Elçin Mirzəbəyli: “Sözə, ədəbiyyata minnətdarlıq borcum var”

 

50 YAŞINI QEYD EDƏN ŞAİR “ƏDƏBİYYATDAN AYRI DÜŞDÜYÜM İLLƏRƏ GÖRƏ PEŞMANAM” DEYİR

 

Azərbaycan ədəbiyyatında şair kimi, çağdaş milli mətbuatımızda publisist və baş redaktor olaraq özünəməxsus mövqe tutan Elçin Mirzəbəylinin bu gün - avqustun 12-də 50 yaşı tamam olur.

 

Yarım əsri arxada qoyaraq yubileyini qeyd edən Elçin müəllimlə bu diqqətəlayiq hadisə ərəfəsində görüşüb söhbətləşdik, yaradıcılığına, ömrünün ötən dövrünə birlikdə nəzər saldıq.

 

- Elçin müəllim, sükutunuz tez-tez pozulur?

 

- Xeyr, o qədər də tez-tez pozulmur. Əsasən özüm pozuram o sükutu. Həmçinin, kənar müdaxilələrin təsirindən də pozula bilir. Söhbət təkcə şəxsi həyatdan getmir, bütövlükdə cəmiyyətdən gedir. Əgər istəsəm özüm bir şeirlə, publisistik yazıyla, açıqlama ilə pozuram sükutumu. İnsan zaman-zaman həyatında dəyişikliyə ehtiyac duyur. Yeknəsəklik hər kəsi yorur. Bəzən hiss edirsən ki, ya çalışdığın sahədə, ya da ümumən cəmiyyətdə nəsə yolunda getmir, həqiqətləri deməyə ehtiyac var. Həmin an duyursan ki, toz basmış, sükuta qərq olmuş bəzi nəsnələri yerindən tərpətmək lazımdır. O zaman təbii ki, sükutu pozuram.

 

- Şair kimi özünüzü necə xarakterizə edərdiniz?

 

- Çox çətin sual verdiniz. Şair kimi mübaliğəsiz-filansız Elçin Mirzəbəyliyəm. Mənim yerim oxucu üçün, məni tanıyanlar üçün hardadırsa, oradayam. Gündəlik həyatımdan fərqli olaraq, ədəbiyyatda emosional və çılğınam. Bu iki obraz ikisi də mənim içimdədir. Onların hər ikisini yola verməyə çalışıram.

 

- Yorucu olmur ki?

 

- İnsan o zaman yorulur ki, daxilində ziddiyyətlər əmələ gəlir. Getdiyi yolun doğru olmadığını düşünür. Mənəvi, ruhi yorğunluq bütün yaradıcı insanlarda baş verir. Buna ən çox ətrafda cərəyan edən hadisələr təsir göstərir. Mən də yorulsam belə, özümü tez toparlaya bilirəm, bunun üçün mənə 2-3 gün vaxt lazımdır. Mən ekstremal situasiyaların adamıyam. Hətta səhhətimdə ciddi problemlər olsa da, çox qısa zamanda sıfırdan başlaya bilirəm.

 

- Sizcə, şeir indi bizdə layiq olduğu yerdədir?

 

- Prinsip etibarilə söhbət ciddi ədəbiyyatdan gedirsə, bəli, son dövrlərdə mən bunun öz mərtəbəsinə yüksəldiyinin şahidi oluram. Yavaş-yavaş ciddi ədəbiyyat, əsl çəkisi olan söz layiq olduğu yerə gəlib çıxır. Bu, təkcə cəmiyyətlə bağlı olan məsələlər deyil, həm fərdlərlə bağlı olan məsələlərdir, həm də bütövlükdə dünyada baş verən proseslər, informasiya kommunikasiya texnologiyalarının inkişafı, insanların düşüncəsinin daha çox rasional olması, irrasional düşüncənin ikinci plana atılması, ədəbiyyatdakı meyillərin dəyişməsi, yeni meyillərin yaranması və bu meyillərə adaptasiya prosesinin baş verməsi olduqca mürəkkəb mərhələdir. Ədəbiyyat bu mərhələlərdən keçib öz yerini tutacaq. Ancaq Azərbaycan xalqının oxumaq istəyi və əzmi nə qədərdirsə, o səviyyədə baş verəcək bu.

 

- Sizcə, nə qədərdir?

 

- Təəssüflər olsun ki, çox azdır. Yəni, bizim insanlar onsuz da tənbəl idilər, ancaq son dövrlərdə daha da çox tənbəlləşiblər. Biliyə, elmə yiyələnmək istəyi yoxdur. Gəncliyimizin bir hissəsi, təəssüf ki, kiçik informasiyalarla kifayətlənir. Bunda təhsil sistemində vaxtilə yaranmış boşluqlar, qəzet, kitab oxuma ənənələrinin itirilməsi də rol oynadı. Ənənələr çox da böyük deyildi, ancaq vardı. İndi isə əks proses başlayıb. Əgər Bakıda kitab satış məntəqələri açılırsa, insanlar kitab almağa gedirlərsə, bunun özü də əhəmiyyətli bir işdir. Əks proses, ola bilsin ki,  dünyanın ayrı-ayrı ölkələrində, xüsusən Avropada daha tez baş verdi. İnternet məkanından kitaba keçid, yaxud bunların paralel aparılması digər ölkələrdə qısa zamanda həyata keçdi. Bizdə isə bu proses bir qədər gecikir.

