Muğamla tanınan, muğamı tanıdan dahimiz

 

BÖYÜK XANƏNDƏLƏR SİLSİLƏSİNDƏKİ ALİM QASIMOV UCALIĞI

 

Şahanə MÜŞFİQ

 

 

(Əvvəli ötən saylarımızda)

 

Ədəbiyyatşünas-tənqidçi, professor Qurban Bayramov Alim Qasımovun da nəzərdə tutduğu klassik muğama qayıdış məsələsi haqqında deyir: "Mən qəsdən ona rəsmi adı olan Xalq artisti adı ilə müraciət etmirəm, o, hamıdan fərqli olduğundan Xalq xanəndəsidir və onda artistlik yoxdur, lap elə opera səhnəsində, Məcnun rolunda oxuyanda da o, gerçəyi, olanı - Məcnunu yox, Böyük Füzulinin düşündüyü məcnunluğu yaradırdı. Rolu oynamırdı, yaradırdı! Alim İlahinin ona bəxş etdiyi fəhmi ilə (onda fəhmlə-səs birləşib) hər şeyi yüksəldən sənətkardır! Alim Qasımov muğam sənətinə elə bir yenilik gətirdi ki, onun bir ucu qədimiliyə, bir ucu da bu günümüzdən keçərək uzaq gələcəyə yönəlir! Bu improvizələr adi improvizələr deyil, səmadan gələn, ürəyə hopan, ürəkdən nəşət edərək təkrar səmaya ucalan yaradıcı improvizələrdir! Bəlkə də, bundan Alimin özü də xəbərsizdir və xəbəri olsaydı, bu səsdəki yaradıcılıq adiliyə söykənərdi! Bu səsdəki çalarlar, məncə, məşqlərdən yaranmır, bu, qəfldən, elə səhnədə ilahi bir nidaya dönüb avaza çevrilir! Bax, Alim muğamının ilkinliyi, dəvrişanə-mistik cövhəri, sufiyanə yanğısı buradan nəşət edir, dahiyanə şəkildə Allahın ona verdiyi qüdrəti xalqına qaytardı... Mənim nəzərimdə Xalq xanəndəsi Alim Qasımov adlı bu müğənni dahiyanə şəklində Allahın ona verdiyi qüdrətdən doğdu, parladı, işıq saçdı!.. O, muğam janrını, muğamın ilkinliyini, körpəliyini, zərifliyini, zatını özünə qaytardı".

 

Qızı Fərqanə Qasımova isə mediaya açıqlamasında bu barədə daha qəti mövqedən çıxış edir: "Azərbaycanda indi elə bir xanəndə yoxdur ki, Alim Qasımovun muğamlarına qulaq asmasın, onun üslubundan xəbərsiz olsun. Gizlin də olsa, onun bulağından su içiblər. Azərbaycanda muğam deyən kimi Alim Qasımovun dəst-xəttini öyrənirlər, amma heç kim onun kimi oxuya bilmir. Hərənin özünəməxsus tərzi var".

 

Fəlsəfə elmləri doktoru, professor Sakit Hüseynov Alim Qasımov sənətkarlığını belə şərh edir: "Alim bizim muğamlarımızın bütün zənginliklərini, onun insana təsirini, onun həyatda əsas yeni bir istiqamət olduğunu başqa ölkələrə, başqa xalqlara çatdırdı. Belə olan halda adam ürəklə deyir ki, Alim Azərbaycan muğamının, Azərbaycan musiqi mədəniyyətinin fəxridir. Hələ gənclik yaşlarımızdan onu izləmişik və Alimin Azərbaycan muğamını Azərbaycan ictimaiyyətinə sevdirəndən sonra onu dünyaya çıxartmağının şahidi olmuşuq. Açığını deyək ki, sənət adamını iki şeyə görə sevirlər. Biri onun sənətinə və səsinə görədirsə, o birisi onun şəxsiyyətinə görədir. Alim özünü ikinci məqamda sevdirib insanlara, sadəliyinə görə. Canlı şahidi olmuşam, Alim televiziyada müsahibə verəndə camaat hamısı onun sözlərinə diqqətlə qulaq asırdı. Ona görə ki, danışdığı sözlərin hamısı onun ürəyindən gəlirdi. Sözlərin hamısı real və səmimi idi. Ziyalı və dərrakəli adamlar səmimiyyəti çox sevirlər. Bu mənada Alimi belə sevirik. Həm bizim nəsil, həm bizdən yaşlı nəsil, həm də bizdən sonrakı nəsillər sevir və sevəcəklər. Bir sözlə, Alim sənəti və onun muğamla bağlı fəaliyyəti uzun illər hələ insanları sevdirəcək".

