Rəşad Məcidi necə oxumalı: maraqlananlar üçün bələdçilik cəhdi

 

İrfan ÇİFTÇİ

 

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri

 

Şair və nasir, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin “Dəlicəsinə” adlı kitabı bu yaxınlarda Türkiyə türkcəsində nəşr olunub.

 

Kitaba Rəşad Məcidin müxtəlif illərdə qələmə aldığı esselər, səfər qeydləri və digər yazılar daxil edilib. Mətnləri Muhammed Rza Qoçi çevirib.

 

Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Məslək Birliyi (İLESAM) ilə AYB arasındakı razılaşma əsasında “Tulpars” nəşriyyatında çap olunan kitabın mayın 13-də Ankaradakı Türk Tarix Qurumunda geniş təqdimatı və imza mərasimi keçirilib.

 

Tanınmış şair və ədəbiyyatşünas, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi İrfan Çiftçinin kitaba yazdığı ön sözü “525-ci qəzet”in oxucularına təqdim edirik.

 

1. RƏŞAD MƏCİDİN KEÇİB GƏLDİYİ “ZAMAN TUNELİ”

 

Zamanın ruhundan agah bir yazar olan Rəşad Məcid çağdaş Azərbaycan düşüncəsinin dünyadakı yerini quşbaxışı müəyyənləşdirmək üçün seçilə biləcək, bəlkə də, ən səciyyəvi - özünəməxsus və orijinal xarakterli - müəlliflərdən biridir. O, yaşadığı dünyanı özündən əvvəlki dövrə aid dil və üslubla deyil, öz zamanına xas aydın və çevik şüurdan qaynaqlanaraq, bugünkü dillə ifadə edir. Bu ilk cümlələri simvolik bir giriş xatirinə yazmıram...

 

Ümumən Qərbdə və Türkiyədə Sovet mədəniyyəti, əsas etibarilə, “soyuq müharibə” dövrünün ideoloji-siyasi kodları, sanki hər an fəallaşma təhlükəsi olan, yoluxucu viruslar kimi analiz edilir. Sovet dövrünün və o dövrün ideoloji təzahürlərinin çoxcəhətli təhlil və izahlarına bəşəriyyətin, bütün dünyanın hələ də ehtiyacı var. Sovet mədəniyyəti bir sıra stereotiplər, leytmotivlər, həndəsi prizmalarla bir-birinə bağlı olan qalereyalar toplusu idi. O dövrün mənzərəsi ağ-qara həyata bir qədər həyəcan qatan bəzi istisnalara - mərasimlər, rituallar və nümayişlərə də bəlli ölçüdə yer verilmiş təsvirlər aləmini xatırladır. Yəni Sovet ideoloji sistemi insanları eynitipli varlığa çevirmək üçün ictimai mühiti son dərəcə sekulyar məzmunlu stereotiplər, mərasimlər, şəkillər, tamaşalar və simvollarla başdan-ayağa bəzəmişdi. Cəmiyyətə isə bunların təsiri altında sinikcəsinə formalaşdırılıb vahid yöndə düzlənən müti bir kütlə kimi baxılırdı. Fərd son həddəcən sıxılıb-büzüşməyə, vəzifə pərdəsinin, yaxud partiya adlı ictimai örtüyün altında gizlənməyə məcbur idi. Hər hansı qabiliyyəti, xüsusi bir bacarığı vardısa da, onu üzə çıxarmamalı, hər addımda pərdələməliydi. Mayakovski elə-belə deməmişdi ki: “Fərd! O, bir heçdir, əlbət...” Belə şəraitdə şəxsiyyət, özünəməxsusluq hardasa bir cinayət əməli sayılır, rəsmi dairələr hər kəsin bir-birinə bənzəməsini, hətta hamının eyniləşməsini keyfiyyət əlaməti kimi görürdü. Doğrudur, sonralar həmin ideologiyanın çinli təzahürü olan Mao Tsedun “qoy, min-min çiçək açsın” demişdi, amma çiçəklərin rəngbərəng deyil, təbii ki, hamısının bir rəngdə olmasını nəzərdə tutmuşdu. O dövrdə dillər əzbəri olan bu misralarda deyildiyi kimi:

 

“Fərd!

O, bir heçdir, əlbət!

Fərdin səsi zəifdir,

hətta ciyiltidən də.

Kim eşidəcək onu?

Arvadımı?

Ola bilər.

Təbii ki, bazara getməyibsə əgər...

Partiya!

Bu isə

milyonlarla səsin qopardığı

bir qasırğa!”

 

(Vladimir Mayakovski)

 

Sovet mədəniyyəti estetika və mündəricə etibarilə özünün ən böyük düşməni olan nasist mədəniyyətinə və onun təbliğat üsullarına çox doğmadır. Hər iki ideoloji rejimin meydana çıxardığı stereotiplər kultu yaxın zamana qədər bir çox müstəqil milli dövlətin təşəkkül tapma və mədəni kimliyini formalaşdırma prosesində məqbul model kimi götürülüb. Ona görə, aradan 25 ildən artıq vaxt keçməsinə rəğmən, hələ də postsovet ölkələrinin mədəniyyəti bu stereotiplərin ciddi təzyiqi altındadır. Xüsusən də bu ölkələrin mədəniyyət, incəsənət, ədəbiyyat sahəsində nümunə kimi götürülən obraz və simalar Sovetdən miras qalmış ideoloji baqajdan heç cür qurtula bilmirlər. Günümüzdə də sözügedən ölkələrin hətta postmodernist, marginal, anarxist tiplərində belə, həmin sosialist gerçəkçiliyə xas olan “cəmiyyəti dövlətin gücü hesabına dəyişdirmək” idealının, didaktik, yakobinçi davranış tərzinin qeydə alınmasını başqa nə ilə izah edə bilərik? Bu ölkələrdəki təfəkkür, incəsənət, mədəniyyət mühitinin yeni dönəmə məxsus, qrotesk səviyyəsində olsa da, yerli-məhəlli ənənələr formalaşdırdığını söyləmək hələlik çox çətindir. Belə olan təqdirdə, yaradıcı insanlar nümunəvi obrazları, örnək prototipləri haradan götürməliydilər? Hələ yenicə bələd olmağa başladıqları, ancaq o qədər də inanıb güvənə bilmədikləri “avropavari” obrazlara nisbətdə “sovetsayağı” tiplər və davranış biçimləri onlara daha təbii gəlirdi. Bu səbəbdən də, hansı sahədən olursa-olsun, yaradıcı insanların bir qismi dünyanın ixtiyari nöqtəsinə üz tutaraq tez-tələsik qeydə aldıqları obrazları nümunə kimi götürdülər. Amma daha təmkinlilər, ənənələrdən qopmayanlar nisbətən sanballı, dolğun obrazları yenə Sovet dönəmində arayıb tapırlar...

