Azərbaycan Dillər Universitetində ödənişsiz
Yay məktəbi
AKADEMİK
KAMAL ABDULLA: “BU, UNİVERSİTETİN HƏYATINDA İLK
BELƏ ADDIM İDİ”
Azərbaycan Dillər Universitetində
(ADU) iyulun 18-dən başlayan
2016-2017-ci tədris ilinin
Yay məktəbi öz işini uğurla davam etdirir.
Universitetin rektoru, akademik Kamal Abdullanın qərarına əsasən,
akademik borcu olan tələbələrin
kəsrlərinin ödənilməsi
məqsədilə təşkil
edilən yay məktəbi ödənişsizdir. Yay məktəbləri
universitet tərəfindən
tələbələrin kəsirlərinin
verilməsi üçün
keçirilir. Yay semestrinə
nəzəri kurslar üçün vaxt ayrılır və sonda imtahanlar təşkil olunur. Fakültələrdə artıq fənlər
tədris edilir.
KƏSİRİ
OLAN TƏLƏBƏNİN ÖDƏNİŞ PROBLEMİ
HƏLL EDİLİB
Rektor Kamal Abdulla deyir ki, yay məktəbini
ödənişsiz etməkdə
məqsəd kəsirli
tələbələrin ödəniş
problemini həll etməkdir: “Bəllidir ki, kəsiri olan tələbələr
yay məktəbinə
cəlb olunurlar və buna görə
universitetə müəyyən
məbləğ ödəyirlər.
Biz onları bu
məbləğdən azad
etdik. Bu, universitetin həyatında
ilk belə addım idi. Faktiki olaraq bunun konsepsiyası ondan ibarətdir ki, əgər kəsrli tələbə kəsirinə
görə universitetə
borcludursa, eyni zamanda həmin kəsirə görə universitet də tələbəyə borcludur.
Ona görə ki, tədris yaxşı qurulmayıb, müəllim
tələbəni yaxşı
hazırlamayıb, tələbəyə
diqqətini lazımi şəkildə yetirməyib.
Tələbə niyə kəsilir?
Çünki o, müəyyən öhdəsinə düşən
krediti doldurmur, deməli, müəllimin də burada hansısa məsuliyyəti
var və bu məsuliyyət qarşılıqlı olmalıdır.
Universitet öz borcunu bu şəkildə, yəni məktəbi ödənişsiz etməklə
kompensasiya elədi. Bunun müqabilində
də tələbələr
söz verdilər ki, yay məktəbində
böyük nizam-intizamla
çalışacaqlar və
həqiqətən ciddi
şəkildə tədris
prosesində özlərində
olan boşluğu dolduracaqlar. Ümumiyyətlə, bütün tədris
prosesi tələbənin
xeyrinə yönəlməlidir.
Əgər müəllim tələbənin
qiymətləndirməsi zamanı
2 rəqəm arasında
qalırsa, son qərarı
hökmən tələbənin
xeyrinə vermək lazımdır. Qiymətləndirmədə müəllim ədalətli
və səxavətli
olmalıdır. Eyni zamanda,
tələbə də
məsuliyyətli olmalıdır.
Ona yaradılan şəraitdən
sui- istifadə etməməlidir.
Heç
nədən elə belə “mən belə istəyirəm”, əsaslandırılmamış şəkildə qiymət
şişirtmələrinə yol vermədən tələbənin həqiqi
qiyməti müəyyən
güzəştli şəkildə
verilə bilər”.
YAY
MƏKTƏBİNƏ ONLAYN QEYDİYYAT
Azərbaycan Dillər Universitetinin
Tələbə qəbulu
və tələbə
qeydiyyatı Mərkəzinin
direktoru Rəna Fərəcovanın sözlərinə
görə, rektor Kamal Abdullanın qərarına əsasən
ödənişsiz təşkil
olunan builki yay məktəbində mühüm yeniliklər tətbiq olunub. Bu yay semestrində
ilk dəfə olaraq həm də onlayn şəkildə qeydiyyat aparılıb.
Bu proses iyulun 10-dan
14-dək həyata keçirilib:
“Onlayn qeydiyyat universitetimizdə ilk dəfə
tətbiq olunub və bu, rayonlarda
olan tələbələrin
daha rahat və operativ qeydiyyatdan keçmələrinə
şərait yaradıb.
Bu yenilik tələbələr
tərəfindən yüksək
qiymətləndirilib. Xüsusilə də bölgələrdə
yaşayan tələbələr
məktəbə onlayn
şəkildə qeydiyyat
aparılmasını müsbət
hal kimi dəyərləndiriblər”.
