“525”in 25 yaşına
Xalq yazıçısı Anar yazır
"Səhər-səhər" rubrikasında
25 il öncə
Azərbaycan mətbuatında
yeni bir səhifə açıldı,
525-ci səhifə. Bu, elə bir vaxt
idi ki, ən
müxtəlif, təzadlı
hisslər yaşayırdıq.
Bir yandan müstəqilliyin eyforiyası, sevinci, bir yandan 20 yanvar,
Xocalı faciələrinin
sarsıntısı, Qarabağ
müharibəsi, hər
gün cəbhə bölgələrindən bəd
xəbər “uçqunlarının”
üstümüzə tökülməsi,
torpaqların itkisi və s. Ölkədaxili siyasi qarşıdurmalar, gərginlik də öz yerində. Bir sözlə, belə bir vaxtda, aranın
qarışıb məzhəbin
itdiyi zamanda qəzet açmaq, jurnal buraxmaq bir növ dəb
düşdü. Əlbəttə, biznes qurmaq kimi
olmasa da, hər halda yerindən duran qəzet yaradıb, söz sahibliyinə iddia etdi. Elə ona görə də bu gün
mətbuat tariximizdə
özünün sözü
eşidilən, yeri görünən mətbu
orqanın, qəzetin qeydiyyat nömrəsi
525-ci oldu. Amma elə ilk saylarından birinciliklərinə
vəd verdilər.
Nə deməkdi
bu birincilik? Xəbəri tez-tələsik, dəqiqləşdirməmiş
hamıdan qabaq yayımlamaqmı? Yaxud yetənə
yetib, yetməyənə
bir daş atıb özünü millətə ağıllı
kimi sırımaqmı?
Əsla yox! “525-ci qəzet” bu
25 ildən keçə-keçə
hər zaman simasını qorudu, özəlliyini, qeyri-adiliyini
öz üsulları,
öz vasitələri
ilə oxucularına göstərməyə çalışdı.
Milli-mənəvi dəyərlərimizə sadiqlik, mədəniyyətimizi,
incəsənətimizi, ədəbiyyatımızı
təbliğ etmək,
yazdığı, yayımladığı
sözün ağası
olmaq bu qəzetin əsas ideyasıdır. İllərdir
ki,
maraqla izlədiyim
bu qəzet zaman-zaman məni müxtəlif layihələri,
yazıları ilə
yaxşı mənada
təəccübləndirib. Hər yeni proyekt,
yeni rubrika, yeni tapıntı göydən hazır düşmür, axtarışlar,
götür-qoylar, mübahisələr
və müzakirələr
nəticəsində meydana
çıxır. 19 il
ərzində “Qobustan”
incəsənət toplusunda
çalışdığım üçün bu işin çətinliyini yaxşı bilirəm. Rahat-rahat vərəqlədiyimiz, oxuduğumuz
qəzet saylarının
arxasında necə böyük zəhmətin
durduğunu təsəvvür
edirəm. Bu zəhmətin
uğurlu nəticələri şübhəsiz, qəzeti təsis edib, qoruyub, qarışıq illərin sınağından
keçirib
bu günümüzə
çatdıran
kollektivin yorulmaz
zəhməti sayəsindədir.
Qəzetin baş redaktoru, dostumuz Rəşad Məcidin sözə, ədəbiyyata münasibəti,
istedadlı gənclərə
qayğısı heç
kəs üçün
sirr deyil. Elə baş
redaktoru olduğu
“525-ci qəzet”in də
səhifələrindən bu zövq, sözə,
ədəbiyyata böyük
sevgi özünü göstərir. Bəlkə
qəzetin bu qədər populyarlıq qazanmasına, sevilməsinə əsas
səbəb ədəbiyyata geniş yer verməsidir. Klassiklərimizdən çağdaş yazarlarımıza qədər
ən müxtəlif müəlliflərin əsərlərinin
çapı, təbliğatı
bu qəzetin xidmətləri sırasında
qeyd olunmalıdır.
Son illərdə mənimçün
ən çox maraq doğuran mətnlər köhnə
dostum Şirməmməd
Hüseynovun Üzeyir
Hacıbəyli, Məmməd
Əmin Rəsulzadə
ilə bağlı silsilə yazıları, onların çap olunmamış əsərlərinin
üzə çıxarılıb
oxucuya təqdim edilməsidir. Vilayət Quliyevin araşdırma
yazılarını xüsusi
qeyd etmək istəyirəm. Gənc yazıçı
Pərvinin sevgi şeirləri haqqında silsilə yazılarını
maraqla izləyirdim və esselər toplu şəklində çapa hazırlanarkən
bu kitaba məmnuniyyətlə Ön
söz yazdım.
