Şeirimizin səməndər quşu, yaxud sözün ucalığındakı Məmməd
Aslan ünvanı
(Əvvəli
ötən saylarımızda)
Məmməd Aslanın publisistik dili də olduqca
şairanə, sadə
və aydın, bir sözlə xalq dilinin zəngin
qatlarından süzülüb
gələn bir ruh nəğməsidir.
Şairin
yaradıcılığında Cənubi Azərbaycan mövzusu - Təbriz, Ərdəbil, Xoy, Urmiya, Səlmas, bütünlüklə Arazın
o tayında qalan vətən torpağı,
bütöv Azərbaycan
ağrısı qırmızı
xətlə keçirdi.
Vaxtilə Arazın o tayına
gedib-gəlməyin mümkün
olmadığı, aranı
tikanlı məftillərin
kəsdiyi ağrılı
illərdə Məmməd
Aslan da ən kövrək misralarını bu mövzuda qələmə
almışdı. "Təbrizə çatmağa
nə yol qaldı ki..." şeirində şair iki imperiyanın xalqımızın taleyində
yaratdığı faciəvi
durumu real boyalarla, bitkin bədii məcazlarla göz önünə gətirə
bilmişdir:
Təbrizlə arama min ara gəldi,
Ürək bu həsrətdən zinhara gəldi.
Hardan yol başladım, yol hara gəldi?!
Bu da bəxt işidi,
xoş yığvaldı
ki!
Burdan Təbrizəcən
nə yol qaldı ki?!
Qarşımda göz dağı
durur o yerlər,
Çinar qəddim olsa, yenə əyərlər!
Bir vüsal pərisi vardır, deyirlər,
Qulağı kardı ki,
Dili laldı ki...
Burdan Təbrizəcən
nə yol qaldı ki?!
Azərbaycan müstəqillik qazanandan
sonra Məmməd Aslan bir neçə
dəfə Təbrizi
ziyarət etmiş, Tanrının ona verdiyi bu qisməti
böyük şükranlıqla
"Təbriz" şeirində
bədii sözün yaddaşına köçürmüşdür:
Yüz illərdir ocağında közüm var:
Soyumaz çörəyim,
çayım Təbrizdə.
Bir doğma oğluyam bu cənnət yurdun,
Hər bahar gül açır soyum Təbrizdə.
...Nə yaxşı yumşaldı o sərt havalar!
Qovuşdu soydaşlar, həsrət
obalar!
Şahin
- şonqar şığıdıqca
ov alar!
Artdı
Səttarxanla boyum Təbrizdə!
Məmməd Aslan həm də uzun illər
idi ki, türk
dünyasının mənəvi-mədəni
birliyi yolunda Fərhad kimi külüng çalırdı. Vaxtilə
Türkiyə adının
nəinki yazılmasının,
dilə belə gətirilməsinin qadağan
edildiyi, o dünyanın
sanki bir xof aləmi olduğu illərdə -
1984-cü ildə Məmməd
Aslan "Ərzurumun gədiyinə varanda" kitabı ilə bu zülmət pərdəsini yırtaraq
türk dünyasına
bir pəncərə açmışdı. Şairin
peşəkar qələminin,
güclü müşahidələrinin
və ən başlıca yazıçı
cəsarətinin sayəsində
Türkiyə ilə bağlı qaranlıqlar az müddətdə
aydınlaşmış və
hər şey gözlərdə əslində
olduğu kimi canlanmışdı. Bu səfərə
qədər isə Məmməd Aslanın Türkiyəyə bir Nazim Hikmət gileyi vardı:
"Qarşı yaxa məmləkət,
O torpağa mən həsrət".
Vətənsiz öldü Hikmət,
Ölümə bax, qaraçı.
Böyük türk şairi Nazim Hikmətin ağrılı və təzadlı taleyi Azərbaycan ədəbiyyatında
daim diqqət mərkəzində saxlanılan
mövzulardan biri olmuşdur. Böyük faciə qəhrəmanı
olan bu nəhəng
söz adamının
bədii obrazı hələ sağlığından
başlayaraq Azərbaycan
yazıçı və
şairləri tərəfindən
zaman-zaman müxtəlif
rakurslardan və prizmalardan işıqlandırılmışdır.
