Bakıda Qlobal Gənc
Liderlər Forumu başladı
"MÖTƏBƏR
TƏDBİRİN AZƏRBAYCANDA
KEÇİRİLMƏSİ ÖLKƏMİZİN ARTAN
NÜFUZUNA VERİLƏN QİYMƏTDİR"
Dünən Bakıda Diasporla
İş üzrə Dövlət Komitəsinin dəstəyi,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı
ilə Qlobal Gənc Liderlər Forumu öz işinə
başlayıb.
AZƏRTAC-ın
məlumatına görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
həmsədri, Misirin İsgəndəriyyə
kitabxanasının direktoru İsmail Serageldin forumu
açıq elan edərək bəşəriyyəti narahat
edən aktual problemlərin həlli işinə gənc liderlərin
cəlb olunması baxımından bu mühüm tədbirin əhəmiyyətini
vurğulayıb.
Son illər elmin, texnologiyanın sürətli
inkişafının cəmiyyətdə yeni
çağırışlar ortaya qoyduğunu, insanların həyatında
mühüm dəyişikliklərə səbəb
olduğunu diqqətə çatdıran İ.Serageldin qeyd
edib ki, Bakı forumunda gənc liderlər bir araya gələrək
bütün bu məsələləri ətraflı
müzakirə etmək imkanı qazanacaqlar. O, hazırkı şəraitin
yeni cəmiyyətin qurulmasında bütün səylərin
birləşdirilməsini tələb etdiyini bildirərək
gəncləri bu prosesdə fəal olmağa
çağırıb.
Sonra Makedoniya prezidenti George İvanovun forum
iştirakçılarına məktubu oxunub.
Bolqarıstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq
Mərkəzinin üzvü Rosen Plevneliev
çıxışında dayanıqlı inkişafa, bəşəri
dəyərlərin geniş yayılmasına nail olmaq
üçün cəmiyyətin bütün təbəqələrinin
fəallıq göstərməsinin vacibliyini qeyd edib. O, dahi Azərbaycan şairi
Nizami Gəncəvinin əsərlərində bu məsələlərlə
bağlı səmərəli ideyaların əksini
tapdığını vurğulayıb. R.Plevneliev
bildirib ki, bu işdə dünyanın ictimai-siyasi xadimləri
gənclərlə qarşılıqlı əlaqədə,
çiyin-çiyinə fəaliyyət göstərməlidirlər.
O, Bakı Forumunu gənc liderlərlə səmərəli əməkdaşlığın
daha da möhkəmləndirilməsi baxımından gözəl
imkan kimi dəyərləndirib.
Ukraynanın sabiq birinci xanımı, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin üzvü Katerina Yuşenko cəmiyyətdə
daha sürətli və dayanıqlı inkişafa nail olmaq
üçün müxtəlif yanaşmalardan istifadə
edildiyini diqqətə çatdırıb. Bildirib ki, bu məsələdə
yeni innovasiyaların tətbiqi çox mühüm əhəmiyyət
kəsb edir. Məhz bu baxımdan gənc
liderlərin üzərinə böyük məsuliyyət
düşür. Xanım Katerina Yuşenko
gənc liderlərin bu sahədə yüksək fəallığının,
təşəbbüskarlığının və
yenilikçi ideyalarının yeni iqtisadiyyatın
qurulmasında, sağlam inkişafa nail olunmasında
böyük nailiyyətlərin qazanılacağına ümid
etməyə əsas verdiyini deyib. Bu prosesdə
təhsilin hamı üçün əlçatan
olmasının, cəmiyyətdə ümumi rifahın
artırılmasının insanların həyatında
mühüm dəyişikliklərə səbəb
olacağını bildirib.
Müasir
dövrdə cəmiyyətin inkişafı ilə
bağlı bir sıra fərqli yanaşmaların irəli
sürüldüyünü vurğulayan Latviyanın sabiq
prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin
üzvü Valdis Zatlers bildirib ki, təcrübəli insanlarla
gənc liderlərin bir araya gətirilərək aktual məsələlərin
müzakirə edilməsi baxımından bu Forum mühüm əhəmiyyət
daşıyır. Gənc liderlər bu imkandan
istifadə edərək tanınmış siyasi xadimlərin təcrübələrindən
yararlana bilərlər.
