Ön söz -
Xalq yazıçısı Anarın “Seçilmiş əsərləri”nin
X cildinə
PƏRVİN
Bugünlərdə Xalq
yazıçısı Anarın “Seçilmiş əsərləri”nin X cildi işıq üzü görüb. Kitaba yazıçının son illərdə qələmə
aldığı müxtəlif janrlı əsərləri
daxil edilib.
Cildin redaktoru və ön
sözün müəllifi Pərvindir.
Önsözü
oxucularımıza təqdim edirik.
Anarın
“Seçilmiş əsərləri”nin X
cildi mövzu və janr rəngarəngliyi baxımından digərlərindən
fərqlənir. Yazıçının son illərdə
yazdığı müxtəlif janrlarda əsərləri -
şeirləri, esseləri, ssenariləri, povest və hekayələri
özündə birləşdirən bu kitabı müxtəlif
yönlərdən təhlil etmək olar. Bütün
yaradıcılığı boyu Zamanı əsas “qəhrəmanına”
çevirən yazıçının “indiki zaman”a
baxışları, yanaşması bu əsərlərdə əksini
tapıb. Bu mənada kitaba daxil olan əsərləri
təkcə Anar yaradıcılığının davamı
yox, həm də zamanın axarı kimi qəbul etmək,
qavramaq olar.
Yazıçının Sovet dövrü
yaradıcılığında əsas diqqət insanın
üzərində idi, daha doğrusu, Anarın gələcəyin
adamı olan, zamanı qabaqlayan qəhrəmanları bu
gün, indi, burada, dəqiq söyləsəm totalitar ölkədə,
çərçivələrin və buxovların içərisində
yaşamağın əzabını çəkirdilər. Əslində,
ilk baxışda fərqli taleləri yaşayan qəhrəmanların
ümumi problemi - azad olmayan cəmiyyət, mühit idi. Təhminə də, Nemət də, Zaur da, Kəbirlinski
də, Fuad Salahlı da, Əsmər də, Oqtay da və onlar
kimi neçə-neçə başqa insan da mühitin, zəmanənin
“qurbanları” idilər. Bu mənada
Anarı zamanla yanaşı addımlayan və zamanı
qabaqlayan, onun tələblərini hansısa önduyumla
görüb duyan yazıçı hesab etmək olar. Adını sadaladığım qəhrəmanların
nəsrə, ədəbiyyata gətirilməsi, bir insanın dərdinin,
probleminin önə çəkilməsi zamanın tələbi
idi. Oxucu hansısa fövqəladə hadisələri
yox, dəhşətli olayları yox, böyük hərflərlə
yazılan qəhrəmanı yox, özünü, öz
problemini axtarırdı ədəbiyyatda. Və
belə bir zamanda altmışıncılar nəslinin, həmçinin
həmin nəslin nümayəndələrindən biri olan
Anarın bu mövzulara müraciəti, adi adamı ədəbiyyata
gətirməsi yerinə düşürdü. Azərbaycan
müstəqillik əldə etdikdən sonra artıq dəyişilmiş
mühitin, qarşıya çıxan yeni problemlərin ifadəsi
yerinə düşdüyü kimi... Qarabağ probleminin fərqli
şəkildə təsviri yerinə düşdüyü
kimi... Bir sözlə, Anar ziyalı mövqeyini
nasir qələmi ilə ifadə etməyi bacaran
yazıçıdır. Azərbaycan təkcə
reallıqda, tarixdə yox, həm də onun əsərlərində
müstəqil oldu, deyə bilərik. Və nə
yazıq ki, müstəqilliklə bərabər yeni bəlalar,
dərdlər də gəldi; həm Azərbaycanın
başına, həm də Anarın nəsrinə...
lll
Müəllifin “Seçilmiş əsərləri”nin X
cildinə daxil edilmiş nəsr nümunələri, xüsusən
də “Göz muncuğu” romanı yazıçının
proza yaradıcılığının maraqlı və əslində,
bəlkə də gözlənilən bir məqama
yetişdiyini göstərir. Ümumiyyətlə, ən
adi insanların da taleyinə bəşəri dəyərlər
kontekstindən, geniş baxış bucağından
yanaşan müəllif bu romanı ilə oxucusunu sadəcə
insan, cəmiyyət, mühit yox dünya, kainat haqqında
düşünməyə sövq edir.
Bu yerdə bir haşiyəyə çıxıb qeyd
etməliyəm ki, roman ilk dəfə “Azərbaycan” dərgisində
işıq üzü görəndə bu əsər
haqqında elə həmin nömrədə geniş məqaləm
çap olunub.
Daha sonra həmin yazım əsər kitab
halında çap olunanda ön söz kimi yayımlanıb.
