Muğamla tanınan, muğamı tanıdan dahimiz

 

BÖYÜK XANƏNDƏLƏR SİLSİLƏSİNDƏKİ ALİM QASIMOV UCALIĞI

 

Şahanə MÜŞFİQ

 

 

(Əvvəli ötən saylarımızda)

 

... Alim Qasımovun həyatı heç asan olmayıb. Altmış il öncə dünyaya gələn körpəyə atası Həmzə anası Mədinə xanım Pənah adını verirlər. Zəif olduğundan xəstəlik keçirən uşağı Bakıya qədər gətirirlər. Anası bir qadının məsləhəti ilə oğlunun adını dəyişir ki, bəlkə düşərli olar. Elə olur, Pənahın adını dəyişib Alim qoyandan sonra sağalır...

 

Valideynləri onun musiqiyə xüsusilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər, ancaq ata-anasının ona musiqi təhsili verməyə imkanları olmayıb. Onun ilk dəfə ünsiyyət qurduğu musiqi aləti əldədüzəltmə bir dəf olub. Daha sonra övladının həvəsini görən Həmzə kişi yenidən balaca Alimə musiqi aləti düzəldir-saz... Bundan başqa, ətrafda hamıya aydın idi ki, musiqiyə meylindən əlavə, Alim həm gözəl çox güclü səsə sahibdir.

 

Alim böyüyür,  8-ci sinifdən məktəbi tərk edir ki, işləsin. Bakıda "Karamel" fabrikinə sürücü kimi işə düzəlir, maşın sürə bilmədiyindən elə həmin gün yük maşınını fabrikin divarına çırpir. Beləliklə, bu, fabrikdə ilk, həm son günü olur. Sonra dəmiryol deposunda vaqon təmiri üzrə usta, tikintidə mantyor işlərinə düzəlsə , heç birində çalışa bilmir: "Ailədə ata-anama kömək etmişəm. Təsərrüfatımız, mal-qaramız çox olub. Yadımdadır ki, uşaq olanda ata-anamla Sabunçu vağzalında ağartı məhsulları satırdıq. Bir az böyüyəndən sonra fəhlə işlədim. Sonra isə sürücü işlədim. Əsgərlikdə sürücülüklə məşğul olmuşam. Axırda gördüm ki, heç əmələ gəlmir, muğama üz tutdum".

 

Muğam aləminə gəlişi barədə özünəməxsus tərzdə, zarafatyana söz açsa da, Tanrı onu  böyük xanəndə Alim Qasımov olmaq üçün yaradıbmışsa, başqa cür ola da bilməzdi... Alimin yolu musiqidən keçdi... Özü həmin günləri belə yada salır: "Qəbul imtahanımı xatırlayıram, bilmirəm dədəmin, ya kimin köynəyini geyinmişdim, bir quş da köynəyimi əməllicə batırdı. Dedim, bu nəydi, axı mən imtahana gəlmişəm, indi belə necə girəcəm içəri? Deyinə-deyinə qalmışdım. Dedilər ki, bu, xoşbəxtlik əlamətidi. Yadımdadır, rəhmətlik  Bəhram müəllim, Əlibaba Məmmədov, bir Vasif Adıgözəlov qəbul imtahanı götürürdülər. Rəhmətlik Vahid Abdullayev mənə bir azca "Mirzə Hüseyn segahı" öyrətmişdi. Soruşdular ki, bilirsən, dedim ki, "Çahargah", bir "Mirzə Hüseyn". Əlibaba müəllim dedi ki, hamı gəlib "Çahargah" oxuyub, sən "Mirzə Hüseyn" oxu. Mən öz bildiyim kimi, kəndli yolu ilə başladım oxumağa, zəngulə vurmağa. Dedilər ki, get, 5 aldın. Düzdür, məni Xalq artisti Səyavuş Aslan tapşırmışdı. Ancaq tapşırığa 5 vermirlər axı, ona görə sevinirdim ki, 5-i mən özüm almışam. Bəh, dünya mənim idi onda!" Bununla da Alim Qasımov Xalq artisti Ağaxan Abdullayevin sinfində muğamın sirlərini öyrənməyə başlayır. İllər sonra müəllimi Ağaxan Abdullayev onun kimi tələbəsi olduğundan fəxrlə danışıb: "Pedaqoji fəaliyyətim dövründə əgər mənim yüzlərlə tələbəm olubsa, onlardan yalnız bir neçə nəfəri tanınmış ola bilər. Amma Alim kimisi elə bir dənə olur. Yəni müəllimin zəhməti hədər getməyəndə, 25-30 tələbənin içindən bir Alim Qasımov çıxırsa, mənə bəs edir. Düşünürsən ki, bəli, zəhmətim hədər getməyib. Alim böyük sənətkardır əlbəttə ki, mən onunla fəxr edirəm".