Açılış sessiyasından sonra İsmail
Serageldin "Gənc liderliyin inkişafı" mövzusunda
təqdimatla çıxış edib. Təqdimatda
qeyd olunub ki, inklüzivliyə nail olmadan cəmiyyətin
inkişafını təmin etmək mümkün deyil. Bu prosesdə təhsil, geniş biliklərə yiyələnmək,
mədəniyyətin və incəsənətin
inkişafı böyük əhəmiyyət
daşıyır. Cəmiyyətin
inkişafında dərin və əhatəli elmi
araşdırmaların, elmi cəmiyyətin
auditoriyasının genişləndirilməsinin vacibliyini
vurğulayan İ.Serageldin bildirib ki, elm cəmiyyətin əsas
dəyərlərini ortaya çıxarmalıdır. Bu biliklərin cəmiyyətə ötürülməsi
üçün dərin və əhatəli konsepsiyalar
işlənib hazırlanmalıdır. Bu məsələdə
müdrik liderlik mühüm əhəmiyyət
daşıyır.
Forumda dünyanın 50-yə yaxın aparıcı gənc
lider və tədqiqatçısı iştirak edir. Həmçinin,
Şvarzman, Rodos, Fulbrayt, Marşal, Truman, Mitcel, Geyts kimi
nüfuzlu proqramlar tədbirdə təmsil olunur.
Harvard,
Oksford, Kaliforniya, Monpelye, London İqtisadi və Siyasi Elmlər
Məktəbi, Toronto, Tsinxua, Leypsiq, Corctaun, Corc Vaşinqton,
Sarbon, Sapienza, Con Hopkins, Pekin, Prinston, Kornell, Yel, Stanford, Braun,
Kolumbiya, Liverpul, Paris İqtisadiyyat Məktəbi, Çikaqo,
Notr Dam, Miçiqan, Rotterdam, Barselona universitetləri kimi
nüfuzlu ali təhsil ocaqlarının nümayəndələri,
habelə bir sıra gənc iş adamları da bu mühüm
tədbirdə iştirak edirlər. Bundan başqa, foruma bəzi
ölkələrin sabiq dövlət və hökumət
başçıları, nüfuzlu ictimai xadimlər, habelə
iri korporasiyaların rəhbərlərindən ibarət 20-yə
yaxın ali səviyyəli qonaq da
qatılıb.
Forumda
liderliyin fərdi qiymətləndirilməsi, müasir
dövrün ehtiyac duyduğu liderlik formaları, qadın və
kişi liderliyi arasındakı fərqlər,
həmçinin liderliyin daxili və xarici hüdudları
müzakirə olunacaq, debatlar təşkil ediləcək. Tədbir iştirakçıları "Mənə
görə liderlik nədir?", "Liderliyi necə öyrənmək
olar?", "Qadın və kişilər fərqli şəkildə
liderlik edirlərmi?", "Mədəniyyətlər fərqli
yol göstərir?" kimi suallar ətrafında fikir
mübadiləsi aparacaqlar.
Bakıda
keçirilən mötəbər forumla bağlı
"525"ə fikirlərini bildirən Yeni Azərbaycan
Partiyasının İcra Katibliyinin Siyasi təhsil və
proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin
deputatı Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan son
dövrlər beynəlxalq əhəmiyyətli, nüfuzlu tədbirlərin
keçirildiyi məkana çevrilib: "Bakı isə
artıq dünya tərəfindən önəmli diplomatik
paytaxtlardan biri kimi qəbul olunur. Müxtəlif
sahələr üzrə tədbirlərin keçirilməsi
üçün Azərbaycanda həm münbit şərait,
həm də müvafiq kontingent var. Təsadüfi deyil ki, tədbirdə
iştirak edənlər dünyanın tanıdığı,
fikirlərinə hörmətlə yanaşdığı
simalardır".
Deputatın
sözlərinə görə, Qlobal Gənc Liderlər
Forumunun ölkəmizdə keçirilməsi dünyanı
düşündürən aktual məsələlərin həllində
Azərbaycanın da rolunun olduğunu əyani sübut edir:
"Çünki Azərbaycanda gələcək liderlərin
yetişməsi üçün müvafiq şərait var.
