Muğamla tanınan, muğamı tanıdan dahimiz

 

BÖYÜK XANƏNDƏLƏR SİLSİLƏSİNDƏKİ ALİM QASIMOV UCALIĞI

 

Şahanə MÜŞFİQ

 

 

Bir neçə ay öncə dünyanın ondan çox müxtəlif ölkəsindən layihə çərçivəsində Azərbaycana gənc yazarlar təşrif buyurmuşdular.

 

Adətən, başqa ölkədən gələn qonağın sənin vətənin, mədəniyyətin haqqında hansı dərəcədə bilik sahibi olması maraqlı gəlir. Xorvatiyalı qonaqla söhbət əsnasında soruşdum ki, Azərbaycan haqqında indiyədək bilirdiniz, şairlərimizdən, müğənnilərimizdən kimləri tanıyırdınız? Mənə ilk cavabı bu oldu: "Muqam!.."

 

Çox sevindim, içimi qəribə, sözlə ifadə edə bilməyəcəyim fərəh hissi bürüdü:

 

- , muğam bizim milli musiqimizdir. Dinləyirsiz muğamı?

 

- Dinləmişəm, maraqlı musiqidir muğam... Azərbaycana gəlməmişdən qabaq da bir az araşdırdım, yenə dinlədim.

 

- Kimi dinlədiyini xatırlayırsan?

 

Bir az düşünməli olur, anlayıram, axı, bizim adlar onlar üçün yaddır, tanış olmayan adı da yadda saxlamaq hərdən ən çətin olur. Özümdən bilirəm.

 

- Kasimov...

 

- Alim Qasımov?

 

Təsdiq cavabı alacağımı bilirdim!.. Axı, geniş dünya arenasında, beynəlxalq səhnədə Azərbaycan musiqisini, muğamını ən yüksək səviyyədə layiqincə təbliğ edən sənətkardır Alim Qasımov.

 

Bu gün bu dialoqu xatırlamağım heç əbəs deyil.

 

14 avqust dünya tarixində bir sıra əlamətdar hadisələrlə yadda qalıb. Onlardan ən əsası 1914-cü ildə bəşərin ən böyük ilk savaşının - Birinci Dünya Müharibəsinin başlanmasıdır. Nədir müharibə?

 

Müharibə insanlığın göz görə-görə yox edilməsi, mədəniyyətin, incəsənətin məhvi, bəşərin ən böyük bəlasıdır. Birinci Dünya Savaşı da dörd illik bir zaman ərzində bəşəriyyətə, insanlığa çox böyük bəlalar yaşatmışdı.

 

Ancaq 14 avqust tarixi müxtəlif əsrlərdə, müxtəlif illərdə fəaliyyətləri ilə dünyaya, insanlığa faydalı olan şəxslərin doğum günü kimi tarixə yazılıb. Onlar öz yaradıcı qüvvələri ilə müharibələrə meydan oxumağı, onun dağıdıb məhv etdiklərini yenidən yaratmağı bacarıblar. Məsələn, rus yazıçı, filoloq Nikolay Qreç, kanadalı yazıçı Ernest Seton-Tompson, ingilis nasir, dramaturq, publisist şair, 1932-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Con Qolsuorsi, rus rəssam Mstislav Dobujinski, rus yazıçı Vladimir Baxmetyev, kanadalı fizik, kimyaçı Artur Ceffri Dempster, estrada müğənnisi Tamara Sereteli başqaları məhz 14 avqustda dünyaya göz açıblar.

 

14 avqust həm Azərbaycan musiqi sənətinin tarixində əlamətdar günlərdən biridir. Çünki dünyaca məşhur muğam ustası, xanəndə, Xalq artisti Alim Qasımov 1957-ci ilin bu günü doğulub. Alim Qasımovun heç bir azərbaycanlı üçün təqdimata ehtiyacı olmadığını düşünsək , yazımızı hərtərəfli əhatə etmək üçün əvvəldə onun haqqında kiçik arayış verməyi borc bildik: Alim Qasımov 1957-ci ilin 14 avqustunda Qobustan rayonunun Nabur kəndində anadan olub. 1978-1982-ci illərdə Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində 1983-1989-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1979-cu ildə Azərbaycan Televiziyası ilə ilk çıxışı olub. 1982-ci ildə birinci Respublika Muğam Müsabiqəsinin qalibi seçilib. 1983-cü ildə Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumunda fərqlənib.

 

1988-ci ildə ABŞ Milli Folklor Festivalında xüsusi Diploma layiq görülüb. 1988-də Azərbaycanın Əməkdar artisti adını alıb. 1989-cu ildə Almaniyanın Bonn şəhərində musiqi medalıyla təltif olunub. 1989-cu ildə Moskva, Paris, Mone, Köln, Bohum, Qərbi Berlin, Frayburq, Bazel, Cenevrə, Liej, Amsterdamda konsertlər verib festivallarda iştirak edib. 1991-ci ildən Paris şəhər Bələdiyyə teatrı - "DE-LE-vill"in üzvüdür. 1993-cü ildə Azərbaycanın Xalq artisti adına layiq görülüb. 1993-cü ildə Fransada musiqi medalıyla təltif edilib. 1994-cü ildə Hyustonda musiqi medalı alıb. 1997-ci ildə "Humay" mükafatına layiq görülüb. 1999-cu ildə İMC UNESCO Beynəlxalq Musiqi Mükafatını alıb, Almaniyada musiqi medalına layiq görülüb. 2000-ci ildə "Love's deep ocean" diski "Avropa Dünya Musiqi xəritəsi"ndə 9-cu yeri tutub. 47 Avropa ölkəsinin radiolarında səslənib. "Almaniya Fonoqrafik tənqidçiləri"nin diplomuna layiq görülüb həmin şuranın fəxri üzvü seçilib. 2000-ci ildə Avropa Nadir Səslər assambleyasının üzvü seçilib. 2003-cü ildə yenidən YUNESKO mükafatı alıb. Hazırda Asəf Zeynallı adına Musiqi Məktəbində Bakı Musiqi Akadamiyasında çalışır. Azərbaycan Dövlət Opera Balet Teatrının solistidir. 2009-cu ildə Alim Qasımov ABŞ-ın Corctaun Universiteti mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub. 2012-ci il mayın 26-da Bakıda keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.

