Öz nəğməsini oxuyan
yazıçı
MUSTAFA
ÇƏMƏNLİNİN YAXINLAŞAN 70 YAŞINA
Əli ƏMİRLİ
Mustafa
Çəmənlinin əsərlərindən birində
oxuduğum bir fikir vaxtaşırı yadıma
düşür: "Hər kəs içində öz nəğməsini
oxuyur".
Bunu görkəmli nasir, publisist, muğam
ifaçılığımızın yorulmaz tədqiqatçısı,
onlarla bədii və publisistik əsərin müəllifi gəlişigözəl
söz kimi deməyib, bu onun dərin inamıdır,
çünki o özü də öz səsi, öz nəğməsi
olan insandır. Yazıçı qələmi ilə o,
gah zilə qalxır, gah bəmə enir, amma heç vaxt xaric
oxumur. Çünki əlli ili əhatə
edən yaradıcılığı dövründə Mustafa
Çəmənli ona həmişə düzgün yol
göstərən qəlbinin səsi ilə işləyib,
tanıdığı-bildiyi mövzulara vicdanla yanaşıb,
nə yazıbsa, ürəklə, canyanğısı ilə
yazıb.
Nədir Mustafa Çəmənli
yaradıcılığını ədəbiyyatımızda
seçdirən əsas xüsusiyyətlər? İlk növbədə
yazıçının çox çətin mövzulara
müraciət etməsi və həmin mövzuların işlənməsində
dərin qatlara enməsi, mövzunun təqdimatında
yüngül belletristik effektlərdən qaçması,
oxunmaq xatirinə zamanımızda dəbdə olan sensasiya
xarakterli şouvari səhnələrdən yan keçməsi,
həyat və təbiət lövhələrini gerçəkliyin
özünə uyğun realist təsvirdə verməsi,
yaratdığı qəhrəmanları qısqanc bir məhəbbətlə
sevməsi və sevdirə bilməsi... Nəticə isə
gözləniləndir, az vaxt ərzində,
bakılılar demiş, "muşqulat" ədəbiyyatına
alışmış oxucuların çox olmasına rəğmən,
Mustafa Çəmənlinin əsərləri geniş oxucu
auditoriyası qazana bilir.
Ömrünü yazıya həsr etmiş hər bir
ciddi yazıçının yaradıcılığı
müəyyən mərhələlərdən keçir, bu
mərhələlərin hər biri yazıçının
yaratdığı əsərlərin mövzu sanbalı, bədii
keyfiyyəti, ədəbiyyatımıza gətirdiyi ab-hava ilə
şərtlənir. Mustafa Çəmənlinin
yaradıcılığında da belə mərhələlər
mövcuddur. Bunlardan biri onun məşhur
"Xallı gürzə" romanıdır.
Mustafa Çəmənli həmişə çiynini
ağır mövzular altına verən, bir kitabı yazıb
başa çatdırmaq üçün onlarla kitaba, tarixi məxəzə,
yüzlərlə arxiv sənədinə müraciət edən
zəhmətkeş yazıçıdır. Bəhs etdiyi
dövrün mürəkkəbliyinə, genişliyinə, surətlərin
və hadisələrin sayına, müxtəlifliyinə
görə "Xallı gürzə" romanı sovetlərdən
sonrakı keşməkeşli dövrün yaddaqalan,
seçilən və sevilən tarixi əsərlərin ən
yaxşılarındandır. İdeoloji basqılar və
tələblər nəticəsində qəsdən
qarışdırılıb təhrif edilmiş tarixi həqiqətləri
saf-çürük edən yazıçı həqiqi tarixi
üzə çıxarmış, naməlumların üzərinə
işıq salmış, Qarabağın az
qala unutdurulmuş qaranlıq tarixinin həqiqi mənzərəsini
cızmış, onu ustalıqla və təmkinlə bərpa
edə bilmişdir. Elə buna görədir ki,
Qarabağ xanlığının əsasını qoymuş
igid sərkərdə, müdrik dövlət xadimi, incə
siyasi gedişləri ilə həmişə uğur
qazanmış Pənahəli xan Cavanşirin siması romanda əzəmətlə
boy verir və sevilir. Çoxsaylı
oxucuların və tənqidin rəğbətlə
qarşıladığı "Xallı gürzə"
yazıldığı 1990-cı ildən bu günə kimi təkrar-təkrar
nəşr edilmişdir. Hər bir
yazıçının oxucu qıtlığı çəkdiyi
bir vaxtda bu faktın özü çox şey deyir.
