Əlimərdan bəy Topçubaşovun
Fətəli xan Xoyskiyə məktubları
Azərbaycan Cümhuriyyəti - 100
5 sentyabr 1918-ci il
Tiflis
Çox hörmətli Fətəli
Xan
Bu gün
Sizdən aldığım məktuba, xüsusən də
qeyri-normal münasibətləri açıqlayan məlumatınıza
görə çox sağ olun.
Təəssüf ki, məktubun türkcə mətninin
surətini əlavə etməmisiniz. Əlbəttə, mən
ondan özünü getdikcə daha kəskin şəkildə
büruzə verən əsas məsələ (Azərbaycan
Cümhuriyyətinin Osmanlı imperiyası tərəfindən
rəsmən tanınması nəzərdə tutulur - V.Q.) ilə
bağlı danışıqlarda istifadə edəcəyəm.
Bəhs etdiyim bu məsələnin
aydınlaşdırılması səfərimizin əsas məqsədini
təşkil edir. Hər şeyin
yaxşı nəticələnəcəyinə ümid
bağlayaq. Lakin bilmək lazımdır
ki, tək xatırlatdığım deyil, bir sıra digər
işlərin də bizdən ötrü indi böyük əhəmiyyəti
var. Təəssüf ki, bu barədə ətraflı
yazmağa imkan yoxdur. Sadəcə
yadınıza salmaq istəyirəm ki, hökumətin ən
yaxın iclaslarında onları müzakirə mövzusuna
çevirə biləsiniz. Gürcüstanla
münasibətlər elə pozulub ki, düzəldilməsi
üçün tədbir görülməsi zəruridir.
Hər şeydən şübhələnmək,
inamsızlıq, əvvəlcədən hansısa nəticələrə
gəlmək - Gürcüstana Türkiyədən və
aydındır ki, həm də bizdən keçən bədbəxtliklərdir, - ən
yaxın qonşumuz da bütün təsadüflərdə bu
prinsiplərə əsaslanıb
hərəkət edir. Qəti əmindirlər
ki, onları tevtonların ağuşuna atan başqası
deyil, bizik.
1.
Gürcülərin yanlış münasibətini aradan
qaldırmaq üçün burada hələ çox qalmaq
lazımdır. Bəlkə də yoldaşlardan
birini müşavir kimi Tiflisə təyin etmək zəruridir.
Bizdə gürcü nümayəndəsinin tam
zamanında təyin olunması üçün də
(baxmayaraq ki, gürcülər Bakıda gözləyirlər!)
çalışmalıyıq.
2. Dərhal
İrəvana nümayəndə göndərmək və Ermənistanın
da eyni addımı atmasına nail olmaq lazımdır. Özünüz baxın, Türkiyə artıq
İrəvana və Tiflisə nümayəndələrinin
adlarını açıqlayıb. Dünən bura
gəliblər.
3. Eyni
işi Dağlı xalqlarının ittifaqı, Krım
hökuməti və Ukrayna ilə də görməyə
lüzum var.
4. Fikrimcə,
dağlılara xüsusən diqqətli münasibət
lazımdır. Vəziyyətləri hər
baxımdan ümidsizdir. T.Çermoyevlə
Kotsev də buradadırlar. Mənimlə
söhbət etdilər. Həmişəki
kimi yardım üçün (heç olmazsa, maddi!)
yalvarırdılar. Amma onlara əvvəl də kömək
etməmişik. Düşünürəm ki,
indiki şəraitdə qardaşlıq əlimizi uzatmalı və
5-10 milyon bon uzunmüddətli borc verməliyik. Təklif etdim ki, Gəncəyə gəlib Sizinlə
görüşsünlər. Xahişlərinə
ən ciddi şəkildə tərəfdar olduğumu bilmənizi
istəyirəm. İndi qarşımıza Abxaziya ilə bağlı
təzə məsələ də çıxıb. İşin mahiyyəti bundadır ki, bizim kömək
göstərmədiyimiz təqdirdə abxazlar özlərini
yenə Cənub-Şərq ittifaqının ağuşuna
atacaqlar. Artıq bu istiqamətdə iş gedir, onlara
“şirnikləndirici” təkliflər edilir.