 

Təbii ki, bu mədəni ənənələr son 25 ildə xeyli zəifləyib. Ancaq üzdəki kosmetik qatı bir azca qurdalayanda çoxunun altından-həm müsbət, həm də mənfi anlamda-Sovetin estetikası, tərbiyəsi, əxlaqı, şablonlaşmış texnikası və sairə çıxır. Odur ki, bu ölkələrdə, xüsusilə, 40 yaşdan yuxarı ziyalı, sənətçi və alimlərin, hətta texnika üzrə mütəxəssislərin əksəri bir-birinin tam oxşarı kimi görünür; istənilən birini tanıdınsa, az müddət keçəndən sonra elə bilərsən, hamısı ilə tanışsan. Beləcə, bu insan tipləri, bir növ, klonlaşmış varlıqlar kimi yeknəsəq təsir bağışlayar. İllər boyu qapalı mühit olaraq qalmış Sovetlər ölkəsinin şəhərləri, filmləri, maşınları, insanları - “salxım salxıma baxa-baxa qaralar” məsəlindəki kimi, bir-birinə son dərəcə bənzər şəkil alıb. Əslində, kommunist şablonların burada kifayət qədər dərin təsirləri olduğunu söyləyə bilərik.

 

“Dəmir pərdə”nin o üzünə ciddi bir format vermək cəhdi heç də “təşəbbüs mərhələsi”ndə qalmayıb, öz məramına uyğun tərzdə, bir xeyli də real nəticələr doğurub. Eynilə Türkiyədəki 15 İyul hadisəsi qətiyyən adi bir “çevriliş cəhdi”, sadəcə təşəbbüs olmaqla məhdudlaşmayaraq, misli görünməmiş ağır fəsadlar doğurduğu kimi. Sovet rejimi də beləcə bir təşəbbüs-filan olaraq qalmayıb, tarixi təsirləri öz yerində, insanların fitrətində də dəyişikliklər yaradıb. Odur ki, indi türkdilli məkanın Sovetdən sonrakı mənzərəsinə baxanda, Oljas Süleymenov, Rauf Pərfi, Ramiz Rövşəndən savayı, dünyaya təqdim olunası neçə şair adı çəkə bilirik?! Şairlər çox olsa da, hamısı “matryoşka”lar qədər bir-birinə bənzəyirdi. Monolitləşdirilmiş cəmiyyətin hər bir fərdi kimi, sənət adamları da sanki kopyalanmışdı. Rusdilli dünyanın da durumu fərqli deyildi. Hər yerdə yüzlərcə Rəsul Həmzətov kimi imitasiya nüsxəsi qaynaşırdı. Ona görə də Sovet örtüyü götürüldükdən sonra Dostoyevskini, Tolstoyu, Çaykovskini, Üzeyir Hacıbəylini və ya Qara Qarayevi əvəz edəcək dühalar ortaya çıxmadı.

 

2. HƏR ADDIMIYLA ÖZ PORTRETİNİ CIZAN ADAM 

 

Rəşad Məcidi əhatə edən atmosfer, əsas etibarilə bu sayaq, yəni saflığa qənim kəsilmiş ab-havadır. Sovet ideologiyasına bürünmüş qurumların “dişli çarx”ından keçən insanın, “azad fərd” kimi yetişməsi bir yana dursun, həyatda qalması belə, möcüzədir. Şəxsiyyəti əzib zədələyən, fərdlərə ancaq bəlli ölçüdə - ictimai maraqlara xidməti müqabilində dəyər verən sistemin ideoloji mexanizmləri arasından bir yol tapmağa çalışaraq, Nitsşenin məşhur “İnsan necə özü ola bilər?” sualına ümidsizcəsinə cavab axtarmaqdır bu. Rəşad Məcidin timsalında isə bu, Azərbaycanda rus-sovet təsiri ilə təşəkkül tapmış ənənələr çərçivəsində yetişib, keçid dövründə mətbuat sahəsində rəhbər olaraq irəli çıxıb, 25 ildən bəri sürəkli fəallıq nümayiş etdirmək, bu müddətdə həm özünəməxsusluğunu, fərdi-milli simasını qorumaq, həm də bütöv, universal dünyagörüşə yiyələnmək kimi, tam mənada, müstəsna bir sosial hadisədir. Deməli, Rəşad Məcidin içini-cövhərini qoruyan çox sağlam, təbii bir “qabıq” varmış. Mövcud reallığın sərt zərbələrindən qoruna bilməsinin sirri, zənnimcə, atasıyla “nəsillərarası konflikt”dən uzaq münasibətində, ikisini bir-birinə bağlayan o incə şəfqət telindən yapışaraq, qədim türk-islam məfkurəsinə üz tutmasındadır. Pak bir ocaqdan irsən aldığı, ən dar məqamda da içində qoruduğu Əhli-Beyt sevgisi ilə cilalanmış saf inciyə bənzər xarakteri onunla birgə yetkinləşərək, şəxsiyyətinin özəyini təşkil edib. Mənəvi xəzinə kimi varlığında daşıdığı bu sarsılmaz özək, Rəşad Məcidə Sovetin qurğuşun qəliblərindən yayınmaq bacarığı, milli əxlaqa, azad düşüncə və davranış tərzinə sahib olmaqla dərin ehtiram qazanmaq qabiliyyəti, özünəinam, sonsuz cəsarət və coşqun enerji bəxş edib. Əslində, tanış olduğumuz 1990-cı illərdə bizi bir-birimizə yaxınlaşdıran duyğudaşlıq hissinin təməlində də Rəşadın öz atasına “nəsillərarası konflikt”dən uzaq münasibəti, hətta daima ondan hörmət və məhəbbətlə bəhs etməsi dayanırdı. Qadınlardan fərqli olaraq, kişilər özlərini sözlə ifadə etməyə çətinlik çəkirlər. Çünki qadınların dili, kişilərə nisbətən, düz, hamar deyil, çıxıntılarla, səthi naxışlarla örtülüdür. Dərinlik, genişlik, duyğuların rəngi, səslərin melodiyası kimi hissi təzahürləri qadınlar daha incə ifadələrlə dilə gətirib çatdıra bilirlər. Amma bu ifadələrin mahiyyəti, ruhu yenə kişilərə aid motivlərdən yoğrulur. Çünki insanın xilqətində kişi - ruhu, qadın - nəfsi, arzunu təmsil edir. Bu nöqteyi-nəzərdən, “Edip məsələsi”nin çox ciddi olduğu qənaətindəyəm. Atasıyla konfliktli övladlarla mənim ünsiyyət qurmağım hər zaman çətin olub. Rəşad atasının pəncərəsinə yapışıb qalmamış, onun göstərdiyi pəncərələrdən dünyaya baxmağı üstün tutmuşdu; başı üzərindəki tavanı dəlmə-deşik edib bədənini və ruhunu yaralamağa yol açacaq üsyankarlığa qapılmamışdı. Mərhəmət, vicdan, insaf, ədəb, həya, ülfət hissini, tədbirliliyi rəhbər tutur, vətən, millət, dövlət, imkan və uğurlu gələcək anlayışını da bunlara əsasən sıralayırdı.

