüksək
şüurlu xalqlar meydana çıxara bilir. Bu fikri “Tarixin fəlsəfəsi”
əsərində yürüdən alman filosofu Hegel Mərkəzi
Asiya köçərilərini məhz belə bəsit dünyagörüşlü
insanlar kimi səciyyələndirir
və onları tarixi inkişaf çərçivəsinə
salmırdı. Gül təgin abidəsindən gətirdiyimiz
misallardan bəlli olduğu kimi, bu yazılar məhz siyasi, daha doğrusu, tarixi siyasi vəsidəqələrdir.
Belə bir mətn yalnız öz tarixi
varlığını dərk edən, tarixi öz inkişafı
üçün ibrət məktəbi və zəmin
hesab edən cəmiyyətin abidəsi ola bilərdi. Belə
bir xalqı Hegel dediyi kimi, “tarix çərçivəsinin
icinə girməyən nomadlar”
adlandırmaq düz deyil. (Doğrudur,
Hegelin zamanında hələ Orxon abidələri
açılmamışdı).
Orxon
yazılarının başqa böyük əhəmiyyəti
də türk
tarixi, etnoqrafiyası və filologiyası üçün
tükənməz xəzinə olmasıdır. Uzun zaman türklər
və Türk Xaqanlığı haqqında məlumat verən yeganə mənbə Çin salnamələri idi.
Türk runik yazılarının kəşfi
türkolojidə böyük dönüş yaratdı. Türklərin
özlərinin öz həyatlarını təsvir etdikləri
bu nadir vəsiqələrdə Xaqanlıqda baş vermiş
bütün böyük hadisələr əks olunmuşdur.
Türk Xaqanlığının həyatı, dövlət
quruluşu, siyasi institut və vəzifələr, siniflər
və təbəqələr haqqında məlumatlar çox
qiymətlidir. Orxon mətnlərində “Türk elinin”
başında duran triumvirat (Xaqan, Yabğu, Şad) və ali təbəqənin
nümayəndələrindən “bəklərdən”,
“tarkatlardan” tutmuş “qara buduna”
qədər bütün silklər
haqqında məlumat almaq olar. Orxon mətnlərindən
Türk Xaqanlığında quldarlığın geniş
yayılması aydınlaşır. Çoxlu
etnoqrafik məlumatlar alırıq. Ölən
xaqanların qəbirləri yanında onların əsas
düşmənlərinin daş heykəlini “balbalları”
qoymaqda məqsəd o dünyada öldürülmüşlərlə öldürənlərin əlaqəsini
möhkəmlətmək idi. Dini təsəvvürlərə
gəldikdə, qeyd elmək olar ki, mətnlərin heç
birində şamanlardan, ya şamanizmdən bəhs olunmur, Qədim
türklərin şamanist olmaları məlumdur. Özlərini bu mətnlərdə “Kök türklər”
adlandırırlar. Türklərdə Sub
yer (su -yer) kultunun olması və Humay adlı
qadınlığı təcəssüm edən İlahənin
varlığı da Gül təkin abidəsində əks
olunmuşdur. Müəllif öz
anasını Humaya bənzədir. Gül
təgin abidəsinin sırf ədəbi əsər
adlandırmaq olmaz. Amma bu abidədə böyük
emosional təsirə
malik olan parçalar, obrazlı ifadələr,
qafiyəyə yaxın alliteratsiyalar, müəyyən ritmik təkrirlər var. Ümumi bədii stilistik
sığal da duyulmaqdadır. Orxon yazılarında adları
keçən personajlar bədii surətlər deyil, real tarixi
şəxsiyyətlərdir. Epizodik, yalnız
adları çəkilən şəxslər nəzərə
alınmasa, mətnlərin qəhrəmanları yalnız iki
obrazdır. Bunlardan biri mətnlərin müəllifi və
qəhrəmanı, hekayəti birinci şəxs adından danışan Bilgə
xaqan, digəri onun kiçik
qardaşı şahzadə Gül təgindir. Abidə də məhz o
öldürülündən sonra, onun eşqinə
qoyulmuşdur.