Əlbəttə, başqa müəlliflərin
də bir sıra qiymətli
yazıları ilk olaraq
bu qəzetdə işıq üzü görüb, bir yazıda hamısını
sadalamaq təəssüf ki, mümkün deyil. Ədəbi mühitdə
özünəməxsus yeri,
sözünün çəkisi
olan bir çox müəllifin məhz bu qəzeti seçməsi təsadüfi
deyil. “525-ci qəzet”
sensassiya arxasınca qaçmadı heç zaman, oxucunu şişirdilmiş xəbərlə,
şok başlıqlarla,
şayiələrlə, uydurmalarla,
qeybətlərlə aldatmadı.
Ona görə mediada sensasiya yox, həqiqət axtaran, düşündürücü
fikir gözləyən
səviyyəli
oxucuların rəğbətini
qazandı. Və məhz bu xüsusiyyətləriylə qəzet
bir çox müəllifləri - o sıradan
məni də cəlb etdi, onun səhifələrində
çap olunmaq istəyi oyatdı.
Zaman-zaman
mənim bir sıra yazılarım
ilk dəfə
“525-ci qəzet”də yayımlanıb.
Esselərin, məqalələrin
dərc olunmasından
savayı, irihəcmli
“Ağ qoç, qara qoç” povestim də ilk olaraq hissə-hissə bu qəzetdə çıxdı. Minnətdarlıq
hissi ilə qeyd eləməliyəm ki,
qəzet bu
povestə ilin bədii əsəri mükafatını
təqdim etdi. “Yaşamaq
haqqı” traktatımdan
parçalar da keçən illərdə
öz dilimizdə ilk dəfə bu qəzetin səhifələrində
oxuculara təqdim olundu. Bu ildən
isə “525-ci qəzet”in
hər şənbə
nömrəsində “Səhər-səhər”
esselər layihəmi aparıram. Bütün bu faktları
sadalamaqda niyyətim öz yazdıqlarımı
reklam etmək yox, qəzetə olan inamımı, etibarımı, sədaqətimi
bildirməkdi.
Onu da xüsusi vurğulamaq istəyirəm
ki, elə ilk nömrələrindən “525-ci qəzet” gənclərə
geniş meydan verdi. Bu, həm
də yaradıcı heyətin uzaqgörənliyindən,
millətin gələcəyi
üçün bacarığını
əsirgəməməsindən xəbər verən məqamdı. Məhz buna görə Yazıçılar Birliyinin
gənclər üzrə
katibi məsələsini
düşünəndə ağlımıza gələn
ilk namizəd
Rəşad Məcid oldu. Doğrudan da Azərbaycan
Yazıçılar Birliyi
ətrafında birləşən, Gənc Ədiblər Məktəbində
toplaşan istedadlı gənclərin tanıdılmasında,
meydana çıxmasında “525-ci qəzet”in
xüsusi rolu var.
25 həm böyük rəqəmdir, həm də kiçik... Kiçikdir ona görə ki, “525-ci qəzet”in qarşıda hələ çox-çox illəri,
uzun ömrü var... Böyükdür ona görə ki, belə çətin
dünyada, dəyərlərin
dəyişildiyi, internetin
kitabı, kağızı
sıxışdırdığı zamanda özünü, sözünü qorumaq, məramına sadiq
qalmaq mətbu orqan üçün asan deyil. Amma bir
tərəfdən də
Həsən bəy Zərdabinin, Mirzə Cəlil Məmmədquluzadənin, neçə-neçə dəyərli
ziyalılarımızın hansı əzablar bahasına, hansı müqavimətlərə sinə
gərərək qəzet,
jurnal buraxmalarını
düşünəndə bütün bugünkü
çətinliklər önəmli
görünmür. Böyük sələflərimizin hər
növ əziyyətə,
məşəqqətə dözmələrinin əsas
səbəbi gələcəyin
insanlarına
- yəni
bizlərə vacib bir ismarış ötürməkdi.
Və
25 yaşını qeyd
etməyə hazırlaşdığımız
“525-ci qəzet”in də
amalı bu ismarışı çağdaşlara
və gələcəyin oxucularına çatdırmaqdır.
Başda Rəşad Məcid
olmaqla, “525-ci qəzet”in
kollektivini təbrik edirəm. Onlara da, qəzetin müəllif və oxuculararına da yeni-yeni uğurlar diləyirəm.
Arzu edirəm ki, Qarabağımızın,
Şuşamızın, bütün torpaqlarımızın
azad edilməsi xəbərini xalqımıza ilk çatdıran mətbuat
orqanlarımızdan biri
də 26 yaşlı
“525-ci qəzet” olsun.