Şeirimizin səməndər quşu,
yaxud sözün ucalığındakı Məmməd Aslan
ünvanı
Azərbaycan ədəbiyyatı tarixinə 60-cılar adı ilə daxil olan ədəbi nəslin ən istedadlı nümayəndələrindən sayılan, ilk qələm təcrübələrindən öz yolunu, poetik mənini uğurla təsdiq etdirən şair Məmməd Aslan ədəbiyyatımıza möhürünü vurmuş istedadlı söz adamıdır.
O,
çoxşaxəli ədəbi-bədii
yaradıcılığı ilə ədəbi dilimizin və
poeziyamızın zənginləşməsində
böyük xidmətlər göstərib.
Uzun və zəngin bir yaradıcılıq yolu keçmiş
ədib poeziya yaradıcılığı ilə paralel olaraq
bədii publisistika sahəsində də qiymətli sənət
nümunələri yaradıb. Azərbaycan televiziya məkanında
uzun illər boyu apardığı müxtəlif məzmunlu
verilişlərdə ana dilimizin, milli adət-ənənələrimizin,
folklorumuzun, fauna və floramızın qorunması istiqamətindəki
fəaliyyəti də təqdirəlayiq bir hadisə kimi
yaddaşlara hopub.
Məmməd Muxtar oğlu Aslanov 1939-cu ildə Kəlbəcər
rayonunun Laçın kəndində anadan olub. Onun atası Muxtar kişi klassik və ağız ədəbiyyatının
gözəl bilicisi olduğundan şairin şeirə-sənətə
tükənməz sevgisi qandan və yaşadığı
mühitin zəngin saz-söz ənənələrindən gəlib.
Şairin uşaqlıq illəri İkinci Dünya
Savaşının ağır illərinə təsadüf
etmişdir. Kəlbəcər qəsəbəsində
orta məktəbi bitirdikdən sonra 1957-ci ildə o zamankı
V.İ.Lenin adına Azərbaycan Pedaqoji
İnstitunun tarix-filologiya fakültəsinə daxil
olmuşdur. Ali təhsil aldığı illərdə
bədii yaradıcılığa daha ürəklə
girişmişdir. 1962-ci ildə ali təhsilini
tamamlayaraq təyinatla doğulduğu Kəlbəcər
rayonuna göndərilmişdir. Əmək fəaliyyətinə
rayonun Yanşaq, İstisu kənd məktəblərində Azərbaycan
dili və ədəbiyyat müəllimi kimi
başlamışdır. Bir müddət
Kəlbəcər qəsəbəsində də müəllimlik
etdikdən sonra rayonda nəşr olunan “Yenilik” qəzeti
redaksiyasına işə keçmişdir. Müəllim
işlədiyi və
rayon qəzetində
çalışdığı illərdən
vaxtaşırı olaraq şeirləri, publisistik
yazıları respublikanın müxtəlif qəzet və
jurnallarında dərc olunmuşdur. 1970-ci ilin
yanvarında Bakıya köçərək ədəbi-bədii
yaradıcılığını burada davam etdirmişdir.
“Ulduz”, “Azərbaycan təbiəti”, “Pioner” jurnallarında, “Azərbaycan
gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetləri
redaksiyalarında, “Yazıçı” nəşriyyatında
müxtəlif vəzifələrdə
çalışmışdır. 1992-ci ildən
2010-cu ilədək Azərbaycan Dövlət Televiziyasının
“Ekran efir” qəzetinin baş redaktoru işləmişdir.
Eyni zamanda, Azərbaycan televiziyasında uşaq
folklorundan qidalanan “Əkil, Bəkil quş idi”, “Dərədən,
təpədən” verilişlərinin müəllifi və
aparıcısı olmuşdur. Ömrünün
son illərində “Xəzər” televiziyasında “Sözün
özü” verilişini aparmışdır.
Məmməd Aslan bədii yaradıcılığa
1960-cı ildə “Azərbaycan müəllimi” qəzetində
dərc olunmuş lirik bir şeirlə
başlamışdır. Sonrakı illərdə
şairin onlarla şeir və publisistik kitabları yüksək
tirajla çap olunmuşdur. Bir neçə
tərcümə kitabının da müəllifi olan
şairin türk xalqlarının tarixi və ədəbiyyatı
ilə bağlı kitabları da işıq üzü
görmüşdür.