Bilgə
xan tanrının yardımıyla, özünün bəxti
olduğu üçün Xaqan “oturdulduğundan”,
qüdrətli xalqa deyil, “içrə aşsız (içəridə
ac), tışra tonsız, yabız, yablaq” (çöldə
çılpaq, yazıq, misgin) xalq üzərində hakim
olduğundan danışır. Kiçik qardaşı Gül
təginlə
qanlarıyla qazandıqları elin güclü
olmasına çalışaraq gündüzü gecəyə
qatmışlar “dün udamadıq, güneldüz
olurmadıq”. Daima xalqının qüdrətini artırmağa
çalışan Bilgə xaqan az budunu çox etmiş (yəni əhalini
artırmış), “yoka çıxan budunıq yüksəltmiş,
“gündoğansağa … gün ortusınnaru, gün
batsığına, dün ortusınaru” (günçıxandan gün
batana) qədər səfərlərə çıxmış, xalqını dörd bir yandan
yağısız etmiş və nəhayət “Ötükən
yenində …el düzəlt”mişdir. Bilgə Xaqan və onun
yazıları haqqında Bartoldun fikri çox
maraqlıdır:
“Yazıların müharibə xarakterində olmasına və
döyüş ruhu
aşılamasına baxmayaraq biz onlarda adətən qaniçənlik
adlanan elementin əsla olmadığını
görürük... Əgər bu yazıları Assuriya
padhaşlarının və ümumiyyətlə, mədəni
xalqlardan
çıxmış
fatehlərin yazılarıyla müqayisə etsək, görərik ki, vəhşilik
elementi, necə deyərlər, zülm zövqü mədəni
xalqlarda bu xanın yazılarından qat-qat çox yer tutur. Xaqan imperiya
qurmasını xalqa xidmət
etməsi və xeyir verməsiylə izah edir. Hərbi
yürüşlərə xalq kütlələrinin
rifahının yaxşılaşması nöqte-nəzərindən
baxır. Heç bir yerdə xanın
böyük insan qırğınlarından, qan
axıdılmasından danışdığına rast gəlmirik”.
Onu da qeyd
etmək vacibdir ki, müəllifin xan olmasına
baxmayaraq, yazısında müəyyən
demokratik ünsürlər
vardır. Yazılarda Türk
Xaqanlığında bəylərlə budunun bir-birlərinə
qarşı çıxış etmələri qeyd olunur.
Doğrudur, bu
çaxnaşmalar tabğaçların fitnəsiylə
izah olunur. Lakin bu
çaxnaşmaları görə bəyləri müdafiə
edib xalqı onların ayağına verməməsi, əksinə,
türk elinin şərəfi naminə hər iki sinfi eyni dərəcədə
təqsirləndirməsi diqqətəşayandır. Bəylərin
tabğaçlara satılmasına nifrət dolu sözlərdən başqa
bütün mətnlərdə dolayısıyla deyilmiş
atmacalar da vardır ki, onlar məhz
hakim təbəqələrə ünvanlanıb. Öz sələfləri
Bumın xaqan və İstəmi xaqanın parlaq dövrlərindən
söz açan müəllif bu xaqanların “buyruqlarnın”, “bəklərinin”
alp (düz) olmalarından danışır və bununla müasiri olan dövlət xadimlərinə
ustalıqla eyham vurur. Mətnlərdən
aydın olduğu kimi, xan türk elinin bəlalarının əsas
səbəbini xalqın öz Xaqanına sadiq olmamasında
görür. Xanın öz elinə güclü və səmimi məhəbbətini görməmək olmaz. Türk dövlətinin qüdrət və
şöhrətinin artması yolunda bütün işləri
kiçik qardaşı Gül təkinlə bircə etdiklərini
etiraf edir. Bilgə Xaqandan iki il
öncə vəfat etmiş istəkli qardaşını
itirmiş böyük qardaş öz dərdini təsirli ifadələrlə
çatdırır:
“İnim (kiçik qardaşım) Gül təkin kərkək
boldu (öldü) özim sakındım, görur gözüm
görməz tək, bilir biligim bilməş tək boldu,
özim sakındım”. Xan özünə təsəlli verir ki,
“Öd tanrı yasar” (Vaxtı tanrı bölür). Kişi oğlu kop ölüklü
törümüş (insanların hamı ölümlü
doğulmuşlar). Lakin bu təsəllilər
xanın çəkilməz dərdini ovutmur. “Gözdə
yaş gəlsər, könüldə sığıt ( fəryad) gəlsər”.
