Zamanların mozaikası: hadisələr və
şəxsiyyətlər
Telman ORUCOV
(Əvvəli 13
may sayımızda)
Konfransın protokolunda bir dəfə də olsun “məhv edilmə” sözünə
rast gəlinməsə
də, iştirakçıların
hamısına bu qərarların mənası
tamamilə aydın idi.
Heydrixin konsepsiyası heç bir şübhə yeri qoymurdu ki,
“qəti” həll Avropadakı bütün yəhudilərin məhv edilməsi mənasını
verir. Qərar da yəhudilərlə
necə davranmaq lazım olduğunu vurğulayırdı.
“Qəti” həllə
uyğun olaraq yəhudilər şərqə
yollar tikməyə göndərilməli idi. Nəzərdə tutulurdu ki, yolda
yəhudilərin əksəriyyəti
məhv olacaqdır.
Sağ qalanlara qarşı elə tədbirlər görmək
lazımdır ki, onlar azad olunduqları bir vaxtda, “yəhudiliyi yayan həşərata” çevrilə
bilməsinlər.
“Şimal” ordusunda olan “A” adlanan əməliyyat dəstəsi
1941-ci ilin noyabrına
qədər 16.421 yəhudini,
“Mərkəz” ordusundakı
“B” qrupu 45.467 nəfəri,
digərləri isə
95.000 və 92.000
yəhudini məhv
etmişdi. Hitler özünün 30 yanvar
1942-ci ildəki çıxışında
bu məhvetmə proqramının mövcudluğunu
açıqca elan etmiş və bəyan etmişdi ki, müharibənin gələcək nəticələrindən
biri Avropada yəhudilərin bütünlüklə
məhv edilməsidir.
Əvvəlcə söhbət ölüm
düşərgələrində xəstə dustaqların eksperimental qaydada öldürülməsindən gedirdi. Sonra isə qaz kameralarından istifadə
və krematoriyalarda cəsədlərin yandırılması
ardıcıl hal aldı.
İkinci Dünya müharibəsi illərində natsistlər
cəmi 6 milyona qədər yəhudini məhv etdilər.
Britaniya
mandatı müddətinin
qurtarması ərəfəsində
- 14 may 1948-ci ildə İsrail
dövlətinin yaradılması
elan edildi, bu yeni dövləti
iki dünya dövləti - ABŞ və
SSRİ ləngimədən tanıdılar. İsrail dövləti Yerusəlimin
şərq hissəsi
daxil olmaqla, Mandat altında olan ərazinin 56%-ni tutdu. Bu torpaqda yaşayan
bir milyon ərəbdən 850.000-i yəhudilər
tərəfindən sıxışdırılacağından
qorxub qaçdı.
Beləliklə, Fələstin qaçqınları
problemi meydana gəldi.
1948-ci ildə, demək
olar ki, yüz minlərlə israilli qonşu ərəb dövlətləri
tərəfindən hücuma
məruz qaldı, lakin öz dövlətlərinin
ərazisini qoruyub saxlamaq onlara nəsib oldu. ABŞ-ın yəhudi icmasının dəstəyi,
Almaniyanın ödədiyi
təzminatlar və yüksək ixtisaslı immiqrantların axını
İsrailin iqtisadi inkişafına şərait
yaratdı. Əvvəllər becərilməyən torpaqların
istifadəsi davam edirdi. 1983-cü ildə
İsraildə 3,37 milyon yəhudi yaşayırdı. 2016-cı ildə
isə onların sayı 6,3 milyon
nəfərdir və ya ölkə əhalisinin 75 %-ni təşkil edir. 1956 və 1967-ci illərdə
İsraillə ərəb
dövlətləri arasında
yeni müharibələr
baş verdi,
1967-ci il müharibəsinin
gedişində İsrail
Sinay yarımadasını,
Yerusəlimin şərq
hissəsi ilə birlikdə Qərbi İordaniyanı və Suriyanın Qolan yüksəkliyini işğal
etdi. Bu uğurlar
da möhkəm sülh gətirmədi.
