Mehmet Nuri Parmaksızdan
3 esse
DAMLADAN DƏRYAYA YALVARIŞ
Sevirəm yaradılmış olan hər şeyi,
başda özümü və sonra cümlə məxluqatı.
Damla olmaq eşq dəryasına çata bilmək
üçün Yaradanın bizə lütf etdiyi bir tale.
Damla olduğunu bilən fani qul ancaq və ancaq sevgililər
sevgilisi, hər şeyin sahibi olan üçün darıxar.
Bəşərik axı; çaşsaq da bəzən,
amma əsl olanı unutmarıq ki? Lakin bəzilərimiz
həm damla, həm də şərəfi-məxluqat
olduğumuzdan xəbərsizik. Fitrətimizdə
var sevgi; könlümüzü var edən deyilmi eşq?
O zaman
sevməmək və aşiq olmamaq bizim əlimizdəmi? Yaradılmış olanı sevib ondan əsl sevgiliyə
çatmaq deyilmi eşq? Sevda nərdivanının
son addımı deyilmi vüsal?
Sevirəm yaradılmış olan hər şeyi,
başda özümü və sonra cümlə məxluqatı. Rəbbim
yaratdı deyə, o gözəlliklərə gözəllik
qatdı deyə sevirəm və qəbul edirəm canlı və
cansız bütün kainatı.
Damlayam mən də hər kəs kimi və
darıxıram dəryam üçün; məni var edən
məni əbədi eşqə çatdıracaq olan Mövla
üçün.
Çiçəklərdə
rayihəni; meyvələrdə özəyi; qəlblərdə
eşqi; könüllərdə atəşi var edən! Duy səsimi,
qəbul et sənə niyazımı və
nəfəsimi?
Bir damla
olaraq razılığını diləyirəm səndən,
al məni də dəryana, şad et məni
lütfünlə; buyruqçun eylə məni sonsuzluqda; sənə,
yalnız sənə yalvarıram yana-yana.
Dalğalara
aşiqəm, sahillərə... Eşqinlə gəzərkən
gördüyüm hər şeyə... Nə
böyüksən ki, Rəbbim; bildirdin özünü mənə,
bəndə oldum mən sənin yoluna.
Sənə çatmaq var ha ölümlə; səni
görə bilmək ümidim var ha içimdə; iman etdim ha
mən sənə. Bunlardan daha gözəl nə ola bilər
ki, mənə?
Damlanam mən sənin; səndən qopan damlan. Sənə
qovuşacağım məhşər adlı o günü
gözləyirəm şükürlə, imanla. Yalvarışım da sənə, səcdələrim
də sənə. Dualar yol olur bilirəm sənin
sevda məqamına.
Bağışlamağınla böyüksən Rəbbim;
lütfünlə ucasan. Qul olaraq qulluqda, dünya deyilən yoxluqda
səhv yola da düşdüyüm oldu mənim. Bağışlayan sənsən; mən sənin
yaratdığın aciz bir qulam ancaq.
Səndən tək diləyim imanla qapına gəlmək
və rizandır; bu aciz quluna güc ver, yol göstər və
izninlə sonsuzluğu qazandır.
Rəhməti bol böyük Rəbbim; səndən bir
istəyim də var. Sən demirsənmi istəyin, qullarım,
məndən?
Ruh yoldaşımı diləyirəm lütf xəzinəndən. Ona
çatmağı, onunla həm dünyada, həm də axirətdə
sonsuzluğu yaşamağı diləyirəm səndən.
Onunla tam olmaq istəyir qəlbim, ömrüm,
ruhum. Eşqlə sənə səcdə
etməyin hüzurunu mənə yaşatmanı diləyirəm
səndən.
Eşqinlə varam; yolunda yoxluğuna da aşiqəm,
Xuda.
Varlıq sən demək; yoxluq sən demək. Dəryanda bir
damlayam, lakin həyat deyilən sürgün məkanında
ruh yoldaşımla birlikdə eşq dəryana
qarışmağı istəyirəm mən. Şükrüm də, səbrim də sənə.
İmtahanımızı çətinləşdirmə,
Xuda; günahkarıq deyə bizi unutma, rəhmin gəlsin
qullarına.
Şükürlər olsun ki, eşqim sonsuz sənə;
şükürlər olsun ki, sahibimizsən bizim. Ömrümü,
üqbamı ruh yoldaşımla bir eylə, Mövlam, məni
bir nəfəs belə onsuz buraxma.
