Seyfəddin Hüseynli: “Culian Barnsı ”
“ƏDƏBİYYATDA İRONİYANIN
DOĞMA DİLİNİ, DÜZGÜN İFADƏ
TƏRZİNİ HEÇ CÜR TAPA BİLMİRİK”
- Seyfəddin müəllim, öncə sizə, XXI əsrdə yazılmış ən maraqlı on romandan biri sayılan “Aqibət duyğusu”nu tərcümə etdiyiniz
üçün, təşəkkürümü bildirirəm. Baş redaktoru olduğunuz “Dünya ədəbiyyatı” dərgisinin son sayı da İngiltərə
ədəbiyyatına həsr edilib. Dərgini ona görə qeyd edirəm ki, məncə, ilk dəfə Culian Barns oxuyan oxucu onun qurmaca dünyasını və
çağdaş
İngiltərə
ədəbiyyatındakı mövqeyini daha ətraflı anlamaq
üçün bu iki nəşri paralel oxusa, daha yaxşı
olar. Ancaq gəlin, söhbətimizə Culian Barnsın yaradıcılığı
ilə tanışlığınız, bu romanı dilimizə
çevirmək ideyasının necə yaranması barədə fikirlərinizlə başlayaq.
- Əslində, mən sənə təşəkkür edirəm ki, müsahibənin canlı,
üz-üzə formasına üstünlük verib, söhbətləşmək
üçün bu 42-43 dərəcə istidə durub ordan bura gəlmisən. Təbrikə, tərcümə etdiyim romanla bağlı yüksək fikrinə görə də var olasan! Culian Barnsın 2011-də ona “Buker” mükafatı qazandırmış
romanının çap hüququnu və mənim “Aqibət duyğusu” adı verdiyim tərcüməmi “TEAS Press” nəşriyyatı bir müddət əvvəl almışdı. Sağ olsunlar, hər cəhətdən yüksək səviyyəli bir iş görüb, kitabı bugünlərdə satışa
çıxarıblar. Bu romanın tərcüməsi, ana dilimizdə nəşri ideyası “Dünya ədəbiyyatı” dərgisinin bu yaxınlarda
çıxmış
“İngiltərə” sayından xeyli əvvəl yaranıb. Yəni dostum, tanınmış
şair və tərcüməçi Səlim Babullaoğlu AYB-nin Bədii Tərcümə və
Ədəbi Əlaqalər Mərkəzinin sədri, mən isə “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru təyin ediləndən təxminən 3 il əvvəlin işidir bu. Onda biz birlikdə həm “Kitabçı”
jurnalını hazırlayır, həm də “ATV Kitab” seriyasından bir sıra nəşrlər üzərində işləyir, daha doğrusu, bəlli bir planlaşdırma aparırdıq. Onda Səlim müəllim mənim də tərcüməmdə bir kitab buraxmağın bu seriya
üçün faydalı olacağını dedi. Mən çoxdan fikrimdə olan bir müəllifi - Barnsı,
özü də onun həmin vaxt yenicə “Buker” almış
romanını təklif elədim. Razılaşdıq, ləngimədən tərcüməyə başladım.
Culian Barnsın yaradıcılığıyla ilk tanışlığım görkəmli alim və tərcüməçilərimiz Məsiağa Məhəmmədi və Cavanşir Yusiflinin birgə nəşr etdikləri “Cahan” jurnalı vasitəsilə 90-cı illərin sonlarında yaranıb. Dəyərli həmkarım, çağdaş tərcümə işimizdə xüsusi rolu olan Ülkər Nəsibbəylinin Barnsla bağlı yığcam, amma lazımlı materialı da yadımdadır. Ancaq Barns haqqında məlumat və təəssüratımı xeyli genişləndirən, daha dəqiqi, məni onun yaradıcılığına meylləndirən əsas mənbə
“İnostrannaya literatura” jurnalı olub
- Culian Barns bir neçə
dəfə “Buker”in qısa siyahısına düşsə də,
2011-ci ildə məhz “Aqibət duyğusu”na görə mükafata layiq görüldü. Tərcümə
üçün yazıçının bu romanını seçməyinizdə
ödülün rolu oldumu?
