“Qarabağ təkcə Azərbaycanın yox, bütün Türk, hətta İslam dünyasının məsələsidir”

 

Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafında onun xidməti əvəzsizdir. Azərbaycanlı yazarların Türkiyədə əsərlərinin tərcüməsi, çapı sahəsində fədakarlıqlar göstərən yazar-tərcüməçi İmdat Avşar bugünlərdə paytaxtımızın qonağıdır. Fürsəti fövtə vermədən qonağımızla hər iki ölkənin ədəbiyyatından, yaradıcılığındakı son yeniliklərdən, tərcümə və kitab çapı sahəsindəki çatışmazlıqlardan və başqa bu kimi məsələlər barədə söhbətləşdik. Yazıları kimi danışdıqları da maraqlı olan müsahibimlə söhbəti oxuculara təqdim edirik.

 

- İmdat bəy, yaradıcılığınızda nə yeniliklər var?

 

- Çətin sual verdiniz. Gərək yazar həmişə oxucularıyla görüşə yeni bir kitabla gəlsin. Mən də iki ildir yazdığım, Türkiyədə və Azərbaycanda yayımlanan hekayələrimi bu yay bir yerə yığdım. Güman edirəm ki, bu payızda ədəbiyyatsevərləri bir hekayə kitabıyla qarşılayacağam. Tərcümə işində isə iki kitab nəşr etdirdim. Birincisi, özbək dilindən tərcümə etdiyim Öktemay Haldarovanın şeirlər kitabı, ikincisi isə Sabir Rüstəmxanlının  Ölüm zirvəsi” romanıdır. Bildiyiniz kimi, mən eyni zamanda, Türkiyədəki müxtəlif dərgilərin xüsusi buraxılışlarında da redaktorluq edirəm. Bir ildir “Koroğlu” dərgisinin “Türk Dünyası” və Türk Ədəbiyyatı dərgisinin “Xocalı” özəl buraxılışını da mən hazırlayıram. Dərgilər böyük marağa səbəb olub.

 

- Əsəri yazmaq asandır, yoxsa tərcümə etmək?

 

- Əsər yazmaq olmayan bir şeyə “həyat vermək”,  olmayan bir şeyi  “yaratmaq”dır. Tərcümə etmək isə var olan bir əsəri bədii estetik cəhətlərini mühafizə edərək başqa bir oxucu kütləsinə təqdim etməkdir. Daha açıq desəm, əsər yazmaq bir uşaq dünyaya gətirmək,  tərcümə etmək isə doğulmuş uşağa don biçməkdir. İndi siz deyin, hansı daha asandır?  Doğum sancıları çəkərək bir əsər ortaya qoymaq, əlbəttə, daha çətindir. Ancaq tərcümənin də öz çətinlikləri var...

 

- Aşiq olduğunuz ilk kitabı xatırlayırsınız?

 

- Əlbəttə! İnsan özünü kəşf etməyə başlayanda yaşayır ilk eşqini. Kitablara eşq isə oxumağı öyrənib, bir mətni dərk etməyə başlayandan sonra yaranır. Mən məktəb illərində Ömər Seyfəddinin “Forsa” kitabına aşiq olmuşdum. O zamanlar kəndlərdə kitab tapmaq, oxumaq imkanı məhdud idi. Mən o kitabı bir neçə dəfə oxumuşdum. İçində türkçülük şüurunu yüksəldən, milli ruhu dirildən “forsa”, “diyet”, “kaşağı” kimi Türk ədəbiyyatının klassik nümunələrindən sayılan dramatik hekayələr vardı. Sonra başqa sevgilər də oldu, əlbəttə... Orta məktəb illərində Əbdürrahim Karakoçun “Dosta Doğru”, universitetin birinci kursunda oxuyarkən isə  Şəhriyarın “Heydərbabaya salam” kitabları mənim eşqlərim arasına daxil oldu.

 

- Azərbaycan ədəbiyyatına marağınız nə vaxt və necə yarandı?