Dediyim məsələlərin çox böyük əhəmiyyəti
var; onları həll etmədən özümüzü
az-çox güclü saya bilmərik. Bundan başqa, mən
İstanbul və Berlində digər xalqların təmsilçiləri
ilə həmrəy çıxışlarımızın zəruriliyinə
də ciddi önəm verirəm. Təəssüf
ki, Ermənistan nümayəndəsi ilə danışa bilmədim.
Hələ gəlib çıxmayıb. Əvəzində başqaları ilə
görüşməyə razılıq aldım. N.Jordaniya burada mənim iştirakımla xüsusi
müşavirə keçirdi. Bununla əlaqədar
İstanbul və Berlindəki gürcü nümayəndəsi
ilə bağlı təlimatlar göndərin.
Dünən gürcü və erməni hökumətləri
yanında Türkiyə nümayəndələri
Əbdül Kərim Paşa ilə Məmməd Əli
Paşa gəldilər. Birincinin yanında oldum. Bir saatlıq söhbət zamanı mühüm məsələlər
ətrafında fikir mübadiləsi etdik. Çox
yüksək təsir bağışladı.
Döyüş generalı olsa da, ziyalı adamdır, hadisələrə
yanaşmasında aydın siyasi baxış var. Bizə
münasibəti son dərəcə yaxşıdır, həm də Gürcüstanla
Türkiyə arasında normal əlaqələr qurulmasına
çox can atır. Cəfərovla ətraflı
danışaram. Çünki onunla daimi əlaqə
saxlamalıdır. Təəssüf ki, Məmməd
Əli Paşa ilə görüşə bilmədim. Dünən gecə ilə İrəvana
çıxmışdı. Çoxları
onun maarifçi görüşləri, Qafqazla yaxın
tanışlığı (rus dilini bilir) haqda
danışırlar. Bu isə
qarşımızda İrəvana göndərəcəyimiz
nümayəndənin ən yüksək tələblərə
cavab verməsi vəzifəsini qoyur. Çünki
Ermənistanla çək-çevirlərimiz hələ
çox sürəcək. Kimi göndərmək
olar? Ciddi məsələdir. Nümayəndəmiz tək Ermənistana
yaxşı bələd olmalı deyil, həm də
mübariz xarakteri ilə seçilməlidir. Qorxuram razılaşmasınlar, amma mən doktor M.R.Vəkilovu
təklif edərdim. Hərçənd
onun burada - arbitraj komissiyasında iştirakı da arzu
olunandır. Amma İrəvana nümayəndə
göndərilməsi məsələsi də təcilidir.
Doktor indi burada yoxdur,
amma Gəncəyə gələcək. Sonra özünüz danışarsınız.
Bolşevik qasırğasının təsiri altında
hədəf olduğum apatiya artıq çəkilir və
bütünlüklə işə nüfuz etməyə
başlayıram. Həm də təəssüflənirəm ki, bu qədər
çox iş olduğu halda, belə uzaqlara gedirəm. Amma onu da düşünürəm ki, getməyim
son dərəcə zəruridir. Bu
axşam Batuma yola düşürəm. İndiyə
qədər burada işsiz-gücsüz oturmuşdum. Gecikməyimin əsas səbəbi Batumdan
çıxacaq gəmi ilə bağlı xəbər
gözləməyimdir. Gəldiyim gün
teleqram göndərmişdim. Yalnız
dünən cavab aldım ki, gəmi yoxdur. Eyni şeyi Əbdül Kərim Paşa da təsdiq etdi.
Dedi ki, Batumda 6-15 gün gözləməli olacağam. Kədərli perspektivdir, lakin nə etmək olar?
Bu günlər hər işi
yaşadığımız dövrün şərtlərinə
uyğun görməliyik.
Sadəcə onu demək kifayətdir ki, indi Tiflisdən
Batuma 3-4 günə gedib çıxmaq olur. Əgər
imkan yaransa, Batumdan məlumat göndərməyə
çalışacağam. Lakin öncədən xəbərdarlıq
edirəm: yol çətinlikləri ilə yanaşı,
teleqraf da sıradan çıxarılıb. Bir
sözlə, hələlik ibtidai icma dövründə
yaşayırıq. Bahalıq barədə
isə danışmağa dəyməz. Qiymətlər od tutub yanır, mənə ayrılan maliyyə
vəsaiti artıq tükənmək üzrədir. Hər şey haqqında yazmıram. Xudadat bəy danışacaq.