- Haqlısan, yazıçının bu romana görə “Buker” alması tərcümə məsələsindəki seçimimə xüsusi təsir göstərdi. Yazıçının belə bir nüfuzlu mükafat alması
önəmli bir hadisəydi, həm də “Buker” məsələsi bu əsərə, oxuculara təqdim etmək baxımından, üstünlük, cəlbedicilik gətirmişdi. Romanın ustalıqla yazılması, xüsusən yazıçı
fəndləri, üslubu sarıdan da bu roman diqqətimi
çəkmişdi. Xudbinlik kimi
çıxmasın, nədənsə bu romanın öz tərcüməmdə nəşr olunmasını istəyirdim. Ancaq bunacan roman çevirmək kimi bir təcrübəm yox idi. Odur ki, işə
ikiqat, bəlkə daha artıq ciddiyyətlə, məsuliyyətlə girişdim. Paralel
şəkildə başqa işlərim, yəni, qəzet, jurnal redaktəsi də vardı deyə, o qədər də iri həcmi olmayan romanın tərcüməsi 7 aya yaxın vaxt apardı. Sonra elə oldu ki, seriya
üçün əvvəldən əməkdaşlıq qurduğumuz nəşriyyat kitabın çapını uzun müddət gecikdirdi, axırda da boyun qaçırdı. Biləndə ki, onların vəziyyəti ümidsizdi, onda “TEAS Press”ə
üz tutdum. Yaxşı
da ki, belə oldu,
çünki əməkdaşlığımız, məncə, uğurlu nəticə verib.
- “Aqibət duyğusu” göndərmələr, səsləşmələr, qaynaqlar baxımından çox zəngin və rəngarəng, müxtəlif qatları olan bir romandır. Romanı tərcümə edərkən orijinalı digər dillərdəki tərcümələrlə qarşılaşdırdığınız yerlər oldumu?
- Romanın tərcümə prosesində ingiliscə, rusca və türkcə mətnləri ilə paralel iş apardım. İngiliscəni, ingilis ədəbiyyatını,
ümumən ədəbiyyatı yaxşı
bilən qədimi bir dostumdan vaxtaşırı aldığım məsləhətlər də
çox faydalı oldu. Bəzi eyhamlı, sətiraltı ifadələri, frazemləri, obrazlı cümlələri daha yaxşı
anlamaq və daha dəqiq ifadə etmək baxımından. Açığı,
romanın rusca və türkcə tərcümələrində gördüyüm xətalar, dilin ağırlığı,
üsluba xələl gətirən cəhətlər məni öz tərcüməmdə daha da vasvası davranmağa məcbur elədi. Bunlardan maksimum sığortalanmaq
üçün davamlı tutuşdurmalar, dəqiqləşdirmələr lazım oldu. Çünki elə bilirəm, Barns kimi müəllifi, xüsusən “Aqibət duyğusu” kimi romanı, istər orijinalda, istərsə də hansısa ikinci dildə olsun, yalnız bir mənbəyə baxmaqla uğurlu tərcümə etmək alınmaz. Üstəlik, ədəbiyyata, tarixə, fəlsəfəyə, psixologiyaya, incəsənətə və başqa sahələrə aid çox sayda qaynaqlara istinad da öz yerində.
- Culian Barnsın romanlarında fransız
mədəniyyəti, tarixi önəmli bir yer tutur. Əsərlərində
tez-tez fransızca sözlərdən istifadə etdiyini
görürük. İlk romanı “Metrolənd”də
qəhrəman Fransaya səyahət edir. Deyərdim ki,
“Aqibət duyğusu” onun fransız kültürünə
ən az göndərməsi olan romanıdır. Bəlkə
də, ona görədir ki, ingilis dilli ədəbiyyatın
nüfuzlu mükafatına dəfələrlə namizəd
olsa da, məhz bu romana görə “Buker”i qazandı. Bundan
başqa, “Aqibət duyğusu”nda hətta almanca sözlər
də qarşımıza çıxır. Tərcümə
prosesində yazıçının müxtəlif
dillərdən istifadə etməsi çətinlik
doğurdumu?