1973-cü ildə Qiyamət
günü müharibəsi
adlanan yeni hərbi əməliyyatların
partlayışı baş
verdi. 1977-1979-cu
illərdə, nəhayət,
İsrailin Misirlə əlaqələri normallaşdı,
axırıncıya Sinay
yarımadası qaytarıldı.
Lakin digər ərəb dünyası ilə münasibətlər əvvəlki
tək gərgin olaraq qaldı.
İsrailin 1967-ci il müharibəsi gedişində
işğal etdiyi ərazilərdə siyasəti
anneksiya xarakteri aldı. İsrail hakimiyyətləri işğal edilmiş torpaqları məskunlaşdırmaq
siyasəti apararaq, İsraili David və Solomonun çarlıqları
dövründəki İsrail-İudeya
vahid çarlığı
sərhədlərində olan
kimi bərpa etməyə çalışırdılar.
Həmin
vaxtlarda İsrail Akaba körfəzindən Dəməşqə kimi uzanırdı. Onun yaradılmasında
Mesopotamiyadan olan köçərilərin çoban
tayfaları iştirak
etmişdilər. B.e.ə. 1200-cü ilə yaxın ona Misirdən çıxıb gəlmiş
tayfa da birləşdi. Onun rəhbəri
Moisey (Moşe) öz həmtayfalıları
arasında Yaxve allahının kultunu yayırdı, bu kult isə Şimali-qərbi
Ərəbistanda meydana
gəlmişdi. Mədəni birlik əsasında, digər xalqlarla daimi toqquşmalarda b.e.ə. XI əsrin sonunda 12 tayfanın ittifaqı əmələ
gəldi, bu ittifaq İsrail adını qəbul etdi. Bu, Misirin
və Assuriyanın müvəqqəti zəifləməsi
nəticəsində mümkün
olmuşdu. Lakin İsrail-İudeya
çarlığındakı daxili ziddiyyətlər o qədər güclü idi ki, b.e.ə.
926-cı ildə çar
Solomonun ölümündən
sonra dövlət iki çarlığa - şimalda İsrail, cənubda isə İudey çarlığına
parçalandı.
B.e.ə. 722-721-ci ildə İsrail çarlığı Assusriya tərəfindən məhv edildi. İudeya çarlığı b.e.ə. 587-ci ildə bu dəfə digər işğalçıya təslim oldu, babilistanlılar Yerusəlimi tutdular, onun sakinlərini isə Mesopotamiyaya sıxışdırdılar, ancaq pers çarı Böyük II Kir tərəfindən Babil tutulduqdan sonra əsirlər vətənlərinə qayıtdılar və dağıdılmış Yaxve məbədini bərpa edə bildilər. “Babil əsirliyi” dövrü yəhudi dininin - iudaizmin və onun sərt qanunlarının folrmalaşması üçün həlledici əhəmiyyət kəsb etdi. Bunlar yəhudilərə yad xalqlarla əhatədə olduqda vahid xalqa mənsubluq hissini saxlamağa kömək etdi. Bu dövrdə yəhudilərin mədəni-etnik birliyi tam şəkildə əmələ gəldi. Yəhudilərin müqəddəs mətnləri - Topa (Moiseyin Baş kitabı) b.e.ə. 445-ci ildə tərtib olundu. Onlar iudaizmin ardıcıllarının bütün həyatını nizamlayan göstərişlərdən ibarət idi. Perslərin hakimiyyəti altında Böyük Aleksandr dövlətində, həmçinin Ptolomeylər sülaləsinin idarə etməsi vaxtı (b.e.ə. 320-198-ci illər) yəhudi əhalisi təqiblərə məruz qalmamışdı. Lakin Palestina Selevkid çarlığının tərkibinə daxil edildikdən sonra iudeylərin üzərinə təqiblər dalğası düşdü, güclənən ellinləşmə bütün yəhudi birliyinin bütövlüyünə təhlükə törədirdi. Bu dövrdə messiyanın gəlişinə inam gücləndi, bu müqəddəs çar yəhudi xalqına Davidlər dövrünün şöhrətini və bütünlüyünü qaytaracaqdı. B.e.ə. 167-ci ildə Makkaveylər nəslinin rəhbərliyi altında üsyan hərəkatı başlandı. Romanın şərq siyasəti hesabına b.e.ə. 135-ci ildən 53-cü ilə qədər müstəqil yəhudi dövləti mövcud oldu. Bununla birlikdə diasporada, xüsusən Babildə yaşayan yəhudi icmaları inkişaf edirdi. Buradan Talmud meydana gəlmişdir. Ayrı-ayrı dini qurumların arasında sözləşmə baş verirdi. Xristianlardan fərqli olaraq, yəhudilər Allahın insanlaşdırılması imkanını rədd edirdilər. Onların anlamında Allah vahiddir və dünyanı əmələ gətirməli və öz xalqı ilə ittifaq bağlamalı idi. Onun qanununun ciddi icra edilməsi Allahın mərhəmətinə nail olmağa imkan verərdi. Zoroastrizmin təsiri altında mələklər və divlər haqqında təsəvvür əmələ gəldi, Qiyamət gününə inam İranın təsiri ilə izah olunur. Lakin bu ideyalar bütöv doktrina şəklini ala bilmədi.