Mustafa
Çəmənlinin yaradıcılığında həqiqətən
bir mərhələ olan bu romanın uğurunu onun təkcə
Qarabağ hadisələrinin aktual olduğu bir məqamda
yazılması və Qarabağ xanlığının yaranma
tarixindən bəhs etməsi ilə izah etmək
insafsızlıq olardı, çünki mövzu nə qədər
aktual olursa-olsun, onun bədii təqdimatı zəifdirsə, əsər
uğur qazanmayacaq. Deməli, "Xallı gürzə"nin uğuru tək mövzu aktuallığı
ilə bağlı deyil. Bu romanda yazıçının təbii
dillə təqdim etdiyi şirin bədii təhkiyəsi,
mövzuya və Qarabağ təbiətinə sevgi dolu bələdliyin
doğurduğu zəngin milli kolorit, zamandan zamana yumşaq
keçidlər, montaj üslubunda işlənmiş paralael səhnələr
və epizodlar, dolğun, diri, relyefli surətlər, sevilən
qəhrəmanlar, incə münasibətlər, rəssam
baxışı ilə çəkilmiş geniş panoramlı
lövhələr...
Romandan
sitat gətirməkdən özümü saxlaya bilmirəm:
"Bir vaxt köçürülmüş Cavanşirlər
karvan-karvan, qatar-qatar, dəstə-dəstə vətənə
qayıdırdı. Necə ki, bir vaxt getmişdi, eləcə
geriyə qayıdırdı - kimi atlı,
kimi piyada. Gedəndə zor gücünə getmişdilər,
indi özləri qayıdırdılar... Kimisi
sürü-sürü qoyunlarıynan, ilxı-ilxı
atlarıynan, qatar-qatar dəvələriynən, incə beli
qızıl kəmərli, suluq kimi ağappaq boynu mirvarili,
barmaqları üzüklü, qulağı sırğalı,
lalə yanaqlı xanımlarıynan, kimisi də ayaqyalın,
başıaçıq, bir çətən külfətiynən,
mitil-şitili bir qatır yükü, bir dağarcıq unuynan
qayıdırdı..."
Mustafa Çəmənlinin
yaradıcılığında daha əlamətdar bir əsər
"Fred Asif" sənədli romanıdır. Əgər "Xallı
gürzə" Qarabağla bağlı dərdlərimizin
başlanğıc köklərinə bir münasibətdirsə,
"Fred Asif" artıq Qarabağ uğrunda gedən xalq
müharibəsinin, bu müharibədə məğlubiyyətlərimizin
anatomiyasını bütün açıqlığı ilə
nümayiş etdirən sənədli romandır. Ağrı-acı dolu bir roman, utanc gətirən
yaxın tariximizin özü.
