Azərbaycan Cümhuriyyəti - 100
Vilayət QULİYEV
DÖVLƏTİN ƏZABLI
DOĞULUŞU
Qorxulu
1918-ci ildə əvvəlcə
mart qırğını zamanı
Stepan Şaumyanın daşnakları, sonra isə ermənipərəst
Sentrokaspi diktaturası
tərəfindən iki
dəfə həbsə
atılan, aylar boyu həyatı hər an tükdən asılı olan Əlimərdan bəy Topçubaşov yalnız
həmin il avqustun əvvəllərində,
müstəqillik elanının
üçüncü ayında
böyük təhlükələri
adladaraq Azərbaycan Cümhuriyyətinin müvəqqəti
paytaxtı Gəncəyə
gələ bilmişdi.
Əqidə dostları onun taleyindən tam xəbərsiz
qaldıqlarından (hətta
sağ olub-olmadığı
da bilinmirdi) 1918-ci il iyunun
17-də formalaşdırılan ikinci hökumət kabinəsində Əlimərdan
bəyə sadəcə
portfelsiz nazir vəzifəsi ayırmışdılar.
Lakin mənəvi nüfuzu, biliyi, təcrübəsi,
milli ideyaya tükənməz sədaqəti
ilə daha yüksəkdə dayanması
heç kimə sirr deyildi. Ona görə də baş nazir Fətəli xan Xoyski 1918-ci ildə bir neçə
günlüyə Gəncəni
tərk edib cəbhə xəttinə
gedəndə baş nazir və xarici
işlər nazirinin səlahiyyətlərini həyata
keçirmək bir başqasına deyil, məhz Əlimərdan bəy Topçubaşova həvalə edilmişdi.
Avqustun 23-də isə
Nazirlər Şurasının
qərarı ilə Azərbaycan Cümhuriyyətinin
Fövqəladə və
Səlahiyyətli naziri
kimi “bütün məsələlər üzrə
danışıqlar aparmaq”
üçün İstanbula
göndərilmişdi. Ona verilən səlahiyyətli
nazir statusu və mandatı bir sıra Mərkəzi
və Qərbi Avropa dövlətlərində,
Osmanlı imperatorluğunda,
Gürcüstanda və
Ermənistanda Azərbaycan
Resublikasını təmsil
etməyə tam hüquqi
əsas yaradırdı.
Puşkin Lomonosov haqqında yazırdı ki, o, təkcə ilk rus universitetini qurmayıb, özü də rus xalqı üçün bütöv bir universitet olub. Əlimərdan bəy də yeni milli dövlətin xarici işlər naziri vəzifəsini cəmisi bir neçə günlüyünə tutsa da, özünün sonrakı fəliyyəti ilə ən müxtəlif istiqamətlərdə bütöv xarici işlər nazirliyinin funksiyalarını bacarıqla yerinə yetirib. 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin xarici siyasəti ilə bağlı bütün məsələlərdə açar-sima kimi çıxış edib, Versal sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı kimi gənc dövlətin de-fakto tanınmasına nail olub. Həyatının sonuna - 1934-cü ilə qədər bütün məhrumiyyətlərə, xəstmühacirət daxili çəkişmələrə baxmayaraq, millətinin sözçüsü rolunda çıxış edib.
Aşağıda təqdim etdiyim sənədlər, təbii ki, Cümhuriyyət dövrünün tədqiqatçılarına yaxşı tanışdır. Azərbaycan diplomatiyasının, xarici siyasətinin tarixinə dair əsərlərdə, Ə.Topçubaşova dair tədqiqatlarda onlara dəfələrlə istinad edilib. Amma ana dilimizə ilk dəfədir ki, tərcümə olunurlar.
1918-ci ilin dekabrında baş nazir Fətəli xan Xoyski Azərbaycan Cümhuriyyəti Parlamentinin təntənəli açılış iclasında acı-acı şikayətlənirdi ki, Allah rus dövlətinin evini yıxsın, tifaqını dağıtsın, bizi ana dilimizdə təhsil almağa, ana dilində danışmağa qoymadı. Əlimərdan bəy də gimnaziya və universitet təhsilini rus dilində almışdı, fikirlərini rusca daha səlis və dolğun ifadə edirdi. Ona görə də istər İstanbuldan, istərsə də Parisdən hökumətlə bütün məktub və sənədləri bu dildə göndərmişdi.
Fikrimcə, müxtəlif kağız parçalarında, tələsik yazılmış bu qeydlər təkcə görülən işlər haqqında hesabat, görülməli olanlar barədə xatırlatma deyil, həm də dövlətin və dövlətçiliyin əzablı doğuluş tarixinin bir parçasıdır. Təkcə bayrağı yox, dövlətlə bağlı bütün atributları yoxdan yaratmaq lazım gəlirdi. Heç bir təmənna güdmədən o günlərdə yəqin ki, çoxlarına Sizif əməyi kimi görünən son dərəcə ağır və məsuliyyətli yükün altına girən adamların millət sevgisi, vətən məhəbbəti qarşısında baş əymək lazımdır.
Əlimərdan bəy Topçubaşovun baş nazir Fətəli xan Xoyskiyə göndərdiyi məktubları - XX əsr Azərbaycan diplomatiyasının ilk, amma mükəmməl sənədlərin rus dilindən tərcümədə oxuculara təqdim edirəm.
Budapeşt, iyul-avqust,
2017
525-ci qəzet.-2017.-19 avqust.-S.18.