 

Müstəqil Azərbaycanın qurulduğu, böyük bir dünya olan Sovetlərdən qopub başqa bir dünyaya qədəm qoyduğu ərəfədə mən onun bu yöndəki davamlı cəhdlərinin şahidi oldum. Şəxsiyyətini formalaşdıran dəyərlər üzərinə yeni anlayışlar əlavə edərək dünyagörüşünü kamilləşdirməyə can atırdı. Bir zaman çöhrəsində sezdiyim - həya, təvazökarlıq, saflıq və nəzakətdən xəbər verən - incə cizgilər, ola bilsin, tədricən yaşın gətirdiyi yorğunluq və arxayınlıq ifadəsilə əvəzlənib, amma üzündəki o utancaq uşaq məsumluğu əsla yox olmayıb. Demək, onun içində hansısa travma yoxmuş, içində əsla acgöz bir uşaq gizlənməyibmiş. Tanıdığım, oxşar dünyalara aid insanların çoxu öyrənib əzbərlədikləri, ən yaxın saydıqları naməlum bir obraza aid davranışları təsəvvürdə canlandıraraq hərəkət edirdi. Türkiyəyə gəlmiş azərbaycanlılar - şair, alim, hər kimsə - “necə lazımdısa, o cür” davranırdılar, əksərinin maraq və reaksiyaları kopyalanmış kimiydi. Onu isə fərqli gördüm. Çünki həm özünə, həm də dünyaya münasibətdə realist olmağa çalışırdı. Olayları dəyərləndirərkən nə tarixi, nə də utopik yanaşmaya qapılıb qalmırdı. Maraqları, özünəməxsus, sualları orijinaldı. Məsələn, ilk dəfə, bir jurnalist olaraq, Qarabağ mövzusunda beynəlxalq münasibətlər üzrə mütəxəssislərdən rəy öyrənmək istəyirdi (Onda “Ədalət” qəzeti üçün Türkiyənin iki məşhur alimindən - professorlar Sülhi Dönmezer və Toktamış Ateşdən geniş müsahibələr aldıq). Lüks restoranlara yox, tələbə yeməkxanalarına, tanınmış insanlara deyil, adi adamlara maraq göstərirdi... Hələ gənc olsa da, dövlətin müstəqilliyi, ölkənin bütövlüyü, millətin gələcəyi onun üçün həyati önəm daşıyırdı. Halbuki, bu məsələlər o zaman, istər, birdəfəlik xaricə üz tutan, istərsə də, ölkədə qala-qala “intelligent rahatlığı” pozmayan ziyalıları elə də qayğılandırmırdı. Onları ən çox düşündürən məsələ - dəyişən sosial-siyasi şərait üzündən sual altına düşmüş - şəxsi perspektivləri idi. Yəni, kimisinin yeganə dolanışıq yoluna, kimisinin də, uğrunda məcnun olduğu sevdaya çevrilmiş vətən-millət məsələsi bəzilərinin heç vecinə deyildi. Sözün əsl mənasında qurucu-yaradıcı şəxslər isə həyatın gündəlik axarından kənarda qalmadan, eləcə də insafı, vicdanı əldən buraxmadan, iş görərək vətən-millət mübarizəsində önə çıxırdılar. Rəşad Məcid eynilə bu cür qurucu və yaradıcı insanlardandır. Bu niyyətlə də o, “525” kimi həm elitar, həm də populyar olan çox ciddi bir qəzet yaratdı. “525-ci qəzet” təkcə ziyalıların haqq səsi olmaqla qalmadı, Ramiz Rövşənin öz poetik platformasını ifadə edəcəyi bir mühit də formalaşdırdı. Yaranan bu mühit çağdaş Azərbaycan için gerçək anlamda elitar düşüncə və yazı məktəbi oldu, əli qələm, dili söz tutan yepyeni bir nəsil yetişdirdi. Təsvir etmək istədiyim Rəşad Məcid portretinin ən dəqiq təqdimatı da məhz bu “adam yetişdirən adam” keyfiyyətində öz əksini tapır. Çünki yalnız marginal bir dərgi buraxıb, sadəcə, Ramiz Rövşənin şeirlərini və ya Kubinka hekayələrini, yaxud da Qarabağ ovqatlı yazıları nəşr edərək çoxlu pul qazanar, ölkədə xeyli məşhurlaşardı. Ancaq məsələ Ramizin poeziyası ilə dünyanın gündəminin, gənc yazarların marginal düşüncələrilə yeni müstəqil dövlət inşa edən hakimiyyətin sabitlik qayğılarının sintezini uğurla gerçəkləşdirərək, bir məktəb yarada bilməkdi. Onun ölkədən dünyaya yayılan ən mühüm sözü, gerçək mesajı məhz bu oldu. Qəzetini məktəb səviyyəsinə yüksəldərək, bir yandan ölkənin sanballı yazarlarının platformasına, bir yandan da populyar mətbu orqana çevirməyi bacardı. Bunlar arasındakı tükdən də incə cizgini tuta bilmək bütün dünyada medianın izlədiyi hədəfdir.