- Bunlar ədəbi yaradıcılıqdan da ötə,
ədəbiyyatşünaslıqla, fəlsəfə tarixi,
psixologiya ilə sıx bağlı məsələlərdir.
İstər-istəməz müxtəlif kitablara, elektron
vəsaitlərə əl atır, biliyinə, dilə və
ədəbiyyata bələdliyinə güvəndiyim dostumla
da məsləhətləşirdim. Sonda qərara gəldim ki,
bəzi üstüörtülü məqamlar, xüsusən
bizim oxuculara qaranlıq qala biləcək
nöqtələrlə bağlı, ən çox da bu
müəllifdən və romandan nəsə öyrənə
biləcək yazarlarımıza ipucu məqsədilə romana
şərhlər və izahlar yazım. Çünki
bunlarsız, fikirləşirəm ki, romanın nəşri
naqis olardı. Romanda müxtəlif hadisələrə
işarələr, müəyyən ifadələr var ki,
onların arxasında konkret tarixi faktlar,
ədəbi-mədəni hadisələr durur. Bütün
bunların şərhi, izahı, romanda nəyə
hesablandığına aydınlıq gətirilməsi,
məncə, vacib idi. Həm də bu cəhətlər
Barnsın yazıçı məharətini, intellektual
nəsrdəki ustalığını göstərən
mühüm keyfiyyətlərdir. Fransız
kültürünə meyilli olmasına gəlincə, tamam
doğru deyirsən, Barnsın yaradıcılığında
Fransa ədəbiyyatına, mədəniyyətinə meyl
çoxdur. Hələ bu romanda Fransaya rəğbətinin
açıq təzahürləri nisbətən az verilib. Bəlkə
mövzu da bunu çox tələb etmir, ona görə. Barns
əvvəllər bir ara Fransada müəllim işləyib. Görünür,
bu da onu yazıçı kimi düşüncəsinə
təsir edən səbəblərdəndir. O, fransız
mədəniyyətinə vurğun bir
yazıçıdı. Hətta Barnsı
İngiltərədə buna görə kəskin tənqid
edənlər də az olmayıb. Ola bilsin, ənənəvi
ziddiyyətdə, hətta ədavətdə olan Fransa ilə
İngiltərə arasında bu cür mövqe tutmaqla Barns
bir baxımdan, belə deyək, Nobel mükafatına “qarmaq
atıb”. Ancaq hər halda onun Fransa məhəbbəti
hədər getməyib, “Medici” mükafatını qazanıb.
Belə götürəndə, Barnsı
ədəbi-mədəni sferada Fransanın Britaniyadakı
mənəvi elçisi saymaq olar.
-
Kitabın nəşrindən sonra necə reaksiyalar
aldınız?
- Doğrusu, kitab
satışa verilən günlərdə Bakıda deyildim. Mübaliğəsiz
deyim ki, hər dəqiqəsini ədəbiyyatla,
ədəbiyyat üçün yaşayan dəyərli
dostum, şair və ədəbiyyatşünas
Qismətdən eşitdim kitabın
çıxdığını. Qismət kitaba ilkin
reaksiyalardan da bəhs etdi, məlum oldu ki, çox
yaxşı qarşılanıb. Təxminən, 1
həftə keçdi, doğrudan da “Aqibət duyğusu”na
həm peşəkar ədəbi çevrədə, həm
də oxucular arasında ciddi marağın özüm də
əyani şahidi oldum. Bu məni bir yandan sevindirir, bir yandan
isə təəssüflənirəm. Çünki
yaşı yetmişi keçən, dünyada intellektual
nəsrin ən parlaq nümayəndələrindən biri kimi
çoxdan məşhurlaşmış bir
yazıçını roman səviyyəsində lap
yenicə tanıyırıq. Düzü, Barnsın
məşhur romanını dilimizə ilk dəfə
özüm çevirdiyim üçün bir
tərcüməçi kimi sevinirəm. Bəlkə bir azca qürurlanmağım
da var. Amma ümumən ədəbi prosesimizin,
tərcümə işimizin ləngliyinə görə
məyusam, təəssüflənirəm. Culian Barnsı biz
çoxdan oxuyub tanımalıydıq. Belə olsaydı, indi
bu haqda guya qəfil bir tapıntı olmuş kimi
danışmazdıq.