Eşq dəzgahında
işlə günlərcə toxu məni,
İlmək-ilmək
motiflə sonra da oxu məni...
EŞQİN QİYAMƏTİNİ
YAŞAMAQ
Eşqin qiyamətini yaşamaq, ölməkmiş bir
daha ölməmək üçün.
Gözlərin alovu, könlün yanardağı,
ağlın dəliliyi yaşadığı dəmdəyəm. Mən indi hər
ürəyin yaşamaq istəsə də, qorxduğu
eşqin qiyamətindəyəm.
Duyuram səsinizi, necə olur deyirsiniz? Bilirəm
yaşadığım halın halını və qəlbimdə
açan hilala həsəd aparırsınız.
Hər kəsə nəsib olmayacaq bir eşqin yelləncəyində
yellənir ruhum indi. Vaxtlardan dünyanın bütün
ömrünə bərabər bir əsr vaxtı. Saatlardakı yelqovan əqrəbin yerinə, hicran və
vüsal keçmiş saniyələri, əsr olaraq
yaşayıram indi.
Dağları dümdüz edən eşq, günəşin
yerinə doğarsa könlünüzdə və bütün
çiçəklər rayihələrində yarı
saxladıqlarını faş etsələr; dəryalar həsrətinin
qarşısında diz çöksə əgər bilin ki,
eşqin qiyaməti qopmuş deməkdir ruhunuzda.
Yaşadığım
halı izah etməyə qadir deyiləm ki...
Şimşəklər
çaxır desəm əllərimdə; qasırğalar və
tufanlar xortumlarıyla ürəyimi içinə çəkir
desəm... Ruhum bədənimdən ayrılmış və
sükutun dəli qışqırıqları mütəmadi
olaraq qulaqlarımda cingildəyir desəm; zəlzələlərin
ən şiddətlisinin episentri ürəyimdən keçir
desəm, ucsuz-bucaqsız fəzadakı ulduzların budaqlardan
düşən meyvələr kimi tək-tək önümə
töküldüyünü söyləsəm...
Məhşəri
bir izdihamda yalnızlığımdan bəhs etsəm, görəsən,
nə qədərini izah etmiş ola bilərəm
ki?
Sonsuz bir dəryanın sahilindəyəm indi, hər
dalğanın məndə yar oldu adı. Yarlardan
düşüb yarın qucağına şükr edirəm həmdi-sənalarla
Mövlaya.
Qıldığım namazların adı eşqə
şükür, dualarım qanad olub uçurdur məni səmaya. Yerlə
göy birləşir könlümdə və buludlar əllərimə
qonur duayla.
Mən eşqin sirli halını yaşayıram, damlanı
abı həyatla qarışdırıb susuzluğumun
adını yar qoyuram və gülüşlərin ən
gözəlini, təbəssümlər şahını
açıram yarın üzündə.
Röya deyil yaşadığım,
xülyalarımın təxəyyülündən gerçəyə
qaçıram mən. Eşitdiyim azanlar eşqin azanları, sərməstliyim
şükrün sərxoşluğu, cənnətlərin ən
gözəliylə müjdələnmiş ömrümün
sonsuzluğunu yaşayıram indi.
Hansı ki, anlatdıqca tilsimi pozulacaq zənn edərsiniz
ha, bax elə bir hal mənimki. Susmaq istədikcə dəli
olur içim danışmağa, əl dəyməmiş
sahillərdə gəzişir xəyallarım, qəlbim
yarın ovuclarında atır, ruhum səadət beşiyində
yellənir, xoşbəxtliklər qundaqladıqca məni,
içim yara dəli olur.
Könlümlə eşqin çölündə yar
üçün çiçək-çiçək gəzən
arıya döndüm mən. Bilinməyən
diyarların gülşənində izahsız gözəllikləri
seyr edirəm və balımı hazırlamağın xoşbəxtliyi
ilə eşqin yuvasına eşq daşıyıram mən.
Ömrümün və uqbamın sultanını tapmaqla
şən qəlbim. Təkliyi öldürmüş olmaqla
şadam, şükrün zirvəsinə sancdığım
eşq bayrağı təvəkkülün küləyi ilə
dalğalanır. Səbrin can verməyinə şahid
olur və sonsuzluğa yelkən açıram yarla.
Eşqin qiyamətini yaşamaq ölməkmiş bir daha
ölməmək üçün. Diriliş eşqlə
varmış, xar zənn edilən həsrətin
ağladığı tək diyarsa eşqin qiyamətini
yaşayanlara əbədi vüsalmış.