 

10 may 2014-cü ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub. Beləcə, müxtəlif illər, fərqli mükafatlar, parlaq sənət uğurları...

 

Bu il Alim müəllimin 60 illik yubileyi olduğunu biləndə onu təbrik üçün haqqında yazı hazırlamaq qərarına gəldik. Yazıya başlamazdan öncə sayını itirdiyim qədər dinlədiyim Alim Qasımovun səsinə bir daha qulaq asmaq istədim. Artıq bu dəfə keçirdiyim hisslərə kağız qələm şahidlik etməli idi.

 

Muğam Azərbaycan incəsənətinin ən qədim şifahi ənənələrinə söykənən musiqi janrlarından biridir. Bu sənət yalnız Azərbaycanın deyil, bütün Şərq ölkələrinin mədəniyyətində dərin tarixi köklərə malikdir.

 

Muğam - Azərbaycanın ənənəvi musiqisinin ən iri janrının ümumi adıdır, muğam formalarının bütün növlərinə şamil olunur, hərçənd onların hər birinin öz ayrıca adı mövcuddur. Bu janrı təmsil edən başlıca musiqi formaları - dəstgah (vokal-instrumental ya sırf instrumental növlər), muğam (vokal-instrumental, solo-instrumental solo-vokal növləri) zərbi-muğamdır. Burada əsas cəhətlərdən biri budur ki, Alim Qasımov, böyük ya kiçik muğam demədən, bütün muğamlarımızı son dərəcə böyük ustalıqla, məharətlə səsləndirib, tarixə keçən ifalar lentə aldırıb.

 

Muğamın poetizmini Alim Qasımovun öz sözləri ilə ifadə etsək, daha doğru olar, məncə: "Hətta körpə uşağı muğamla yatırtmaq olar. Muğam mənəvi qidadır, mənəvi qidanın da sərhəddi, yaşı yoxdur".

 

Sevindirici haldır ki, son zamanlar qədim köklərə malik bu sənətə gənclərimiz tərəfindən maraq getdikcə artmaqdadır. Keçirilən beynəlxalq Muğam festivalları, Muğam müsabiqələri və gənclərimizin bu müsabiqələrə marağı buna əsas sübutdur.

 

Bu gün çox musiqi biliciləri etiraf edirlər ki, muğam yalnız musiqi janrı deyil, İlahi nəfəs, İlahi səsdir. Elə nadir xanəndələr var ki, onların yalnız hansısa muğam üzərində qəzəl oxuduqlarını deyil, Tanrıyla söhbət etdiklərini, dua zikr etdiklərini düşünür, bunu beləcə hiss edirik.

 

Cəsarətlə deyə bilərik ki, indi Alim Qasımov onların ən birincisidir. Muğam sənətinə ilk dəfə olaraq yerdən bardaş qurub oxumağı gətirən xanəndənin yeniliyi bununla məhdudlaşmır.

 

Baxmayaraq ki, bunun özü özlüyündə çox çətin bir nüansdır. Yerdən oturaraq muğam dəstgahı ifa etmək hər kəsin öhdəsindən gələ biləcəyi bir deyil. Alim müəllimi isə biz gözümüzü açıb bu cür ifa edən görmüşük. Xanəndə özü bu barədə mətbuata müsahibəsində belə deyib: "Bir dəfə Belçikada konsertimiz var idi. Konsertdən əvvəl məşq edərkən gördük ki, səhnə hələ tam qurulmayıb, stullar belə yoxdur. Buna çox əsəbiləşdim. Lakin əhəmiyyət verməyərək yerdəcə bardaş qurub məşqimizə başladıq. İfa edəndə gördüm ki, belə daha rahatdır. İfaçılarımdan soruşdum, belə çalıb-oxuya bilərikmi? Hamının xoşuna gəlmişdi, dedilər, belə daha gözəldi. Baxdım ki, bu cür düzülmək səhnəyə də qədimilik çaları verir. Hətta sonradan stulları səhnəyə gətirəndə onları geri qaytardım və konserti bu cür təşkil etdik. O vaxtdan səhnədə bardaş qurub ifalarımızı yerinə yetiririk. Bəzən olur ki, hansısa muğamın zil yerində musiqiyə qapılıb kəskin hərəkətlər edirik. Belə anlarda stulda əyləşmək narahatlıq yaradır. Yerdə bardaş qurmaq bu baxımdan çox rahatdır. Uşaqlıqda biz yerdə bardaş qurub süfrə açardıq. O zaman kasıbçılıq idi, stul nə gəzirdi. İndi çıxmışıq stula".

 

(Ardı var)

525-ci qəzet  2017.- 15 avqust.- S.4.