Kitaba bağışlanan ömür...
Sevinc NURUQIZI
Bəzən düşünürəm, SÖZ ona görə göndərilib ki, onunla mənəvi borclarını ödəyəsən. Heç nə
ilə ödənilməyəcək
mənəvi borclarını.
İlləri vərəqləyəndə onların
səhifələrindən söz borcum olanlar boylanır. Bir dünya haqqı yalnız SÖZlə ödəniləcək insanlar...
Qaçay Köçərli,
Ələkbər Salahzadə
və bu dünyadan apardıqları
ilə o dünyanın
haqq nizam-tərəzisindən
üzüağ keçə
biləcək digərləri.
Çox az
sayda biriləri. Çox az
sayda... Və Bəhruz Axundov. Ömür kitabı saysız-hesabsız
kitablarla naxışlanan
biri. Cild-cild, qalaq-qalaq kitabların hər sətri, hər səhifəsi üçün əsəb,
can, güc-qüvvət
xərcləyən naşir.
Kağızı atlas, tirmə, ləl-cəvahirat
kimi sığallayan, onunla danışan, əhvallaşan, dərdləşən
insan.
Mənim
üçün kitab
Bəhruz Axundovdan başlayır: kitaba qayğı, kitaba hörmət, kitaba ilahi eşq, kitaba bir ömür
bağışlamaq istedadı...
Çox tələbkardı. Onunla işləmək olduqca məsuliyyətli idi. Əlinə götürdüyü yazıda səhvləri o dəqiqə görürdü.
Adamı
heyrətə salacaq qədər tez. Bircə dəfə göz gəzdirməklə. Ani bir nəzər salmaqla. Hər dəfə ona aparacağın işi nə qədər diqqətlə oxusan belə, iradlarının haqlı olduğunu özlüyündə təsdiqləyirdin.
O, gördüyü işi
özününkü etməyi
bacarmışdı. O qədər
özününkü ki,
məsləyi ilə arasında heç bir pünhan qalmamışdı.
Və dönüb olmuşdu
arzularının, amallarının
naşiri. Təmənnasız etdikləri, etməsə olmazları olduqca çox idi. Həddindən artıq çox.
Hər kitaba ömrünün bir necə səhifəsini
bağışlayardı. Qızırğalanmadan, təəssüflənmədən,
səhhətinə, sağlığına
acımadan. Kiminsə bacarığına,
istedadına inandısa,
inandı demək.
Bu istedadı həvəslə təqdim
edəcəkdi. Gələcəyinə
inana-inana, görülən
işə etibar edə-edə...
Bir dəfə söhbət əsnasında dedim ki, "Əlifba" yazmışam. Bağçayaşlı uşaqlar üçün.
Dərsliklərin çapa hazırlandığı
zamandı. Nəşriyyatda
iş həddindən
çox idi. Buna baxmayaraq, günü
sabahdan "Əlifba"
üzərində işə
başlandı. Bir kitabı
işləməyə bir
qrup rəssam dəvət etdi. Hər gün maraqlandı. Gec getdi, tez gəldi.
Oturdu.
Çiyin-çiyinə işlədik. Saatlarla müzakirə etdik. Çox böyük vaxt və iş
tələb edən kitab - "Bapbalaca Əlifba" 15 gün ərzində işıq üzü gördü. Nəfis tərtibatla, gözəl işlənmədə...
Bu kitab haqqında həmişə həvəslə
danışdı... Yəqin
ki, uzun illər körpələrimizə
xidmət göstərəcək
bu kitabla neçə-neçə nəsillər
yetişəcək və
hər bir körpə məmnuniyyətindən
Bəhruz Axundov ruhuna bir təşəkkür
hopacaq...
Həmişə deyərdi: "Şənbəni,
bazarı evdə necə otururlar, başa düşmürəm.
Mən qala bilmirəm". Gəlişigözəl sözlər deyildi.