 

O, AYB-də katiblik fəaliyyətinə zamanın, şəraitin də tələbi üzrə, narazı, etirazçı hər 3-5 nəfərin ya bir qrup düzəltdiyi, ya da sponsor taparaq dərnək açdığı dövrdə başladı. AYB-nin təşkilati təcrübəsini gənclərə çatdıran körpü rolu oynaması Rəşad Məcidin quruculuq-yaradıcılıq keyfiyyətinin daha bir göstəricisidir.

 

Rəşadın inkişafdan qalan cəmiyyətə qarşı fərdi - müxalif mövqeyini çılpaq ideoloji çıxışlarda deyil, yazılarındakı yumorda, təşbehlərdə, söz oyunlarında görmək mümkündür. Çünki o, sərbəst və çağdaş düşüncəli bir fikir adamı olaraq, mədəniyyət-incəsənət dünyasına, yaxud siyasi arenaya mütləq dostluq və ya düşmənlik prizmasından baxmır. Hökumət qurumlarının, yaxud ayrı-ayrı şəxslərin fəaliyyətinə tənqidi yanaşarkən bəlli qurumları və ya şəxsləri həmişəlik günahkar kimi suçlamır. Sadəcə, nöqsanlı saydığı davranışlarına görə tənqid edir. Əslində, son dərəcə müasir və demokratik olan bu yanaşma tərzini həm yazıda, həm həyatda ortaya qoyarkən onun nə qədər çətinlik çəkdiyinə ən çox şahidlik edənlərdən biri də mən özüməm. Bu mənada, deyə bilərəm ki, o, tənqidi mövqeyini fərqli tərzdə nümayiş etdirir, xora qoşulmur, öz səsiylə danışır. Üstəlik, bu, heç də şəraitin ona diktə etdiyi ifadə üslubu deyil, şəxsiyyətindən və dünyagörüşündən irəli gələn bir tərzdir. Yəni, Rəşad Məcid Sovet deyil, Fransa cəmiyyətində yetişsə, yenə də onun ifadə tərzi bu cür olardı. Həyəcanlı, hərarətli, maraqlı, rəngli, kinayəli, əyləncəli...Yaxud 10-cu yüzildə yaşasaydı, öz fikrini, tutalım, Koroğlu tərzində yox, Xəyyam kimi söyləyərdi...

 

Rəşad Məcid dogma ölkəsinə xas çeşidli müşküllərlə üz-üzə gəlib, amma bir sıra başqa yazarlar və ziyalılar kimi ətrafındakı reallıqdan qaçmayıb, yaşanan böhranlar bəzən onu yorub haldan salsa da, bütün bunların içərisində zamanın ruhunu anlayaraq öz düşüncəsini inkişaf etdirib. Tutduğu yola inamı, ölkəsinə və həmvətənlərinə bağlılığı, Türkiyə sevdası, Türk dünyasının dərdlərilə yaşaması onun bütün bu qarışıq, boz-bulanıq mühitdən cılğın bir ehtirasla sıyrılıb çıxmasına təkan verib. Onun çılgınlığı nə vəzifə kreslosuna rahatca yayxanmaq, nə də xaricə qaçıb orada əl boyda bir bayrağı şit ədayla yellətmək üçündür. Bu, qaranlığı qətiyyətlə yaran, Azərbaycan türklərinin, dövlətin və ölkənin sabahı naminə özünü gənclər üçün mənəvi körpüyə çevirən insanın gerçək və təvazökar çılğınlığıdır.

 

Sovet İttifaqının dağılmasından 25 ildən artıq zaman keçməsinə rəğmən, həmin respublikalardan dünyaya daha çox hansı qələm məhsullarının, nə kimi dəyərlərin yol tapıb çıxdığı məlumdur. Birbaşa mövzumuz deyilsə də, gəlin görək, çox güclü ənənələrə malik rus ədəbiyyatından bu müddətdə neçə nəfər “Nobel” ala bilib və neçə əsər postsovet məkanından kənarda bestseller kimi yayılıb? Digər ixrac məhsullarıyla müqayisədə elə də çox deyil. Dünyanın əks tərəfinin hələ də aradan qaldırmadığı embarqonu bunun yeganə səbəbi kimi görmək olmaz. Heç şübhəsiz, mühüm səbəblərdən biri də həmin respublikalardakı çox sayda yazarın və ya sənətçinin bir-birinə həddən artıq bənzəməsi, monotonluqdan və məhəllilikdən qurtulmaması idi. Onların ideya və mövzuları, dərdləri özlərindən başqa kimsənin diqqətini çəkməyəcək qədər bayağılaşmışdı. Dolayısıyla, bizim dünyamız üçün də zənn edildiyi qədər maraqlı deyildi. Həmin ölkələrdən “şeir” adıyla qarşımıza çıxarılanların çoxunu bizim “Beş hecaçılar”mızın, “Yeddi məşəl”çilərimizin yazdıqları və hələ də davamı gələn qəhrəmanlıq mənzumələrimiz beşqat üstələyər. Yaxud, bizim Mahmud Makalın, Fakir Baykurtun, Ahmet Günbayın kənddən və ya ucqar şəhər məhəllələrindən bəhs edən hekayələri onlardakı yüzlərcə “kolxoz romanı”ndan zəifdirmi? Bütün bunların, əlbəttə, ədəbiyyat tarixi, ya da ədəbi sosiologiya baxımından müəyyən dəyəri var, amma zaman yüksək zövqü əsas tutur və biz də ona tabeyik... 