Romanın şərqdəki ekspansiyası yəhudi dövlətinin müstəqilliyinin itirilməsinə gətirib çıxardı. 6-cı ildə İudeya Romanın Suriya əyalətinin bir hissəsinə çevrildi. 66-cı ildə tabe edilmiş xalq həddən artıq vergilərin ağırlığından əzilib, üsyan qaldırdı, bu, İudeya müharibəsi adlanır, lakin üsyan uğur qazanmadı, dörd il sonra romalılar Yerusəlimi tutub, şəhərdəki məbədi dağıtdılar. İkinci İudeya üsyanı da (132-135-ci illər), ona özünü peyğəmbər elan edən Bar-Koxba başçılıq edirdi. Sağ qalmış yəhudilər vətənlərindən qovuldular və bütün imperiyaya yayıldılar. Ancaq öz dinlərinə və ənənələrinə sədaqəti hesabına onlar diasporada da birlik hissini qoruyub saxladılar. Onlar əsasən şəhərlərdə yaşayırdılar, daha çox ticarət və təbabətlə məşğul olurdular. Yəhudilərin ən qatı düşməni, onları Xristosu öldürməkdə günahlandıran xristianlar oldu. Bununla yanaşı, qovulmuş və səpələnmiş yəhudiliyin mövcudluğuna xristian ortodoksları, Allahı tərk etmiş xalqı gözləyən canlı ibrət dərsi kimi baxırdılar. Yəhudilərə nisbətən dözümlülük göstərilən dövrlərdə - Karolinqlər epoxasında və ya Pireney yarımadasında gec orta əsrlərdə qəddarcasına təqiblər və ya taun epidemiyası vaxtı qızğın təqiblər müəyyən dövrlərdə kəsilirdi. Yəhudilərə nifrət xristian uşaqlarının ritual qaydasında öldürülməsində və ya quyuların zəhərlənməsindəki ittihamlarla müşayiət olunurdu. İslam dövlətlərində yəhudi icmaları bütünlüklə özlərini təhlükəsizlikdə hiss etdikləri bir vaxtda, Avropada onlar dünyəvi hakimiyyətlərin xüsusi müdafiəsində olsalar da, bu müdafiəyə görə haqq ödəməyə və onlar üçün ayrılmış xüsusi şəhər məhəllələrində (gettolarda) yaşamağa məcbur idilər. Maarifçilik epoxası Avropa yəhudilərinin milli zülmdən azad olunmasının uzun müddətli prosesinə başlanğıc verdi. Bu ideyanın tərəfdarları belə bir cəhəti əsas götürürdülər ki, ayrı-seçkilik yəhudilərin başqa xalqlardan ayrı şəkildə yaşamasını dərinləşdirir və milli ədavətin qızışdırılması üçün əsas verir. Fransız inqilabı yəhudilərə formal bərabərlik verdi, bu, XIX əsrdə tədricən Avropanın digər ölkələrinə də yayıldı. Bu, yəhudilərə təsərrüfat həyatında iştiraka yol açdı, özlərini elm və incəsənətdə göstərməyə imkan verdi. Lakin həm də köhnə xurafatın canlanmasına şərait yaratdı, bu vaxt başlanan sənayeləşmə bir çox ənənəvi dəyərləri şübhə altına salmışdı. Almaniyada Hitler diktaturası dövründə antisemitizm siyasət və praktikaya çevrildi, bu vaxt natsistlər yəhudilərin ardıcıl olaraq məhv edilməsinə başladılar və 6 milyona yaxın adamı məhv etdilər.
