Sabir Abdinin
şeirləri
Türkə yiyə - Türkiyə
(Məlum 15 iyul hadisələrinə)
"Dünya ona görə gözəldir
ki,
orada türklər yaşayır".
Professor Nizaməddin Şəmsizadənin
"Türkə yiyə-Türkiyə"
məqaləsindən.
Türklərin ümid yeri
Türkə yiyə - Türkiyə.
Həm qibləsi, həm piri
Türkə yiyə - Türkiyə.
Milləti bir ordudu,
Ulu Dədə Qorqudu,
Qəhrəmanlar yurdudu,
Türkə yiyə - Türkiyə.
Düşmənləri boğuldu,
Neçə şəhid doğuldu,
Torpağına oğuldu,
Türkə yiyə - Türkiyə.
Bayraq qana boyandı,
Yatmış gecə oyandı,
Yer üzünə həyandı,
Türkə yiyə - Türkiyə.
Tarix qansız yazılmaz,
Türk
elləri basılmaz,
Yad bayraqlar asılmaz,
Türkə yiyə - Türkiyə.
Çanaqqala, Maraşı,
Görmüş neçə savaşı,
Azərbaycan qardaşı,
Türkə yiyə - Türkiyə.
Ayaqlar altından qaçan
torpağın...
Ayaqlar altından qaçan torpağın
Ən kövrək,
ən məsum balasıyam mən.
Ovcumda göyərən, uçan
torpağın,
Köksündə xal olan lalasıyam
mən.
Vətən torpağından pay verənlərin
Bir üzü
xəcalət, bir üzü qara.
Dağların qoynunda ağlayan
Şuşa
Bağrımın başında sızlayan yara.
Torpaq da canlıdı, çağlayar, gülər
Taledən, Tanrıdan yanar çırağı.
Qürbətdi, Vətəndi, sevənlər
bilər
Torpaqdı gözümün qarası,
ağı.
Torpaq anamızdı, son sirrimizdi
Tutar əlimizdən,
əl açan kimi.
Dünyadan köçəndə son yerimizdi,
Bizi bələyəcək
balası kimi.
Ağaclar qocalır...
Ağaclar qocalır... dünya
boşalır...
Nə olsun dünyada ağaclar çoxdu.
Qoca ağacların kölgəsi
meşə,
Cavan ağacların
kölgəsi yoxdu.
Dərin
fikrə gedib dərin meşələr...
Bir ağac
yıxılıb, bir
bulud dolub.
Əyilən budaqlar ayrılsalar
da,
Torpaqda kökləri
qol-boyun olub.
Ağaclar qocalır, qocaldım
mən də...
Söykənib onlara, göylərə baxdım.
Bir çiçək ömrüymüş
bir şair ömrü,
İlahi, beləymiş taleyim, baxtım.
Qocalır ağaclar, heyif
qocalır...
Payız yarpaqları xınası kimi.
Çılpaq qollarını göylərə
açmış
Yerlərin göylərə duası
kimi.
Nə xoşbəxtdi əllərim
Nə xoşbəxtdi əllərim...
Saçlarında gizlənib.
Sənsiz
gözümdə dünya
Dərələnib, düzlənib.
Gözlərində bülbültək
Yuva qurub gözlərim.
Bu yuvada doğulub,
Sarıdimdik sözlərim.
Hər baxışın bir duam...
Sən ömrümə
Ay oldun.
Günəş kimi hər səhər,
Mənim üçün doğuldun.
Nə göydəyik, nə yerdə
Dünya sirli evimiz.
Hər suala cavabdı,
Bizim ülvi
sevgimiz.
Gözlərimdən tökülən yuxu
Gözlərimdən tökülən
yuxu...
mənim olmadın.
Nə fərqi var kiminsən,
lap elə hər kiminsən...
Töküldün yollara,
yiyəsiz göz yaşı kimi.
Sonra da çəkildin
o uzaq göylərə.
Və göylərdən mənim
şəklimi çəkdin.
Yağışdan ayrı, buluddan
ayrı
orda da sən tək idin...
