Gecikmiş yubiley təbriki

 

Professor Cahangir Məmmədliyə açıq məktub

 

Firuzə NADİR

 

 

Hörmətli Cahangir müəllim!..

 

Neçə il əvvəl “525-ci qəzet”də bir yazınızı oxumuşdum. “Zərdüşt Şəfizadənin çiçək dükanında düşüncələr”iniz çox təsirli idi, indi də xəyalımdan çıxmır. Üzünü bir dəfə də olsun görmədiyiniz, imzasından tanıdığınız müəllifin “Sonuncu çiçək dükanı” hekayəsini ustadcasına təhlil etmişdiniz. Obyektin özü də çox sanballı idi. Hekayə diqqətinizi, həm də ona görə cəlb etmişdi ki, “məhəlli problemi, məhəlli faciəni bəşəri səviyyəyə qaldırmışdı”. Müəllifin üslubu isə Qabriel Qarsia Markesi xatırlatmışdı sizə. “Zərdüştün “bədii sözün əbədi iddiası - oxucunu düşünməyə, kamilləşməyə çağırmaq iddiası üzərində qurulan” hekayəsi Bakıda 20 yanvar faciəsində insanın çiçəyə, çiçəyin insana ...münasibətini ortaya qoyur”, yazırdınız...

 

Və Sizin təhliliniz oxucunu “Sonuncu çiçək dükanı”na sarı çəkirdi. Mən də ora baş vurdum. Təəssüratım eynən sizin təəssüratınız idi - ilk sətrindən son cümləsinə qədər...

 

Bu, faciə içində boğulan şəhərin yeganə açıq çiçək dükanı idi. Dərdin, faciənin böyüklüyü bu şəhərin sakinlərini birləşdirir. Çiçəksatanlar da dükanlarını bağlayaraq gül paylamaqla, qərənfilləri yollara düzməklə bu dərdə qoşulurlar. “Bu çiçək seli, bu çiçək paylanışı dərddən doğub”. Və yaxşı bilirlər ki: “Çiçəklər insanın həmişə həm sevincini, həm kədərini bölüşüb - insanlar toya da çiçək aparıblar, qəbir üstünə də, ad gününə də, xəstə yanına da, yəni bir az dərin fikirləşsən, çiçəklər üçün bir başqa hissiyyat mövcuddur ki, onun tərkibində həm kədər, həm faciə, həm də xoşbəxtlik və ümid var. Qəribə də olsa, onlara baxaraq həm gülə, həm gülümsünə, həm göz yaşları axıda, həm də hönkürüb ağlaya bilərsən. Bəlkə də, bu hissin adı dostluq və sadiqlikdir, yəni onlar bir yaxın dost kimi hər kəsin xeyrinə və şərinə yarayırlar. Bu xüsusiyyətlərinə görə də onları hər kəs sevir - qoca, cavan, uşaq, sağlam, xəstə və hətta ölülər...”

 

Sonuncu çiçək dükanının sahibi isə “dükanı açmağının günahını bəslədiyi çiçəklərin qanadlarını, budaqlarını sındırmaqla yumaq istəyir. Amma nə illah edirsə, dükan bir az da gözəl görünür. Bu kədərli, hüznlü şəhərin sakinləri budağı qırılmış, qanadları sallanmış çiçəkləri daha həvəslə alırlar. Qocanın təsəllisi bir də ondadır ki, onun çiçəkləri insanları sakitləşdirir, rahatlaşdırır”...

 

Bu, məni hönkürtü ilə ağladan ilk “çiçək”lər idi. Sizin təqdim etdiyiniz “Sonuncu çiçək dükanı”ndakı qol-qanadı qırılmış, soluxmuş, insanlara, sadəcə toxtaqlıq verə biləcək çiçəklər. Hekayə müəllifinin də yazdığı kimi, bu çiçəklərə baxaraq ancaq “hönkürüb ağlaya bilərsən”...

