Betona gömülən gözəl

hekayə

 

Babayev Baba

 

Minvod aeroportuna çatanda axşam düşmüş, hava qaralmışdı. Şər düşən vaxtdı. Səma qorxunc, vahiməli, tünd qara, bir də zolaqlı qırmızımtıl rəngdə idi.

 

Belə darıxdırıcı, üşütməli səmanı heç yanda görməmişdim. Ani olaraq bu qərib yerdən qaçmaq, tez uzaqlaşmaq istədim. Bir işıqlı otaq lazımdı ki, ora girib bu qaramat havanı görməyim. Təkliyim də əhvalıma təsirsiz deyildi.

 

Gözləmə zalındakıların - bir-birinə söykənib yatan kim, mürgüləyən, pıçıltı ilə danışan kim - əksərən azərbaycanlı olduğunu görüb sevindim, heç kəsi tanımasam da, sanki hamıya sevincək salam vermək istəyirdim. Kənardakı oturacaqlarda boş bir yer görüb səyahət çantasını və ötən il Bodrumdan aldığım yaraşıqlı, diqqətçəkən portfelimi yerə qoydum. 70-75 yaşlı bir kişi tək oturmuşdu. Üz-gözünə baxanda adamı dəhşət bürüyürdü. Sir-sifəti yanmış, kələ-kötür kösövə bənzəyirdi. Amma bədən quruluşuna görə fiziki işlə ömrünü bada verənə oxşayırdı. Salam verib yanındakı boş yerdə oturmağa izn istədim və ismimi deyib əyləşdim. O da gur, xırıltılı səslə: - Dəmir, - dedi. Əşyalardan göz olmasını xahiş edib mineral su almaq üçün bufetə girdim. İki şüşə su, bir də şirin bulkilər alıb qayıtdım. Şüşələri və bulkiləri aramızdakı boş yerə salfet sərib üstünə yığıb qonşuma da yeməsini təklif etdim.

 

Tez dil tapdıq. O da Bakıya uçurdu. Uçuşa saatdan çox vaxt qalırdı. Marağım məni dinc qoymurdu. Dünyanın əzab-əziyyətindən bolluca "pay" almış, qədərincə doymuş bu adamın kimliyi, bəlkə də müəmmalı görünməyi içimi suallarla doldururdu.

 

Bulkiləri yeyib üstündən də su içəndən sonra elə bil müsahibimin dili açıldı. Ürəyində köz bağlamış bir hadisəni, Allahın və bəndələrinin qarşısında işlədiyi, fəqət bu günə qədər qorxusundan pünhan saxladığı günahını açıb danışmağa başladı...

 

- İyirmi beş yaşım vardı, təzə evlənmişdim.. Səhərlər Allah verəndən yeyib şəhərin mərkəzindəki Sərdar bağı deyilən yerə toplaşardıq. Bu bağ həm böyük, həm də qədim, hündür ağaclarıyla məşhurdu. Bir də bu böyük bağın qarşısındakı uzun, geniş küçədə şəhərin mehmanxanası, bir ali məktəbi, orta musiqi məktəbi və başqa qədim tikililər yerləşirdi. Gediş-gəlişli küçə idi. Şəhərin bənnaları bu bağa yığışar, sakinlərdən kimə lazımdırsa, bu məkana gəlib ustalarla sövdələşdikdən sonra işlərini görməyə aparardılar. Cavan olmağıma baxmayaraq, yaxşı, səliqəli iş görən usta - daş hörgüçüsü kimi tanınırdım. Lovğalıq olmasın, əl qabiliyyətimə söz yox idi.

 

Bir gün də səhər-səhər bağda oturub, hər kəs öz gördüyündən, bildiyindən danışırdı. Gözümüz gəlib-gedənlərdə idi. Müştəri gözləyirdik. Bir az keçmiş yanımızda 60-cı illərin dəbdə olan təzə, yaşıl rəngli, lüks "Qaz-21-Volqa" dayandı. O vaxtların ustaları indikilər kimi deyildilər. Abır gözləyirdilər. Sahibkar kimi istəsə, onu da seçib işləmək üçün aparırdı. Elə hallar olurdu ki, görüləcək işin mahiyyətinin nədən ibarət olduğunu öyrənib: "O ustanın əl qabiliyyəti mənimkindən daha yaxşıdır, onu aparın", - deyirdik. Bir də görüləcək işin növü vardı; hasardı, böyük imarətdi, naxışlıdı, sadədi, başqa tikilidi, çay daşındandı, kubik və ya qırmızı kərpicdəndi və sairə - bütün bunlara xüsusi önəm verilirdi, hər kəs bacardığı işə gedərdi.