Göy üzündə od
tutub yananda,
sönüb yenə
alovlananda,
nə yaxşı ki mənim olmağını
gec də olsa biləcəkdin.
Sonra gözlərimdə öləcəkdin
və yenidən diriləcəkdin...
Bu gecə qərib bir adam kimidi
Bu gecə qərib bir adam
kimidi...
istədi sığınsın
mənə,
gözlərimə yığışsın.
Daha bilmədi ki,
ondan da qərib olan
elə mən özüməm.
Üzümə üz tutub,
sözümə söz tutub,
gözümə köz çatıb
hər ikimiz oyaq qaldıq,
bu dünyaya qonaq olduq,
və ağaclarla qocaldıq...
Asılmışam özümdən...
Özümdən qaçıram, tapım
özümü,
Neyləyim, özümə çata bilmirəm.
Qayıdıb görürəm özüm
deyiləm,
Özümü özümdən ata bilmirəm.
Gözümdən itirəm, azıb
gedirəm...
Gedirəm dünyanın sonuna qədər.
Sonu görünməyən yenə
özüməm...
İtkin gözlərimə yüklənir
kədər.
Ayaqlarım kardır, əllərim
də kor
Qaçıram gecədən gündüzə
sarı.
Axtardığım nədir, hələ bilmirəm
Mən tapa bilmirəm, özümü barı.
Yollar yorğan oldu, çəkdim üstümə,
Qarışıb yağışa yağıram
mən də.
Asılmışam özümdən, qovuşum
kimə
Ümid
tanrıyadır, çağırım
mən də...
Ömrüm
Özümdən özümə çəkilən
yolam,
Qəlbimdən dünyaya uzanan
qolam,
Həmişə gözləri yol
çəkən yolam,
Yolçu yolda gərək, qalx gedək, ömrüm.
Özüm öz gözümdə
azıb gəlirəm,
Sözümü daşlara yazıb
gəlirəm,
Durna sözlərimi düzüb
gəlirəm,
Bahar ünvanlısan, yağ
gedək, ömrüm.
Dünya bir pəncərə... qapısı hanı?
Yağıdan uzaq ol, dostları tanı,
Günəşi doğacaq sökülən
danın,
Gecə-gündüzünə bax gedək, ömrüm.
Qızıl saçlarını səpəcək Günəş,
Nəğmənin üzündən öpəcək
Günəş,
Sanma məhvərindən qopacaq
Günəş,
Nəğmətək qəlbimə ax
gedək, ömrüm.
Bu gecə ürəyim Aşıq Qəribdi
Gecədən o yana bir gecə də
var...
Adın
bitən yerdə
"Ah" heca da var,
Dalandan ayrılan ağ
küçə də
var,
Bu gecə ürəyim
Aşıq Qəribdi.
Sözü də sənindi, musiqisi də
Qəlbimə süzülən şirin səsi də,
Vallah, bu qəriblik mənim bəsimdi
Bu gecə ürəyim Aşıq Qəribdi.
Göylərin şamına "Ay"mı deməzdik,
Telləri tərsinə saymı deməzdik,
Biz toymu qurmuşduq, vaymı deməzdik
Bu gecə ürəyim Aşıq Qəribdi.
Qayıt, şirin yuxum, gözümə
qayıt...
Gözümdən yuxu da qaçaq düşübdü,
Yaxınlar qəlbimdən uzaq düşübdü,
Yadıma duyğulu o çağ düşübdü,
Qayıt, şirin yuxum, gözümə qayıt.
Gözdən göz yaşı da heç perikərmi?
Qəlbimdə əriyən qar görükərmi?
Gözlərin arxamca leysan tökərmi?
Qayıt, şirin yuxum, gözümə qayıt.
Göz-ürək arası bir tənha yolam,
O titrək bənövşə ən kövrək balam,
Uçmaz sevgimizə tikdiyim qala,
Qayıt, şirin yuxum, gözümə qayıt.
525-ci qəzet 2017.- 16 avqust.- S.7.