Xan xatirələr aləmindədir. Ataları
ölərkən on yaşında qalmış Gül təkinin
uşaqlığı, gəncliyi, igidlikləri,
döyüş qəhrəmanlıqları bir-bir gözləri
qarşısından keçir. Bilgə
xaqan Gül təkinin iştirak etdiyi vuruşlardan
danışır. Hansı
döyüşdə neçə yağı olduğunu, kimlə
savaşdığını, hətta hansı atı mindiyini
xatırlayır. Bayaqdan bəri elmi, tarixi əhəmiyyətindən
danışdığımız Güt təkin
yazıları bu yerində adi insani sənəd, yaxınını itirmiş
böyük qardaşın qəlb ağrıları, təsəllisiz
dərdinin yadigarı kimi çox təsirlidir. Gül
təkinin son igidliyini də yada salır. Qoşunun
başında səfərə çıxan Bilgə Gül təkinə
evdə qalıb eli-oğanı, qadınları
qorumağı tapşırır. El-oba qəflətən
yağı hücumuna
məruz qalır. “Yağı ordu basdı, Gül Təkin Öksiz
atın binib tokuş ərin sancdı”, yurdu vermədi.
Xan deyir
ki, Gül təkin olmasaydı, anası, xalaları, bibiləri,
gəlinləri, qızları dirisi əsir alınacaq,
ölüsü yolda qalacaqdı.
Orxon mətnlərinin son sözləri Gül təkinin
dəfn mərasiminə aiddir.
Selenqa
çayının yaxınlığında
tapılmış “Tonüqüq abidəsi” kimi məşhur
olan yazı üç türk Xaqanının - Eltərişin, Qapağanın və
Mogilyanın “ayquçusu” (məsləhətçisi, müşaviri), qədim türklərin ən
böyük siyasətçisi “bilgə” (mülrik)
Tonüqüqün şərəfinə qoyulmuşdur. Özünün söylədiyi kimi, türk
xalqı tabğaçlara tabe olan vaxt Çin mədəniyyətinin
təsiri altında təhsil almış Tonüqüq öz
yazısında müxtəlif xanlarla etdiyi səfərlərdən,
xanlara verdiyi məsləhətlərdən söz
açır. Yağılar türk xalqının Xaqanını və onun
müdrik müşavirini aradan qaldırmaq üçün
hiylələrə əl atır, cəsus göndərirlər.
Tonüqüq Eltəriş xaqanın hakimiyyətə
gəlməsində öz böyük xidmətlərini
xüsusi qeyd edir. Xaqanların hərəkətlərindən
nisbətən az danışan
Tonüqüq müxtəlif vuruşlarda öz şücaətinin
həlledici məqam olduğunu vurğulayır, xanlara yol
göstərməsindən, xaqanların ona sonsuz səlahiyyət
verməsindən danışır. Tonüqüqün əsas
məqsədi Bilgə xaqandan qabaq gəlmiş hökmdarların
və şəxsən özünün türk dövlətinin
yaranamasında böyük rolunu müasirlərinə bir daha
xatırlatmaq,
dövləti yaradanların xidmətlərini
unutmağa qoymamaqdır. Yazısının axırında
müasiri Bilgə Xaqan haqqında bircə cümlə var:
“Türk Bilgə Xaqan türk budunuğ, oğuz budunuğ ijidi
olurur”.