 

Yaşıl rəngli "Volqa" par-par parıldayırdı. Lüks olmağından sahibinin varlı olması asanlıqla sezilirdi. 30-35 yaşlarında olan çox yaraşıqlı adamdı, boy-buxunu, dəbdə olan yapon qoluyoxu, zoğalı rəngli sviteri, sarı, zolaqlı fin şalvarı, hündürdaban Malta tuflisi kənardakılara dövrün dəbi üçün hər şeyi deyirdi. Bu oğlan birbaşa üstümüzə yeridi, salam verib, mənə müraciətlə: "Usta, işiniz yoxdursa mənimlə gedək, bir günlük kiçik bir hörgümüz var" - dedi. İçində metrə, kiçik daş baltası, mala və şaquli, bir də köhnə paltarım olan meşin torbamı götürüb sevincək onun arxasınca maşına tərəf getdim. Sürücüyə salam verib maşının arxa tərəfində oturdum. Ehtiyatla hərəkət edirdim ki, bahalı, bəzəkli maşının xalçalı oturacağını nimdaş şalvarımla kirlətməyim. Sürücü də o birisi kimi, gənc, yaraşıqlı, qara eynək taxmışdı və bahalı geyimdəydi.

 

Maşın yerindən tərpənib əlli-yüz metr Sərdar bağından uzaqlaşmamış arxa oturacağa, yanımda oturan oğlan başıma qara torba keçirib gözlərimi bağladı.

 

- Sənə beş min manat pul verəcəyik. İşin yüngüldür. Amma gördüyünü danışsan gözünü çıxardıb, dilini də kəsib səni yandıracağıq, - dedi. Bu sözləri, yəqin ki, maşını sürən qara eynəkli dedi. Ani olaraq fikir məni götürmüşdü. Beş min manat da çox böyük pul idi.

 

Qorxumdan dizlərim əsirdi. Şəhər kiçik olduğundan maşının çox döngələr keçmədiyini, gözübağlı olsam da, maşının tramvay xətti ilə getdiyini  hiss etdim.

 

Nəhayət, maşın dayandı. Məni düşürəndən sonra gözlərimi açdılar, qarşımda yekəpər bir kişi gördüm. Hər tərəfi çox da iri olmayan xalçaya bənzər naxışlarla bəzənmiş, qırmızı kərpiclə hörülüb əhatələnmiş bir məhlədə idim. Sakitlik hökm sürürdü. Çox varlı adamların eviydi, yəqin. Üzüm çardağının altındakı stulların birində oturmağımı amiranə bildirən adam, saqqalı təzəcə çallamış, ağzı zərgər dükanına oxşayan, barmağında brilliant qaşlı, sifarişlə düzəldilmiş yekə bir üzük, boynunda qalın qızıl boyunbağı olan, gözlərindən qan yağan zabitəli bir kişiydi. Qəmli otursa da, kef içində ömr edən adama oxşayırdı.

 

Süfrəyə səhər yeməyi gətirən maşındakı oğlanlardan biriydi. Bal, qaymaq, kürü (onda qara kürünün kilosu 25-30 manat civarındaydı), soyutma yumurtadan tutmuş, yağ-pendirə qədər stola düzmüşdülər. "Göygöl" konyakından özlərinə az, mənə də bir "çappa" stəkan süzüb içməyimi təklif etdilər. Nə olacağını, nə baş verdiyini bilmirdim. Buradakılar hamısı elə bil yasda oturmuşdular. Həyətdə bir nəfər də zənən xeylağı gözə dəymirdi. Stəkanı götürüb başıma çəkdim. Yeməyə əl vurmadan bir şokolad götürüb dişlədim.

 

Dinməz-söyləməz, yazıq-yazıq, oturanların üzünə baxırdım. Ani sükutdan sonra yenə konyak süzdülər. Budəfəki təkiddə rumkaları hamı birdən götürdü. Daha içmək istəməsəm də, qorxumdan stəkanı başıma çəkdim. Stolun başında oturan qızıla bələnmiş kişi təkid etdi ki, yemək yeyim. Boğazımdan keçməsə də, bal dolu şandan iri bir parça qoparıb ağzıma qoydum. Üstündən büllur stəkanda süzülmüş soyuq çayı birnəfəsə içdim. Konyak məni tutmuşdu.

