Muğamla tanınan, muğamı
tanıdan dahimiz
BÖYÜK
XANƏNDƏLƏR SİLSİLƏSİNDƏKİ
ALİM QASIMOV UCALIĞI
Şahanə MÜŞFİQ
(Əvvəli ötən sayımızda)
... Bu cümlələri
yaza-yaza fonda
yenə Alim Qasımova qulaq asıram...
İfadakı, səsdəki ecazkarlıq
əlimdən bərk-bərk
yapışıb məni
uzaqlara, lap uzaqlara aparır. O uzaqlarda səma yerə daha yaxındır, ulduzlar bir nur
kimi barmaqlarımın
arasından süzülür,
dağlar buludlardan özünə don biçib,
hardasa-uzaqların da uzağında azan oxunur və bu mənzərəni
bir yerlərdən seyr edən Tanrı sevinclə gülümsəyir. İçimdə əlimdən yapışan
o səsi görmək
arzusu baş qaldırır. Gözümü
açıram, qarşımdakı
ekrandan Alim Qasımov alqış sədaları altında ehtiramla tamaşaçılara
baş əyir... Ovcumun içində isə hələ də o səsin istisi xumarlanır...
Əgər desəm ki, onun ifası haqqında bunları düşünürəm, bu
söz heç də yerinə düşməz. Çünki Alim Qasımov oxuyarkən necə maddi aləmdən qopur, şüurla əlaqələrini kəsib,
hissi aləmə qapılırsa, muğamı
və onu duymağı bacaran dinləyici də həmin an düşünmək
qabiliyyətini bir növ itirib, hiss etməyə başlayır.
Ona görə də cümləni bu cür davam
etsəm, daha uyğun olar, məncə: Alim Qasımov oxuyanda hiss edirəm ki, o, harada olduğunu, nə etdiyini, hətta bir az da irəli getsək, kim olduğunu belə unudur. Əslində, onun xanəndə
olduğu, muğam ifa etdiyi aydın
məsələdir. Ancaq məncə,
o, muğamı təkcə
oxumur, həm də bayaq da
dediyim kimi, dua kimi zikr
edir. Elə müsahibələrinin birində
xanəndə özü
də bu məqama toxunur: "Oxuyanda bu aləmdən
başqa aləmə adlayıram, ora tamam başqa aləmdi, ayrı eşq gəlir adama, bunu izah
eləyə bilmirəm...
Nəsə, bir qüvvə
var ki, məni
oxudur, ancaq bilmirəm o nədir, kimdir. Oxuyanda yavaş-yavaş, qat-qat
harasa gedirəm,
bu halım məni çox uzaqlara aparır. Mən də o aləmə isinişirəm, hiss edirəm
ki, mən o aləmdə lazımam.
Qəzəli deyə-deyə
əhvalım, məkanım
dəyişir və eşq də o zaman yaranır...
Ağlaya-ağlaya oxuyan günlərim
çox olub. Mən o məqamdan zövq alıram. Bu elə həmin "o hal"dır. Ətrafı unudandan sonra, olursan bir sən,
bir də ki... bunu sözlə
ifadə etmək çox çətindir.
Bu, tamam başqa,
gözəl bir aləmdir".
Bunun özü
də bir divanəlik, dərvişlik
deyilmi?! Necə ki, Qeys Leylinin sevgisi ilə çöllərə
düşüb Məcnun
oldu, Alim Qasımov da musiqi eşqi ilə İlahilik tapmağı bacardı.
Bəs dərviş
kimdir? Dərviş səyahət edən,
fiziki dünyadan əl çəkərək,
mənəvi dünyada
yaşayan, sufiliyi təbliğ edən dindar insandır. Dərvişlər hər zaman
özlərini Allah-təala,
peyğəmbər və
əhli-beytin mədhiyyəçiləri
sayıblar. "Dərviş öz evini çiynində gəzdirər" deyimi onların laməkan olmasına işarədir.
Araşdırmalar göstərir ki,
dərvişlik orta əsrlərdə yayılmağa
başlayıb. Diyarbadiyar gəzən
dərvişlər, əsasən,
Allahın şəninə,
peyğəmbərimiz və
onun əhli-beytinin şərəfinə qəzəllər
oxuyub, müqəddəsləri
təbliğ edən mərsiyələr deyərmişlər.