-
Xatırlayıram ki, neçə il əvvəl, “525-ci
qəzet”də işlədiyim vaxtda redaksiyada Culian Barns
haqqında sizinlə söhbət etmişdik. Siz onun
romanlarında postmodern fəndlərin daha açıq
şəkildə işləndiyini
vurğulamışdınız. Yazıçının bu
romanı barəsində də eyni fikirdəsiniz?
- Heminqueylə bağlı məşhur fikir var ki, ondan
yazıçılıq fəndlərini öyrənmək
asandır. Məncə, postmodern yazının
fəndlərini Barns kimi heç kəs bu qədər
öyrədici şəkildə açıq
sərgiləmir. Onun yazıçı ustalığı
həm də bundadır ki, işlətdiyi fəndlər
zahirən anlaşılsa da, izləri sezilmir və oxucunu
vurmur. Onları mətnin içində elə ustalıqla
işlədir ki, montaj və kollaj xətləri, loru desək,
tikiş yerləri bilinmir. Mətnin sonuna gələndə
baxırsan ki, çoxlu fəndlərin, başqa-başqa
üslubi manevrlərin içindən rahatca keçib gəlmisən.
- Romanda belə fikir var ki, tarix qələbə
qazananların uydurması, məğlublarınsa
təsəllisidir. Toni Uebster bir yerdə deyir ki,
əslində, tarix nə qaliblərin, nə də məğlubların
danışdıqları deyil, sağ qalanların
xatirələrindən ibarətdir. Romanda ən önəmli
məsələ keçmişi xatırlayaraq öz kimliyini
sorğulamaq, keçmişi yenidən inşa etməkdir. İstərdim,
qəhrəmanı tarixçi olan bu romanda tarix
anlayışına, keçmişə olan
münasibətə dair fikirlərinizi
bölüşəsiniz.
- Məncə, Barns belə bir sual qoyur ortaya: tarix nə
qədər gerçək və aydındır ki,
hadisələrin məhz bəlli bir şəkildə
təzahür tapdığına hökm verə
biləsən?! Mütləqlik, mükəmməllik,
birüzlülük bu müstəvidə nə qədər
özünü doğrulda bilir?! Barnsın tarixə,
keçmişə, ümumiyyətlə xronoloji,
düzxətli yanaşmalara hədsiz ironiyası var. Göz
önündə, Barns demiş, burnunun ucunda baş
verənlərə dəqiq, dolğun izah verə
bilmədikdən sonra, yüz il, min il əvvəlin
hadisələri haqqında necə rahatlıqla, qəti
hökmlə danışmaq olar?! Bu ədəbiyyatda,
sənətdə yeni məsələ deyil. Romanda eyni
hadisəyə bir neçə yozum verilməsi
baxımından tipik nümunələrdən biri Markesin
“Gözlənilən bir qətlin tarixçəsi”
romanıdır. Yaxud Kurosavanın “Raşomon” filmindəki
kimi, bir olaya dörd müxtəlif yanaşmanın ortaya
çıxmasını nümunə gətirə bilərik.