 

- Azərbaycan ədəbiyyatına marağım orta məktəbin son illərindən və universitetdə oxuduğum zamanlardan başladı. O illər Sovet imperiyasının dağılma vaxtları idi və artıq Türkiyədəki dərgilərdə, qəzetlərdə Azərbaycan şair və yazarlarının hekayələri, şeirləri yayımlanırdı. Biz də o zamanlar rəhmətlik Əhməd Kabaklının çap etdirdiyi “Türk ədəbiyyatı” və İbrahim Bozyelin “Kardaş ədəbiyyatlar” dərgilərindən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Musa Yaqub kimi şairlərin şeirlərini, Anar, Elçin kimi nasirlərin hekayələrini oxuyurduq. Zeynal Abidin Makas tərəfindən hazırlanan və bizim Mədəniyyət Nazirliyində yayımlanan Azərbaycan hekayələri və Azərbaycan dramları antologiyalarını sanki su kimi içmişdim. O illərdə həm Azərbaycan ədəbiyyatına, həm də Azərbaycan türkcəsinə qarşı böyük bir maraq yarandı məndə.

 

- Qarabağ problemini türk dünyasında ən çox duyuran şəxslərdənsiniz. Buna görə təzyiqlərlə üzləşdiyiniz olubmu?

 

- Mənə görə Qarabağ məsələsi təkcə Azərbaycanın yox, bütün Türk və İslam dünyasının məsələsidir. Orada işğal olunan türk torpaqlarıdır, oradan sürgün edilənlər türklər, müsəlmanlardır. Orada yandırılıb yox edilən abidələr Türk və İslam mədəniyyətinə aid abidələrdir. Buna görə də mən bütün türklərin bu məsələdə həssas davranmalı olduqlarını düşünürəm. Millətlərarası münaqişə sadəcə hərbi, siyasi, ekonomik məsələlərdən ibarət deyil. Ədəbiyyat da, sənət də, kino da bu münaqişədə öz yerini tutmaqda, öz tərəfini müdafiə etməkdədir. Ermənilər ədəbiyyat və sənət yolu ilə dünya miqyasında təbliğat aparmaqda, özünü “məzlum millət” kimi təqdim etməkdədir. Mıgırdıç Mağrosyan, Kirkor Ceyhan kimi erməni yazarların roman və hekayələri Türkiyədə və Qərbdə şişirdilərək gündəmə gətirilir, bu əsərlər vasitəsilə “zalım türk”, “məzlum erməni” fikri yaradılır. Mən Türkiyədə yaşanan bu hadisələrə elə ədəbiyyatla, sənətlə cavab verməyin daha yaxşı olduğunu düşünərək bir layihə hazırladım. Ermənilərin “Sürgünün 100-cü ili” adıyla apardıqları təbliğata sizin millət vəkili Qənirə Paşayeva ilə birlikdə  “Azərbaycan ədəbiyyatında Qarabağ hekayələri” adlı antologiya ilə cavab verdik. Bu kitab Türkiyədə üç dəfə çap olundu və minlərlə universitet tələbəsinə pulsuz paylandı. Bundan başqa, mütəmadi olaraq Türkiyədəki universitetlərində Qənirə Paşayeva və professor Qafar Çaxmaqlı ilə birlikdə Xocalı faciəsi, Qarabağ məsələsi ilə bağlı  konfranslar təşkil edirik. Mən Azərbaycana, Azərbaycan mədəniyyətinə, incəsənətinə bağlı adamam. Ona görə də Azərbaycanın problemlərini özümün problemim hesab edirəm. Qarabağ məsələsini Azərbaycan leyhinə qaldırdığıma və azərbaycanlı soydaşlarımızın ermənilər tərəfindən böyük zülmlərə məruz qaldığını təbliğ etdiyimə görə heç zaman təzyiqə və təqibə məruz qalmamışam. Elə bir şey olsaydı da, Prezident İlham Əliyevin Türkiyənin və türk təmsilçisinin olmadığı bir tədbirdə ermənilərə verdiyi cavab kimi bir cavab verərdim: “Burada Azərbaycan və azərbaycanlı təmsilçi olmasa da, mən varam!”