Ona görə indi “Göz muncuğu”nu geniş
təhlil etmək niyyətim yoxdur. Lakin onu
da etiraf etməliyəm ki, romanı yenidən oxuyanda və
artıq söylədiyim kimi, yazıçının proza
yaradıcılığının davamı kimi təhlil etməyə
çalışanda tamam yeni məsələlər ortaya
çıxdı. Az qala bütün
əsərlərində, təkcə nəsrində yox,
publisistikasında, esseistikasında, ssenarilərində xarakter
ustası kimi görünən müəllif bu əsərində
öz qəhrəmanına fərqli yöndən yanaşa,
onu xarakter kimi deyil, sadəcə ideya daşıyıcısı
kimi yarada bilib. Bu mənada “Göz muncuğu” Anarın müstəqillik
dövrü yaradıcılığına daxil olan
üç böyük əsərinin (trilogiyanın!)
üçüncüsüdür: “Otel otağı”, “Ağ
qoç, qara qoç” və “Göz muncuğu”. Bu üç əsəri bir qovluqda götürsək,
əsas məqam məhz, hər üçünün müstəqillik
dövründə yaranmasıdır. Çünki
artıq vurğuladığım kimi bu dövrdə yaranan
problemlər, xalqımızın başına gətirilən
müsibətlər, müharibə, torpaq itkisi, xarici qüvvələrin
təzyiqi, düşmənlərin müxtəlif yollarla
“hücumları” yazıçını rahat buraxmayıb, bu əsərləri
yazmağa vadar edib. Lakin maraqlıdır ki,
yazıçının zahirən eyni görünən
problemə yanaşması artan xətlə inkişaf edib, dəyişib.
“Otel otağı”nda o, problemin içərisindəki
insan, “Ağ qoç, qara qoç”da yenə eyni dərdi
yaşayan, təhlükəylə qarşı-qarşıya
olan bütöv millət, “Göz muncuğu”nda isə əbədi
Şərlə üz-üzə duran dünya ön plana
çəkilib.
“Otel
otağı”nda insan taleyi qələmə
alındığı üçün burda xarakter - insan
xarakteri vacibdir və belə bir xarakter Kərim Əsgəroğludur,
onunla bağlı başqa qəhrəmanlar - Sədyar da,
Çopur Cabbar da, Bəhicə xanım da xarakterlərdir. “Ağ qoç, qara qoç”da isə əsas məsələ
millətin taleyidir, burada xarakterlər ancaq punktirlə qeyd
olunub. Bu əsərdə tutalım, Aypəri,
Beyrək və Burla fərqli xarakterli insanlardır, amma bundan
daha vacib onların düşdüyü mühit, şərait
və qarşılarına çıxan şərtlərdir.
Və nəhayət “Göz muncuğu”nda əbədi
Şər və Xeyir mövzusu şərti olaraq Əhliman
adlı bir şəxsin varlığında cəmləşib. Əhliman
artıq xarakter olmaqdan çıxıb, o, ideyadır, daha
doğrusu, ideyanın konkret insan simasında ifadəsidir.
Yəni əslində, problemin kökünü,
dərdlərin səbəbini insanda axtaran yazıçı
daha fəlsəfi, daha dərin “izahlar” ortaya qoyur. Səbəb Xeyir və Şər
qarşıdurmasıdır ki, o da əbədidir. Və
görünür, bütün yaradıcılığı
boyu dünyanın, cəmiyyətin, mühitin, problemlərin
içərisindəki insanı (bir insanı!) təsvir edən
yazıçı bu əsərində “hadisələri” tərsinə
çevirirsə, məsələni digər
“başlanğıcdan” (yaxud “sondan”!) çözürsə,
bu da təsadüfi deyil. Bu, artıq həm
zamanın, həm çağdaş sənətin, həm də
Anar yaradıcılığının tələbidir.
lll
Anar qələmindən
çıxan orijinal “janr”lardan biri də “Gecə
düşüncələri”dir. Uzun illərdir
yazıçı bu başlıq altında silsilə esselərini,
qeydlərini oxucularına təqdim edir. Bu
yazılarda bəlkə nə zamansa yazılacaq əsərlərin
eskizlərini də görmək olar, çağdaş durumla,
gündəmlə bağlı fikirləri də. Eyni zamanda, bu, bir növ yazıçının
böyük əsərlərə sığışdıra
biləcəyi ideyaların qısa, lakonik ifadəsidir. X
cildə daxil edilmiş əsərlər arasında “Gecə
düşüncələri” oxucu üçün xüsusi əhəmiyyətə
malikdir. Çünki bu qısa-uzun qeydlərdə
çağdaş zamanla bağlı açıq, aydın
fikirlərlə, şərhlərlə bərabər həm
də yazıçının digər əsərlərini (həmçinin,
bu cildə daxil olan) açmaq, anlamaq üçün
ipucları var. Amma daha çox müəllifin
ağrıları, gözləntiləri, ümidləri var:
“Arzuladığım Gələcəyə inamım
onunla bağlıdır ki, vaxtiylə yazdığım, diqqət
mərkəzinə çəkdiyim bir çox şeylər
artıq elə bizim zamanda gerçəkliyə çevrilib”.