Darıxırdı. Şənbəni, bazarı... Yatdığı yuxunu belə
çox görürdü
özünə. Sabaha saxlamadan
çalışırdı. Saatlarla kompüter qarşısında
əyləşir, yorulmaq
bilmədən hər
şeyin ən gözəl olanını
əldə edirdi.
Saat səkkizə, doqquza, ona qədər
işləməli olsa
belə... Çünki sabahın daha
ciddi işləri vardı. Onunçun
hər gördüyü
yeni iş əvvəlkindən daha məsuliyyətli, daha ciddi idi. İstəyir böyük akademik nəşr olsun, istəyir bir çap vərəqi həcmində uşaq kitabı. Bəhruz Axundov nəşriyyata ayağını qoyandan hamı üçün, sözün əsil mənasında, iş başlayırdı, ta evə gedənədək.
Bir-bir otaqların telefonu səslənir və mütləq hal-əhval tutulandan sonra əldəki işin vəziyyəti soruşulurdu.
Bir ordu insanı işlətmək, məşğul
etmək qabiliyyəti
var idi Bəhruz
Axundovda. Yaxşını görmək, pisi uzaq tutmaq, gözəl
olanadək cilalamaq, parıldatmaq, arıtmaq bacarığı vardı.
Bəzən ağrıda-ağrıda parıldatmaq, sürtə-sürtə
cilalamaq, sonda öz işinin ustası kimi yetişən işçi
və işçisinin
işinin nəticəsini
məmnunluqla seyr edən direktor. İllərin təcrübəsi onun qəlbində kitaba "Məcnundan füzun aşiqlik istedadı" doğurmuşdu.
Onun böyük kitab sevgisi adi sevgi
deyildi. Sevgi istedadı idi.
Böyük ehtiramla kitaba
ƏLAHƏZRƏT KİTAB demişdi.
Bütün gücü-qüvvəsi
ilə kitabın xidmətində idi...
Külək pəncərəni çırpırdı. Kitab şkafındakı əl boyda kitablardan birini örtülməsin deyə pəncərənin ağzına qoymuşduq. Hər işə gələndə qapıları açıb salam verməmiş keçməzdi. Bizim də otaqda illərin yol yoldaşı, məsləkdaşı Məsudə xanım oturduğundan bu qapını mütləq açardı. Adəti üzrə, qapını açıb salamlaşan kimi ilk gözünə dəyən pəncərənin arasındakı kitab oldu. Təəssüfünü bildirdi. Nəşriyyat işçilərinin kitaba münasibətindən qayğılandı. Hiss olundu ki, bizdən gözləmədiyi bir məsələymiş. İrəli keçib kitabı götürdü, sığalladı:"Müəllifi kim olmasından asılı olmayaraq, kitab hər zaman kitabdı". Aparıb kitabı əvvəlki yerinə qoydu... Və çıxdı...
Böyük bir ailənin başçısı idi. Onların, yüzlərin içindən seçib ətrafına cəmlədiyi, bütün görüşlərdə həvəslə "mənim ailəm" deyə qiymətləndirdiyi sevimli kollektivinin hər bir üzvünün xeyrində-şərində mütləq iştirak edərdi. Qayğıya qala-qala, böyük əhvali-ruhiyyə yarada-yarada. Hər kəsin yanında olmağı bacarırdı. Hər birinin evini evi, ocağını ocağı hesab edə bilirdi. Kollektivinin hər üzvünə doğma münasibəti ilə çox rəhbər işçilərin etmədiyini etməyi bacarırdı. Bir ailədə körpə dünyaya gələndə, bir ailə məzun sevinci yaşayanda, ildönümlərində, ad günlərində mütləq Bəhruz müəllimin təbriki, xeyir-duası olardı. Hamı çətinə düşəndə məhz ona arxalana bilərdi. Ona güvənərdi. Onunla məsləhətləşərdi. Qədim kişilərə xas bir ağayanalıq, alicənablıq, mərdlik daşıyardı özündə. Yeri gələndə güvəniləcək ilk insan ola bilirdi kollektivinin hər bir üzvü üçün. Heç nəyi və heç kəsi unutmazdı. İşdəki nöqsanı heç kimə və heç nəyə bağışlamadığı kimi.