Natsist Almaniyasında və faşistlərin işğal etdikləri ərazilərdə yerləşən ölüm düşərgələri, xüsusən Polşadakı Auşvits Birkenau düşərgəsi, yəhudi genosidinin simvollarına çevrilmişdir. Buradakı hər bir daş qaz kameralarında kütləvi surətdə qırılmış yəhudilərin bədbəxt taleyindən xəbər verir. Yəhudilər Babil əsirliyindən Bibliyanın “Ahılar” kitabında haray qaldırır, onlara zülm edənlərə lənət yağdırırlar. Tarixdə görülməmiş genosidə görə isə təkcə yəhudilər deyil, bütün bəşəriyyət Hitler natsizminə, xalqları bədbəxtliyə məhkum etmiş müharibə cinayətkarlarına daha təsirli lənət payı verməlidir. Şekspirin sözləri ilə deyilsə, Hitlerin əlindəki qanı okeanlar da yuya bilməz. Onda dünyanın okeanları da qan rənginə boyanardı. Yerusəlimdəki “Yad vaşem” memorialı natsistlər tərəfindən qətlə yetirilmiş milyonlarla yəhudiyə oxunan rekviyem olmaqla yanaşı, müasir insanlara ayıq olmaq, yeni canilərin meydana gəlməsinə yol verməmək çağırışı kimidir. İkinci Dünya müharibəsi 50 milyon insanın həyatını itirməsi hesabına Hitler Almaniyasının və militarist Yaponiyasının məğlubiyyəti ilə nəticələndi. Dövləti olmayan, heç kəsə müharibə elan etməmiş və özlərinə qarşı görünməmiş qanlı cinayətlərə, Mahatma Qandinin Satyaqraxası kimi şərə müqavimət göstərməyən yəhudilər isə elə bir təqsirləri olmadığından, bu müharibənin ən təqsirsiz qurbanlarına çevrilmişdilər. Hitler və onun partiyası hələ nəticələri məlum olmadığından, elə də qorxulu görünməyən antisemitizmdən başlamış, sonra bu irqçilik kütləvi qırğınlar üçün eybəcər əsas rolunu oynamışdır. Ona görə də antisemitizmin ən kiçik əlamətinə belə həssaslıqla yanaşıb, onun ayaq açmasına, yayılmasına yol verilməməlidir. Özü də bu, təkcə yəhudilərin deyil, irqçiliyi rədd edən bütün xalqların, bütövlükdə bəşəriyyətin ümdə vəzifəsi olmalıdır. Yəhudilərin başqa xalqlara da nifrət bəsləməsi özlərinin aldığı dərsdən ibrət götürməməsindən xəbər verməklə, bumeranq kimi onların özlərinə dəyə bilər. Şovinizm hökmən öz əksliyini yaradır və bu qüvvə hökmən şovinizmə xidmət edənləri cəzalandırmamış ötüşməyəcəkdir. Tarix boyu yaşadıqları acı tale yəhudiləri, bu xalqı təmsil edən İsrail dövlətini belə səhvlərdən çəkindirməlidir. Axı istənilən millətçilikdə natsizm embrionu vardır, tarixdə çox sayda dəhşətlərlə üzləşmiş yəhudilər başqa xalqlara nifrət hissinə qarşı özlərində immunitet yaratmağı bacarmalıdırlar. Nifrət yalnız düşmənçiliyə xidmət edir, dinc həyata, sülhə böyük təhlükədir.
(Ardı var)
525-ci qəzet.-2017.-19 avqust.-S.22.