Röyamdakı
övliya təsəvvüf bir “yol” dedi,
Eşq
ucsuz-bucaqsızdır,
sən
həsrətlə “dol” dedi.
Gecəyə
məğlub olan ürəyim yanğın yeri
Yanmaq
şükürdür anla, yavaş-yavaş “ol” dedi.
SÜRGÜNDƏ SÜRGÜN
VERMƏK
Bir gün ölüm belə fani olduğunu hayqıracaq
bizə.
Atəşi söndürmək kimidir ayrılıq, sərinliyi
arzulamaqla eynidir vüsal. Həqiqəti bilsək də, lakin xəyallarla
ürəyimizi aldadırıq.
Hər nəfəsdə
yuxunun içindəki yuxuda yaşayarıq, ölümün
içindəki ölümə qaçarıq... Günlər elə belə də keçir. Tək gerçək var həyatda, ömür
ölümə qaçır. Əsən
küləyi duyuram bəzən ruhumun saçlarını
oxşayır.
Əslində, bir heçik və heç olduğumuzun
fərqinə varmırıq heç. Əsl azadlıq, əbədi
bağlana bildiyimizdə əriyə bilməkdə; əsl
xoşbəxtlik, eşq vadisindəki şükür və
vüsal çiçəklərini qoxlaya bilməkdədir.
Həyat əllərimizdən axan bir ulduz; ömür,
ulduzumuzu tapmağa dair etdiyimiz dua; ölüm, vüsalla
bağladığımız nigah və xoşbəxtlik
sonsuzluq inancı aldığımız nəfəsdir. Mütləq olan bu: Bir
gün ölüm belə fani olduğunu qışqıracaq
bizə.
Gözlərim bir liman, gəmisini gözləməkdə. Hər nəfəsdə
həsrətə həsrət əlavə etməkdə.
Günlər coşmuş bir dalğa kimi
sahilimi döyəcləməkdə, lakin içimdəki məhşər
şövqü həmişə təptəzə durur.
Çox şükür saatım vüsala
quruldu; dualarım kompas; şükrüm külək olub
xoşbəxtliyə və sonsuzluğa üz tutmaqdadır.
Həyatın bir tərəfi ölüm, digər tərəfi sonsuzluq. Sonsuzluğa ölür içim...
Öyrəndim, sükut edə bilmək ölümün yarısıymış, digər yarısı da həsrətlə yaşamaq məcburiyyətində qalmaqmış. Elə buna görə məhzunluğum məsumiyətim şeiri, sevdam sonsuzluğu çağıran duadır.
Anladım ən sonunda; ümid, bir ağacmış kölgəsində dincəldiyimiz. Üzərinə qonan quşlarmış rəngarəng və saysız xəyallarımız. Bundan ötrü xəyallarım buludlara bənzər mənim; şəkli və sərhədi yoxdur onların, bəzən ağlar, bəzənsə coşarlar.
Özləmək, atəşin içindəki atəşə kəmənd atmaqmış həsrətlə. Gözləmək, duanın gücünə inanıb təvəkkülə sarılmaqmış ümidlə, çünki ümid günəşin doğuşu və o hər mövsüm yaşıl qala bilən həm də heç yarpaq tökməyən duadır.
Gözləmək çətindir, lakin insan həmişə gözlənilən olmaq istər. Həyat bəzən bir döngənin kənarına gəldiyimiz bir yerdir; o nöqtədən irəlimi, gerimi gedəcəyimiz hər zaman bizim əlimizdə deyildir.
Ən gözəli hər şeyin ən yaxşısını istəməkdir Mövladan, çünki şükür edə bilmək və çox şükür deyə bilmək lütflərin ən gözəlidir məhşər könüllü aşiqlərə.
Bilirəm, hər kəsin gizli bir ağacı, hər kəsin işıqsız bir tərəfi vardır. Ona görə ürəyimin budaqlarını sükutla budadım mən və hər budağımdan yeni bir ağac çıxdı.
Anladım ki, eşq, sürgündə yeni pöhrələr verə bilirsə, eşqmiş. Anladım ki, təklik, ürəyimizin və ruhumuzun sahibini tapana qədərmiş.
Dünyadaykən yadıma sonsuz bir həsrət düşdü,
Yarımla keçən hər an məhşərinə bir düşdü.
525-ci qəzet 2017.- 12 avqust.- S.17.