 

Azərbaycan Texniki Universitetinin dosenti, tanınmış alim Veysəl Nərimanovun da dediyi kimi, çoxları onun səsinə qibtə edib: "Həqiqətən də Alim Qasımov öz avazı ilə fərqlənən böyük sənətkardır və muğam ifaçılıq sənətində öz səsi ilə əsrimizin Alimidir. Biz onun səsinə həmişə qibtə etmişik, bu gün də edirik və edəcəyik də. Çünki o, buna layiqdir. Alim bəyin avazı insanın iliyinə işləyir və onunla fəxr edirik. Eləcə də Alim Qasımovun insani xüsusiyyətləri, təmizliyi, sadəliyi əvəzolunmazdır".

 

İnsanı özündən sonra ən yaxşı tanıyan onun ailəsi, övladıdır. Hətta elə məqamlar var ki, ailəmiz bizi özümüzdən də yaxşı tanıya bilir. Bu fikri əsas götürərək yazımızda Alim Qasımovun qızı və duet ortağı Fərqanə xanım Qasımovanı fikirlərinə müraciət etməmək olmazdı. Fərqanə xanımla Alim müəllimin dueti artıq illərdir bütün dünya musiqisində özünəməxsus yer tutur. Hətta başqa ölkələr Alim Qasımovu konsertə dəvət edərkən mütləq qızı ilə gəlməyi xahiş edirlər. Alim Qasımov Fərqanə xanımın həm qızı, həm də bu sənətdəki ilk müəllimi və duet ortağıdır. Bir  müsahibəsində xanım xanəndə atası haqqında bunları deyir: "O, heç vaxt mənə sözlə qadağa qoymayıb. Mənə sadəcə məsuliyyəti öyrədib. Buna görə də ondan icazəsiz heç nə etməmişəm. Hər zaman məsləhətinə ehtiyac duymuşam, onunla birlikdə addımlamışam. Fikir versəniz, mən yalnız son vaxtlar tək addımlamağa başlamışam. Bütün bunlar isə muğama olan hörmətimdən irəli gəlir. Düşünürəm ki, artıq muğam üçün nəsə etməliyəm.

 

Hər zaman atam kimi təvazökar olmuşam. Düşünmüşəm ki, öncə atam, sonra mən. Onun ardınca hara gedərəm, gedərəm. Amma artıq görürəm ki, atamın sağlığında özüm nəsə qazanmalıyam ki, sonradan mənə heç bir çətinlik olmasın. İstəyirəm ki, atam mənim uğurlarımı görsün, narahat, nigaran qalmasın.

 

Sənətə gələndə heç bir qorxum olmayıb. Bu sənət onda qorxulu olardı mənə, əgər atamı qorxunc vəziyyətdə görsəydim. Atam həmişə canını-qanını sənətə qurban verən insan olub. Məhz sənətə görə toylara getməkdən imtina edib.

 

Özümə, sənətdə nəyisə əldə edə bilməyimə gəldikdə isə Alim müəllimin yanında olmağımın özü çox şey deməkdi. Alim müəllimin qızı olmasaydım, deyə bilmərəm, amma özüm də görmüşəm ki, oxumağımda elə anlar olub ki, Alim müəllim vəcdə gəlib, bəzən elə olub ki, "gözləmirdim" etirafında bulunub".

 

Muğamın ruhi qida olduğunu deyən Fərqanə xanım Alim Qasımovun səsini və ifasını bu baxımdan belə qiymətləndirir: "Muğam məlhəmdi - bunu hətta bu yaxınlarda ekran-efirdən də səsləndiriblər ki, vaxt gələcək, Alim müəllimin səsi ilə müalicə edəcəklər. Deyə bilmərəm, kimsə ciyərini-böyrəyini müalicə edəcək bu səslə, amma bu, ruhi qidadır".

 

Alim müəllim efirdə, bir çox müsahibələrində Fərqanə xanımın ifası, səsi haqqında yüksək fikirlər səsləndirir. Hətta bir dəfə "mən onun atası olsam da, ondan öyrəndiklərim də var" demişdi. Bundan başqa, bir müsahibəsində o, qızı haqqında deyir: "Fərqanə xanımla fərqimiz ondadır ki, o, həm məsuliyyətlidir, həm də Allah onu xanım yaradıb. Bunlardan savayı Fərqanəni dinləyicilər səhnədə başıbağlı qəbul etdilər. Eyni zamanda, mənim səhnədə etdiyim hərəkətləri etməyə o, həsrət qalacaq. Onları edə bilməyəcək. Çünki mən kişiyəm, o isə qadındır. O, istər-istəməz hərəkətlərinə sərhəd qoymalıdır. Həmin hərəkətləri edə bilməməyinin heyfini öz səsində, oxumağında çıxacaq. İnanıram ki, inşallah Fərqanə səhnəyə tək çıxandan sonra tamaşaçılara yeni bir aləm, fərqli əhval-ruhiyyə bəxş edəcək".