"Fred
Asif" romanı üçün yazdığım ön
sözdən bir məqam: "Xalqımızın ən
böyük dərdi, faciəsi ondadır ki, Asif kimi qəhrəman
igidləri ola-ola torpaqlarımız düşmən
tapdağındadır. Ağdamın Şahbulaq
karxanasının ağappaq daşlarından tikilmiş imarətlərini,
üstü dəmir taxtapuşlu evlərini, meyvəli
bağ-bağçalarını murdar düşmən
yağmaladı. Bu daha çox Ağdam,
Qarabağ uğrunda canından-qanından keçmiş qəhrəmanlarımızın
faciəsidir. Əlinə silah alıb
düşmənlə üz-üzə dayanmamış
heç bir kəs bu ağrının dözülməzliyini
o döyüşçülər kimi, qələbəyə
doğru yürüş etmiş qəhrəmanlar
sayağı dərindən hiss etməz, içindən
keçirə bilməz. Fred Asifi də bu
dərd öldürdü. Xəstəxanada ölüm
yatağında olanda yaxınları, dostları Asifə təsəlli
verib deyəndə ki, hər şey sülh ilə bitəcək,
Ağdamı da, qalan torpaqlarımızı da geri qaytaracaqlar,
yorğan-döşək dustağı olmuş, amma dəmir
iradəsi qırılmaz bu igidin cavabını necə
unudasan: "Ağdam döyüşnən alınmasa, mən
heç vaxt ora qayıtmayacam!"
Mustafa
Çəmənlinin xatirələrə söykənib kitaba
gətirdiyi ağrı və hikkə dolu bu lakonik, güllə
kimi sərrast cavab Asif Məhərrəmovu bir qəhrəman,
bütöv, mərd və məğrur bir kişi kimi
çox dəqiq səciyyələndirir. Bircə
bu cavabla Mustafa Çəmənli qəhrəmanını
sevdirə bilir ki, bu da hər bir əsərdə ən vacib
olmalı keyfiyyətdir, çünki qəhrəman sevilməsə,
rəğbət oyatmasa, əsər oxucuya heç bir cəhətdən
təsir etməyəcək.
Mustafa Çəmənlinin Qarabağ hadisələri ilə
bağlı daha bir əsəri tarixi romanlarına nisbətən
yığcam ölçüdə olan "Ruhların
üsyanı" povestidir. Bu, artıq Qarabağdan ayrı
düşmüş, əli heç yana
çatmayan insanın uzaq və yaxın keçmişlə
bağlı yuxuları, xatirələri, düşüncələri,
xəyallarıdır. Olub keçmişləri
təhlil etmək, məğlubiyyətin səbəblərini
daha çox mənəvi naqisliyimizdə axtarmaq, xəyallar
qurmaq əsərin qəhrəmanının vətən
nisgilini, torpaq xifətini sərgiləyən məqamlardır.
Bu yerdə odu söndürüb külü ilə
oynamaq məsəli yada düşür, çox təəssüf
ki, Qarabağla bağlı indiki reallıq məhz belə təəssürat
yaradır.
Mustafa Çəmənli tarixi mövzularda işləyəndə
daha böyük uğur qazanır. Sözümün
qüvvəti kimi yazıçının son əsərlərindən
olan "Ölüm mələyi" romanının
adını çəkməyə bilmərəm. Əgər "Xallı gürzə"də
Mustafa Çəmənli bizi XVIII əsrə aparırsa,
"Ölüm mələyi" romanında Azərbaycan
tarixinin daha dərin qatlarına - XVI əsrə endirir.
I Şah Təhmasibin ömrünün axır günləri,
hakimiyyət uğrunda mübarizə, II Şah
İsmayılın səltənət taxtına
çıxması romanın əsas süjet xəttini təşkil
edir. Azərbaycan dövlətçiliyinin çox
mürəkkəb bir dövrü gözlərimiz
önündə canlanır.
Səfəvilər
xanədanının böyük bir tarixi kəsimini əhatə
edən bu romanda I Şah Təhmasib, II Şah İsmayıl, Pərixan
bəyim, Gövhər bəyim, İbrahim Mirzə,
Hüseynqulu Xüləfa kimi tarixi şəxsiyyətlər
Mustafa Çəmənlinin yazıçı təxəyyülü
ilə canlanır, ətə-qana dolub bədii obrazlara
çevrilirlər. Bu romanda Mustafa Çəmənli
bir nöqtədə dayanıb yerində sayan
yazıçı olmadığını göstərir, eyni
zamanda, o, bir sənətkar kimi artan ustalığını
nümayiş etdirir. "Ölüm mələyi"nin yazılışında yazıçı
öz yazı üslubuna xəyanət etmədən ehtiyatla
müasir azərbaycan romanistikasının estetik tələblərinə
uyğunlaşmağa çalışır və buna nail
olur.