 

- Şeirlərinizi ən çox harada yazırsınız? Bunun üçün daha uyğun saydığınız xüsusi bir yer varmı?

 

- Elə bir xüsusi yer yoxdur, evdə də, yolda da, toplantıda, səyahətdə də yaza bilərəm. Qısa müddət ərzində ətrafdan təcrid oluna bilirəm, hadisələrdən ayrılıram. Bu, təbii ki, zamanla formalaşan bir şeydir. İnsan özünü dərk etdikcə, mənini hiss etdikcə cəmiyyətdən ayrılmağı, yüzlərlə insanın içərisində tək qalmağı bacarır. Bildiyim qədərilə çox kiçik yaşlarımdan yazmağa başlamışam. Lap əvvəllər kimlərəsə bədahətən şeirlər qoşurmuşam. İlk dəfə beşinci-altıncı siniflərdə oxuyanda çap olunmuşam. Həmin dövrlərdə, təbii ki, daha çox evdə, axşamlar yazırdım. İndi isə elə bir ölçü, meyar yoxdur. Ancaq onu da deyim ki, çox da yazmıram. Nə uzunçuluğu sevirəm, nə də özümü şeir yazmağa məcbur edirəm. Nə vaxt ovqat yaranarsa, onda yazıram.

 

- Ruh halınız yazılarınıza necə təsir edir?

 

- Ruh halımın, şübhəsiz ki, buna təsiri olur. Adətən poetik ovqat da ruh halının dəyişməsi prosesində yaranır. İnsan gündəlik işi ilə məşğul olanda onda rasional düşüncə olur. Poetik ovqat hər gün yaranmır. Ancaq əsas xarakter məsələsidir. Əgər insan güclüdürsə, poetik ovqatını da idarə edə bilir.

 

- Bir az da sevgidən danışaq. Sevginin riyazi düsturu varmı, sizcə?

 

- Qətiyyən yoxdur. Sevginin düsturu, formulu, resepti, heç nəyi yoxdur. Mənim üçün indi bu yaşda sevgi ilk növbədə ailəmdir, övladlarımdır, yaşadığım ölkədir, bəşəriyyətdir və hər şeydən yüksəkdə dayanan Allahdır. Ancaq bu düşüncəyə də mərhələlərlə gəlib çıxırsan. Mən də bu yaşımda, bəlkə bir azca tez gəlib çıxmışam.

 

- Sevgi şeiri yazmaq üçün konkret obyektin olması şərtdir?

 

- Xeyr, şərt deyil. Obyekt ola da bilər, olmaya da. Hansısa musiqinin təsirilə və ya bir payız günü xəzanı seyr etməklə də sevgi şeiri yazıla bilər. Mənim şeirlərimin böyük əksəriyyətində konkret sevgi obyekti yoxdur. Ona görə də çox zaman ayrı-ayrı insanlar bu şeirlərdə özlərini gördüklərini deyirlər. Ancaq obyektə həsr etdiyim şeirlərim də, şübhəsiz ki, var. Bunlar adətən gənclik illərimdə olub, sonralar isə hansısa hadisə ilə, doğum günüylə bağlı xanımıma həsr etdiyim şeirlərim yazılıb. Əslində, bu, ən çətin sualdır. Şairlər, adətən, bu sualdan qaçırlar (gülür).

 

- Müsahibələrinizin birində deyirsiniz ki, təpədən-dırnağa ədəbiyyat adamıyam. Bəs, həyatınızı ədəbiyyatın hansı hissəsində görürsünüz?

 

- Mənim həyatım ədəbiyyatın küncündədir. Ədəbiyyat adamı mərkəzdə olmalı deyil. Küncdən bütün dünyaya baxmaq olur, yeganə yerdir ki, oradan hər tərəfi görə bilirsən. Mərkəzdən hər tərəfi görmək olmur.

 

- Şeirlərinizi mahnı kimi dinləmək xoşdur, yoxsa elə şeir kimi?

 

- Baxır kimin necə ifa etməsinə. Ən gözəl mahnını da elə günə salarlar ki, dinləmək istəməzsən. Eləcə də şeirlərimi çox insan ifa edir. Onlar arasında bəyəndiyim də var, bəyənmədiyim də. Ancaq kimsəni qırmıram, düşünürəm ki, peşəkar və ya qeyri-peşəkar olsa da, onun marağına, ədəbiyyata sevgisinə, həvəsinə sayğı duymaq lazımdır. Şeirləri isə öz ifamda daha çox xoşlayıram. Mənim sözlərimə yazılmış mahnılar arasında ən populyarı “Ürəyim yanar” mahnısıdır. O mahnının bütün ifalarında bir gözəllik tapıram. Abbas Əhməd, təbii ki, bəstəcisi və ilk ifaçısı olaraq möhürünü vurub mahnıya. Gənclərdən isə Çinarə Məlikzadə çox gözəl və özünəməxsus ifa edib. Sentyabr ayı üçün Xanım İsmayılqızı ilə işbirliyimiz olmalıdır. O da fərqli bir iş olacaq. Ən az “Ürəyim yanar” qədər tarixdə qalacaq bir mahnı olacağına çox ümidliyəm.