 

3. “SÖZLƏRİN TOZU”NUN ALTINDAKI ÇILĞIN ARZULAR 

 

Bilindiyi kimi, oxşarlaşdırıb-eyniləşdirmə yalnız Sovet ideologiyasının deyil, onu da əhatə edən böyük bir düşüncə və ifadə axınının - modernizmin təməl parametrlərindən biridir. Təbii ki, modernizmin ortaya çıxardığı yeni ictimai qruplardan olub mədəniyyət-incəsənət mühitində yaşayan fərdlərin bir çoxu yaşam və davranış tərzi, hətta mənəvi irs-miras baxımından da xeyli dərəcədə oxşardır. Bir çox yazarın reaksiyaları, arzuları, hətta portretləri arasında sıx bənzərlik var. Fotolarda əlini çənəsinə dayayıb barmaqlarının ucunu qulağının dibinəcən uzadanların, yaxud mütləq bir əlində qələm tutanların standart portretləri cəmiyyətə “Düşünən adam” obrazını sırımaq üçündür. Sanki bu adamlar heç top-top oynamayıb, bazarda çənə-boğaza çıxmayıb, yaxud səhərlər oyananda gözlərini ovuşdurmayıblar! Amma modern toplum, insanları funksiyalarına nəzərən təsnif etdiyi üçün, onların nəinki fotoları, dünyada qalacaq arxeoloji izləri belə, uyğun tipdə olmalıydı... Bu, get-gedə davranışlarda da özünü göstərməyə başlamışdı. Nümunə kimi seçilən insanları təqlid etmək, stereotiplərə tam uyğunlaşmaq, xüsusən, Sovet toplumunun önəmli bir iddiasına çevrilmişdi. Ona görə də belə toplumların hər zümrəsində bu birtipliliyin izləri, digər cəmiyyətlərə, misal üçün, bizə nisbətən, daha çox gözə çarpır. Bəlkə də məhz bu qarğaşanın içindən çıxa bilmədikləri, yetərincə ölçüb-biçmədikləri, anlamağa çalışmadıqları üçün sonradan həmin toplumlarda ciddi-klassik mədəniyyətə münasibətdə vandalizm baş qaldırdı.

 

Azərbaycandan dünyaya çatdırılası sözü olan - sadəcə yaxından maraqlananların deyil, bizim gənclərin də oxuyaraq dəqiq ünvana yönələ biləcəkləri - qələm sahibi kimi, Rəşad Məciddən götürülən örnəklər çox yerində və faydalıdır. Çünki o, bir bütövü təmsil edə bilir. Rəşad Məcid yaşadığı dövrü sadəcə futuristik-utopik yöndən anlayıb ifadə etmir. Olduğu yerdən baxaraq, içində yaşadığı zamanın ruhuna istinadən mühakimə yürüdür. Yəni, onda Azərbaycan klassiklərindən Cəlil Məmmədquluzadəni, Sabiri xatırladan yumor elementlərini sezmək, ənənələrdən gələn havanı xoş bir meh kimi hiss etmək mümkündür.

 

Rəşad Məcidin bu kitabında yer alan esse və hekayələrdə, məqalə və söhbətlərdə, səfər qeydlərində, eləcə də digər mətnlərdə onların məzmununun yaşandığı və qələmə alındığı zamana, yəni həm öz ölkəsinin, həm də dünyanın az qala alt-üst olduğu dövrə aid kadrlar gözlərimiz önündə bir-birini sürətlə əvəzləyir. Qloballaşma qasırğasının yerüzünü bürüdüyü o illərdə, sadəcə ölkələr, dövlətlər və qurumlar bir dünyadan başqasına üz tutmamışdı. Bəşər mədəniyyətinə məxsus bütün dəyərlər, fövqəladə bir şəraitdə, xaosa sürüklənməkdəydi.

 

Rəşadın səfər qeydləri yalnız özünün yaşadıqlarından yox, bir dönəmin mədəniyyət tarixinə işıq tutacaq fakt, təsvir və şərhlərdən ibarətdir. Bütün bunları o, əsl mədəniyyət adamı mövqeyindən, eyni zamanda, əsl jurnalist maraq və həyəcanıyla, sanki bir film halında bizə nümayiş etdirir. Misal üçün, Çorlulu Ali Paşa Mədrəsəsinə olan marağıyla, bu haqda verdiyi bilgi və təsvirlərlə, bir tərəfdən, onun qələminin jurnalist təmayülü üzə çıxırsa, digər tərəfdən, həmin məkana aid atmosferdən duyduğu şairanə hisslər sətiraltı ifadəsini tapır.

 

Öyrənirik ki, Rəşad Məcidi fikir və yazı adamı qismində həyata bağlayan tellər bir ara qopub əldən gedir, söykəndiyi divarlar uçub tökülürmüş. Sakini olduğu ədəbiyyat-yazı dünyası ilə onun - bir insan və yazarın arasında heç gözlənilməyən əngəllər peyda olurmuş. “...Sözün gücünə inamımın azaldığı, itdiyi məqamlarda yazmaq mənim üçün məşəqqətə çevrilir... Hətta çəkisi nə qədər azalsa da, nə qədər saralıb-soluxsa da, bilirsən ki, söz hədəfinin ətrafında fırlanır, birbaşa gücü çatmayanda da, yaratdığı sirli auranın nəfəsi hiss olunur, duyulur (“Səfərin təzəsi, dostun köhnəsi”).

 

Belə vaxtlarda fikir adamı necə bir böhran yaşayır, nə cür bir çarəsizliyə qapılır? Sitat gətirdiyim cümlələrdən də göründüyü kimi, belə məqamda artıq “bu fikri hansı ədəbi janr və üslubla, ifadə edim” tərəddüdünə yer yoxdur, çünki yazar öz nəfəsinin ritmini, qəlbinin ahəngini sözə çevirə biləcəyinə əmin deyil. Tarixin bu dönəmindəki kədərli tablonu Rəşad Məcid bizə, Yesenin özünün son şeirini qanıyla yazdığı kimi, sanki çarəsizlik içində çırpınaraq cızır.