Ölkə universitetlərində ildən-ilə tədris
keyfiyyətinin yüksəlməsi, gənclərin bir
neçə xarici dil bilməsi, beynəlxalq tədbirlərdə
könüllülük institutunun bərqərar olması, gənclərin
idarəçilik və təşkilatçılıq təcrübəsinə
yiyələnməsi dünya tərəfindən təqdirlə
qəbul edilir. Həmçinin, Azərbaycan gəncləri
bu gün xaricdəki beynəlxalq konfranslarda iştirak edir, əcnəbi
ölkələrdə öz karyeralarını qurur, peşəkarlıq
dərəcələrini artırırlar".
Mötəbər
tədbirin Bakıda keçirilməsinin təsadüfi
olmadığını deyən A.Mirzəzadə hesab edir ki,
bu praktiki əhəmiyyət daşıyır: "Həm Azərbaycan
tədbirə gələn xarici ölkə liderləri,
tanınmış simaların fikirlərindən yararlanır,
həm də dünya ölkəmizi daha dərindən
tanımağa başlayır. Yəni, bu gün
Azərbaycan Qərbdə Şərq, Şərqdə Qərb
ölkəsi kimi qəbul edilir. Hazırda
Azərbaycan modernləşmənin çox uğurlu
formatıdır. Vaxtilə dünyada
İsveçrə, İsrail, Sinqapur, Cənubi Koreya, Çin
və digər inkişaf modellərindən söhbət
açılırdısa, artıq Azərbaycanın
inkişaf modelindən danışılır".
Bu gün
Azərbaycanın təkcə diplomatik tədbirlərin
keçirildiyi məkan olmadığını deyən deputat
qeyd edib ki, respublikamız cəmiyyət və dövlət
qarşısında duran problemlərin həll edildiyi ölkə
kimi tanınır: "Ümumi iqtisadiyyatın
inkişafı, regionların sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması, müasir ordu
quruculuğu, uğurlu xarici diplomatiya, cəmiyyətin rifah
halının yüksəldilməsi dövlətin daimi diqqət
mərkəzində olan və beynəlxalq birliyin böyük
maraqla izlədiyi məsələlərdir. Ona
görə də, hesab edirəm ki, Qlobal Gənc Liderlər
Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin artan
nüfuzuna verilən böyük qiymətdir. Azərbaycan dünya üçün daha da cəlbedici
ölkəyə çevrilir. Bu da özünü
ölkəmizə təhsil almaq, istirahət etmək üçün
gələn əcnəbilərin sayının artmasında,
eləcə də iş qurmaq istəyən xarici
investorların sərmayə qoyuluşlarının yüksəlməsində
göstərir".
Ümumilikdə tədbiri yüksək qiymətləndirən
deputat əlavə edib ki, Qlobal Gənc Liderlərin Forumunun həm
nəzəri, həm də praktiki əhəmiyyəti
çoxdur.
Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin
deputatı Musa Qasımlı isə bildirib ki, Qlobal Gənc
Liderlər Forumunun Bakıda keçirilməsinin böyük əhəmiyyəti
var: "Bu, bir daha göstərir ki, Azərbaycan təkcə
indiki deyil, gələcəkdə dövlət, siyasi və
ictimai xadimlər olacaq şəxslərin toplaşaraq
mühüm məsələlərə dair müzakirələr
apardıqları bir dünya mərkəzi, birləşdirici
funksiyanı uğurla yerinə yetirən bir ölkədir. Azərbaycanı belə bir mərkəzə
çevirən isə heç şübhəsiz, prezident
İlham Əliyevin yürütdüyü siyasətdir. Aydındır ki, Azərbaycan dövlətinə,
onun rəhbərinə, ölkəmizin gələcəyinə
inam və etimad olmasaydı, xarici ölkələrdən gənc
liderlər Bakıya gəlməzdilər. Onların
Bakıda olmaları Azərbaycan haqqında düzgün məlumat
almalarına və dostlar qazanmalarına kömək edəcək".
Qeyd edək ki, Bakıda keçirilən Qlobal Gənc
Liderlər Forumu avqustun 24-də başa çatacaq. Forum gənc
liderləri sabiq və indiki dövlət
başçıları ilə əlaqələndirən,
liderliyin bir çox meyarlarını tədqiq edən yeni
platformadır.
Ceyhun ABASOV
525-ci qəzet 2017.- 22 avqust.- S.3.