Alim müəllimin
ifasındakı dərvişanəliyi
çoxları sezib. Bu fikir dəfələrlə səslənib
və sənətkar özü mediaya bir müsahibəsində buna belə münasibət bildirib:
"Dərvişə bənzədilmənin
elmi yolunu bilmirəm. Amma mənə elə
gəlir ki, müəyyən vaxtlarda,
məsələn, məşq
zamanı, yaxşı
əhval-ruhiyyənin bol
olduğu zamanlarda biz
o dərvişvari halı
yaşayırıq. Tutalım, görürəm
ki, artıq başqa aləmdəyəm.
Bir çoxları içki ilə, başqa vasitələrlə həmin
aləmə düşə
bilirlər. Mən isə
içkisiz belə, onlardan daha yaxşı
kefim saz, öz aləmimdə oluram. Bilirsiniz, incəsənətin incəliyi ondadır ki, gərək gecə-gündüz onun nazını çəkəsən,
o deyənlə oturub-durasan.
Həmin
aləmin sehrinə düşəndə insan
bir az
da mülayimləşir.
İnsanları çox rahat
qəbul etmək olur. Daxildə baş qaldıran
əsəb yox olur. Təəssüflər olsun ki, biz bu halı hər
gün mütaliə edib özümüzdə
saxlaya bilmirik. Belə məclislər ayda bir dəfə ələ düşür.
Mənə elə gəlir
ki, bu hallar
qrup şəklində
də əmələ
gəlir. Eyni zamanda,
mənə qulaq asanların içində
də bu halın ağuşuna düşənlər olur".
Başqa
bir müsahibəsində
isə Alim müəllim musiqinin həyatındakı rolundan,
önəmindən elə
böyük sevgiylə,
şövqlə danışır
ki, bir neçə
cümləyə sığışan
bu hisslərə heyrət etməmək olmur: "Musiqi həm tərbiyəm, həm xalq arasında
hörmətim, musiqi mənim sənətim, mənim ikinci ürəyimdir. Bir ürək mənim
bədənimi işlədir,
bir ürək də mənim bütün həyatımı
əhatə edir.
O da musiqidir.
Bunu mənə
kimsə deməyib. Bu, Allahın məni yönəltdiyi bir yoldur.
Muğam sonsuzdur. Muğam sonu, bucağı
görünməyən bir
okeandır. Baxır
kim nə
qədər bu musiqi okeanında üzür, kim nə qədər dərinə gedir? Səhərdən axşama qədər,
axşamdan səhərə
qədər bütün
vaxtını alır.
Çünki bu, yaradıcılıq
işidir. Musiqi həm
mənim işimdir, həm hobbimdir, hər şeyimdir. Nə istəsən, musiqidə var".
Alim Qasımov
nadir azərbaycanlılardandır ki, onun haqqında
məlumat toplamaq üçün internetdə
axtarış verəndə
onunla bağlı yazılara, məlumatlara yalnız Azərbaycanın
informasiya portallarında
deyil, həm də dünya saytlarında rast gəlinir. Sənin ölkənin nümayəndəsi,
hələ də mədəniyyət nümayəndəsi
haqqında türkcə,
rusca, ingiliscə və başqa dünya dillərində xəbərlər oxumaq, xoş sözlərlə qarşılaşmaq sadəcə
qürur verə bilər. Məsələn,
muğamlarımızın orijinal ifaçısı
haqqında Londonun
"Tayms" qəzetinin
yazdığı kimi:
"Qasımovun ecazkar
səsi zildə səslənirdi. Virtuoz ifa texnikası
və gəzişmələr
dinləyicini valeh edirdi. Musiqi sədaları pərdə-pərdə
qalxıb-endikcə, xanəndə
də dərin və təsirli emosional rezonansı gücləndirərək dil
sərhədlərini aşırdı,
halbuki, o, Azərbaycan
dilində oxuyurdu..."Ya da dünyaca
məşhur müğənni
Sami Yusufun dediyi kimi: "Alim Qasımov bütün dünyanın mədəni
irsidir". Yaponiyada isə Alim müəllimin ifasından
heyrətə düşən
dinləyicilər onun
haqqında "elə
bil cənnətdən
gəlib" demişdilər.