Müəllifin təvazökarlıqla etdiyi bu kiçik
etirafı oxuyanda “vaxtilə yazdığı” (indi də davam
etdirdiyi), “diqqət mərkəzinə çəkdiyi” məsələlər,
millətimizin özünü dərki üçün
gördüyü böyük işlər yada
düşür. Və bir anlıq düşünürəm ki, bəlkə
də Anar ustadı bildiyi Mirzə Cəlildən, Üzeyir bəydən,
Mirzə Fətəlidən və xalqı yolunda yüz əziyyətlərlə
çalışan, mübarizə aparan neçə-neçə
mütəfəkkirdən, ziyalıdan daha
şanslıdır. Çünki doğrudan da
özünün söylədiyi kimi, uğrunda
vuruşduğu çox şeylər “elə bizim zamanda
gerçəkliyə çevrilib”.
Anar əsasını
qoyduğu və baş redaktoru olduğu “Qobustan” incəsənət
toplusunda çalışdığı 19 il ərzində
Qüzey və Güney Azərbaycanın vahid mənəvi
irsindən, türk dünyasının dəyərlərindən,
dünyanın mədəni sərvətlərindən
yazılar verməklə Dünyanı Azərbaycana gətirməyə,
Azərbaycanın özünü özünə
tanıtmağa çalışırdı. O vaxtlar “Qobustan”
daha çox haqsız tənqidlərlə, iradlarla
rastlaşırdısa da, çox illər sonra onun əsl qiymətini
ulu öndər Heydər Əliyev verdi:
“O vaxtlar “Qobustan” jurnalı həyatımızda
çox böyük rol oynayırdı. Bizim bu
milli dirçəliş, milli oyanış, milli
özünütanıma prosesində “Qobustan”ın rolu
çox böyük olubdur. Bunu o vaxtlar bəziləri
bəlkə də dərk etmirdilər. Bəlkə
indi də bəziləri o qədər də dərk etmirlər.
Amma mən bunların hamısını daima izləyirdim
və hər bir belə tədbirin həyata keçirilməsi
üçün lazımi şərait yaradırdım”.
Çox
illər sonra müstəqillik dövründə latın əlifbasına keçdikdən sonra
təxminən, on il bu qrafikayla bədii ədəbiyyat nəşr
olunmadı. Anar dəfələrlə bu məsələni
Milli Məclisdə qaldırdı, son dəfə isə cənab
İlham Əliyevlə onun ilk dəfə iştirak etdiyi
Prezident seçkisi ərəfəsindəki
görüşündə diqqətə çatdırdı.
Prezident seçiləndən sonra cənab
İlham Əliyev bu barədə sərəncam imzaladı və
bu təşəbbüsün yazıçı Anar tərəfindən
irəli sürüldüyünü dəfələrlə
qeyd etdi.
Anar Milli Məclisin deputatı və Mədəniyyət
komissiyasının sədri olduğu müddətdə on
beşə qədər vacib qanun, o cümlədən, Azərbaycan
dili haqqında qanun hazırlandı və qəbul edildi. Akademik Nizami Cəfərov məqalələrindən
birində yazır: “Anar məni yanına
çağırdı və təklif etdi ki, Azərbaycan
dilinin qorunması haqqında qanun layihəsi hazırlayaq,
işçi qrupunun başçısı da sən ol... İşçi qrupunun rəhbəri olaraq
başladığım bu işi millət vəkili olaraq
başa çatdırmağı da Anar müəllim ...mənə
həvalə etdi”. Nizami Cəfərov bu qanunun necə
çətinliklə keçdiyini, xeyli əleyhdarları
olduğunu da xatırlayaraq yazır: “Mübarizə bu gün
də var, yarın da, mən də onun ən ön
sıralarında” devizini rəhbər tutan Anar müəllim
Prezidentlə danışdı. Layihəni bir az
da təkmilləşdirib Prezident Aparatına göndərdik”.
Və dil haqqında qanun axır ki, qəbul olunur: “Keçirdiyi
gərginlikdən sonra Anarın çöhrəsində əmələ
gəlmiş təbəssümü görmək çox
xoş idi”.