Hələlik səmimi qəlbdən uğurlar və
işlərimizin rast gətirməsini arzulayıram.
Hamıya
salam deyin. Salamat qalın.
Ə.M.Topçubaşov
15 sentyabr
1918-ci il
Batum
Çox
hörmətli Fətəli Xan!
Mövcud əlaqə və məlumat vasitələri
yalnız son dərəcə yarıtmazlığı ilə
seçilmir, bəzi hallarda onlar Batum kimi yerdə ümumiyyətlə
yoxdur. Ona görə özünü dünyadan tam təcrid
olunmuş sayırsan. Hər şey təsadüflərin
iradəsinə, hökmünə tabe tutulub. Bu məktubu da Sizə tam təsadüf nəticəsində,
gözlənilmədən yazıram. Düzdür,
onsuz da yazmaq istəyirdim, amma bir neçə gün sonra -
Bakı cəbhəsi əsgərləri üçün
siqaret və tütün almağa gəlmiş iki nəfər
bakılının geri qayıtdıqları vaxt. Lakin
dünən heç
gözlənilmədən gəmi gəldi. Öyrəndim ki, həmin gəmi ilə bizim tələbələr
qayıdıblar. Səhər saat 9-da mənə
baş çəkməlidirlər (indi sübh saat 6-dır).
Daha sonra yenə təsadüfən “Gülnar” gəmisinin
limana yan alması. Düzdür, onu
gözləyirdilər, amma gəliş vaxtı hətta təxmini
də bəlli deyildi. Bu, hələ Tiflisdə bizə deyilən həmin
o gəmidir. Bura çatdığımız
gündən, yəni sentyabrın 7-dən yolunu gözləyirdik.
Heç cür gəlib
çıxmırdı. Vəziyyəti
belə görüb ilk gəmi ilə getməyə qərar
verdim. Amma işin tərsliyindən
ümumən İstanbula gəmi tapılmadı. Dünən isə
heç gözləmədiyimiz halda ikisi birdən gəldi.
Lakin hansı və nə zaman İstanbula yola düşəcək
- bunu kimsə bilmir və Əsəd Paşadan tutmuş
heç kəsə müraciət fayda vermir. Bütün
bunları ona görə yazıram ki, İstanbulla əlaqənin
nə qədər çətin olduğu barədə Sizdə
də müəyyən təsəvvür yaransın.
Dörd dəfə teleqraf göndərib cavab istəmişəm,
xeyri olmayıb. Bizim işimiz bir yana qalsın,
Əsəd Paşa özü də bir həftədən
çoxdur ki, olduqca vacib teleqramına cavab gözləyir. Tiflislə əlaqə demək olar ki, yoxdur, ya da
çox zəifdir. Sentyabrın 10-dan
teleqraf işləmir, Cəfərovla heç cür
danışa bilməmişəm. Əlaqə
baxımından gərək qarşına uğurlu təsadüf
çıxsın, əks təqdirdə mütəşəkkil
kuryer xidməti olmalıdır. Lakin
Gürcüstan dəmir yolundakı tam dərəbəyliyə
görə bu işlər çox böyük çətinliklərlə
bağlıdır. Tək onu demək kifayətdir
ki, bizim polkovnik Süleyman ağa Əfəndiyev heç yerdə
dayanmadan Gəncədən Batuma yalnız yeddinci gün gəlib
çıxa bilib. Mən Tiflisdən bura gəlmək
üçün yola 49 saat vaxt itirdim. Amma istənilən
halda kuryer
xidmətinə ehtiyacımız olacaq. Məsələ
ilə bağlı hər şeyi ətraflı
götür-qoy edəndən sonra Sizə İstanbuldan xəbər
verəcəyəm. Hələlik isə təsadüfən
Batuma gələn olsa, bütün yazışmaları doktor
Mahmud bəy Əfəndiyevin adına
(Vladiqafqaz küçəsi, 4) göndərmək
mümkündür. O, indi baş karantin həkimi kimi
çalışır. Həm də bizim qaçqın təşkilatının
nümayəndəsi
olub. 12 ildən artıqdır ki,
Batumda yaşayır. Böyük hörmət
qazanıb. Hazırda Batumda konsul səlahiyyətlərinə
malik təmsilçimizin olması çox vacibdir.