Mərhum həmkarımız, Əməkdar jurnalist Mirvari Rəhimzadə illər öncə Alim Qasımova həsr etdiyi "Muğam sultanı" yazısında xanəndənin səsindəki sehri, ifasındakı ilahiliyi, onun muğam sənətinin dünyaya tanıtmasını bu sözlərlə əxz edir: "Alim Qasımovdan əvvəl də muğam ifaçıları Avropada konsertlər verib. Onlar dinlənilib, alqışlanıb, qrammofona yazılıb...Lakin Alim Qasımov muğamı Avropaya əsrarəngiz Şərq ekzotikası kimi təqdim edib. Bu ekzotik gözəlliyin cilvələrini duyduqca, heyrətamiz səsin əlvan sehrinə düşdükcə, qoca Şərqin nəfəsini, havasını udurmuş kimi avropalılar sanki muğamatın səcdəsinə düşüblər. Fransanın minlərlə tamaşaçı tutan konsert salonlarında istedadlı Azərbaycan xanəndəsi özünəməxsus, orijinal tərzdə bir muğam aurası yarada bilib. Şərq klassiklərini - Nizamini, Nəsimini, Füzulini, Xaqanini, Seyid Əzimi, Vahidi tərcümansız-filansız musiqinin dili ilə qərblilərə sevdirən xanəndəyə bənzərsiz bir muğam ifaçısı kimi bağlanıblar. Onu az qala Şərqin əbədi məhəbbət dastanının qəhrəmanı olan Məcnun kimi sevirlər. Gözəl sənətçimiz isə cünuni atəşlə muğam və təsniflərimizi, xalq və bəstəçi mahnılarımızı çox orijinal tərzdə dünyaya yaymaqdadır.
Ən maraqlısı isə budur ki, vaxtı ilə müsəlman Şərqinin yeni musiqisinin banisi dahi Üzeyir bəy Hacıbəyli ölməz musiqi əsərləri ilə Avropanı Azərbaycana tanıtmışdı. Bundan 100 il sonra Alim Qasımov möhtəşəm və orijinal ifası ilə Azərbaycan muğamlarını Avropaya - Qərb dünyasına tanıtmaqdadır.
Əsrimizin muğam sultanı hesab edilən Alim Qasımov sanki bu gün Şərqdən Qərbə doğru qədim İpək yolunda ahəstə gedən karvanın saribanı kimi muğam kəhkəşanımızın zəngin incilərini dünyaya nümayiş etdirməkdədir. Alimin ifasını dərk etmək üçün muğamatın alimi olmaq gərəyi yoxdur. Alimin muğamatını dərk etmək gərəyi var. Deyirlər ki, qəlbləri riqqətə gətirən gözəl musiqinin sərhədi, tərcümanı olmur. O, qulağa deyil, məhz qəlbə, ruh dünyasına süzülür".
Mirvari xanımın bu sözlərində böyük həqiqət var. Bəli, musiqinin dili yoxdur, musiqi hər dildə eyni hisslərin, eyni duyğuların daşıyıcısıdır. Azərbaycan dilini bilməyən, Nizami, Füzuli, Vahid qəzəllərindən xəbərsiz olan bir avropalı da Alim müəllimin muğam ifasını ən az bizim qədər sevgi ilə dinləyə bilər, daha doğrusu, dinləyir. Dinləyənin deyil, ifaçının nə ifa etdiyini bilməsi və hiss etməsi vacib amildir. İfaçı özü oxuduğu sözləri başa düşməli, o ruhu yaşamalı və yaşatmalıdır. Alim Qasımovun uğurlarının bir sirri də məhz budur bəlkə də: o, nə ifa etdiyini bilən, onu yaşayan və dinləyicisinə də eyni hisslər yaşatmağı bacaran sənətkardır.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli orijinal ifası ilə qərblilərin xüsusi rəğbətini qazanmış Alim Qasımov haqqında belə deyir: "Görünür, xanəndənin nəinki virtuoz səsi, onun ifa manerası, muğamlarımızı özünəməxsus şəkildə təqdim etməsini Qərb aləmi daha yaxşı dərk və qəbul edir".
(Ardı var)
525-ci qəzet 2017.- 16 avqust.- S.6.