Barns da bunu çox uğurlu şəkildə
yaradıcılığında tətbiq edən usta
yazıçıdır. Məsələn,
əsərdəki intihara, sevgi və ailə
münasibətlərinə, dostluğa heç birini
mütləq həqiqət kimi qəbul etdirmədən bir
neçə prizmadan yanaşmaları var. Ona görə
də əsərin əsas personajı sonda
tərəddüdə qapılıb fikirləşir ki,
axı keçmiş deyilən nədən ibarətdir?! Romanın
əvvəlində tarix müəllimi ilə
şagirdlərin mükalimələri var. Birinci Dünya
Müharibəsinin səbəblərini izah edəndə
məlum olur ki, əldə tutarlı bir mülahizə yoxdur,
hamısı nisbidir. Eləcə də Toni keçmişi
xatırlayarkən özünün və
ətrafdakıların həyatı haqqında
danışdıqları nisbi mülahizələrdir. Hansının
doğru olduğuna tam zəmanət vermək mümkün
deyil. Yanlışlar arxasında doğrular gizlənir,
doğru kimi təqdim olunanın arxasında da ciddi
yanlışlar var. Barns bir cəhəti də
vurğulayır ki, yaddaş dağınıq, fraqmental
məlumatlar, təəssüratlar bazasıdır. Onun
süjetli, ardıcıl, bütöv şəkildə
anlaşılması və təqdim olunması doğru deyil. Əslində,
yaddaş fərdi baxımdan, tarix isə ümumbəşəri
anlamda dağınıq, dəqiq yozumu olmayan
fraqmentlərdən ibarətdir.
- Sizin
də vurğuladığınız kimi, öz
həyatında baş verənləri doğru-düzgün
xatırlamayan birinin tarixçi olması
yazıçının kəskin ironiyalarından biridir. Seyfəddin
müəllim, Barnsın ironiyasında ən çox sevdiyiniz
xüsusiyyət nədir?
- Əslində, bu ironiya söhbəti bizim çox
zəif, ağrılı yerimizdir. Çünki bizdə
axır vaxtlar, bəlkə içi özüm
qarışıq, ironiya əvəzinə lağlağı,
şit bəzəmələr sərgiləmək kimi naqis bir
meyl baş qaldırıb. Açıq görünür ki,
biz bu ədəbiyyatda ironiyanın doğma dilini,
düzgün ifadə tərzini heç cür tapa bilmirik.
Barnsda və onunla eyni cərgədə dayanan
ədiblərdə ironiya yüksək ədəbi yetkinliyin
və zövqün, dərin fəlsəfi
hazırlığın, zəngin intellektual bazanın, ali
peşəkarlığın məhsulu kimi ortaya
çıxır. Düşük güldürmə
cəhdlərindən, lağlağıdan onda qətiyyən
söhbət gedə bilməz. Fikir vermisən yəqin,
əsərdə şagirdlərin öz aralarındakı
zarafatlarının da bəlli bir intellektual tutumu var.
Romandakı mükəmməl ironiya tərzi usta yazıçı
şuluqluğu ilə alimanə hazırcavablığın
sintezi kimi şirin bir təəssürat yaradır. Onun tarix,
ölüm və həyat, ailə bağları, sevgi ilə
bağlı kəskin ironiyası az qala hər abzasda hiss
olunur. Ancaq bunların arxasında necə bir
yazıçı ustalığı, filosof və psixoloq
dərinliyi olduğu da diqqətdən qaçmır.
- Əsərdə Toni Uebster Adrianın ona
yazdığı gündəliyi oxumaq istəsə də, bu,
ona nəsib olmur. Bir çox romanlarda adətən
gündəlik tapılır və orada yazılanlar
qurmacanın yönünü dəyişir. Burada isə
həm oxucu olaraq biz, həm də Toni gündəlikdən
sadəcə bir səhifə oxuyuruq və orada
yazılanların anlamı isə yalnız sonda
anlaşılır. Toni təkidlə gündəliyi
oxumağa can atır, çünki keçmişin nə
qədərini xatırladığına, nə
qədərini uydurduğuna şübhəylə yanaşır.