 

Alim Qasımovun səsini, ifasını ilahiliklə bağlayan ilk insanlarıq, son olacağıq. Bu fikir onun adı çəkilən hər yerdə səslənir. Ancaq fikrimcə, bu mövzuda ən gözəl açıqlamanı Alim müəllimin qəbul imtahanında iştirak edən, ondan "Mirzə Hüseyn segahı" oxumasını istəyən Xalq artisti Əlibaba Məmmədov verib. O, Alim Qasımovun səsi, ifası haqqında bunları deyib: "Alimin səsinin sərhədi yoxdur. Sərhədi olmayan şeylər çox azdır. Bir Allaha olan məhəbbətin bir insanların bir-birinə olan sevgisinin sərhədi yoxdur. Alimin səsinin sərhədinin olmamasının səbəbi İlahi bir işdir".

 

Alim Qasımovun onda bəxti gətirmişdi ki, Bakıda muğam məktəbinin ən tanınmış istedadlı müəllimlərindən dərs almışdı. 25 yaşında həyatında birinci muğam müsabiqəsində müvəffəqiyyət qazanan Alim, o vaxtlarda muğam sənətinin, xüsusilə "tarab" janrını araşdırmaqla məşğul olurdu.

 

Alim Qasımov gözəl səsə, ifaya malik olmaqdan əlavə, həm təvazökar, səmimi saf qəlbə malik insandır. O, müəllimləri, dinləyib dərs aldığı ustadları haqqında hər zaman böyük sevgi sayğı ilə danışır. Məsələn, tələbə olduğu müddətdə qaçıb gizlincə dərslərində iştirak etdiyi Xalq artisti Hacıbaba Hüseynov haqqında müsahibələrinin birində belə deyir: "Hacıbaba Hüseynov əla xanəndə idi. Ciyərim çıxırdı onun dərsinə girmək üçün, xəlvəti, gizlincə otağa girib bir küncə qısılırdım ki, məni görməsin. Çünki əgər məni görsəydi, deyəcəkdi, çıx bayıra. Bilirdim ki, məni görəndə hirslənir. Daha gözlərini mazol eləmişdim kişinin. Hər gün səhər tələbələrindən, musiqiçilərdən əvvəl gəlib otururdum sinifdə. Axırda bir gün məni yanına çağırıb dedi ki, bir dəfə oxu, xoşum gəlsə, bundan sonra rahat gəl otur dərslərdə, icazə verirəm, xoşum gəlməsə, daha səni burda görməyim... Necə yəni səni burda görməyim? Məni bundan məhrum eləmək olar? Axı mən onun dərslərində feyziyab olurdum, qəzəllər oxunur, gözlərimdən yaş axır, qəribə bir hala düşürəm. Bir görürsən ki, "iris" çıxardıb yeyir, qızlara da "iris" verir, orda bir əhval-ruhiyyə var ki, onu heç konsertdə görə bilməzsən. Mən ora gəlməyə bilərəm? Nəysə oxudum, bir az qulaq asıb dedi ki, həə gəl, gəl. "Gəl"  sözünü eşidəndən sonra düşdüm onun arxasınca, üstünü çırpa-çırpa getdim evlərinə girdim, məni toylara da apardı".