Məmməd Aslan da Nazim Hikmətə bir neçə şeir həsr etmişdir. Nazimin doğma Türkiyəsini ziyarətindən və orada Nazim Hikmətə
əvvəlki birmənalı
münasibətin xeyli
yumşaldığının şahidi olandan sonra bu ağrı
Məmməd Aslan poeziyasında doğma bir niskilə çevrilmişdi:
Bir az yaşasaydın,
dözsəydin, barı,
Gözünlə görərdin sınan buzları.
Yumşaldı bəxtinin acı
ruzigarı,
Ətrin İstanbula çiləndi,
Nazim.
Xatırladaq ki, Məmməd Aslan yaradıcılığında
türk dünyası,
türk poeziyası, Türkiyə mövzusu ayrıca bir xətt təşkil edirdi. Onun şair Hidayətlə
birlikdə 1991-ci ildə
"Gənclik" nəşriyyatı
tərəfindən nəşr
olunmuş "Gözəllik
suyu" kitabında toplanmış bir sıra türk şair və yazıçısının əsərlərindən
örnəklər bu istiqamətdəki fəaliyyətinin
davamı idi. Sonrakı illərdə şair
"Anadolu dəftərindən"
başlığı altında
bu mövzuda silsilə şeirlər qələmə almışdı.
Bu əsərlərin qəhrəmanları
böyük türk şair və övliyaları Mövlanə
Cəlaləddin Rumidən,
Qazi Bürhanəddindən,
Yunus İmrədən
üzübəri müasir
türk şeirinin yaradıcıları - Aşıq
Veysəl, Naci Fazil Qısakürək, İqbal Xan Gürpınar, Abdullah Sərt
İpək, Yavuz Bülənt Bakilər, Bahəddin Qaraqoç, Nihal Adsız, Qadir Misiroğlu, Fazil Hüsnü Dağlarca və başqalarıdır. Məmməd
Aslanın şeirlərində
türk dünyasının
adıçəkilən nəhəng
söz xiridarlarının
zahiri portretləri sadəcə göz önündə canlanıb
qalmır, bu böyük fikir adamlarının zəngin
mənəvi dünyası,
sözlə yaratdıqları
möcüzələr böyük
ustalıqla açılır,
insanı heyrətə
gətirir, oxucunu min illik mədəniyyətimizin
sirli-sehirli gülşəninə
çəkib apararaq valeh edir.
"Şair babam gəzən yerlər"
şeirində türk
poeziyasının böyük
ustadlarından olan Qazi Bürhanəddinin bədii obrazı göz önünə gəlir, türk şeirinin ölməz səsi eşidilir:
Bir vaxt Qazi Bürhanəddin
Şöhrət tapıb Qeysəridə.
Qılıncı tək kəskin
olub
Misrasının kəsəri də.
... Yatırını el açıbdı,
Zaman-zaman dil açıbdı.
Füzulidə gül açıbdı
Onun şahlıq
əsəri də.
"Yaşayan Yunus Əmrə" şeirində
də şair Şərq ədəbiyyatının
ən zəngin və çoxşaxəli
qolunu təşkil edən türk ədəbiyyatının hansı
nəhəng köklər
üzərində intişar tapdığını,
necə tükənməz
bir çeşmədən
qidalandığını və
müasir ədəbiyyata
göstərdiyi şəksiz
təsiri böyük
şükranlıqla etiraf
edir:
Salam olsun, qoca Yunus,
Salam, Şərqin söz
çeşməsi.
Yüzillərin o üzündən
Türkün aşıb gələn səsi.
... Ölümsüzlük verib
sənə
Min sehrli ana südü.
Bu süd sənin söz qalanın
Təməlidi, hörgüsüdü.
Məmməd Aslan Türkiyədə keçirilən Allahın
və İslam peyğəmbərinin vəsfinə
həsr olunmuş şeir yarışmalarında
iştirak edərək
bir neçə dəfə bu mötəbər müsabiqələrin
qalibi olmuşdur. O, 1994-cü ildə
"Natı Şərif"
yarışmasında "Nur
içində nur"
şeiri ilə birinci, 1995-ci ildə "Lailahə İlləllah"
münacatı ilə
ikinci yerə layiq görülmüşdür.