"Ölüm mələyi" kifayət qədər
kəskin və iti süjet xəttinə malikdir, qəhrəmanları
dediyim kimi canlı, diri, görünəndirlər. Yazıçı
oxucunu uzun-uzadı döyüş səhnələri,
ictimai-siyasi hadisələrin təfərrüatlı təsvirləri
ilə yormur, müəllif ricətləri ilə hadisələrin
sürətini azaltmır, əksinə daha çox dinamikaya,
birnəfəsə oxunan saraydaxili intriqaların təsvirinə,
hakimiyyət uğrunda aparılan ölüm-dirim mübarizəsini
önə çəkir. Eyni zamanda, yazıçı bu mübarizə və çəkişmələrin
nə qədər xırda istəklərə, şəxsi mənafe
motivlərinə kökləndiyini bacarıqla, həm də
ürək ağrısı ilə göstərir. Bu bir həqiqətdir ki, uzaqdan çox möhtəşəm
görünən hakimiyyət mənzərələri,
çox vaxt yaxından xırda, rəzil və miskin mənafe
ehtirasları uğrunda mübarizədən başqa bir
şey olmadığını nümayiş etdirir. Bütün bunlar əsərə dərin mündəricə
verməklə ona oxunaqlılıq gətirir ki, bu da istənilən
əsər üçün, xüsusilə tarixi mövzuda
yazılan roman üçün vacib məziyyətlərdən
biridir. Bu, şübhəsizdir ki,
"Ölüm mələyi" romanı Mustafa Çəmənli
yaradıcılığına yeni nəfəs, yeni keyfiyyət
və zənginlik gətirdi.
Mustafa
Çəmənlinin yubileyi ərəfəsində
yazdığım bu məqalədə onun geniş diapazonlu
yaradıcılığının bütün istiqamətlərini
əhatə etmək istərdim, təəssüf ki, bu, bir məqalənin
daşıyacağı yük deyil, onun
yaradıcılığı bir yox, bir neçə
sanballı tədqiqat işinin predmeti və obyekti ola bilər, bu da, əlbəttə, mənim
yox, ədəbiyyatşünasların işidir, amma bu
yazıda mən yazıçı dostumun
yaradıcılığının Azərbaycan xalq musiqisinin,
xüsusilə muğam ifaçılığının tədqiqinə
həsr olunmuş vacib bir qolunu
qeyd etməyə bilmirəm.
Mustafa Çəmənli onlarla muğam
ifaçısının sənətini qələmə
alaraq sənədləşdirib, təhlil edib, məqalələr
yazıb, kitablar bağlayıb, unudulmuş sənətkarları
üzə çıxarıb, yazıları ilə onlara yeni
həyat verib.
Bütün bunları sadalamaq imkansız, amma
bir kitab haqqında danışmaya bilmirəm. Bu da böyük Üzeyir bəyin "Leyli və Məcnun"
operasının səhnə həyatına həsr edilmiş
"Leyli və Məcnun" 100 il səhnədə"
kitab-salnaməsidir. Gələn il
artıq operanın 110 yaşı tamam olur. Dünyada deyə
bilmərəm, amma Azərbaycan teatr tarixində, Üzeyir
Hacıbəylinin təvazökarlıqla "primitiv opera"
adlandırdığı "Leyli və Məcnun" yeganə
əsərdir ki, yazıldığı gündən bu
günümüzədək fəal repertuardadır.