 

Sonra “Payız gülləri” gəldi. Amma dərd içində boğulan o şəhərdəki kimi “bütün sevgilərin bitdiyi yerdə” də çiçəklər qəmli, gözüyaşlı idi, qızılgüllər nakam, yetim görünürdü. Böyük şəhərdən Qubaya, məhz onun nəvazişlə əkib-bəslədiyi güllərdən “dəstə bağlamağa” gəlmişdiniz. “Sənin uyuduğun o kəndin hər addımı gül-çiçəkdir, amma mən sənin, yalnız sənin bəslədiyin öz güllərindən dəstə bağlamağa gedirəm”. Dəstə bağlayacaq və “Ağdama, bir az doğma, bir az ögey o kəndin qəbristanlığına”, onunla “görüş”ə yollanacaqdınız. “Payızın son ayıdır və sənin beş ildən bəri bəsləyib böyütdüyün o payız güllərinin çoxu təzəcə düşən soyuqlara tab gətirməyib. Amma təbiətin mənə yazığı da gəlib. Sənin güllərinin üstündə təzəcə açan qönçələr və təzəcə pardaxlanmağa başlayan düymələr var. Güllərin üstündəki son qönçələri yığıram...”

 

Çiçəklər sizin əlinizdə ağlayırdı, Cahangir müəllim, görürdünüzmü, qızılgülün qönçəsindən göz yaşı süzülürdü... Məni bu dəfə hönkürdən də elə o ağlar gözlü “Payız gülləri” idi...

 

Bu da “Beşinci fəsil”... Bu “fəsil”də “Payız gülləri” artıq vizual olaraq “gözümüzün önündə” idi: müəllifi, məkanı, üz tutduğu ünvanı ilə birgə. Siz onun güllərini onun “özü üçün” dərirdiniz. “Səni tanıyanlar gülləri, çiçəkləri necə sevdiyini yaxşı bilirlər. Amma bunu mənim qədər bilən varmı? Ağdamın işğaldan sonra əsarətdə qalan o doğma kəndimizdə, təzəcə tikdirdiyimiz o balaca evin şirin torpaqlı həyətində əkdiyin güllər üçün o böyük şəhərdən o yerlərə necə tələsdiyini təkcə mən görürdüm. Bəlkə, sənin o qızılgül dərdinə görəydi ki, kəndimizin işğalından sonra Qubada bir balaca yurd yeri saldıq. O balaca həyətin hasarı boyu əkdiyin o qızılgüllər sənə Ağdamın təsəllisini verirdi...”

 

Ürəyinizdən qara qanlar axa-axa dəstə tutduğunuz o ağappaq, çəmçəhrayı güllərin qol-qanadı yenə qırıq-qırıq idi. “Solğun, bomboz, əzilmiş” görkəmləri sizin halınıza elə uyğun idi ki, elə bil ürəyinizdən su içmişdilər. Və bu, artıq gözəl yazıçı-publisist, hörmətli Sona xanım Vəliyevanın çox ustalıqla xarakterizə etdiyi “Günəşə baxarkən gözləri qamaşan insanı xatırladan” o Cahangir müəllim deyildi. İçindəki işığı üzünə vuran o Cahangir müəllimdən əsər-əlamət yox idi, simasındakı təbəssüm yoxa çıxmışdı. Elə qəmgin, elə çarəsiz idi ki, ona baxan kimi ağlamaq məni tuturdu...

 