Belə bir gündəliyin olması Toni üçün
nəyi ifadə edir və romandakı funksiyası nədir?
- Məsələ ondadır ki, Barns burada da ştampdan,
ənənəvilikdən uzaq durub. Gündəlik
elementinə də burada özünəməxsus bir
ironiyası var. Əslində, gündəlik tapılıb
oxunsa belə, yəqin ki, heç nə
dəyişməyəcəkdi. Çünki Adrian da öz
gündəliyində ancaq öz yanaşmasını, öz
həqiqətlərini əks etdirir. Onun həqiqətləri
isə Toni Uebster üçün, Veronika üçün
öz keçərliliyini itirəcəkdi. Sadəcə
təsəlli üçün oradan nələrsə tapmaq
olardı. Barns buna ehtiyac görmür, məsələni
gündəlikdən kiçik, ən lazım bildiyi
fraqmentlə yekunlaşdırır. Ümumən tarixə
və yaddaşa münasibətdə olduğu kimi, burada da
fraqmentarlığa üstünlük verir.
- Romanda
gündəlikdən verilən bir səhifəlik örnək
riyaziyyata, fizikaya aid düsturu xatırladır. Sizcə, Barns
niyə bu formanı seçib?
- Həmin düstur, ya formul, əslində, Barnsın
romanda demək istədiklərinin elmi üslubla verilən
xülasəsi sayıla bilər. Yəni məzmun və
ideyanın əsərdə Adrianın dilindən
çatdırılan rezümesi deyək. Amma Barns onu havada
saxlamır, yersiz, süni elementə çevrilməsinə
imkan vermir. Həmin xülasəni mətnin içinə
ustalıqla yerləşdirir, onu əsərdəki başqa
xətlərlə sıx əlaqələndirir. Yəni burada
məsələnin elmi əsası və şərhi də
verilir, bədii həlli də. Deyim ki, bu çox maraqlı
keyfiyyətdir. Yenə də bizim ədəbi prosesə
dəxli olması baxımından. Bizdəki intellektual
nəsr cəhdlərində, adətən, hansısa fikir,
yazılmamış qanun, yaxud düstur əsərə
gətirilirsə, çox üzdə qalır, yamağa çevrilir.
Bizdə bu fənd naşılıqla, çılpaq verilir,
əllaməçilik tonuna görə oxucunu,
ədəbiyyatçını özündən
itələyir. Onu əhvalatın içində
əritmək, bədii mətnin içində zəruri,
üzvi hissəyə çevirmək bizdə,
əksərən, alınmır. Ən usta
qələmlərimiz də bu işdə çətinlik
çəkirlər. Bəzi xoş istisnaları
çıxsaq, bizdə postmodern fəndlərlə yazılan
romanların tam əksərində hansısa düsturlar
verilir. Amma ona uyğun, onu bürüyüb özündə
həll edən, oxucunu hərtərəfli maraqlandıran
təhkiyə tərzi, cəlbedici əhvalatlar zənciri
olmur. Elə bil ki, mühüm bir mətləb fəlsəfi,
ya da riyazi düsturla verilsə də, ətrafı
açıq qalır. Ona uyğun bədii formul, bədii cild
tapılmadığı üçün həmin düstur
çox çirkin görünür. Əsas səbəb
də, yəqin ki, tələskənlik, naşılıq,
işə hazırlıqsız girişmə ola bilər. Məncə,
Barns kimi yazıçıların bir əsas
üstünlüyü də budur ki, onlar mətni bir
neçə qatda işləyirlər. Birincisi, ən
sıravi oxucu üçün də maraqlı olacaq bir
əhvalat tapılır, ya da qurulur. İkinci qat daha
hazırlıqlı oxucular üçündür. Onlar
artıq buradakı göndərmələrdən,
fəlsəfi işarələrdən nələrsə
anlayırlar. Üçüncü qatda isə
yazıçılar üçün cəlbedici,