Mustafa Çəmənlinin bu ensiklopedik kitabında "Leyli və Məcnun" operasının səhnə həyatı ilə bağlı nələr yoxdu! Üç yüzdən artıq nadir foto, operanın tamaşalarında bu və ya başqa şəkildə iştirak etmiş elə o qədər də yaradıcı insan haqqında informasiya, bir çoxları haqqında yüksək publisistik zövqlə yazılmış oçerklər, eləcə də, sənədlər, proqramlar, afişalar. Bütün bunları toplamaq, sistemləşdirmək, hansısa proqramda və ya afişada adı, soyadı getmiş, bu gün bizə heç nə deməyən insanların arxivlərdə, teatr gizlinlərində işləmək hesabına tapılması, kimin kim olduğunun müəyyənləşdirilməsi, sağ qalanlarla görüşlər, dünyasını dəyişmişlərin yaxınları ilə söhbətlər, bəzən unudulmuş insanların qohum-qardaşlarının təəccüb dolu baxışları ilə qarşılaşmaq... Bütün bunları bilib də heyrətlənməmək mümkün deyil.
Hər şeyin sürətlə dəyişdiyi bu hövsələsizlik zamanında dostum Mustafa Çəmənli "Xallı gürzə", "Ölüm mələyi" kimi daha bir roman yazmaq əvəzinə niyə özünü belə çətinliyə salır? Yazmağı o qədər də sevməyən mənim kimi yazıçı üçün bu eqoist sualın cavabını da kitabın ön sözündə tapdım: "Hər şeyin bir səbəbi, nədəni olur. Hərdən bu işin məsuliyyəti altına girməyimin mayasında duran, məni bu qədər aramağa, axtarmağa vadar edən o səbəbi düşünürəm, fikirləşirəm ki, məni bu işə həvəsləndirən dahi Üzeyir bəyə bəslədiyim sonsuz məhəbbət və ehtiramdır. Amma bütöv bir obrazlar qalereyası qarşısında durub bu qədər insanın həyat və yaradıcılığından soraq verən arxiv materiallarına bələd olduqca qəti qərara gəldim ki, xeyr, bu yalnız Üzeyir bəyin xatirinə atılan addım deyil. Burda xatirəsi önündə baş əyməli çox insan var".
Müəllif özü də bilmədən sualıma yazıçı səmimiyyətindən doğan bir təbiiliklə cavab verdi. Teatra bələdliyi olan bir yazıçı kimi, məlum olan bir fikri yada salmaq istərdim: bəstəkarın da, dramaturqun da, rejissorun da sənətinin tamaşaçıya çatdırılmasında ifaçılar ön cərgədədir. Böyük bəstəkarın "Leyli və Məcnun" operasını səhnədə 110 il yaşadan da yüzlərlə insanın istedadı və zəhməti olub ki, Mustafa Çəmənlinin kitabı həm də o insanların xatirəsinə ucaldılmış möhtəşəm abidədir.
"Yaşanılan hər gün tarix deyil, ağacların yarpaqlaması kimi bir şeydir, amma xalqımızın təqvimində anılası, bayram ediləsi şərəfli tarixi günlər çoxdur". Bu sözlər Mustafa Çəmənlinin "Leyli və Məcnun" Yüz il səhnədə" kitabına yazdığı ön sözdəndir. Mən dostumun icazəsi ilə bu fikri onun özünə səmt yönəldib deyirəm, insan həyatının da anılası, bayram ediləsi günləri var, o günlərdən biri faydalı və şərəfli ömür yaşamış insanın 70 yaşını tamam etdiyi gündür. Necə ki, sentyabrın 10-da Mustafa Çəmənli 70 yaşını başa vurur. Ömrün kamillik yaşına çatmış dostumu, görkəmli yazıçımızı ürəkdən təbrik edir, ona möhkəm cansağlığı və yeni əsərlər arzu edirəm. Qoy, o hələ uzun illər də öz səsi ilə öz nəğməsini oxusun. Mən əminəm ki, o heç vaxt, heç bir şəraitdə xaric oxumayacaq.
525-ci qəzet 2017.- 9 avqust.- S.6.