 

Bir atanın öz qızı haqqında bu cür yüksək fikirdə olması, təbii ki, sevindiricidir. Fərqanə xanım da bunun fərqindədir ki, deyir: "Atam körpəliyimdən istedadımı kəşf edib və bütün əməyini, zəhmətini mənim üçün ortaya qoyub. Çünki bilirdi ki, qızının gələcəyi var. Yadımdadır, həmişə mənə deyirdi ki, vaxt gələcək, qızım böyük səhnələrdə oxuyacaq, mənimlə birlikdə dünyanı gəzəcək. Çox şükür, bu günləri də gördü.

 

Çox şahidi olmuşam, konsertlər, tədbir olsun, yaxud evdə olsun, sonradan lent yazılarına baxıram, görürəm ki, mən oxuyanda o, o oxuyanda mən feyziyab oluram, ruh aləminə gedirik. Mən oxuyanda görürəm necə razılığını bildirir. Ən çox mənə deyir ki, "Ceyran" mahnısını mənim ifamda çox sevir, bir də "Dəli kür" filmində oxunan mahnını. Bu mahnını Elmira Rəhimovanın repertuarından öyrənmişəm".

 

Qızı isə atasının səsi, ifası haqqında bu fikirdədir: "Mən Alim müəllimin ifalarında ayrı-seçkilik sala bilmərəm. Çünki onlar hamısı möhtəşəm, əvəzolunmaz, təkrarsız ifalardır. Alim müəllimin, məsələn, diskdə "Bayatı-Şiraz"ı var. O qədər gözəl əsər yaradıb ki, ona muğam demək olmaz, muğam əsəri demək lazımdır. "Zabul segah"ı var, Fransada lentə alınıb - böyük əsərdir. "Çahargah", "Rast", "Şur", hansı birini sayım?! Alim müəllim dəstgahların hamısına öz möhürünü vurub. Mahnılardan "Əziz dostum"u çox sevirəm. Onun öz repertuarı da var ki, artıq onlara möhürünü vurub. Son zamanlar da məni harada görürlər saxlayıb deyirlər ki, Alim müəllimin "Xatirədir", "İlahi" mahnılarına səhər-axşam qulaq asırlar. Deyirlər ki, əgər səhərləri həmin mahnılarla açmasaq, deməli, nəsə itirmiş oluruq.

 

Alim müəllim yerində duran sənətkar deyil, daim inkişafdadır. Alim müəllim həmişə bizə yuxarıdan aşağı baxacaq. O, yerində duran sənətkar deyil ki, kimsə gəlib ona çatsın. Öz musiqi notları, ifası ilə daim önə gedir. İnkişaf etdikcə ona çatmağa çalışırıq. Bizə həmişə öz iradını bildirir və haqlıdır. Məsələn, deyir qır çərçivələri. Sonra deyir yox, sən xanımsan, hicablısan, edə bilməzsən. İrad tutur və istəyir ki, məni də dərvişyolu aparsın. Ancaq onlar mənim içimdədir. Nə vaxtsa yaşla, məqamla bağlı bu iradlar özünü bir gün göstərəcək".

 

Alim Qasımov sənətdə və həyatda xoşbəxtliyi İlahi iradə və öz zəhməti ilə qazanmış bir sənətkardır. Tanrı ona coşğun bulaq kimi səs verdi, sönməz istedad bəxş etdi. O isə bu istedadından özünə, ailəsinə, xalqına və vətəninə faydalı şəkildə yararlanmağı bacardı. Alim Qasımov hələ sağlığında tarix yazmış insandır. Bundan sonra illər də, əsrlər də keçsə, nə vaxtsa dünyanın hansısa bir küncündə bir azərbaycanlı xatırlayıb deyəcək: "Bir zamanlar bu dünyadan bir Alim keçdi... Və onun vətəni Azərbaycan idi!"

 

Biz də öz növbəmizdə yeniliklə köhnəliyi, Şərqlə Qərbi, muğamla cazı, sadəliklə sənətkarlığı özündə ehtiva edən Alim müəllimi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona da daha böyük yaradıcılıq uğurları arzulayırıq. Səsiniz səhnəmizdən, ifanız muğamımızdan, varlığınız Azərbaycan incəsənətindən heç zaman əskik olmasın, dahi xanəndəmiz!

 

525-ci qəzet.-2017.-18 avqust.-S.4.