öyrədici gedişlər var. Bizdə isə
nədənsə bu qatlar məhdudlaşır, birtipli olur. Halbuki,
Şərq ədəbiyyatında, bizim klassik ədəbi
irsdə bu çoxqatlılıq var, həm də gen-bol
şəkildə. Məsələn, gəl iki nümunə
götürək. Biri olsun Füzuli, o birisi də sənin
indi oxuduğun universitetə adı verilmiş Memar Sinan. Eyni
dövrdə yetişiblər, biri ədəbiyyatda, o birisi
də memarlıqda dahi olub. Füzulinin
qəzəllərində, poemalarında həm adi oxucunun
qavrayacağı mətləblər, ştrixlər var,
həm də hazırlıqlı oxucu üçün daha
dərin, gizli qatlar. Bu ikinciləri anlamaq üçün
ayıq, hazırlıqlı olmaq, din tarixindən,
fəlsəfədən, poeziyann texniki
tərəflərindən xeyli şeylər bilmək
lazımdır. Ancaq bu adi oxucuya da mane olmur, onlar da eyni
əsərdən istədikləri qədər zövq ala
bilirlər. Misal üçün, Füzulinin Sultan
Süleymana həsr etdiyi “Gül” qəsidəsində belə
bir beyt var:
Meyvə ol sultani-adildir nihali-dövlətə,
Sabiqən gəlmiş səlatini-fələkmiqdar gül.
Sultan Süleymanı mədh edərək deyir ki, o,
ədalətli sultan dövlət ağacının
meyvəsidir. Ancaq ondan əvvəlki sultanları da
aşağılamır, ikinci misrada onları da gülə,
yəni ağacın çiçəyinə bənzədir.
Adi oxucu beytdəki gözəl bənzətmələrdən
öz zövq payını götürür. Ancaq
hazırlıqlı oxucu, yaxud ədəbiyyatçı
buradakı alt mənaları da görə bilir. Anlayır ki,
Füzuli Sultan Süleymanı adilliyinə, Qanuni
adlanmasına, həm də özündən
əvvəlkilərdən, yəni doqquz sultandan sonra onuncu
Osmanlı hökmdarı olduğuna işarə vurur. Yaxud
Memar Sinan yaratdığı Süleymaniyə camisini, o
məşhur külliyəni sadəcə məscid,
möhtəşəm tikili olaraq düşünməyib. Məscidin
dörd minarəsi olması Süleymanın İstanbulun
fəthindən sonra dördüncü, o
minarələrdəki on şərəfə isə
Osmanlının onuncu hökmdarı olmasına
işarədir. Demək istəyirəm ki, bizim öz
mədəniyyətimizdə bu çoxqatlılıq var, ancaq
indi bu cəhdlər bizdə çox səthi, mexaniki
alındığı üçün yarıtmaz
çıxır.
- Barns həm öz yardıcılığında, həm
də şəxsi həyatında bir çox
məsələlərə etirazçı, hətta asi
yanaşması ilə fərqlənir. Mənə elə
gəlir ki, asi yanaşma, ənənəyə arxa
çevirmə, kəskin ironiya bizim
ədəbiyyatçıların bir çoxunda
yaradıcılığa çevrilmir. Siz necə
düşünürsünüz?
- Barns ədəbiyyata da, tarixə,
dinə, şəxsiyyətlərə də
münasibətinə görə xeyli nadinc, şuluq yazıçıdır.
Avtobioqrafik qeydlərindən görünür ki, lap
əvvəldən şəxsi həyatında da belə olub.
Ancaq o bunu şəxsi müstəvidə, məişət
səviyyəsində saxlamır.
Dünyagörüşü, düşüncə
tərziylə birləşdirib
yaradıcılığında uğurla tətbiq edir, öz
üstünlüyünə çevirir. Yazıçı
kimi daima şübhəçi, axtarışçı,
mühakiməçi mövqedən çıxış
edir. Barns din, ilahiyyat haqqında xeyli asi mülahizələr yürüdür.