102 QRUP
VƏ 61 MÜƏLLİM
Azərbaycan Dillər Universitetinin Yay məktəbinin rəhbəri, Təhsil fakültəsinin dekan müavini Bənövşə
Məmmədova deyir ki, məktəb 102 qrup üzrə təşkil olunub. Fənləri tədris etmək üçün universitetin
61 nəfər peşəkar,
yüksək ixtisaslı
müəllimi prosesə
cəlb edilib. Onun söylədiyinə görə, Yay məktəbi tələbələrə
maksimal dərəcədə
bilik vermək və imtahanlardan uğurla keçmək üçün onları
yüksək səviyyəli
dərs proqramı ilə təmin etmək məqsədi daşıyır: “Azərbaycan
Dillər Universitetinin
rektoru, akademik Kamal Abdullanın Təhsil, Tərcümə,
Filologiya və jurnalistika, Regionşünaslıq
və beynəlxalq münasibətlər, Magistratura
fakültələrində yay semestrinin ödənişsiz keçirilməsi
ilə bağlı qərarını yüksək
qiymətləndiririk. Qeyd etmək
istərdim ki,
2016-2017-ci tədris ilində
yay semestrinin ödənişsiz təşkil
olunmasında məqsəd
əvvəlki semestrlərdən
akademik borcu olan tələbələrin
kredit borclarının
əlverişli, rahat və dinamik şəkildə ödənilməsini
təmin etməkdir.
Bu il Yay məktəbində yalnız
Azərbaycan Dillər
Universitetinin tələbələri
deyil, Bakı Mühəndislik Universiteti
və Xəzər Universiteti, həmçinin
Kanadanın Toronto Universitetinin
tələbələri də
iştirak edir”.
Onun dediyinə
görə, Yay məktəbinin müvafiq
qaydalara uyğun təşkil olunması, tədrisin keyfiyyətinə
nəzarət, tədris
olunan fənlər üzrə imtahanların keçirilməsi və bu zaman şəffaflığın,
obyektivliyin təmin olunması üçün
bütün lazımi
tədbirlər görülüb.
HUMANİST
ADDIM
ADU-nun II Xarici dil kafedrasının
baş müəllimi
Rəhimə Babayeva tələbələrin dərslərdə
çox fəal iştirak etdiyini deyir: “Mən rektor Kamal Abdullanın
Yay məktəbinin ödənişsiz keçirilməsi
ilə bağlı qərarını dəstəkləyir
və çox yüksək qiymətləndirirəm.
Tələbələrin vəziyyətini nəzərə alaraq belə təşəbbüsün
irəli sürülməsi
humanist addımdır. Tələbələr əvvəlki illərdə
keçirilən yay məktəbləri ilə
müqayisədə 2016-2017-ci tədris ilinin Yay məktəbində daha aktiv və
həvəslə iştirak
edirlər. Tələbələr keçilən dərsləri
diqqətlə dinləyib
proqramı mənimsəməyə
çalışırlar. Mən ümid edirəm ki, bu, onların
imtahanları uğurla
verməsinə şərait
yaradacaq”.
İMTAHANI
UĞURLA KEÇMƏK ÜÇÜN ŞANS
Azərbaycan Dillər Universitetinin
Təhsil fakültəsinin
3-cü kurs tələbəsi
Sədəf İsmayılovanın
sözlərinə görə,
bir ay ərzində dərslərdə mütəmadi
iştirakın nəticəsi
olaraq onlar imtahanı uğurla keçmək şansı
əldə edirlər:
“Bu il Yay məktəbinin ödənişsiz
keçirilməsi barədə
verdiyi qərara görə rektor Kamal Abdullaya çox minnətdaram. Kəsirə
görə ödənilən
məbləğ hər
bir fənnin kreditindən asılıdır. Elə tələbə var ki, bu
məbləği ödəməyə
maddi imkanı yoxdur. Rektor tələbələrin maddi vəziyyətini nəzərə alıb bu addımı atdı. Yay məktəbini ödənişsiz
etməklə Kamal müəllim maddi imkanı aşağı olan tələbələri
böyük sıxıntıdan,
çətin vəziyyətdən
qurtardı. İndi akademik
borcu olan hər bir tələbə
rahatlıqla yay məktəbində iştirak
edir. Dərsləri diqqətlə dinləyir
və çalışırlar
ki, rektorun onlara verdiyi ikinci şansdan istifadə edib kəsrlərini ödəsinlər.
Mən də rektorun bizə verdiyi bu şansı dəyərləndirib imtahandan
keçmək üçün
dərslərimə daha
ciddi yanaşıram”.
S.İsmayılovanın dediyinə görə, bu il ilk dəfə
olaraq yay məktəbinə onlayn şəkildə qeydiyyatın
aparılması isə
tələbələrin işini
daha da asanlaşdırıb.
REKTORA
TƏŞƏKKÜR
Universitetin Təhsil fakültəsinin
4-cü kurs tələbəsi
Gülnarə Cəfərova
da Yay məktəbinin
ödənişsiz olmasını
müsbət hal kimi qiymətləndirərək
bu məsələdə
Azərbaycan Dillər
Universitetinin digər ali məktəblər
üçün örnək
olduğunu vurğulayıb.