Gül təkin və Tonüqüq abidələrinin
dili - deyildiyi kimi, qədim oğuz dilidir.
Böyük Sovet Ensiklopediyası “oğuz dili”
haqqında yığcam məlumat verməkdədir: “Oğuz
dili oğuzların yaxud uzların dili, oğuz qrupuna daxil olan ən
qədim ölü türk dillərindəndir. Oğuz dilinin ən
qədim nümunələri VI-VIII əsrlərin oğuz
dilindəki Orxon yazılarıdır. Oğuz dilinin daha
sonrakı dövrünün abidəsi oğuz dilinin bu
dövrünə aid nümunələri verən M.Qaşqarlının
“Divan-lüğət-üt-türk” adlı məşhur
əsəridir. Sonralar oğuz dili bir neçə
müxtəlif dilə ayrıldı ki, bu dillərdən
müasir türkmən dili, Azərbaycan dili, türk dili,
qaquaz dili və başqaları törədi”.
Beləliklə, Orxon Selenqa abidələri bu gün qədim oğuz dilinin varisləri olan Azərbaycan, türk və türkmən dillərinin ən əski müştərək abidəsidir. Orxon yazılarındakı bir çox söz və ifadələr bu üç xalqın klassik ədəbiyyatında, ələxüsüs “Kitabi Dədəm Qorqud” eposunda öz əksini tapıb. Orxon yazılarındakı “Görür gözüm görməz tək boldu” ifadəsi Dəli Domrul boyunda “mənim görər gözlərim görməz oldu” şəklində işlənmiş, Orxon yazılıranda tez-tez rast gəldiyimiz “için taşın” ifadəsi eyni şəkildə “Dədə Qorqud”un müxtəlif yerlərində saxlanmışdır.
Əski türk runik abidələrinin tədqiqatçısı İ.V. Stebleva Orxon yazılarını tarixi qəhrəmanlıq poemaları hesab edir və yazır: “Runik şeir epoxasının poemalarına ən yaxın olan “Kitabi Dədəm Qorqud”un şeir mətnləridir”
Orxon yazılarındakı sözlərin bəziləri müasir Azərbaycan dilində fonetik cəhətdən bir qədər dəyişilərək qalır: Məsələn tanrı, tək, türk, oğlanım, bir, iki, üç tört, beş, altı, yeti, səkkiz, toqquz, on, otuz, gün, el, alp, kişi, altun, gümüş, bilik, bilməz, sən, ölü, özim, üçün, az, biliksiz, qul, qız, yağı, ər, ös, sancdı, yurtda, gözdə yaş, uçdu, bəklər (bəylər), bolmış (olmış), buyuruk, tiri (diri), yavuq, qazandı, qara tər, qızıl qan, boz at, ağ adğır (ayğır), güntüz, təmir (dəmir), ot (od), kök, körip (görüb), yanılıp, arık və s. Orxon yazılarında Türkiyə türkcəsindəki kimi “ben” yox, Azərbaycanca “mən”, “kəndim” yox, özim (özü) işlənir.
Altımışıncı illərdə yazılmış bu mətni olduğu kimi burda gətirərək sonunu 1985- ci ildə yazdığım “Dədə Qorqud dünyası” essemdə verdiyim sözlərlə tamamlamaq istəyirəm:
Həm Orxon oğuzları, həm Dədə Qorqud oğuzları gələcəyə bir soraq, bir sənəd, xatırlama qoymaq istəmişlər. Müasirlərinə müraciətlə olub keçənləri unutmamağa çağırıblar. Hər iki abidə xalqın tarixi hafizəsidir, daşlarda - Orxon yazıları və yaddaşlarda - “Kitabi Dədə Qorqud” həkk olunmuş ömür salnaməsidir.
Və
2017-ci ilin daha bir əlavəsi:
Həm də
ibrət dərsidir!
525-ci qəzet 2017.- 5 avqust.- S.10-11.