Amma bunlar kimisə azdırdığı kimi, bir
başqalarına da əksinə təsir göstərib inanca,
dinə bağlılığa sövq edə bilər.
Yəni onun asiliyi heç olmasa çoxyönlüdür,
yaradıcıdır, ehkamçı deyil. Bu mənada
“şuluqluğu” Barnsın işinə yarayır. Elə
özüm də daxil, bizim ədəbi mühitdəki,
şuluqluq, nadinclik, asilik təzahürləri isə
uzandıqca uzanan məzmunsuz tamaşadır. Dadı-duzu
çoxdan qaçsa da, bitmək bilməyən şit
məzhəkədir. Çünki belə çıxır,
biz yazıçı şuluqluğunu, ədəbi nadincliyi
hərfi və şəxsi mənada anlayıb tətbiq edirik.
Halbuki bunun fərqli nümunəsi bizdə də
mümkündür. Yadımdadı, rəhmətlik Vaqif
Səmədoğlu bir dəfə şeirləri yeni-yeni
çap olunduğu vaxtlarda akademik Məmməd Ariflə bir
görüşündən danışmışdı.
Bilirsən də, rəhmətlik Məmməd Arif
müəllim Səməd Vurğunla eyni ədəbi
nəsildəndi, dost olublar, Vaqifgil ona əmi
deyirmişlər. Deməli, Məmməd Arif ağıryana
bir ahənglə soruşur ki, hə, sən də şairlik
eləmək istəyirsən? Vaqif Səmədoğlu cavab
verir ki, bəli, Arif əmi. Onda Məmməd Arif
qayıdır ki, bax, unutma ha, şair gərək şuluq
salsın! Vaqif rəhmətlik o söhbətdən sonra bir az
araşdırıb görür ki, əksər ciddi
şairlərin, elə yazıçıların da
yaradıcılığının ilkin dövründə
az-çox şuluqluq olub. Amma bu da bir yerə qədərdi.
Şuluq sadəcə müəyyən bir müddətə
qədər o imzanın tanınmağına xidmət edə
bilər. Sonrakı şuluqlar şairin,
yazıçının da, ümumən
ədəbiyyatımızın da ziyanına olar. Axı bizim
ədəbi mühit, bizdəki oxucular çox dedikcə
insaflı, güzəştkardır. Bəzən bir
şeirlə, bəzən lap bir misrayla, yaxud hansısa bir
hekayə ilə onların nəzərində şair,
yazıçı kimi tanınmaq, yadda qalmaq olur. Halbuki
ədəbi uğurun ciddi kriteriyaları, geniş
ölçüləri var. Bu cür güzəştli
tanınmaq meyli zəiflik, təpərsizlik əlamətidir.
Bir də görürsən ki, bütöv bir ömür,
yaxud ömrün böyük hissəsi yaşanıb, amma ortada
yaradıcılıq adına çox cılız
şeylər var.
- Sizcə, “Aqibət duyğusu”nu
düzgün oxuyub anlamağın, intellektual nəsri Barnsdan
öyrənməyin xüsusi bir yolu varmı?
-
Məncə, dünya ədəbiyyatını
dərindən, hərtərəfli bilən Qismətin ön
sözü Barnsın yaradıcılığına və
konkret bu romana açar yazı kimi çox dəyərlidir.
Usta yazıçımız Şərif Ağayarın, cavan,
bilikli ədəbiyyatçımız Səbuhi Şahmursoyun
“Aqibət duyğusu” haqqında bugünlərdə
yayımlanan esseləri də təqdimat və təhlil
sarıdan faydalıdır. Elə sənin
hazırlayacağın bu müsahibənin də, yəqin ki,
oxuculara ciddi köməyi, müsbət təsiri olacaq.
Söhbətləşdi: Ramil ƏHMƏD
(Artkaspi.az)
525-ci qəzet 2017.- 19 avqust.- S.16.