Ankara-Bakı münasibətlərinə kölgə salmaq cəhdi: Türkiyə sərhədləri açmayacaq

 

"ERMƏNİSTAN TÜRKİYƏ-AVRASİYA İQTİSADİ BİRLİYİ ƏLAQƏLƏRİNƏ ŞƏRT QOYA BİLMƏZ"

 

Dağlıq Qarabağ münaqişəsi həll olmadan Türkiyə-Ermənistan sərhədlərinin açılması üçün göstərilən təşəbbüslərin səmərə vermədiyi dəfələrlə müşahidə edilib.

 

2009-cu ildə imzalanmış Türkiyə-Ermənistan protokollarının icra edilməməsinin iki əsas səbəbi var idi: Azərbaycan Türkiyə ictimaiyyətlərinin reaksiyaları. Protokolların imzalanma səbəbləri bəlli idi: Türkiyənin Avropa birliyinə üzv kimi qəbul edilməsi yolunda rəsmən açıqlanmayan əsas şərtlərdən biri Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin açılması idi.

 

2009-cu il mayın 13-də, o zaman Türkiyə baş naziri olan Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Milli Məclisdəki çıxışında verdiyi bəyanat mövcud şərtlər altında - Dağlıq Qarabağda işğal bitmədən Türkiyə-Ermənistan sərhədlərin açılmayacağanı göstərdi. Türkiyənin digər rəsmi şəxsləri dəfələrlə Dağlıq Qarabağda işğal bitmədən sərhədlərin açılmayacağını bəyan ediblər.

 

Bu günlərdə Türkiyənin Rusiya ilə yaxınlaşması sərhədlərin açılması məsələsini yenidən aktuallaşdırıb. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin Avrasiya İqtisadi Birliyi ilə anlaşma imzalamaq niyyətində olduğunu deyib. O bildirib ki, Ankara Avrasiya İqtisadi Birliyi ilə gömrük anlaşmasını imzalamaq barədə təklif alıb.

 

Avrasiya İqtisadi Birliyində işğalçı Ermənistan da təmsil olunduğundan bəzi şərhçilər bunu Ermənistanla sərhədlərin açılması üçün yeni təşəbbüslərə səbəb ola biləcəyini qeyd edirlər.

 

Artıq Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, AİB ilə anlaşma imzalamaq üçün qurumun İrəvanın razılığına ehtiyac var. Erməni mediası isə iddia edir ki, rəsmi İrəvan Türkiyə qarşısında sərhədlərin ön şərt qoyulmadan açılması şərtini irəli sürə bilər.

 

Lakin unutmaq olmaz ki, Türkiyə-Ermənistan sərhədlərinin bağlı olması yalnız Azərbaycanla əlaqədar deyil.

 

Ermənistanın müstəqillik bəyannaməsində, dövlət gerbində konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiaları yer alır. Hətta Ermənistan Konstitusiya Məhkəməsinin 12 yanvar 2010-cu il tarixli qərarında Türkiyə-Ermənistan protokollarının Ermənistanın müstəqillik bəyannaməsinin konstitusiyasının əlaqədar (Türkiyəyə ərazi iddiası irəli sürən) maddələrinə zidd şərh olunmayacağı qeyd olunurdu. Bu o deməkdir ki, Türkiyənin Ermənistana hansı güzəştə getməsindən asılı olmayaraq, ermənilər "soyqırım"ın tanınması, təzminat almaq, ərazi iddialarınadan geri durmur.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya gerçəkləşdirəcəyi səfərin Azərbaycan-Türkiyə münasibətlərinə yeni təkan verəcəyi şübhəsizdir.

 

Geosiyasi maraqların fövqündə olan Azərbaycan-Türkiyə münasibətlərin xarakterini yalnız iqtisadi-siyasi əlaqələrin yüksək səviyyədə olması müəyyən etmir, xalqlarımızı ortaq din, mədəniyyət, dil əsassız iddialara qarşı müştərək mübarizə tarixi birləşdirir.

 

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli hesab edir ki, Türkiyə ilə Avrasiya İqtisadi Birliyi arasında gömrük sahəsində sənədin imzalanması Ermənistanla sərhədlərin açılacağı anlamına gəlmir: "Çünki müqavilə sadələşdirilmiş gömrük məsələləri ilə bağlıdır. Bu heç o demək deyil ki, əgər Avrasiya İqtisadi Birliyi ilə Türkiyə arasında müqavilə imzalanarsa, dərhal Ermənistanla sərhədlər açılacaq. Digər tərəfdən bu məsələlər yalnız aşağı səviyyələrdə dilə gətirilir. Rəsmi şəkildə bunun reallaşacağı ilə bağlı konkret bir fikir ortalığa çıxmayıb. Əgər belə bir qərar qəbul olunarsa, Türkiyə ilə Avrasiya İqtisadi Birliyi arasında hər hansı bir səviyyədə əlaqələr qurularsa, çox guman ki, bu məsələlər Azərbaycanla müzakirə olunacaq ortaq qərar çıxarılacaq".