Nizami Cəfərovun bu fikirlərini oxuduqca Sovet dönəmində
görülən işlərin arxasındakı daha
böyük əziyyəti təsəvvürə gətirmək
olar. O
dövrdə Anar ictimai fikri Qobustan qaya rəsmlərinə,
İçərişəhərə, Dədə Qorquda,
Oğuz şeirinə və ümumən xalqımızın əcdadı
kimi Oğuzlara, Xalçaya, Muğama cəlb etməyə
çalışırdı. Çünki Qobustan da, “Kitabi-Dədə
Qorqud” da yalnız məhdud bir dairədə - mütəxəsislər
arasında tanınırdı, geniş xalqın malı deyildi. Öz
özlüyündə tariximizin sərvəti olan İçəri
şəhərin sökülməsinə cəmiyyət biganə
yanaşırdı. Tarix kitablarında
Oğuzlar basqınçılar, işğalçılar
kimi, bir söz, xalqımızın düşmənləri
kimi təqdim olunurdular. Böyük ədəbiyyat,
sənət abidəmizin kino vasitəsiylə daha geniş
miqyasda tanınması üçün yazıçı “Dədə
Qorqud” filminin ssenarisini yazdı (rejissoru Tofiq Tağızadə)
və əsər povest şəklində də Moskvada,
Türkiyədə, İranda nəşr olundu. Lakin müəyyən tarixi və sənət həqiqətlərinin
deyilməsi, yazılması üçün zamana ehtiyac
vardı. Məsələn, Türk, Azərbaycan,
Türkmən poeziyasını ümumi Oğuz şeiri məcrasında
toplamaq, həm də onun tarixini 1500 il öncədən - Orxon
yazılarından başlamaq (sonralar tərtib etdiyi “Min beş
yüz ilin oğuz şeiri” antologiyasında olduğu kimi)
Sovet dönəmində pantürkizm kimi damğalanardı.
Anarın əsl sənətin təbliğatı yolunda
gördüyü işlər təkcə ədəbiyyatla məhdudlaşmır. Musiqi, rəssamlıq,
xalçaçılıq, miniatür və digər sahələri
də əhatə edir. İlk dəfə
o, Sovet ideoloji tələblərindən asılı olaraq
operamızın inkişaf yolunu “Leyli və Məcnun”dan (yəni
daha ibtidai mərhələdən) “Koroğlu”ya qədər
(yəni daha yüksək mərhələ kimi) müəyyənləşdirən
dahi Üzeyir bəylə razılaşmayaraq muğam
operalarının musiqinin daha bəsit janrı kimi deyil, tamamilə
müstəqil, unikal, analoqu olmayan forması kimi əsaslandırmağa
çalışdı. Bakıda beynəlxalq
xalı simpoziumu keçirilərkən “Xalçanın hikməti”
essesi sənətimizin bu incisinin daha geniş şəkildə
tanınmasında müəyyən rol oynadı.
Bütün bu sadaladığım və qeyd etmədiyim
faktlar Anarın sənətə, sənətkara münasibətini,
milli-mənəvi sərvətlərimizə qədrşünaslığını
göstərən mühüm məqamlardır. Ssenariləri əsasında
rejissor kimi özünün çəkdiyi “Üzeyir
ömrü” və “Qəm pəncərəsi” filmləri iki
dahi sənətkarımızla - Ü.Hacıbəyovla və
M.C.Məmmədquluzadəylə bağlıdır. Onu da
vurğulamaq vacibdir ki, Anar Azərbaycanda
Mirzə Cəlilə, Türkiyədə Nazım Hikmətə
(“Kərəm kimi” romanı ilə) tamamilə başqa, yeni
bucaqdan yanaşdı və bu, onlara ənənəvi
münasibətin dəyişməsinə müəyyən təsir
göstərdi.
Sənətkarlar
haqqında filmlər silsiləsini rejissor Ramiz Həsənoğluyla
bərabər davam etdirdi; “Sübhün səfiri” filmində
Mirzə Fətəlinin, “Cavid ömrü” filmində
Hüseyn Cavidin surətlərini Rasim Balayevin ifasında ekrana
gətirdi. Nəhayət ədəbiyyatımızı,
sənətimizi, tariximizi ölkəmizdən kənarlarda da
tanıtmaq məqsədiylə rus dilində nəşr
etdirdiyi üç cildlik “Literatura. İskusstvo.
Kultura Azerbaydjana” kitabı xüsusi qeyd edilməlidir.