Artıq burada birbaşa iştirakımızı tələb
edən məsələlər (xüsusən ticarət
xarakterli) var. Həmin işləri müvəqqəti də
olsa, adıçəkilən doktor Əfəndiyevə
tapşırmaq mümkündür. Hesab edirəm, həvəslə
razılıq verər. Ümumi işə
fayda gətirməyə hazırdır. Karantin
həkimi kimi fəaliyyəti buna mane olmur. Hələlik ən uyğun namizəd odur, sonra
başqasını taparıq.
Lakin almanların sovet respublikası hökuməti ilə
“yeni” müqaviləsinin fonunda hər şey öz əhəmiyyətini
itirir. Bu əlavə razılığın necə və
nə zaman əldə edilməsindən türklərin xəbəri
yoxdur. Teleqraf məlumatı da
ildırım çaxması kimi gözlənilməz idi.
“Sovet hakimiyyəti Bakı rayonunda neft
istehsalının artımını bir şərtlə
sürətləndirməyə çalışacaq ki, məhsulun
dörddə bir hissəsi almanlara verilsin”. Mən dərhal Əsəd Paşanı ziyarət
etdim. Belə uydurmaların mətbuata yol tapmasına qəti etirazımı
bildirdim. O da yayılan xəbərin teleqraf agentliklərinin
fantaziyası olduğunu düşünür. Lakin dünənki
İstanbul qəzetləri almanların bizə və Türkiyəyə
yeni tələ
qurduqlarından xəbər verir. Tələt
Paşanın Vyana və Berlin səfəri də bunun
sübutudur. Qəzetlər səs-küy
qaldırır, söyürlər. Hamı
ehtizaza gəlib. Amma bizim işimiz necə
olacaq? Mənim planım belədir: Siz dərhal fon Kresse vasitəsi ilə alman hökumətinə
etiraz bildirirsiniz. Həm də əlavə edin
ki, mən Berlin və Vyanada bu etirazı şəxsən də
çatdıracağam. İstanbulda isə Tələt
paşa ilə danışacaq və məsələnin
aydınlaşma dərəcəsinə uyğun hərəkət
edəcəyəm. Əgər lazım gəlsə,
dərhal Berlin və Vyanaya yola düşəcəyəm.
Əlbəttə, çox təəssüf ki,
mandatımda Almaniya və Avstriya-Macarıstan dövlətlərinə
səfər edəcəyim xüsusi göstərilməyib. Bu qüsuru eyni tarix və nömrə
ilə yeni mandat göndərilməklə aradan qaldırmaq
olar. Mandatda Almaniya, Avstriya-Macarıstan,
Bolqarıstan, Rumıniya hökumətlərinin adları
göstərilməlidir. Onu xüsusi kuryer
vasitəsi ilə çatdırın. Mən
çox güman ki, gəmilərdən birinin yola düşməsini
gözlədiyimdən hələ burada qalacağam. Əgər getmiş olsam, qoy, kuryer dediyim Mahmud bəy
Əfəndiyevə versin. O, İstanbula, mənə
yollayar. Başqa bir sual: çox təəssüf edirəm
ki, məktubumu Sizə çatdıracaq tələbələrin
apardıqları kağızların məzmunu ilə tanış olmaq imkanına malik deyiləm. Şübhəsiz, orada mənim missiyamla
bağlı məsələlər də var. O zaman zəhmət
olmazsa kağızların məzmunu barədə mənə
göndəriləcək kuryerlə məlumat
çatdırın ki, yolboyu (5 gün) onlar üzərində
düşünməyə vaxtım çatsın. Batuma gəlməyim barədə sentyabrın 8-də
Məmməd Əminə teleqram göndərdim. Yenə də lənətə gəlmiş rabitə
və əlaqə məsələsi ortaya çıxır. Məndən ötrü başqa
bir lənətə gəlmiş məsələ də var:
ona toxunmadan keçə bilmərəm. Bu da
maliyyə ilə bağlıdır. Yaxşı
bilirsiniz ki, mən heç vaxt ictimai işləri ictimai pullar
hesabına görməmişəm, həmişə öz vəsaitimi
xərcləmişəm. Lakin indi şəxsi
vəsaitim yoxdur. Bolşeviklər əlimdə
nə varsa hamısını alıblar. Xərclər
isə son dərəcə böyükdür və
qarşıda onların daha da artacağı gözlənilir.