Vazkeçilməziydi Ağdam. Özünə, özgələrə, hər kəsə bağışlamadığı yarası, nisgili idi. And yeriydi, Məkkəsi, Mədinəsiydi Ağdam. Böyük şövq və məhəbbətlə, inanılmaz məsuliyyət və qayğıyla düzənlədiyi onlarla kitab sərgisindən sonuncusu oldu Ağdamda düzənlədiyi Kitab bayramı. Yazağzı yollandı ora... Bəri-bəzəyi özündən olan Ağdama. Yaşıl çəmənliklər qoynunda hər şeydən xəbərsizmiş kimi arın-arxayın uçuşan kəpənəklər diyarına... Səslər və duyğular səltənətinə... Günəşin bol məkanına... Yağışın çiçək-çiçək səpildiyi yerə. Bir tərəfi yaralı, bir qolu üzülü Ağdama... Özü dərdli olsa da, əli kitab paylı qonağını gülümsər qarşıladı. Elə bil duymuşdu nə isə. Elə bil bilirdi ki, ona qucaq dolusu kitabla gələn qonaq bir də gəlməyə bilər. Bu torpağın günəşindən, mehindən, hətta yağışından da pay ayırdı ona. Narın yaz yağışına da qonaq etdi, bu yağışın torpaqdan qaldırdığı çiçək ətrinə də... Ağdam astaca ağladı qonağını. Yağış zümzüməsi ilə, damcı pıçıltısı ilə ağladı. El üçün qənimət adamı. Arxa ola biləni, dayaq ola biləni. Oxşadı. Zümzüməsi qayğılıydı, yağışı göz yaşlarına bənzəyirdi, parıltılı və ilıq... Ağladı... Və yola saldı. Bəhruz Axundov da ömrünün son Ağdam çiskininə düşdü, Ağdam dumanına bələndi. Bu dünyadan köç etməkçin əzəlinə qayıtdı... Əzəlinə vida etdi... 2 il öncə... Yəqin ki, illər sonra narın yağış çiləyəndə, damçılar daşa-torpağa dəyib şüşə kimi çiliklənəndə Ağdam səmalarının minlərlə qonağı arasında kitab aşiqinin də ruhu olacaq... Yazağzı... Mütləq olacaq... Bir arzu keçdi ürəyimdən. Təki azad səmalarda dolaşsın nigaran ruhlarımız. Bir ağrısı azalsın, bir dərdi ovunsun, bir arzusu o dünyalarında çin olsun!
İş otağınadək qalxdığı hər pillə həyatının pillələri idi. Bu pillələrdə illərin zəhməti, yuxusuz gecələr, çətinliklər, ağrılar, acılar da vardı, görülən işdən alınan zövq, səadət də. Heç nə asanlıqla başa gəlməmişdi. Heç nə heç kimdən miras qalmamışdı. Heçdən başlamışdı. Heçdən qurmuşdu. Bünövrəsinə zəhmət, alın təri, yuxusuz gecələr hörmüşdü və respublikanın kitab nəşri sahəsində danılmaz xidmətləri olan bir nəşriyyatı - "Təhsil" nəşriyyatını hasilə gətirə, inşa edə bilmişdi. Bu nəşriyyatın daşına-divarına belə məsuliyyət, intizam, səriştə, qabiliyyət hopdurmuşdu. Elə bir məsuliyyət və səriştə ki, onun yoxluğunda belə bu məkanda görülən hər işi nəfis, zövqlü, sevilən, arzuolunan edə biləcək. Çünki burada Bəhruz Axundov ruhu dolaşır. Haqq dünyasının təmənnasızlarına başqa nə arzu edə bilərik ki... Ruhu hər zaman rahat olsun, məkanı cənnət...
525-ci qəzet 2017.- 9 avqust.- S.7.