Oxucuya
tanış olan, sadəcə tezislər şəklində
sadaladığım bu faktların, işlərin arxasında
böyük bir ideya durur: millət kimi qürur duyduğumuz mənəvi sərvətimizi
unutmamaq, yaşatmaq və Gələcəyə aparmaq. Elə
bu cildə də daxil olan Mirzə Fətəli Axundzadənin
həyatını əks etdirən “Sübhün səfiri”, Rəsul
Rza haqqında televiziya filminin ssenarisi olan “Çinar
ömrü”, rus yazıçısı Buninin Fransada
yaşayan azərbaycanlı yazıçı xanım Baninlə,
münasibətlərindən bəhs edən “Parisdə
höcət” əsərlərini də həmin ideyanın
davamı hesab edə bilərik. Və əslində
düşündürücü olan odu ki, müəllif sadəcə
bu tarixi şəxsiyyətlərin həyatını,
yaradıcılığını oxucularına, ekran vasitəsiylə
tamaşaçıya çatdırmağa
çalışmır, həm də bu insanlara qoşulub onu
narahat edən müəyyən sualların cavabını
axtarır:
“Axundov:
- San
Sanıç, ne obijaytesğ na menə, no
xoçu zadatğ vam ehe odin trudnıy vopros. Vot, vı vse za svobodu svoeqo naroda, nu, a kak
nasçet svobodı druqix narodov? Vedğ i
qorüı toje srajaötsə za svobodu. Za
svobodu svoeqo naroda.
Bestujev:
- Gto
soverşenno raznıe vehi, Fatali, naşa
üelğ priobhitğ Kavkaz k zakonam üivilizovannoqo mira”.
“Sübhün
səfiri” filminin ssenarisindən gətirdiyim, gənc Mirzə
Fətəli ilə Bestujev Marlinskinin dialoqunda əslində,
uzun illərdir Anarı düşündürən, narahat edən
vacib bir problem, məsələ əks olunub. “Gecə
düşüncələri”ndə də rus siyasətinin
yanlış tərəflərindən, Sovetləri bərpa
etmək istəklərinin absurdluğundan yazan müəllif
millətinin gələcəyi üçün narahatdı.
Əslində, “Ağ qoç, qara qoç” əsərini
də yazdıran elə bu narahatlığı idi. Lakin
özünün də “Gecə düşüncələri”ndə
etiraf etdiyi kimi, indiki rus siyasətçilərinin
ağlasığmaz fikirlərini, imperiya arzularını,
şovinist düşüncələrini tənqid edən
yazıçının fikirləri heç vəchlə rus
xalqına yönəli deyil:
“Tarix boyu
həm öz xalqını mütiləşdirən,
dilsiz-ağızsız kütləyə çevirməyə
çalışan, normal insani hüquqlardan, azad, sərbəst
yaşamaq hissindən yadırğadan, eyni zamanda, bütün
başqa millətləri də itaətində saxlamaq, əzmək,
sərvətlərini qamarlamaq, ruhlarını öldürməyə
cəhd edən rejimlərin müqabilində rusları tarixdə
həqiqətən də böyük millət kimi təsdiq
edən - bu xalqın yaratdığı ölməz sənət,
elm və ilk növbədə ədəbiyyat xəzinəsidir.
Rus ədəbiyyatı rus millətinin
vicdanıdır və əsrlər boyu “iztirablı yollardan”
keçən bu xalqın bəşəriyyətə ən
böyük töhfəsidir”.
Elə bu cildə daxil etdiyi “Gecə düşüncələri”ndən
gətirdiyim bu parçada müəllifin bu məsələ
haqqında fikirləri açıq ifadə olunub. Axı onun qəhrəmanları
da yanlış siyasətə, qəsbkar mövqeyə görə
rus ədəbiyyatını inkar etmir, rus xalqına qarşı
çıxmırdılar. Hətta “Təqib” filminin qəhrəmanı,
atası bir fotoya görə repressiya olunmuş, evinin çox
hissəsi bölünüb əlindən alınmış
Osman belə...
lll
Anarın bir neçə filminin ssenarisinin mövzusu,
süjeti nəsr əsərlərindən gəlir. Yəni əvvəlcə
proza olaraq qələmə alınan mövzu sonradan ya müəllifin
öz arzusu, ya da rejissorların təklifi ilə ssenariləşdirilib,
ekranlaşdırılıb. Rejissor Arzu
Urşanın ekranlaşdırdığı “Təqib” filmi də
yazıçının daha əvvəllər qələmə
aldığı “Qırmızı limuzin” hekayəsini əks
etdirir. Lakin... Anar yaradıcılığının
maraqlı, istər ədəbi tənqidçilər, istərsə
də kinoşünaslar üçün
düşündürücü məqamlarından biri də
prozanın ekrana, filmə necə “keçməsi”,
“çevrilməsi”dir. “Qırmızı limuzin” hekayəsinin
O. kimi tanıdığımız adam “Təqib” filminin
baş qəhrəmanı Osman eyni adamlardı. Süjet
də, hadisələrin axarı da eynidi, oxşardı. Lakin ideya başqadı.