 

E.Mirzəbəylinin sözlərinə görə, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılacağı ilə bağlı səsləndirilən fikirlər real deyil: "Ən yüksək səviyyədə bu məsələ ilə bağlı bəyanat verilib, münasibət bildirilib. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan və digər dövlət-hökumət rəsmilərinin də bu məsələdə geri çəkiləcəyi qətiyyən inandırıcı deyil. Bu cür fikirlər Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq niyyəti daşıyır. Belə məlumatlar daha çox Ermənistan mətbuatında və ermənilərin üstünlük təşkil etdikləri Rusiya mediasında yayılır. Bu məsələdə daha çox "Regnum" informasiya agentiyi və digər Rusiya mətbu orqanları aktivlik nümayiş etdirir. Təbii ki, bütün bu cəhdlər heç bir nəticə verməyəcək".

 

Siyasi İnnovasiyaTexnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə bildirib ki, əgər Türkiyə ilə Avrasiya İqtisadi Birliyi arasında müavilə imzalanacaqsa, hər şey şərtlərə bağlı olacaq: "Müqavilənin mətnində göstərilən şərtlər daxilində razılaşma əldə oluna bilər. Yəni, Avrasiya İqtisadi Birliyi ilə müqavilənin imzalanması Ermənistanla Türkiyə arasında sərhədlərin açılmasından asılı deyil".

 

M.Əhmədoğlu hesab edir ki, Türkiyə ilə Avrasiya İqtisadi Birliyi arasında müqavilənin imzalanması məsələsi hələ nəzəridir: "Avrasiya İqtisadi Birliyi indiyədək heç bir dövlətlə bu cür müqavilə imzalamayıb. Bu baxımdan ən çox danışıq aparılan dövlət İrandır. Lakin hazırda İranla Belarus arasında müəyyən problemlər yaranıb. Buna görə İranla Avrasiya İqtisadi Birliyi arasında müqavilə imzalana bilmir. Yəni, bu da nəzərə alınmalıdır ki, danışıqlar prosesinin istənilən mərhələsində maneələr ortaya çıxa bilər. Bu mənada, Ankara ilə Avrasiya İqtisadi Birliyi arasında razılaşmanın əldə olunub-olunmayacağı hələ məlum deyil".

 

Ermənistan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı verdiyi bəyanata toxunan M.Əhmədoğlu qeyd edib ki, Azərbaycanda bəzi şəxslər ermənilərin savadlı olduqlarını zənn edirlər: "Əslində isə bu, belə deyil. Ermənilər burunlarının ucundan uzağı görümürlər. Yəni, vəziyyəti yaxşı təhlil edə bilmirlər. Məsələn, Ovik Abramyan Ermənistan baş naziri olanda məsələ qaldırmışdı ki, Ermənistanın suyu Azərbaycana axıb gedir və elə etmək lazımdır ki, Araz çayının Azərbaycan hissəsində su azalsın. Bu adam nə qədər savadsızdır ki, Ermənistandakı suyun Türkiyədən gəldiyini dərk etmir. Əgər Ermənistan Azərbaycanın suyunu azaldacaqsa, sabah Türkiyə də Araz çayını kəsərək Ermənistanın suyunu azaldacaq. Bu mənada, hazırda Ermənistan bildirir ki, guya Türkiyə ilə Avrasiya İqtisadi Birliyi arasında razılaşmanın əldə olunmasına konsensus verməyəcək, məsələnin həllinə mane olacaqlar. Halbuki Ermənistanın buna ixtiyarı yoxdur. Tutaq ki, Ermənistan bu addımı atıb Avrasiya İqtisadi Birliyində qərarların konsensus formatında qəbul olunmasından istifadə edərək müqaviləni əngəlləyəcəksə, o zaman Türkiyə konsensusla qərarların qəbul olunduğu digər qurum - NATO ilə Ermənistan arasında əlaqələrdə heç bir məsələdə razılığın əldə olunmasına imkan verməyəcək. Dar düşüncəli ermənilər isə bunu hələ başa düşə bilmirlər".

 

Ceyhun ABASOV

525-ci qəzet 2017.- 23 avqust.- S.1-5.