 

- Azərbaycan və Türkiyə ədəbiyyatları arasında nə kimi oxşar və fərqli cəhətlər var?

 

- Hər iki ədəbiyyat da eyni dilin, eyni düşüncənin, eyni təfəkkürün yaratdığı ədəbiyyatdır. Biz “Bir millət, iki dövlət” sözünü boş yerə işlətmirik ki... Biz eyni atanın övladlarıyıq, eyni kökdənik, dillərimiz də əkiz qardaşlar qədər bir-birinə bənzəyir. Ancaq araya ayrılıqlar, sərhədlər girdiyi üçün müəyyən fərqliliklər olub. Danışıq dilində olmasa da, ədəbi dildə bəzi uzaqlaşmalar var. Ədəbiyyatları bir-birindən ayıran şey həyatı dərk etmək tərzidir. Biz - Azərbaycan və Türk ədəbiyyatının təmsilçisi olan yazarlar, şairlər həyatı eyni anlayışla dərk edirik. Məhəmməd Hadi ilə Mehmet Akif, Rəsul Rza ilə Nazım Hikmət,  Bəxtiyar Vahabzadə ilə Faruk Nafiz Çamlıbel, Musa Yaqub ilə Əbdurrahim Karakoçun həyatı, nəsnəni dərk və tərənnüm etmə üslublarında çoxlu oxşar cəhətlər var. Bizim böyük şairimiz Yəhya Kamal Bayatlı demiş, “Türk olmaq yetməz, Türk kimi  dərk etmək lazım”. Biz eyni millətin fərdləri olduğumuz üçün həyatı eyni şəkildə dərk edir, eyni şəkildə tərənnüm edirik. Buna görə də ədəbiyyatlarımızın oxşar cəhətləri çoxdur.

 

- Türkiyədə kitab yayımı necədir? Azərbaycandan fərqlənirmi?

 

- Türkiyə və Azərbaycan qardaş dövlətlər olsa da, əlbəttə ki, ekonomik və sosial həyat, mətbuat işləri, jurnalistika və digər fəaliyyət sahələrində fərqlər var. Azərbaycandakı kitab yayımı ilə Türkiyədəki kitab yayımı sahəsində də fərqli cəhətlər mövcuddur. Sadə bir nümunə deyim, Türkiyə 80 milyonluq, Azərbaycan isə 10 milyonluq ölkədir. Ona görə də bir kitabın nəşri, yazıçıya qonorar haqqı və tirajı da mütləq fərqli olmalıdır.

 

- Türkiyədə tərcümə sahəsindəki vəziyyət necədir?

 

- Türkiyədə 1970-ci illərə qədər tərcümə fəaliyyəti yaxşı olub. Ancaq indi  tərcümə ədəbiyyatı sistemli şəkildə davam etmir. Çox məşhur olan və tərcüməsi, təbliğatı sərfəli olan işlər müəyyən qədər görülür, ancaq dediyim kimi, sistemli şəkildə tərcümə fəaliyyəti yoxdur. Mənə görə Azərbaycanda və postsovet ölkələrindəki tərcümə fəaliyyətləri daha çox sistemlidir. Məsələn, Azərbaycanda Tərcümə Mərkəzi adlanan dövlət qurumu da var...

 

- Şeiri tərcümə etməyi sevirsiniz, yoxsa hekayəni?