Ekran vasitəsiylə bəzi həqiqətləri
geniş tamaşaçı kütləsinə
çatdırmaq istəyən, çağdaş
dövrün ən uyğun təbliğat üsulundan
uyğun şəkildə istifadə edən müəllif
O.nun taleyinə, xarakterinə bəzi əlavələr etməklə
qoyulan problemi fərqli səviyyəyə qaldırıb. Hekayənin qəhrəmanı
O.nun problemi özünün dərdi, öz qorxuları,
ölüm haqqında düşüncələri idisə,
filmdəki Osmanın problemi millətin dərdi,
çağdaş zamanın qüsurlarıdı.
“Osman binanın çöl qapısından içəri
girdi və quruyub qaldı. Ustalar divar rəsmlərinin
üstünü malalayırdılar.
- Siz
neynirsiz, axı bu... - ağzını
açmışdı ki, ustalar sözünü kəsdilər:
- Xozeyin
tapşırıb ki, axşamacan işimizi qurtaraq- dedilər.
Doğrudan
da artıq iş bitmişdi, xilas eləməli bir şey
qalmamışdı. Rəsmli divarlar demək
olar ki, tamamilə malalanmışdı”.
Yazımın əvvəlki səhifələrində
qeyd etdiyim kimi, hər zaman milli-mənəvi dəyərlərin
qoruyucusu olan Anarı meyarların itməsi, gerçək sənətin
zamanın, müasirliyin, texnika əsrinin güdazına getməsi
narahat etməyə bilməz. Və elə bu
narahatlığı da bu dəfə “Təqib” qəhrəmanının
ağrısına, belə demək olarsa faciəsinə
çevrilib. Hekayədə “qırmızı limuzin” sadəcə
ölüm simvoludusa, filmdə Osmanın hər an onu izləyən
keçmişidi, ürəyini sızıldadan
ağrılarıdı, dəyərlərin itdiyi bir zamanda
çarəsizliyidi, acizliyidi, həm də tənhalığıdı...
Və yenə də bütün bunlardan
çıxış yolu ölümdü. Bu şəhərdə son dayanacağını -
bir vaxt eşq, tutqu yaşadığı katibənin evini, son
tutacağını - katibənin gizli sevgisini də itirəndən
sonra onu daha bu dünyaya bağlayan heç nə
qalmamışdı. Və ən böyük faciə elə
bu idi ki, əslində, katibənin evinin də, onun
üçün isti yuva, münasibətinin də, sevgisinin də
onu qoruyan, dünyaya bağlayan nəsnə olmasını
Osman bütün bunları itirəndən sonra başa
düşür, “Sən belə imişsən...” - deyib gedir.
Müəllif Osmanın timsalında mətbuatın
şou-biznes meydanına çevrilməsinə, sənət
nümunələrinin pulluların “malaları” altında
qalmasına, kitabların dəyərdən düşməsinə,
satılmasına, küçələrə atılmasına
yanan ziyalı obrazı yaradıb. Bütün bunlar
qarşısında aciz qalan, heç nəyi düzəldə,
dəyişə bilməyən insanın
çıxış yolu kimi ölümü göstərib.
...Amma
çıxış yolu var axı! Bütün bunlara
gülmək... Gözündə yaş, üzündə kədər...
Gülmək və gülə-gülə diqqət
çəkmək. Güldürmək və
güldürərək düşündürmək.
Mirzə Cəlil kimi, Sabir kimi və onlardan altmış il, səksən il, yüz on il sonra Anar kimi...
lll
Molla Nəsrəddin
kimi...
Molla Nəsrəddin öz dövründə,
yaşadığı əyalətdə qeyri-adi istedada,
hazırcavablığa, cəsarətə malik müdrik bir
insan kimi tanınıb. Zamanla bu müdrik el ağsaqqalının
deyimləri bütün türk dünyasına yayılıb,
rəvayətləri, lətifələri dillər əzbəri
olub. Bu lətifələrin yığcam,
lakonik məzmununda insanı heyrətləndirən, onun
yaddaşında həmişəlik həkk olunan müxtəlif
detallar tapmaq mümkündü. Lakin
çox güman ki, Molla Nəsrəddinin əsrlərlə
insanların dostuna, müasirinə, yol yoldaşına
çevrilməsinin səbəbi təkcə bu deyil. Səbəb həqiqətin necə ifadə
olunmasındadı. O həqiqətin gülə-gülə
deyilməsi, çıxış yolunun güldürə-güldürə
göstərilməsi Molla Nəsrəddin lətifələrinin
ən üstün, unikal cəhətlərindən biridir.