 

Onun ifadə üslubunda bir neçə ədəbi janr, əbru sənəti sayaq, iç-içə keçdiyi üçün, bütün yazılarına həm forma, həm də məzmun baxımından dinamika qazandırır, gizlin, sətiraltı xallar vurur. Odur ki, bəzi qiymətli daşlar, günəş şüalarından asılı olaraq rəng dəyişdirdiyi kimi, bu yazılar da müxtəlif zaman və şəraitdə fərqli assosiasiyalar doğurur. Onun yazılarına içərisində olduğu məhəlli mühitdən dünyaya açıla biləcək qədər orijinallıq qazandıran da elə bu cəhətlərdir. Çünki ümumilikdə Azərbaycan yazılı ədəbiyyatındakı, xüsusən də şeirindəki yeknəsəqlik, bolluca sözçülük və ifrat məhəllilik başqa mədəniyyətə mənsub insanları yorub usandırır. Azərbaycan ədəbiyyatının bu qalın özünəvurğunluq pərdəsi onun xaricə açılmasını ciddi şəkildə çətinləşdirir. Rəşad Məcid isə hətta çox məhəlli alına biləcək yaddaş yazılarını belə, orada önəmli bilgilərə yer verərək, məzmununu maraqlı əhvalatlarla dərinləşdirərək, tarixə dair qeydlərini poetik və metaforik təsvirlərlə, incə yumoristik gedişlərlə darıxdırıcılıqdan sığortalayaraq, dönə-dönə oxutmağı bacarır. Onun yazıları cəlbedicidir. Oxuyanın içinə çox zaman hüzn çökür. Bəzən də üzünə xəfif gülüş, titrək təbəssüm qonur. Hər bir halda, oxucunun ruhunda tərpəniş baş verir. Oxucu hansısa yazara təkrar-təkrar qayıtdıqca özündən dünyaya gedən bir yol tapırsa, başqa dünyalardan özünə doğru enerji axını hiss edir, öz varlığında bir dalğalanma duyursa, deməli, o müəllif və onun yazdıqları qalıcıdır. Rəşad Məcid bu kitabda yer verilən yazılarında buna həqiqətən nail olub.

 

Misal üçün, səfər qeydlərinə diqqət yetirəndə, heyətdəki statusundan asılı olmayaraq, onun bütün görüşlərdə özünü məhz jurnalist kimi apardığını, hətta ilk tədbirinə çıxmış müxbir həyəcanı ilə çalışdığını görürük. Qatıldığı görüşlərin həm rəsmi-diplomatik ştrixlərini qeyd edir, həm də qarşısındakı səlahiyyət sahiblərinin (məsələn, sabiq nazir Mehmet Aydının) şəxsi intellektual səviyyəsinin fərqinə vararaq, onların dediklərini bir də bu yöndən ölçüb dəyərləndirir. Bütün bunlardan adi “maqazin” xəbərləri, sensasion manşetlər çıxarmağa can atmır. Əslində, Rəşad Məcidin qəzetçiliyi modernist tipli fikir jurnalistikasıdır. Postmodern dövrdə yaşamağımıza rəğmən, o, modernist qəzetçilikdə israrlıdır! Elə mən də bu cəhətdən mühafizəkaram. Bu yöndəki cəhdləri onu və yazdıqlarını bəlkə bir tvit qədər də “trend-topic”ə çevirmir, amma mənim də arzulayıb ümidvar olduğum budur ki, gələcəyə tvitlər yox, kitablar qalar.

 

Rəşad çox nüfuzlu bir qəzetin baş redaktoru olsa da, bu işin əsasında müxbirliyin dayandığını heç zaman unutmur və bunu əməldə gerçəkləşdirir (Bu xasiyyətinə görə onu yaxın keçmişin dəyərli türk qəzetçisi, özü baş redaktor ola-ola, müxbirlikdən də vaz keçməyən Ufuk Güldemirə bənzədirəm). Qatıldığı tədbirlərin havasına, həyəcanına qapılmaq, üstün mövqenin verdiyi məmnunluq hissini yaşamaq əvəzinə, orada cərəyan edənləri öyrənməyə çalışır, təvazökar bir müxbir kimi qeydlər götürür. Sonradan, bəlkə həmin tədbirlərin iştirakçılarının heç xatırlamadıqları çıxışları, epizodları da biz onun yazılarından oxuyuruq. İllərlə bu sahədə fəaliyyət göstərən, belə protokol işlərinin müəyyən mənada mərkəz nöqtəsində dayanan biri kimi, mən bunun nə qədər çətin olduğunu bilirəm. Qarşısındakı dövlət adamıyla, yaxud hansısa xüsusi önəmə malik şəxslə rahatca göz və ya söz təması qurmaq imkanı ola-ola, passiv izləyici kimi qalıb sadəcə orada baş verənləri qeydə almaq insandan öz eqosuna üstün gəlməyi, bir növ, nəfsinə hakim olmağı tələb edir...

 

Rəşad Məcidin türk ədəbiyyatı ilə inteqrasiya naminə necə çalışdığı, “iki ölkə - bir ədəbiyyat” uğrunda fədakarlığı, türkcənin iki fərqli ərazisini az qala əlləriylə birləşdirməyə cəhd etdiyi də göz qabağındadır. Vaxtilə Orhan Pamukdan İskəndər Palaya, Elif Şafaka qədər bir sıra türk yazarının əsərləri və dünyagörüşləri haqqında, gerçək ədəbiyyat adamı olaraq, Azərbaycan oxucusu üçün yazdıqları həqiqətən dəyərlidir. Əlbəttə, kaş ki bu yazılar həmin mövzuların gündəmdə olduğu vaxtlarda Türkiyədə dərc edilib yayılaydı. Onda Türkiyə oxucusu da yaxın, doğma bir yazarın baxış bucağını əks etdirən bu təhlillərdən isti-isti yararlana bilərdi. Xüsusən də, onun bir vaxtlar vurğunu olduğu (yenə də elədirmi - bilmirəm) Elif Şafakla bağlı yazdığı son dərəcə orijinal təhlil və dəyərləndirmələr Türkiyə oxucusuna da həddən ziyadə maraqlı gələrdi. Bu kitab vasitəsilə bütün bunların bizim söz xəzinəmizdə, gec də olsa, öz yerini tutması ədəbiyyat tariximizə qiymətli töhfədir.

 

Digər tərəfdən, kitabda - bəlkə, bizim özümüzdə belə qeydə alınmayan - tarixi epizodlar var. Birlikdə getdiyimiz “Sultan Ahmet Ramazan Çadırı”ndakı “aşıqlar kafesi”nin ab-havasını, 30-cu TÜYAP Kitab Sərgisini özünəməxsus tərzdə elə təsvir edir ki, sanki bunlar film kimi ekranda nümayiş olunur.