Uşaqlığı və ilkin bədii
yaradıcılıq dövrü Kəlbəcərdə
keçən Məmməd Aslan ozan-aşıq sənətinin,
ağız ədəbiyyatının qədim məskənlərindən
sayılan bu ulu bölgədə şair mayasını da
xalqın tükənməz söz xəzinəsindən
tutmuşdur.
Şairin ilk qələm təcrübələrində də
bu təsir özünü aydın şəkildə göstərmişdir:
O körpəlik
beşiyim,
Mənim dağım, dərəmdi.
Zirvəsinə
baş əyim,
Uludu, möhtərəmdi.
Məmməd Aslan əlinə qələm
aldığı gündən sözə böyk məsuliyyətlə
yanaşmış, sözlə Tanrıya
tapınırmış kimi davranmışdır. Onun söz
yolunda çəkdiyi zəhməti, ağrını, bu amal
uğrunda keçib gəldiyi ömür yolunu da
mübaliğəsiz olaraq bir səməndər quşunun həyatına
bənzətmək olardı. Təsadüfi deyil ki, elə
özü də illər öncəsi yazdığı bir
şeirində öz şair qayəsini, ədəbi məqsədini,
sözə olan ilahi sevgisini bu şərtlər daxilində
ortaya qoymuşdur:
Bu yolu
seçdim ki, yanam, tutuşam,
Alovlar içində qovrulam quşam.
Ömrü
söz uğrunda girov qoymuşam,
Başqa sənətim yox, başqa işim yox.
Qeyd
etdiyimiz kimi, ötən əsrin 60-cı illərindən fəal
ədəbi yaradıcılığa başlayan Məmməd
Aslan müasir Azərbaycan ədəbi dilinə yeni nəfəs,
fikrin bədii-fəlsəfi yükü ilə birgə
xalqın folklor təfəkküründən qaynaqlanan sadə
deyim tərzi, axıcı üslub gətirmişdir. Onun
şeirlərində ustalıqla işlədilmiş təkrarsız
bədii məcazlar, dilin ən dərin qatlarına varmaqla
fikrin oxucuya aydın və yüksək poetik çalarlarla
çatdırılması yaradıcılığında əsas
xətt təşkil etmişdir:
Bürünmüşsən
söz xəzini!
Xəz
verənə tut üzünü!
Əl-ətəkdən
çək gözünü,
Rəbbin ilham verib sənə.
Məmməd Aslan klassik və ağız ədəbiyyatını,
ozan-aşıq sənətini, ümumən xalq dilini gözəl
bildiyindən yazdığı şeirlərdə, bədii-publisistik
yazılarda heç zaman bədii dil, poetik məna, dərin fəlsəfi
fikir sarıdan korluq çəkməmişdir. Şairin ədəbi
yaradıcılıq sahəsindəki
axtarışlarının əsas uğurunun başlıca məziyyətlərindən
biri də məhz onun bədii dilinin anlaşıqlı,
cilalanmış, sadə xalq dilində olmasıdır.
Qayğılar,
həsrətlər ovxarlı qayçı,
Ürək
cəllad oldu, dilim-harayçı,
Günüm
ağarmamış ağartdım saçı,
İndi də iz salır qar, qaşa doğru.
Şair öz yaradıcılığında yeri gəldikcə
xalq deyimlərindən, atalar sözlərindən, zərb-məsəllərdən
böyük ustalıqla istifadə edərək sözə
poetik nəfəs verməyi bacarır, oxucunu öz şeiriyyət
dünyasına çəkib aparır,
düşündürür və poeziyanın ecazkar diliylə
ovsunlaya bilir.
Çox vaxt onun ən yığcam misraları,
qısa şeirləri belə min illik yaşı olan bir xalq
deyimi, təkrarsız aforizm təsiri bağışlayır.