 

- Ədəbiyyat “vergi, ödəniş” olaraq şairdən nələri alır?

 

- Zənnimcə, məndən bu mənada heç bir şey almayıb. Mən ədəbiyyatdan nə almışam ki, o da məndən nəsə alsın?! Bizim bir-birimizlə yaxşı dostluğumuz var. Mən ondan heç zaman nəsə istəməmişəm. Mən ədəbiyyatla ona görə məşğul oluram ki, içimdən gəlir, hisslərimi bədii-estetik tərzdə insanlarla bölüşməyi sevirəm. Bu gözəllikləri, duyğularımı insanlarla bölüşə bildiyim üçün sözə, ədəbiyyata minnətdarlıq borcum var. Onun isə mənə heç bir borcu yoxdur.

 

- Deyirsiniz ki, “bu mənəm e, mənəm, Vətən”. 50 illik ömrünüzdə özünüzü Vətənə necə tanıtmısınız?

 

- İlk növbədə, layiqli bir vətəndaş kimi tanıtmışam. Fərqli düşüncələrim olub, bəzən bu düşüncələrim kimlərinsə xoşuna gəlməyib. Ancaq mən öz ideallarıma heç zaman xəyanət etməmişəm. Həmişə Azərbaycanın istiqlaliyyətinə tərəfdar olmuşam. Üçrəngli bayrağın kölgəsində olmağı ən yüksək himayəçilərin  kölgəsində olmaqdan daha üstün bilmişəm. Düşünürəm ki, geridə qoyduğum 50 illimi bu vətənə, bu torpağa və yaxınlarıma ləyaqətlə həsr etməyi bacarmışam.

 

- 50 yaş sizi qorxutmur ki?

 

- Yox, qorxutmur. Yaxın və sevdiyim insanların ölüm tarixləri olduğu üçün 33 və 49 yaş daha çox kompleks yaratmışdı. Onu da adladıq.

 

- Uşaqlığınızdan ömrünüzün bu çağına gətirib çıxara bildiyiniz nələr var?

 

- Bütün xatirələrimi özümlə daşımışam. Ümumiyyətlə, xatirələrimə çox sədaqətli adamam. Şirinli-acılı bütün xatirələrimi sevirəm, onların hamısı əzizdir mənə. Uşaqlığımdan bu günə qədər gətirdiyim və təəssüflər olsun ki, bəzən pərdələməyə məcbur olduğum keyfiyyətim isə məsumluqdur.

 

- Qələmin sizdən küsdüyü anlar olubmu?

 

- Hansımız bir-birimizdən küsmüşük deyə bilmərəm. Məncə, qələmin heç bir günahı yoxdur (gülür). Ancaq uzun zaman olub ki, ümumiyyətlə heç nə yazmamışam. Bu, qələmin küsdüyü anlamına gəlmir. Ola bilsin ki, həmin an məni tərpədib titrədən  nəsə olmayıb. Və ya bəzən insan düşünür ki, mən nə üçün yazıram, ehtiyac varmı, tarixdə kiminsə təkrarı kimi qalacağamsa, dəyərmi bunlara? Ancaq zaman keçdikcə dərk edirsən ki, bu, sənsən, özünsən, sənin öz yolun var və yazdıqların tarixdə sənin adınla qalacaq, o zaman insanın özgüvəni artır və yazmağa davam edir. Ədəbiyyatdan ayrı düşdüyüm illərə görə peşmanam. Əslində, son on ildə ədəbiyyatdan ayrı düşməmişəm, davamlı yazmışam və öz üslubumu da bu illərdə tapdığımı düşünürəm. Ona görə də bu illəri yaradıcılığımın ən yaxşı illəri hesab edirəm. Bəlkə də həmin o ayrı qaldığım illər mənə düşünmək, seçim etmək imkanı verib.

 

- Ən böyük həsrətiniz nə ilə bağlıdır?

 

- İndi ən böyük həsrətim nəvə görməkdir, ondan sonra böyük həsrətim Qarabağ həsrətidir. Saxtakarlığı sevmirəm, insan hər zaman özünə doğma olan hissləri birinci yaşamaq istəyir. Qarabağ da mənə övladlarım qədər doğmadır. Dərd, həsrət çox olanda, həddindən artıq dillənəndə insanların gözündən düşməyə başlayır. Ona görə də hər şeyi qədərində yaşamaq lazımdır.

 

Şahanə MÜŞFİQ

525-ci qəzet 2017.- 12 avqust.- S.16.