Xudadat bəy
Məlik-Aslanov özü gördü ki, bir dəst
bayır-bacaq kostyumu üçün 2050 rubl, bir yumşaq
köynək üçün 140 rubl ödədim. Qalan şeylərin qiyməti də bu nisbətdədir.
Mən sadə yaşamağa öyrənmişəm.
Lakin fövqəladə və səlahiyyətli
nazir adı adamı bəzi şeylərə məcbur edir.
Bundan əlavə, üstəlik katibim də var
(M.b. Vəkilov). Bəs Vyanada və Berlində
necə keçinəcəyəm? Axı yalnız hökumət dəftər-kitabına
baxanda guya təmin olunmağımız təsəvvürü
yaranır. Ümumi işimiz xatirinə bu məsələyə
ciddi diqqət yetirilməsi və tezliklə həllini
tapması vacibdir. Bundan başqa, xahiş
edirəm, öhdəmdə böyük ailə olduğunu da
unutmayasınız. Ailə üzvlərim indi
Yelenendorfdadırlar Təbii ki,
onların da yaşayış üçün müəyyən
vəsaitə ehtiyacları var. Mən 23 avqust sərəncamını
yaxşı xatırlayıram, inanıram ki, ailəm
lazımi qaydada təmin olunacaq. Yeri gəlmişkən,
bura kuryer göndərəsi olsanız, lütfən ailəm
barədə də xəbər verin. Çünki mənimlə
birbaşa əlaqə
saxlamaq imkanından məhrumdurlar. Əlavə
etdiyim məktubları şəxsən göndərmək
Sizin üçün çətindirsə, qubernator
İbrahim ağa Vəkilov vasitəsi ilə
çatdırmağınızı xahiş edirəm.
Sizə və
hökumətin bütün tərkibinə salam
göndərir, hamını qarşıdan gələn Qurban
bayramı münasibəti ilə təbrik edirəm. Dünən
İstanbuldan gətirilən qəzetlərin hamısını göndərirəm.
Sizin
Ə.M.Topçubaşov
Batumi
(tarixsiz, təxminən sentyabrın 20-dən sonra)
Çox
hörməti Fətəli Xan!
Bu gün axşam saat 5-də nəhayət məni
İstanbula aparacaq türk gəmisi yola düşür. Deyilənlərə
inansam, 5-6 gündən sonra orada olacağam. Gəncəni tərk etdiyim vaxtdan artıq bir ay
keçdiyinə görə aşağıdakı məlumatları
diqqətinizə çatdırmağı məqsədəuyğun
sayıram. Gəncədən avqustun 23-də
çıxdım, avqustun 24-də gündüz saat 3-də
Tiflisə çatdım və dərhal Batuma teleqram göndərib
ilk yola düşən hər hansı gəmi (hətta
yük-sərnişin) haqda məlumat göndərməyi
xahiş etdim. Müxtəlif şəxslər
vasitəsi ilə (bir nəfər türk zabiti, Xudadat bəy
Məlik-Aslanov, Cəfərov və b.) dəfələrlə
məlumat almağa cəhd etsəm də, hər dəfə
gəminin hələ gəlmədiyini deyirdilər. Nəhayət, sentyabrın 3-də Əbdül Kərim
Paşa (Gürcüstan hökuməti yanında nümayəndə)
mənə teleqram gətirdi. Teleqramda
deyilirdi ki, hələ gəmi yoxdur, amma gəlişi barədə
mənə dərhal xəbər verəcəklər. Bundan sonra da işsiz-gücsüz burada
qalmağımın heç bir əhəmiyyəti
olmadığını anlayıb Batumdan alınacaq xəbəri
gözləmədən sentyabrın 5-də gecə ilə
Tiflisdən çıxdım və sentyabrın 7-də gecə
mənzil başına çatdım. Həmin
gündən indiyə qədər İstanbula bir gəmi də
getməyib. Yalnız sentyabrın 14-də biri-birinin
ardınca “Şam” və “Gülnar” gəmiləri limana yan
aldılar. Onlardan sonuncusu sərnişin gəmisidir,
bu axşam yola düşür. Sentyabr ərzində
İstanbula gedən ilk gəmidir və mən də onunla səfərə
çıxıram.