“Mən o gülləri avtomobilin qabaq oturacağına - ikimiz olanda sənin çox sevdiyin o qabaq oturacağın üstünə qoyuram”. Və... Sizin sağ tərəfinizdə, qabaq oturacaqda “qərib qəbrin üstünə” tələsən o qızılgüllərə də baxmaq olmurdu! Bu dəfə lap Sizin kimi ağladım! Yadınızdadırmı? “Səni bizim kəndimizdən cəmi altı kilometr aralı o kənddə dəfn edəndə içimdəki sənsizlik ağrısı o kəndin ağrısına qarışdı. Torpağın isti avqust Günəşinin də hələ quruda bilmədiyi qəbrinə baxdım, cəmi altı kilometr aralıda olan kəndimizin ağaclarının yaşıllığına baxdım və içimdəki ağrının haçan kəsəcəyini gözlədim. Əlimi Allahın dərgahına açdım və sənin torpağı hələ soyumamış o qərib qəbrinin ətrafındakı adamlara bir söz deməyə güc verməsini dilədim. Beynimdə “kişi ağlamaz” kəlməsi fırlanırdı və mən, doğrudan da, ağlamaq istəmirdim. Ancaq iki dərdin acısı qəlbimi göynətdi və mən bu dünyada heç nədən, heç kəsdən çəkinmədən hönkür-hönkür ağladım...”

 

Mən də heç ağlamaq istəmirdim, Cahangir müəllim, amma...

 

İnsanın çiçəyə, çiçəyin insana, insan dərdinə münasibətini sərgiləyən “Sonuncu çiçək dükanı”... Mükəmməl ədəbi nümunə olan “Payız gülləri, yaxud bütün sevgilərin bitdiyi yerdə”ki qızılgüllər... Sizdən danışan və Sizə yaraşan “Beşinci fəsil”... Yox, bunları təhlil etmək fikrindən çox uzağam. Bəs niyə məktubum üçün Sizinlə bağlı (Sizdən bəhs edən, yaxud Sizin bəhs etdiyiniz!) saysız-hesabsız nümunələrdən məhz bu üçünü seçdim?..

 

Çünki hər üçündə Siz daha aydınsınız, daha parlaqsınız, daha möhtəşəmsiniz!..

 

Bu “üçlüyü”, həm də ona görə seçdim ki, hər üçündə “əlinizdə” çiçəklər var! O çiçəklər ki, onları “hər kəs sevir - qoca, cavan, uşaq, sağlam, xəstə və hətta ölülər!” Elə mən də...

 

“Sonuncu çiçək dükanı”nda gəldiyiniz qənaəti xatırlayırsınızmı? “Sənət əsəri onu bitirəndən sonra düşündürürsə və həm də bu bitməkliyi ilə səndə təəssüf hissi doğurursa, güclüdür”.

 

Bu “üçlük” məni də çox düşündürdü, bitməkləri ilə çox təəssüfləndirdi...

 

Demək, çox güclü idi! Onları güclü edən isə Sizin varlığınız idi, Siz idiniz, Cahangir müəllim! Söz-söhbətiniz idi! Məni kövrəldən, düşündürən sadə və mürəkkəb həyatınız, sadəliyiniz, səmimiliyiniz, təvazökarlığınız idi! Sevginiz idi! Müəllimliyiniz, jurnalistikanız, yaradıcılığınız idi! Vətəndaşlığınız, ziyalılığınız, şəxsiyyətiniz idi! Övladlarınız idi! İNSANlığınız, BÜTÖVlüyünüz idi!..

 

Bəli, güclü olan, düşündürən və həm də sevindirən Siz idiniz! 75 illik şərəfli ömrünüz və həyata, taleyə 5:0 hesablı qələbəniz idi!..

 

...”Jurnalistika fakültəsi, bu Universitet qutsal torpaqlar kimi mənə əzizdir” dediyiniz həmin Universitetdə, həmin jurnalistika fakültəsində Sizdən dərs alan xoşbəxt tələbələrdən biriyəm, Cahangir müəllim! Bir fikriniz də heç yadımdan çıxmır: “Mənim Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Famil Mehdi kimi gözəl müəllimlərim olub. Belə böyük ustadlardan dərs alandan sonra yaxşı müəllim ola bildim. Və həyatımda ən vacib məqamdır ki, mən jurnalistika kimi böyük bir ordunun müəllimlərindən biriyəm”. Siz qarışıq, o fakültədəki müəllimlərimizin hər birini mən də fəxrlə, minnətdarlıqla, heyrətlə yada salıram! Nə xoş halımıza! Tələbələrinə doğmaca övladı kimi baxan nə qədər gözəl müəllimimiz varmış! O müəllimlər ki, təkcə jurnalistikanı öyrətmirdilər, jurnalistikanı sevdirmirdilər  bizə, həm də həyat dərsi keçirdilər, həyatı öyrədirdilər - çətin və mürəkkəb həyatı. Bu gün auditoriyada mühazirələrinizi dinləməsək də, ustad qələminizdən çıxan yazılarınızı  bir udum su kimi içirik...