XX əsrin əvvəlində gördüyü naqisliklərlə,
avamlıqla, cəhalətlə mübarizə aparan dahi
mütəfəkkir Mirzə Cəlil Məmmədquluzadənin
təsis etdiyi jurnala məhz “Molla Nəsrəddin” adı verməsi
təsadüf deyildi. Dövrün ədalətsizliklərinə,
kütlənin korazehinliyinə, geriliyə, avamlığa,
sinfi bərabərsizliyə göz yummaq olmazdı, bəs elə
isə bütün bunları necə demək, necə yazmaq?
Yenə də Xoca Nəsrəddinin üsulu ilə... Gülərək,
güldürərək! Amma heç şübhəsiz ki, bu,
acı-acı gülmək idi, “müsəlmanlara qəm pəncərəsindən
baxaraq”, ürək ağrısı ilə yanaraq gülmək
idi! 25 il ərzində
ardıcıllıqla Tiflisdə, Təbrizdə, sonra da
Bakıda nəşr olunan dərgi Mirzə Cəlil Məmmədquluzadənin
öz qələm dostları ilə birgə mübarizə
meydanı oldu. Həqiqət tribunasına
çevrildi. İlk nömrəsinin üz
qabığındakı simvolik rəsmdə olduğu kimi
“Molla Nəsrəddin” yatmış müsəlmanları qəflət
yuxusundan oyatmağa çalışdı. Lakin... Dərginin (“Molla Nəsrəddin”çilərin)
başladığı mübarizə 25 ilə
sığmazdı, sığmadı da. Ona
görə zamanla burda qoyulan problemlərə yenidən
qayıdıldı, Mollanın üsullarına yenə
müraciət edildi.
“Molla Nəsrəddin”
dərgisindən 60 il sonra
yazıçı Anar jurnalın üslubunda, dilində,
strukturunda “Molla Nəsrəddin - 66” satirik silsiləsini
yazır. Və bütün niyyətini əsərə
yazdığı, “Zarafat” adlı girişdə
açıqlayır. Yəni əgər 60 il öncə
dərgi öz dövrünün naqis cəhətlərini
söz, tənqid, satira atəşinə tuturdusa, indi
yazıçı Anar bu zamanın, daha doğrusu, zəmanənin
çatışmayan cəhətlərini, gülünc tərəflərini
yazırdı. Elə ona görə də bu
cür əsəri yazmaq (üstəlik çap eləmək)
hələ o zaman yaradıcılığa yeni gəlmiş,
amma danosbazlardan, senzuradan filandan bixəbər olmayan gənc
Anardan hər şeydən öncə cəsarət tələb
edirdi. Artıq yazılmış olan əsərin
çapı məsələsi, oxucuya təqdim edilməsi isə
daha ciddi problem idi. O zaman “Ulduz” jurnalının baş
redaktoru olan şair Cabir Novruz “Molla Nəsrəddin - 66”nın çapına söz verir və əsər
dərginin 1968-ci il 7-ci nömrəsində işıq
üzü görür. Ədəbi mühitdə hay-küyə
səbəb olan əsərə ən müxtəlif
resenziyalar, rəylər verilir, müəllifi “ədalətli
sovet cəmiyyətini tənqid etdiyinə” görə qınayanlar,
tənqid edənlər də az olmur. Lakin zaman keçdikcə, dövr dəyişdikcə
Anarın “Molla Nəsrəddin - 66” silsiləsi onun ziyalı
mövqeyinin əsası, başlanğıcı kimi
qavranılır.
Nə
yazıq ki, bu əsərdən iyirmi il
sonra yazıçı yenidən Molla Nəsrəddinlə dərdləşməli,
onunla bölüşməli olur: “Molla Nəsrəddin - 86”
satirik əsərini yazır. Bundan sonra da ara-sıra satirik
hekayələr qələmə alan Anar, əslində
bu üsulla gördüyü çatışmazlıqlara
oxucusunun diqqətini çəkir.
2016-cı ildə “Molla Nəsrəddin” dərgisinin 110
yaşı tamam oldu. Anarın “Molla Nəsrəddin”ə ilk müraciətindən
50 il keçirdi. Mirzə Cəlilin yanaraq
yazdıqlarının 110 il sonra da aktuallığını
itirməməsi, Anarın əlli ildən, otuz ildən sonra
yenə də Mollaya pənah gətirməsi zəmanəmiz,
özümüz, dövrümüz haqqında, güzgüyə
baxanda gördüklərimiz haqqında düşünmək
üçün səbəbdi. Əslində, bəlkə
də bu silsilənin əsas üstün cəhəti elə
güzgü olmasındadı. Kimsə
qonşusunu, kimsə televizorundan gördüklərini, kimsə
qohumunu, kimsə dostunu, amma çoxları özünü
görəcək bu əsərdə.