Bakı zəfəri münasibəti ilə təbriklərimi
çatdırıram. Bu barədə mənə Əsəd
Paşa sentyabrın 16-da, yavəri vasitəsi ilə xəbər
göndərmişdi. Düzünü desəm,
mühüm hadisə ilə bağlı ətraflı məlumat
alacağıma özümü haqlı sayırdım. Təkcə mən yox, çoxları bunu gözləyirdi.
Ona görə də həmin gün azərbaycanlılardan və
türklərdən yanıma çox adam
gəlirdi. Narazılığımı şəxsiyyətimin
əhəmiyyətini şişirtmək üçün
deyil, təyin edildiyim geniş səlahiyyətlərə malik
nazir mövqeyinə lazımi diqqət yetirilməsi
üçün bildirirəm. Yeri gəlmişkən,
həmin mövqe haqda. Bu hansı vəzifədir?
Nazir? Bəziləri xarici
işlər naziri deyə şişirdirlər, bəziləri
daxili işlər, hətta maliyyə naziri adlandırırlar,
bəziləri isə sadəcə səfir deyirlər. Vəzifələrin belə fərqli şəkildə
təsnif edilməsində portfelsiz nazir postunun qeyri-müəyyənliyi
də bəlli rol oynayır. Qorxuram ki, rəsmi
yazışmalarda da şəxsimlə bağlı belə fərqliliklər
meydana çıxsın. Bu isə təkcə
ayıb sayılmaqdan deyil, həm də üzərimə
götürdüyüm işin icrasına ziyan dəyəcəyi
əndişəsindən irəli gəlir.
Qarışıqlıqdan yaxa qurtarmaq üçün mənə verilən
mandatdakı mətni əsas götürməyi xahiş edərdim.
Orada deyilir: “Türkiyə, Mərkəzi Avropa,
Gürcüstan, Ermənistan hökumətləri yanında
fövqəladə və səlahiyyətli nazir”. Sonra, əgər Mərkəzi Avropa dövlətlərini
dəqiq, adbaad göstərmək, yaxud sadalamaq - məsələn,
Avstriya-Macarıstan, Almaniya, Bolqarıstan və s. yazmaq zərurəti
yaransa, o zaman əvvəldə də Sizə bildirdiyim kimi
kuryer vasitəsi ilə göndəriləcək əlavə
mandatı gözləyirəm. Artıq qeyd etdiyim mülahizələrə
görə belə bir mandatı zəruri sayır və onu
Sizdən İstanbulda
alacağıma böyük ümid bəsləyirəm.