 

Bioqrafiyanızı xatırlatmağa ehtiyac yoxdu. Mətbuat tariximizin danılmaz parçası, jurnalistikamızın pozulmaz səhifəsisiniz! Taleyini sözə bağlayan, ömrünü Azərbaycan jurnalistikasına həsr edən böyük müəllimsiniz! Mətbuatımızın ənənələrini yaşadan görkəmli jurnalist-publisistsiniz! Jurnalistlərin ustadı, dostu, məsləhətçisisiniz! Bütün parametrləri ilə nümunə olan İnsansınız! Milli dəyərimizsiniz!..

 

Hansı cür müraciət etsək, yaraşar Sizə, Cahangir müəllim!..

 

Sizə yaraşan, həm də Qarabağdı, Ağdamdı, “kasıb dünya”sını heç zaman unutmadığınız, hər görəndə cibinizə 5-3 manat qoyan kənd sovetinin sədri Əyyub kişinin, kitabxanaçı Hümbət kişinin, məktəb direktoru Zülfüqar müəllimin ruhu dolaşan Novruzludu. Sizi “tərifləyə-tərifləyə bu yerə gətirib çıxaran” kəndiniz Novruzlu... Hələ ki, nisgili, xiffəti göynədir qəlbinizi. Üzünü görmədiyiniz atanızın Almaniyadakı qəbrini ziyarət etmək o yurd yerinə getməkdən asandı Sizə... İcazə verin, 22 il əvvəl qızınız Şəlaləyə yazdığınız məktubdakı duanı özünüzə ünvanlayım: “Allah xoşbəxtliyi gedənlərin qayıdışı ilə nəsib eləsin Sizə...” Və Siz Novruzluda Ağdamın əsarətindən sonra “tikdirdiyimiz o balaca evin şirin torpaqlı həyətində” öz əlləri ilə əkdiyi ağappaq, çəmçəhrayı güllərdən, çiçəklərdən dəstə bağlayıb “illərdir dəyişməyən sevginizin” - Səkinə xanımın o qərib məzarına tələsəsiniz. Bu dəfə sevincinizi bölüşməyə. Axı, “Sonuncu çiçək dükanı”nda deyildiyi kimi, “Çiçəklər insanın həmişə həm sevincini, həm kədərini bölüşüb - insanlar toya da çiçək aparıblar, qəbir üstünə də... Bir az dərin fikirləşsən, çiçəklər üçün bir başqa hissiyyat mövcuddur ki, onun tərkibində həm kədər, həm faciə, həm də xoşbəxtlik və ümid var. Bəlkə də, bu hissin adı dostluq və sadiqlikdir...”

 

Bu da Sizin fikrinizdir: “Məktubu, əslində çap etməyi məsləhət görmərəm”. Mənsə Sizə “açıq məktub” yazdım... Bəlkə, bu məktubu tələbənizin gecikmiş yubiley təbriki kimi qəbul edəsiniz? Onsuz da təbrikləriniz çox oldu! Universitetdən, fakültədən, dostlardan, tələbələrdən... qucaq-qucaq təbriklər gəldi. Çox yazılar yazıldı... Mənim təbrikimsə çox gecikdi. Amma heç bilmirəm buna təbrik demək olarmı?..

 

Bir də... Özünə haqq qazandırmaq olmasın, deyirlər, yubiley ilboyu davam edir...

 

525-ci qəzet  2017.- 19 avqust.- S.15.