Məmməd Aslanın poeziyasındakı və sənətindəki uğurun başlıca şərti onun geniş mütaliəsindən və saysız-hesabsız səyahətlərindən keçirdi. O taylı, bu taylı Azərbaycanı, qardaş Türkiyəni, qədim Turan ellərini qarış-qarış gəzən şair qədəm qoyduğu hər yerdə xalqın min illik söz boxçasının ən qiymətli incilərini toplayır, unudulmaqda olan folklor nümunələrini, adət-ənənələri "çinədanına yığaraq" sonradan müxtəlif yazılarında bunu böyük ustalıqla cilalayaraq elə xalqın özünə qaytarırdı. İlk şeirlərindən tutmuş son illər qələmə aldığı əsərlərini də ədəbi təhlil müstəvisinə cəlb edəndə aydın görünür ki, şair daim axtarışda idi, hər zaman öz üzərində işləyirdi, sözlə mükalimədə bir an da olsun arxayınlaşmırdı.
Məmməd Aslan illərdən bəriydi ki, ozan-aşıq sənətinin təbliğ olunması istiqamətində də ciddi xidmətlər göstərirdi. Göyçə aşıq mühitinin və Kəlbəcər ədəbi mühitinin təbliğ olunub tanınmasında onun xidmətləri əvəzsizdir. Aşıq Ələsgərin, Növrəs İmanın, Ağdabanlı şair Qurbanın, Dədə Şəmşirin, Haqverdi Talıboğlunun, Bəhmən Vətənoğlunun, Sücaətin, Seyid Əlinin, Cabir Umudun, Yusif Hüseynin və onlarla digər saz-söz adamının yaradıcılığı ilə bağlı ölkə mətbuatında dərc etdirdiyi müxtəlif səpkili yazılar, radio-televiziyada apardığı verilişlər bu qəbildən idi.
Şairin Azərbaycan ozan-aşıq sənətinin azman nümayəndəsi Dədə Şəmşir şəxsiyyətinin və irsinin araşdırılması ilə bağlı apardığı araşdırmalar və yazdığı yazılar da təqdirəlayiqdir. Onun 2013-cü ildə nəşr olunmuş "Saxla izimi, dünya" kitabını publisistik üslubda yazılmış roman da adlandırmaq olar. Çünki bu kitabda böyük ustadın "zəngin yaradıcılıq yoluna, demək olar ki, beşikdən məzaracan işıq tutulmuş; sənət meydanında unudulmaz qovğaları, poetik uğurları həyati lövhələrlə qələmə alınmış; bu nəhəng söz zərgərinə ümumxalq məhəbbəti əks etdirilmişdir". Kitab Aşıq Şəmşir yaradıcılığının və şəxsiyyətinin öyrənilməsi baxımdan gələcək tədqiqatçılar üçün də qiymətli bir mənbədir.
Qeyd etdiyimiz kimi, Məmməd Aslanın yaradıcılığı olduqca rəngarəng və çoxşaxəlidir. Bu müxtəliflik özünü yalnız onun əsərlərinin forma və məzmununda deyil, eləcə də müraciət etdiyi obyektlərin fərqliliyində də aydın göstərir. Yeri gəlmişkən, mütəxəssislərin də dəfələrlə etiraf etdikləri bir faktı xatırladaq ki, gənc nəslin təlim və tərbiyəsində, dünyabaxışının formalaşmasında ədəbiyyatın ciddi bir sahəsi sayılan uşaq ədəbiyyatının inkişafında son illər bir tənəzzül hökm sürür. Məhz bu prizmadan çıxış edərək xatırladaq ki, Məmməd Aslan bu sahədə də öz sözünü uğurla demiş sənətkardır. Şairin 2014-cü ildə "E.L." nəşriyyatı tərəfindən çap olunmuş "Səhəri kim açır" kitabını uşaq ədəbiyyatına böyük töhfə hesab etmək olar. Kitabda toplanmış bir-birindən maraqlı, rəngarəng şeirlər, nağıllar, əhvalatlar dilinin sadəliyi, axıcılığı və gözəlliyi ilə balaca yurddaşlarımızın dünyaduyumunun dərinləşməsində, söz ehtiyatının və estetik baxışlarının formalaşmasında əvəzsiz rol oynaya bilər.
Həyatını, yaradıcılığını Azərbaycan ədəbiyyatına, söz sənətinə həsr etmiş Məmməd Aslanın zəngin, çoxşaxəli yaradıcılığının ciddi elmi araşdırmaya ehtiyacı var və inanırıq ki, bu məsələ yaxın illərdə öz həllini tapacaq.
İlham MƏMMƏDLİ
Filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet $g 2017.- 23 avqust.- S.6.