 

Həm ən yüksək səviyyəli türk və əcnəbi dövlət adamlarının baxışlarına, həm də şəxsi müşahidələrinə əsaslanmaqla, xüsusən, Türkiyə-Azərbaycan mədəni əlaqələrinin necə irəlilədiyini gah o yandan, gah da bu yandan ayna tutaraq əks etdirir. Mehmet Aydının Azərbaycan mədəniyyəti haqqındakı mülahizələrini də, Əli Həsənovun mətbuata münasibətdəki həssaslığını da gözdən qaçırmır.

 

Onun bəzi esseləri, əslinə qalsa, arxasından uzun hekayələr boylanan mətnlərdir. “Ağ dənizin duzu”, “Ağrı qardaşlarımız - bəlalı Krım tatarları” adlı mətnlərini həm çağdaş insanın tragik durumunun təsviri, həm tarixə dair qeydlər, həm də film ssenarisi, yaxud tamaşa mətni hesab edə bilərik. Bunların içərisində, informasiya yükü ilə bərabər, bir dövrə xas çox güclü ədəbi-sosioloji məzmun var. Burada türk dünyasının müxtəlif problemlərinə münasibəti də, yeni müstəqillik qazanmış bir ölkənin, dünyaya açılmaqda olan Azərbaycanın beynəlxalq arenada özünəməxsus tanınma kodlarını necə yaratdığını da, bu yöndəki mədəni tədbirlərdə yer alan simaların - Elçin Şıxlıdan Əbülfəs Qarayevə, Qənirə Paşayevadan Faiq Ağayevə qədər - yazar, biznesmen, məmur və sənətçilərin bəlli bir dövr üçün portret cizgilərini də görürük...

 

Rəşad Məcidin fəaliyyət strategiyası türklük sevdasına, insanlıq eşqinə əsaslanır. Ancaq bu məfkurə yolunda xüsusi fədakarlıqla addım atdığı iki mühüm qol var. Biri - Qarabağın işğaldan azad edilməsi, digəri isə - Azərbaycan mədəniyyətinin dünyaya çıxarılıb, layiq olduğu mövqeyə yüksəldilməsi. Onun az qala hər niyyətində, hər işində Qarabağ dərdi və qayğısı nəzərə çarpır. O torpaqlara bu qədər məhəbbət bəslədiyinə, o yerləri itirməkdən bunca məyusluq yaşadığına şahid və əmin olduğum nadir Azərbaycan ziyalılarından biridir. Hərdən uşaq kimi kövrəlməyinin də, dalğın, kədərli hallarının da məhz bundan qaynaqlandığını düşünürəm. Zaman-zaman Qarabağın işğalını şəxsi itkisi, ömrü boyu sağalmayacaq yarası, bədəninin bir yerinin əzilib-sınması kimi qavrayır. Halbuki, mənim onu tanıdığım illərdə Qarabağa yardım üçün var gücüylə çalışırdı. Qardaşı cəbhədə döyüşürdü. Amma Rəşadın Qarabağ yarası hələ də sızlayır, qaysaqlanmaq bilmir və bu ağrını onun bütün yazılarında hansısa formada görüb hiss etmək olar: “Ağdamın işğal təhlükəsi reallaşanda da o kitabları, nədənsə, çıxarmadım. Onda da, bir az əvvəl Şuşanın işğalından sonra da dünyanın axırı olduğunu zənn edirdim. Şuşa və Ağdamsız kitabın da heç kimə gərək olmayacağını düşünürdüm (“Pessimizm, nostalgiya və... qürur”).

 

“Əsəd bəy və Nuridə xanım” adlı geniş təhlil yazısı, həqiqi anlamda, istər sənədli, istərsə də bədii bir filmin ssenarisi təsəvvürünü yaradır. Ümidvaram, ekranlaşdırılar da. Burada əhvalatın qəhrəmanı olan Nuridə Atəşinin fəaliyyət yolunu gah lirik-komik məzmunlu italyan filmi tərzində, doğum günü məclisindən başlayaraq çözələyir, gah da Nuridə xanımın üsyankar təbiətini, onunla bağlı əhvalatları, az qala detektiv kimi, detallı şəkildə, ardıcıllıqla ortaya çıxarır, mövzunu akademik dəqiqlik və dolğunluqla qələmə alır. Məncə, bu yazı “Əli və Nino” müəllifinin sorağına çıxan Nuridə Atəşinin macərasından söz açarkən, sanki onun demək istədiklərini daha açıq və rəngarəng dillə çatdıra bilir (Nuridə xanımın qulağından iraq - İ). Yalnız həmin yazı üçün olsa belə, bu kitabın işıq üzü görməsinə dəyərdi...

 

Rəşad Məcidin hekayələrində və digər bütün mətnlərində gerçək mənada insan münasibətlərindən ibarət qaynar bir həyat var. Onlarda təklənmiş, yalqızlaşmış insanlar tapmaq az qala mümkünsüzdür. Tarixi mövzu və şəxsiyyətlərdən söz açarkən də, sadəcə portretlərə nəzərən deyil, insani münasibətlər müstəvisindən çıxış edir. Hadisəni sürətlə dramatikləşdirərək, bir film epizodu effekti yaradır... Uzun-uzadı mülahizələr, fəlsəfi mühakimələr vermək əvəzinə, gerçək insana xas durum və davranışlar, canlı dialoqlar vasitəsilə dinamika yaradıb, yazını darıxdırıcılıqdan sığortalayır. “Yuxu” essesində də onun təsvir qabiliyyəti üzə çıxır, tarix və insan psixologiyasına aid mətləblər məxsusi şirinliklə təqdim edilir. Rəşadın sənətkar marağı və müşahidə məharəti burada da özünü göstərir. “Kaş ki, daha çox, pyes və ssenarilər yazaydı!” - demək keçir ürəyimdən...