 

Mən Alim Qasımovu ilk dəfə Əməkdar artist, müğənni Almaz Ələsgərova ilə birgə duetindən tanımışam. Vaqif Gərayzadənin bəstəsi olan "Səni axtara-axtara" adlı bu məzəli mahnı illər keçməsinə baxmayaraq, hələ də istər gənc, istərsə də orta yaşlı dinləyicilərin sevərək dinlədiyi mahnılardandır. Muğam ifaçısı, başında buxara papaqlı Alim Qasımovun gənc, şıltaq xanımla bu cür mahnı oxuması, təbii ki, tamaşaçını təəccübləndirməyə bilməzdi. Ancaq hələ o dövrlərdən Alim Qasımov öz fərqliliyini, muğama biçilən buxovları qırmaq istədiyini göstərmişdi. Bu duetin yaranma tarixini Alim müəllim belə xatırlayır: "Asta-asta muğam oxuyurdum. Bu təklif Vaqif Gərayzadədən gəldi. Mənə dedi ki, bura gəl, belə bir mahnı var. Dedim, yox e, mən oxuya bilmərəm. Amma elə oldu ki, mahnı alındı. Bu da bir qismət idi. Həmin ərəfədə bu, böyük uğur oldu. Həm də cavanlara muğam yeni versiyada təqdim edildi. O mahnıya qulaq asanların çoxu bu gün muğam həvəskarıdır. Düzdü, elə məqamlar olub ki, bir ifaya görə çox əziyyət çəkmişəm. Amma sonu çox yaxşı olub".

 

Tədqiqatçı Şakir Qabıssanlı Alim Qasımovun yubiley tədbirində xanəndənin sənəti ilə bağlı bu maraqlı fikirləri deyib: "Muğam Allahla insan arasında mələklərə qovuşan bir musiqidir. Yəni onlara gedib çıxan bir musiqi dünyasıdır. Və onun zirvəsində Alim durur. Alimi səmada parlayan bir şimşəyə, səhrada əsən bir küləyə və çəməndə ətirli bir çiçəyə bənzədirəm. Alim olmaq üçün ancaq Alim olasan gərək. Çünki Alimin səsində cənnətin qoxusu, behiştin yuxusubala itirmiş ananın ağrısı vardır. Alim muğam sənətindən yüksəkdə dururbuna çatmaq üçün Alim olasan gərək. Çünki onun səsi sanki Həzrəti-Davudun səsidir. Bu səs elə bil ölüyə can verən İsa nəfəsidir..."

 

Alim Qasımov həm də muğam sənətində çoxlu yeniliklər, improvizələr edən mahir sənətkardır. Hər bir yeniliyi qəbul etməkdə, ona adaptasiya olmaqda çətinlik çəkən xalqımız onun bu yeniliyini də birmənalı qarşılamadı. Hətta onun klassik üslubda oxuyan mühafizəkar sənət yoldaşları, korifey xanəndələr arasında da buna etiraz edənlər tapıldı, bir az da irəli gedərək, ona muğamın dağıdıcısı kimi baxır, fürsət düşən kimi üslubunu tənqid edirdilər. Əslində, bunu tam olaraq, yenilik adlandırmaq da doğru olmazdı. Alim müəllim bir çox yerdə bu məsələyə xüsusi aydınlıq gətirib: "Mən də onların yerinə olsaydım, tənqid edərdim. Çünki onların 30-50 ildə əldə etdikləri sənəti başqası ayrı bir tərzdə ifa edir. Bu, mənim də xətrimə dəyərdi. Əslinə qalsa, biz klassik ifa üslubundan çox aralanmışıq. Mənim ifa tərzim daha qədimi xatırladır, nəinki indiki modeli... 80-100 il bundan əvvəl, klassik xanəndələrə o qədər qulaq asmışam ki... Məni tənqid edənlər, mənim qədər həmin xanəndələrdən zövq alıb, onların halına düşə bilməz. Mən onların halında ifa edirəm, heç nəyi dəyişməmişəm".

 

(Ardı var)

 

525-ci qəzet 2017.- 17 avqust.- S.4.