Sizə geniş məktub göndərdiyim tələbə - kuryer deyirdi ki, İstanbuldan, Rəsulzadədən Məmməd Həsən Hacınskiyə bəzi məlumatlar, habelə buradakı missiyalarımızın fəaliyyəti haqda hesabat aparır. Məktubumda kuryer vasitəsi ilə ən azı onların məzmunu ilə bağlı məlumatlandırılmağımı xahiş etmişdim. Doğrudur, maraqlandığım məsələləri İstanbulda özüm də öyrənə bilərəm. Lakin yol boyu hər şey üzərində daha ətraflı düşünmək imkanı olardı. Əslinə baxanda indiki əlaqə və məlumat üsullarına yaxşı bələdəm. İstədiyim sənədləri ala bilməməyimi də bununla izah edirəm. Həmin sənəd və məlumatlar ilk növbədə mənə qəbul edəcəyim qərarları, atacağım addımları hökumətin, xüsusən də xarici işlər nazirliyinin mövqeyi ilə uyğunlaşdırmaq üçün lazımdır. Ona görə də yalnız Türkiyə, Almaniya, Avstriya-Macarıstan, Bolqarıstan deyil, Gürcüstan, Ermənistan və Şimali Qafqazla bağlı bütün sərəncam və tədbirlər barəsində dərhal məlumat almağım zəruridir. Hesab edirəm ki, xaricdəki bütün missiyalarımızla əlaqə ya mənim vasitəmlə aparılmalı, ya da ən azı bu barədə məlumatım olmalıdır. Allah bizi hərəkətlərimizdəki hansısa razılaşdırılmamış addımlardan qorusun. Azərbaycan Respublikası ilə bağlı bütün məsələlərdə geniş səlahiyyətlərimin mövcudluğu şəraitində isə belə hallar tamamilə mümkündür. Hökumətin və hökumət təmsilçilərinin nüfuzunu qorumaqdan, can atdığımız nəticələrə nail olmaqdan ötrü tam həmrəylik nümayiş etdirmək və mütləq qarşılıqlı əlaqə saxlamaq olduqca vacibdir. Mən gedəndə Məmməd Həsən Gəncədə deyildi. Çox xahiş edərdim ki, onu həm mandatımın məzmunu, həm də rəsmi yazışma kimi saxlanması vacib olan indiki məktubla tanış edəsiniz.
Batuma konsul təyinatı ilə bağlı çoxdan vaxtı çatmış məsələyə bir də qayıtmağı lazım bilirəm. Əgər münasib namizədiniz yoxdursa, konsul səlahiyyətlərinin müvəqqəti olaraq doktor Mahmud bəy Əfəndiyevə (Vladiqafqaz küçəsi, 4) tapşırılmasını xahiş edərdim. Hələlik onun vasitəsi ilə bütün yazışmaları almaq, İstanbula və geri göndərmək mümkündür. Baxın, indi konsulla birbaşa bağlılığı olan məsələ var. Bu hazırda türk hökumətinin əlində olan keçmiş Çakvin malikanəsindən çay alınması ilə bağlıdır. Axı bizdə çay demək olar ki, yoxdur, burada isə bir funtunu 30-40 rubla almaq mümkündür. Türklər məmnuniyyətlə buğdaya da dəyişirlər. Bir dəfəyə 5-10 min funt almaq olar. Bunun üçün 3-cü türk ordusunun komandanı Əsəd Paşa ilə əlaqə qurmaq və xatırlatdığım Əfəndiyevə xəbər göndərmək lazımdır. O, hər şeyi həll edər. Məlumat üçün bildirirəm ki, məni hər yerdə yüksək səviyyədə qəbul ediblər və edirlər. Bu eyni dərəcədə Əsəd Paşaya, onun sərəncamındakı türk idarəçilərə və yerli əhaliyə aiddir. Onu da deyim ki, bir neçə gün öncə iki paşa ilə yaxından tanış oldum. Biri Şimali Qafqazda orduya komandanlıq etmiş Yusif İzzət Paşa, digəri Ömər Cəmil Paşadır. Ömər Cəmil təcrübəli hərbi təlimatçı kimi Gəncəyə gəlir. Çox savadlı, işini bilən adamlardır. İki həftədir burada oturub Azərbaycana getmək üçün nəqliyyat (orijinalda “gəmi” yazılıb, amma fikrimcə, bu, yanlışdır. Çünki Batumidən Gəncəyə yalnız quru yolla getmək mümkündür - V.Q.) gözləyirlər. Məmur taleyi belədir - gözləmək, sonu görünmədən gözləmək... Hamıya salamlarımı çatdırın. Salamat qalın. Sizinkilərə hörmətimi bildirirəm. Lütfən, qoşmadakı zərfin ailəmə çatdırılmasına göstəriş verin.
Sizə dərin
hörmətlə
Ə. M.
Topçubaşov
P.S. İmkan
olanda rus və türk (Azərbaycan - Tərc.) dillərində
bütün təzə qəzetlərin İstanbula gətirilməsini,
yaxud göndərilməsini tapşırın.
Ə.M.Topçubaşov
(Ardı gələn
şənbə sayımızda)
525-ci qəzet.-2017.-19 avqust.-S.18-19