Bu qəbildən olan şeirlərindən onun hələ gənc
yaşlarında - 1968-ci ildə qələmə
aldığı bir beyti misal göstərə bilərik ki,
bu misralar illərdən bəridir ki, müxtəlif qələm
adamlarının yaradıcılığında uğurlu bir
aforizm kimi işlədilməkdədir:
... Vətən
gözdü, biz kiprik,
Gözümüzün keşiyini çəkirik.
Şairin, sənət adamının ən böyük
uğuru, xoşbəxtliyi ondadır ki, onun yazdıqları hələ
sağlığındaca xalqın dilinin əzbərinə
çevrilir, böyük sənətdə özünə vətəndaşlıq
pasportu qazanır. Buna görə Məmməd Aslanı ədəbi
tale baxımından xoşbəxt sənətkar hesab etmək
olar. Çünki ədəbi ictimaiyyət hələ
onun sağlığında yaradıcılığını
maraqla izləmiş, həcmindən və janrından
asılı olmayaraq, hər bir əsərini diqqətdə
saxlamış, şairin söz məqamındakı layiq olduğu
qiyməti etiraf edmişdir.
Təbii ki, bütün söz adamlarında olduğu
kimi, Məmməd Aslan yaradıcılığında da saf
eşqin ölməzliyi, pak məhəbbətin əbədiliyi
aparıcı mövzulardan biri olmuşdur. Həm də
heç kəsi təkrarlamadan, təlqin etmədən.
Onun şeirlərindəki bədii məcazlar, müqayisələr,
bədii ümumiləşdirmələr tamamilə yeniliyin,
yüksək bədii təxəyyülün məhsulu kimi fərqlənmişdir:
Bir dəli
rüzgara kökləndi könlüm,
Bilmirəm aparır, bu, hara məni?!
Ay
axşam ömrümün səhər günəşi,
Qaytar payızımdan bahara məni.
... Məmməd
xəyalınla min il
qızınmış,
İnsanın ömründən eşqi uzunmuş.
Ürəyim
arxanca körpə quzunmuş,
Gah itir
gözündən, gah ara məni.
Məmməd Aslan heç zaman bədii axtarışda,
sözlə mükalimədə, onunla böyük mənalar
yaratmaqda arxayınlaşmamış, daim öz üzərində
işləmiş, sözə təzə libas biçərək
onu yeni forma və məzmunda təqdim etməyi ustalıqla
bacarmışdır. Sözü məqamında işlətmək
istedadı, forma ilə məzmunu təbii bir poetik axarda birləşdirmək
fəhmi şairin ədəbi istedadının başlıca
meyarı olmuşdur.
Könlümün
söz adlı qibləgahı var!
Yəni,
“Lailahəilləllah”ı var!
Mənim
dərs aldığım min-min dahi var;
Cəddinə arxayın insan deyiləm.
Onun şeirlərində coşqun şair ilhamı incə
bədii duyğularla estetik fəlsəfi fikirlərin dərindən
çulğalaşması müstəvisində oxucuya təqdim
edilir.
Şairin poetik məni, ilham pərisi ilahi ruhlu Mövlanənin,
eşq tanrısı Füzulinin, haqq vergilisi Yunis İmrənin,
ozanlar ozanı Dədə Ələsgərin hikmət
çeşməsindən su içdiyindəndir ki, müxtəlif
zövqlü və dünyagörüşlü oxucular bu
poetik nümunələri eyni hissiyatla qəbul edir:
Rəbbim
nə veribsə, nəyəmsə, buyam!
Mənim
öz nərəm var, mənim öz qıyyam!
Söylədiyin
nədir, nə qiymət qoyam
Demə
ki, qulaq as! - Asan deyiləm!
Klassik
Şərq ədəbiyyatını, ozan - aşıq sənətini
və türk sufi poeziyasını dərindən mənimsəyən
şairin yaradıcılığında bu çoxprizmalı
dünya baxışlarındakı fərqli çalarlar
şairin söz süzgəcindən vahid bir axara yönələrək
onun şeirlərində dərin lirik-fəlsəfi ovqat yaradır:
Fanilərə
dünya duzaq,
Bu fanilik səndən uzaq.
Haqdan gələn
mülkünə bax:
Sözdən
qala qurub sənə!
(Ardı var)
İlham MƏMMƏDLİ
Filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet 2017.-19 avqust.- S.23.