 

- Şeir tərcümə etmək, bir şeiri başqa bir dildə və ya ləhcədə yenidən yazmaq deməkdir. Çünki şeirin ayrı bir dili, ölçüsü, məzmunu var. Şeir bir üst dildir, yəni bir dilin və o dildə işlədilən kəlmələrin ayrı bir məna qazandığı üst dildir. Belə olanda bunun tərcüməsi tamam başqa cür olmalıdır. Mən türkməncədən də, özbəkcədən də, qazaxcadan və digər türk ləhcələrindən şeir və nəsir nümunələri tərcümə edirəm. Şeir tərcümə etmək üçün şair olmaq şərtdir! Amma nəsir tərcümə etmək üçün nasir olmaq önəmli olsa da, vacib deyil. Bir nasirin nəsir, bir şairin şeir tərcümə etməyi, əlbəttə, mətnə keyfiyyət verir. Fəqət, çətinlik baxımından, əlbəttə, şeir tərcüməsi çətindir. Burda bir də onu əlavə etmək istəyirəm ki, Azərbaycan türkcəsi ilə Türkiyə türkcəsi əkiz qardaş olsalar da, istedadsız adamların, Türk dilinə, Türk şeirinə bələd olmayanların Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə çevirdiyi şeirlər biabırçılıqdır. O cümlədən də, nəsr tərcümələrinin çoxusu... Mən hər zaman dostlarıma, əgər istedadlı tərcüməçi olmasa, Azərbaycan şeirlərinin orijinal halda çap olunmasını tövsiyə edirəm.

 

- Bəzi hekayələrinizdə, xüsusən “Soyuq yuxu”, “Bizim evin qibləsi”, “Bəyaz bulud”da hadisələrin qapalı inkişafı var. Hadisələr tam açılmır, xüsusən “Soyuq yuxu”nun sonluğunda bir müəmma var. Bu, oxucunu maraqda saxlamaqdan ötrüdür?

 

- Mən sizin bu sualınıza bənzər suallarla Türkiyədə də qarşılaşıram. Hər şeydən öncə mənim hekayələrim realist hekayələrdir. Mən həyatın yaşanmış hissəsini ədəbiyyata gətirən yazaram. Mənim hekayə qəhrəmanlarımın əksəriyyəti hələ də yaşayan, real adamlardır. Hətta sizin gözəl yazıçınız Əjdər Ol bir dəfə Kırşehirə məni görməyə gəlmişdi. Mənim hekayələrimdən birinin -  “Evin yıxılsın, hacı”nın qəhrəmanı olan Dovulçu Adəmi soruşanda, mən onu görə biləcəyini dedim. Və birlikdə Adəmi görməyə getdik. Sizin dediyiniz hekayələr də elə real həyatdan götürülmüş hekayələrdir. Mənim hekayələrimin sonluğu isə hər zaman maraqlı olub. Yəni oxucuda hekayənin bitmədiyinə dair bir inam yaranır. Mən hekayələrimin çoxunu elə bu cür sonlandırıram. İstəyirəm ki, hekayəm oxucunun təxəyyülündə davam etsin, oxucu hekayəni özü bitirsin...

 

- Ədəbiyyatdan qazanc əldə etmək olurmu?

 

- Ədəbiyyatdan qazanc əldə etmək, roman, hekayə, ya da şeir yazaraq özünü dolandırmaq, nələrsə qazanmaq günümüzdə çətin məsələdir. Ancaq ədəbiyyatçının hesabına, onun əsərlərindən kimlərinsə qazanc əldə etməsi mümkündür. Məsələn, bizdə Rəşat Nuri Güntəkin  “Yaprak dökümü” romanından, görəsən, nə qədər qazanmışdı? Amma o roman əsasında serial çəkənlər, rejissorlar, aktyorlar, televiziya şirkətləri gör nə qədər qazandılar? Ədəbiyyat ölməz, əsla da ölməyəcək. Ancaq dövrümüzün reallığında gerçək ədəbiyyat nümayəndələrinin qazanc əldə edə bilməsi çətin məsələdir, ədəbiyyatı sənayeyə çevirənlər daha çox qazanc əldə edə bilirlər...

 

Şahanə MÜŞFİQ

525-ci qəzet  2017.- 5 avqust.- S.9.