 

- Hə, dur, işə başla, - kişi dilləndi.

 

Dilim topuq vura-vura - Nə etməliyəm? - deyə yavaşca səsləndim.

 

- O kubikləri buraya hörəcəksən, palçığını hazırla...

 

Qumu, sementi də göstərdi.

 

Kişi nə cür dedisə, elə də etdim. Həyət barısına söykənəcək dördkünc bir budkaya bənzər, nəsə bir yer hörürdüm. Yarıya qədər hörmüşdüm ki, dayanmaq əmri verildi. Belimi dikəldəndə oğlanlardan biri - zoğalı sviterlinin şüşəbənd evdən mənə səmt 20 yaşlarında dünya gözəli bir qız çıxarıb gətirdiyini gördüm. Qız səssiz, için-için ağlayırdı. İnsan olan kəs utandığından bu Allah bəndəsinə - onun misilsiz gözəlliyinə baxmağa cürət etməzdi. Gözucu o biri kişilərə baxdım. Başlarını aşağı salıb susurdular.

 

Oğlan qızı yarıya qədər hördüyüm budkaya oxşar yerə saldı. Bu an niyyətlərini anladım, dəhşətdən damarda qanım dondu.

 

Mənə hörgünü davam etdirmək əmri verildi. Əllərim əsirdi. Qızıllı kişi: "Tez ol", - deyə üstümə çımxırdı.

 

Nə irəli, nə də geri yol yox idi. Qıza baxa-baxa, özüm də göz yaşları tökə-tökə kubikləri üst-üstə düzürdüm.

 

"İlahi, mən neyləmişdim, bu nə işdi, bu nə müsibətdi, mənim başıma gəldi? Bunlar kimdir, niyə belə bir cəlladlıq, qatillik edirlər". Kubikləri üst-üstə yavaş-yavaş qoyurdum. Ürəyimdə Allahdan bu dünya gözəlinə də, özümə də nicat diləyirdim. Qızın boğazınacan hörmüşdüm artıq. Umduğum möcüzəvi köməksə gəlmirdi. Təkidlə, hirslə verilən  "tez ol, tamamla" əmrləri məni tıncıxdırsa da, çıxış yolum qalmamışdı. Sadəcə, işi azacıq ləngidib öz yəqinimdə qızın ömrünü uzatmaq istəsəm də, əslində işgəncəmizi uzadırdım. Ancaq bu işin də bir sonu olmalıydı. Nəhayət, min əzabla hörgünün başından beton töküb üstünü bağladım. Sanki qızla birgə özüm də betonda qərq olub boğulmuşdum. Havalı kimiydim. Döşlüyümü çıxarıb yerə tulladım. Heç kəsə məhəl qoymayıb çardaq altında, qıraqdakı stulda oturdum. Qızıllı kişi işarə elədi, bir qabda sərin su verdilər, sonra da cibimə haqqımı - bir büküm kağız qoydular.

 

Həyətdəcə, maşına oturan kimi başıma yenə həmin torbanı keçirtdilər... Gözlərimi açıb maşından düşürəndə yenə özümü Sərdar bağında gördüm. Sürücü şəhadət barmağını dodaqlarının üstə qoyaraq susmalı, ömürlük susmalı olduğumu bir daha xatırlatdı. Yarpaq rəngli, bəzənmiş gəlinə bənzər "Volqa" ceyran sürətilə bir anın içində yerindən sıçrayıb gözdən itdi...

 

O gündən əlli iki il keçir. Hələ də o gün betona gömdüyüm gözəl qızın görkəmi, baxışları gözlərimin önündədir, heç cür unuda bilmirəm. Bu yaşa qədər belə bir günahla, ağır sirlə necə yaşamışam, özüm də anlamıram...

 

Qoca susdu. Yanaqları ilə üzüaşağı yaş damlaları süzülürdü.

 

Bayaqdan tutulan havanı birdən şimşəklər yardı, tükürpədici gurultu, şaqqıltı qopdu, aeroportun gözləmə salonunun şüşələri titrəyərək qorxunc, zığıltılı, iniltili bir səs çıxardı. Şıdırğı yağış başlandı. Elə bu an Bakıya uçacaq təyyarəyə minik elan olundu, bildirişi söyləyən qızın məlahətli səsi gözləyənləri ayağa qalxmağa sövq etdi.

 

Minvod-Bakı

2016, avqust

 

525-ci qəzet  2017.- 9 avqust.- S.7.