G.Cəfərova bildirib
ki, rektorun bu qərarından sonra tələbələrin
məsuliyyəti daha da artıb, bunu görən müəllimlər isə
işlərinə daha
ürəkdən can yandırırlar:
“Rektorun bu qərarı kəsiri olan bütün tələbələr tərəfindən
böyük sevinclə
qarşılanıb. Eşidəndəki yay məktəbi ödənişsizdir, mən
də çox sevindim. Ödənişsiz yay məktəbində
iştirak edən bütün tələbələr
adından rektorumuz Kamal Abdullaya çox təşəkkür
edirəm. İndi tələbələr
kəsirə görə
məbləğ ödəmədən
yay məktəbində
iştirak edir. İndi hər kəsin bir məqsədi var, yaxşı oxuyub imtahandan müsbət qiymət alıb kəsiri bağlamaq. Rektorun etimadını doğrultmaq”.
G.Cəfərovanın sözlərinə
görə, yay məktəbində Azərbaycan
Dillər Universitetinin
tələbələri ilə
yanaşı, Bakı
Mühəndislik Universiteti
və Xəzər Universiteti, həmçinin
Kanadanın Toronto Universitetinin
tələbələri də
iştirak edir.
ALQIŞLANAN QƏRAR
“Azad müəllimlər” Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü Azərbaycan Dillər Universitetində təşkil edilən Yay məktəbinin ödənişsiz olmasını müsbət hal kimi qiymətləndirib: “Kamal Abdullanın akademik borcu olan tələbələr kəsrlərinin ödənilməsi məqsədilə təşkil edilən yay məktəbinin ödənişsiz olması barədə verdiyi qərarı ancaq alqışlamaq olar. Bu qərar maddi vəziyyəti aşağı olan, kasıb tələbələrə heç bir məbləğ ödəmədən kəsrlərini rahat ödəmək imkanı verir. Çox istərdim ki, bu, davamlı olsun. Yəni hər il Azərbaycan Dillər Universitetində Yay məktəbi tələbələr üçün ödənişsiz olsun”.
DİGƏR UNİVERSİTETLƏR DƏ BU TƏCRÜBƏDƏN İSTİFADƏ ETMƏLİ
Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev deyir ki, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın müəyyən etdiyi yeni qaydalar tələbələrin fəaliyyətini stimullaşdıracaq və onların özünəinamını artırır. Yeni qaydalardan sonra artıq tələbələr üzləşdikləri problem qarşısında tək olmadıqlarını hiss edəcək və çətinliklərinin öhdəsindən daha tez gələcəklər: “Rektorun müvafiq qərarı ilə Azərbaycan Dillər Universitetində ödənişsiz yay məktəbi təşkil edilib. Mən bunu düzgün qərar hesab edirəm. Düşünürəm ki, bu, tələbələrin xeyrinə atılmış bir addımdır. Xüsusilə də maddi baxımdan imkanı olmayan tələbələrin”.
Ə.Ağayev qeyd edib ki, ola bilsin ki, yay məktəbinin ödənişsiz olması bəzi tələbələrdə semester imtahanları zamanı müəyyən rahatlıq hissi yaratsın ki, yay imtahanlarında iştirak edərəm. Bu, baş verməsin deyə, təlim prosesində tələbələrə ciddi nəzarət olmalıdır ki, onlar dərslərinə başdansovdu yanaşmasınlar: “Məndə olan məlumata görə, ADU-da prosesə ciddi şəkildə nəzarət olunur. Dərslər yüksək səviyyədə tədris edilir”.
Akademik Kamal Abdullanın bu addımını müsbət dəyərləndirdiyini vurğulayan professorun sözlərinə görə, bəzən obyektiv səbəblərdən semester imtahanlarında iştirak edə bilməyən, yaxud da dərslərinə hazırlaşmaq imkanı olmayan tələbələr artıq ciddi bir çətinliklə üzləşməyəcəklər: “Tələbələr üçün ən böyük problem ödəniş məsələsi idi. Artıq bu məsələ də öz həllini tapdı”.
Azərbaycan Təhsil Şurasının sədri qeyd edib ki, ölkənin digər ali təhsil müəssisələri də bu təcrübədən istifadə etməlidir: “Düşünürəm ki, digər universitetlər də bu təcrübədən istifadə etsələr, çox yaxşı olar. Nəticədə tələbələr ruhlanar və oxumağa həvəslənər. Bütün bunlar isə ümumilikdə, tədrisin keyfiyyətinə müsbət təsir edər”.
Qeyd edək ki, Azərbaycan Dillər Universitetində yay məktəbi 5 tədris həftəsi və 1 həftə imtahan sessiyasından ibarət olmaqla avqustun 25-nə qədər davam edəcək.
S.QARAYEVA
525-ci qəzet 2017.- 5 avqust.- S.8.