 

Rəşad Məcidin öz yazdıqları qədər, yazanlara dəstək olması, yazılanların nəşrinə yardım etməsi də tarixə düşəcək işlərdir. Ölkənin dəyişmə, dağılma və toparlanma dönəmində gənc yazar və sənətçilərlə Yazıçılar Birliyi və digər təşkilatlar, fərqli sahələrdəki sənətkarlar, müxtəlif nəsillər arasında körpülər qurmaq - qədir-qiyməti hələm-hələm bilinməyən, əvəzi heç zaman tam mənada ödənilməyəcək - fədakarlıqdır. Bunları da onun yaza bilmədiklərinin siyahısına əlavə etməliyik... 

 

4. SÖZÜN TOZUNU ALMAQ!

 

Rəşad Məcid illər boyu mənə kitablar, dərgilər və ədəbi materiallar sifariş edib. Bəzən də mənim təklif etdiklərimi bir səyyar kitab köşkü kimi daşıyıb. Bütün bunların sayəsində indi Azərbaycanda, xüsusən gənc nəsil arasında türk ədəbiyyatından bəhrələnərək təşəkkül tapan ciddi bir mühiti sanki ilmə-ilmə toxuyub. Bununla yanaşı, bir əlini uçuruma yuvarlanan marginal-müxalif gənc yazarların üstündən çəkməyərək, bəzən insanda açıq-aşkar ikrah doğuran iftiralara, qarayaxmalara rəğmən, onların bir çoxunu məhv olmaqdan qurtararaq AYB-yə doğru yönəldib. Beləliklə, həm müəyyən baxımdan durğun hala gəlmiş AYB-yə təkan verib, həm də “evdən qaçaq düşən övladların valideynlərlə görüşü”nə yol açıb. Bu qoca çinarın - 1995-dən bəri hər fürsətdə baş çəkdiyim və Türkiyə təmsilçisi olduğum, bir ara süstlük, ətalət basmış AYB-nin son 10 ildən artıq müddətdə həm təşkilat kimi fəallaşdığı, həm də sıralarına yeni nəsli də cəlb edərək dinamizm qazandığı göz önündədir. Bu prosesə, hər baxımdan bir Azərbaycan müdriki olan sədr Anarla, onun təcrübəli çiyindaşları ilə birgə Rəşad Məcid də böyük töhfə verib. Rəşad, bəlkə də, son 15 ildə fiziki və intellektual enerjisinin yarıdan çoxunu fərqli ədəbi nəsillər arasında körpü olmaq üçün sərf edib. Həm də körpüdən keçənlərin, mayamız olan torpaq kimi, onu da tapdalayıb incidəcəklərini bilə-bilə...

 

Yəni, bütün bunlar, bildiyimiz kimi, modern çağda çox insanın görə biləcəyi işlər deyil. Rəşad da insan yetişdirmək, nəsillər arasında körpü olmaq, yamanlıqlara sinə gərmək kimi məşəqqətli, qədri bilinməz əməllər yerinə, oturub yazılarını, kitablarını yazar, karyerasını inkişaf etdirər, özünə sərfəli işlərin arxasınca gedərdi. Ancaq fikir çırağı bambaşqa bir ocaqdan alışdığı üçün daima o şölənin sevdasıyla irəliləyir. Bu yolda səbrlə, ölkənin, dövlətin yenidən inşasına azacıq da olsa təkan vermək, müstəmləkədə yetişib milli müstəqillik məfkurəsini yüksəltmək amalıyla, “balıq bilməsə də, Xaliq bilər” inancıyla addımlayır.

 

Bir daha bu məqama qayıdıram ki, Rəşadın şəxsiyyət kimi formalaşmasında, yetişdiyi ailə-ocaq qədər, gəncliyində düşdüyü mühitin də rolu var. Rəşadı tanıyandan hiss etmişəm ki, zehnində və qəlbində daima ona yol göstərən iki insan var: poetik ruh baxımından Ramiz Rövşən, həyata, məsləyinə münasibət və xasiyyət cəhətdən isə Aydın Məmmədov. Onların hər ikisi barədə Rəşadın illər öncə yazdıqlarını oxuduqca, ümidvaram ki, bu qənaətimdə haqlı olduğumu siz də təsdiq edəcəksiniz.

 

Əlbəttə, Rəşad Məcidin fəal və qaynar tərzdə davam edən həyatı ilə bağlı yazılanlar bu kitaba daxil edilənlərdən onlarla dəfə çoxdur. Ancaq o, özü də hələ yazdıqlarının hamısını kitab halına salmayıb. Mövcud kitabları əsasında bir antologiya kimi tərtib edilən bu nəşr isə hər halda, onun düşüncə və yazı dünyası haqqında kifayət qədər təsəvvür yarada bilər. Təbii ki, çatışmazlıqlardan xali də deyil. Çünki bu, Rəşad Məcidin özünün planlı şəkildə hazırlayıb nəşr etdirdiyi kitab deyil, İLESAM-ın tərtib etdiyi seçmələr toplusudur. Xüsusən, yazar dostlarının bu yöndə çeşidli tənqid və təklifləri mütləq olacaq. Amma əsas odur ki, kitab türk oxucunu Rəşad Məcidin digər yazılarına da yönəldəcək keyfiyyətdədir və bu mənada, uğurludur. Zəhmət çəkənlər sağ olsunlar! Yazdıqları öz yerində, gördüyü işləri də Rəşadın əvəzindən qələmə alaraq onun “hesabına” əlavə etmək dostları üçün mənəvi borcdur. Ümidvaram ki, Rəşad Məcidin indiyə qədər yazdıqları arasından seçilib hazırlanmış bu nadir toplunu oxuyub başa çıxdığınız an, kitabı hazırlayanların işi qədər deyilsə də, mənim sizə bələdçi olmaq cəhdimdən də məmnunluq duyacaqsınız.

 

Ustadımız Ramiz Rövşənin dediyi kimi, sözün tozunu alıb, kitabdakı yazılarla aranızda isti bir təmas qura bilmişiksə, onda heç soyutmayaq... Buyurun, Rəşad Məcidin həyəcan dolu sətirləri sizi gözləyir.

 

Məni də yola saldı söz,

Mən getdim, sizə qaldı söz...

Yenə təptəzə qaldı söz,

Mən sözün tozunu aldım.

 

Məqaləni türkcədən çevirdi: S.Səfərov

525-ci qəzet $g 2017.-19 avqust.- S.10;12.