Efirdən, mətbuatdan şit təriflərin,
bayağı məclis sağlıqları üslubunda
yazıların çəkilmədiyi, təvazökarlığın,
nəcibliyin sürətlə sıradan
çıxdığı bir zamanda, kəmsavadların
özünü intellektual kimi qələmə verdiyi dövrdə
Anarın bu cildə daxil etdiyi “Molla Nəsrəddin yüz on
il sonra” silsiləsi həqiqətən də güzgü
effekti verir.
“Heç məni demirsən” deyə-deyə bir-birinin
sözünü kəsən “dahilər”, “mən mənəm”,
“mənəm mənəm” deyən, amma Borxesi Markesin əsəri
sayan gənc “intellektuallar”, düşməninə yox,
özündən əvvəlki nəslə qalib gəlmək,
onları yendirmək istəyən əlli yaşında
cavanlar, “Sarı gəlin” restoranında milli dolma yeyib
qarnını doyduran, rahatlıq tapan millət “fədailəri”...
kimlər, kimlər, kimlər, şeirdə deyildiyi kimi “o
yanlar, bu yanlar” hamısı “Molla Nəsrəddin yüz on il
sonra” silsiləsinin qəhrəmanlarıdır. Bu silsiləyə daxil olan əsərlərin,
yazıların bəzilərində müəllifin
cavabları da yer alıb. Belə ki, uzun illər Anara aid
şər, böhtan xarakterli, qərəzli yazıların,
absurd fikirlərin cavabını müəllif həm də bu
yolla verir. Ona daş atanlara “Daşlama” adlı şeiri ilə
ironiya edir, yaxud da Az.Yaz.Poz cəmiyyətinə dəvət
edib danışdırır... Elə ən
böyük problem də bu zaman, belələri
danışanda ortaya çıxır. Uzun
illər orda-burda rastlaşdığı boşboğazlar,
yalançılarla söhbətləri isə
yazıçının “Burda-Orda-Burda” telepyesində yer
alıb.
Ümumiyyətlə, Anar onu rahat buraxmayan, yumorla
yanaşmağa sövq eləyən bir çox məsələləri
həm “Molla Nəsrəddin” silsiləsində, həm də bəzi
şeirlərində janrın tələblərinə
uyğun şəkildə ifadə edib.
lll
Cildin yekununda yer alan, son illərdə yazılmış şeirlər ayrı-ayrı mövzularda olsa da, müxtəlif ovqatları ifadə etsə də, bir növ elə burdakı digər əsərlərin poetik davamı təsiri bağışlayır:
Ömür keçdi, gün keçdi,
Sevgisiz ömür heçdi,
Sevmək də daha gecdi,
Neçin belə gec gəldin?!
“Sevdalı buludun dörd fəsli” başlığı altında yayımlanan, Nazım Hikmətə həsr olunan “Qış şeiri”ndən gətirdiyim bu bənd rus yazıçısı Buninin dilindən həyatının ikinci yarısında, son aşamasında rast gəldiyi, vurulduğu Baninə ünvanlana bilər. Bu məntiqlə, bu yanaşma ilə cilddə yer alan şeirləri də kitabın ümumi ideyası baxımından təhlil etmək olar. Lakin burada əsas nəzərə çarpan yazıçının özünün ovqatı, özünün hüznü, pessimistliyi, dünyadan, həyatın faniliyindən şikayətidir. “Qayğısız, ümidlərsiz, dopdolu çağ”ı, uşaqlığını arzulayan da, “Bu şəhər mənim şəhərim deyil” deyib özünü doğma şəhərində yad hiss edən də, “yaşamaq zamanı bitmiş qurtarmış” deyə ömrünü yazmaqla keçirmək istəyən də, “Vaqulya, orda nə var?” soruşub dünyasını dəyişən dostuyla dərdləşən də, “Son durağa bir az var” söyləyib ümidlərini itirməyən də yazıçı özüdür.
Şeirlərdən gətirdiyim bu ayrı-ayrı misralar, müxtəlif ovqatları ifadə edən poetik fikirlər o qədər təbiidir ki... Dopdolu həyat yaşamış, yaşadıqca yazmış, yazdıqca yenə yazmış insanın gəldiyi sadə nəticələrdir.
Lakin elə bu, Seçilmiş əsərlərinin onuncu cildinə daxil olan əsərləriylə Anar bütün bu təzadlı ovqatların, fərqli düşüncələrin yer aldığı, eyni zamanda, bunların fövqündə duran sənətiylə sizlərin - oxucularının önündədir.
525-ci qəzet 2017.- 12 avqust.-
S.14-15.