"Qırğızıstan ədəbi
mühitində vəziyyət ürəkaçan deyil"
ALTINBEK
İSMAYILOV: "BİZDƏ DÖVLƏT YAZIÇILAR
BİRLİYİNƏ DƏSTƏK VERMİR,
ƏMƏKDAŞLAR MAAŞSIZ ÇALIŞIRLAR"
Qırğızıstan Milli Yazıçılar Birliyinin üzvü, Manas Universitetinin müəllimi, Dünya Gənc Türk Yazarlar Birliyi Qırğızıstan təmsilçisi, şair-tərcüməçi Altınbek İsmayılovla İstanbulda Avrasiya Yazarlar Birliyinin təşkil etdiyi "Türk dünyası gənc yazarlar görüşü"ndə tanış olduq.
Söhbətimizdən məlum oldu ki, Altınbek daha
öncə Azərbaycana da gəlib. Bir müddət
ölkəmizin qonağı olan gənc şair həm Azərbaycan,
həm də bütün türkdilli ədəbiyyatla
yaxından tanışdır.
Elə söhbətimiz də gənc şairin öz
yaradıcılığı, qırğız və türk ədəbiyyatındakı
son vəziyyət, İstanbulda düzənlənən
görüş haqqında oldu.
Mükafat
şairi vaxtından əvvəl öldürür
-
Bildiyiniz kimi, qırğız ədəbiyyatındakı son
vəziyyət digər ölkələrdəki kimi, yəni
Sovetlər Birliyi zamanındakı kimi deyil. İnsanların,
gənclərin ədəbiyyata marağı azdır, hər
kəs öz hesabına kitab çıxarır və
özü də satışı ilə məşğul
olur. Buna görə də Qırğızıstan ədəbi
mühitində vəziyyət heç də ürəkaçan deyil. Gənclər
arasında şeirlə maraqlananların sayı çoxdur.
Hekayə, roman, povest yazan gənclər, demək
olar ki, yox səviyyəsindədir. Dramaturgiya
və ədəbi tənqidlə məşğul olan isə
ümumiyyətlə yoxdur.
Qırğız
ədəbiyyatında yazarlara verilən "Xalq
yazıçısı'', "Xalq şairi",
"Toktogul", "Çingiz Aytmatov", "Alıkul
Osmonov" kimi fəxri adlar,
mükafatlar var. Əslində, bu kimi mükafatlar öz yolu,
öz üzü, üslubu olan, seçilmiş insanlara təqdim
edilir. Fəqət son zamanlarda ədəbiyyatda
yeri olmayan, heç bir özəlliyi ilə fərqlənməyən,
üstün hesab edilməyən insanlara da verilməyə
başladı. Ona görə də
mükafatları, fəxri adları olan, amma oxucunu təsirləndirəcək
əsərləri olmayan yazarlar daha çoxdur. Məncə, mükafat şairi vaxtından əvvəl
öldürür, qabiliyyətini yox edir, saxtalaşmasına səbəb
olur.
Sənəddəki qanunlara görə, iki-üç dənə
kitabı nəşr olunmuş, beynəlxalq və ya ölkədaxili
müsabiqələrdə mükafatlandırılmış,
öz oxucu kütləsinə sahib gənclər Yazarlar
Birliyinə üzv olaraq qəbul edilir. Fəqət
bu sahədə də vəziyyət ürəkaçan deyil.
Çünki son zamanlar birliyə üzv olmaq da
çox asanlaşdı. Kim ərizə
yazarsa, böyük ehtimalla, qəbul edilir. Ancaq Yazıçılar Birliyinə üzv
olmağın da bir mənası qalmayıb. Çünki bizdə dövlət
Yazıçılar Birliyinə dəstək vermir, köməklik
göstərmir. Birlikdəki idarəedicilər
maaşsız, pulsuz işləyirlər. Üzvlərin
kitabları çap olunmur. Hər hansı
bir şeir şöləni, ədəbi toplantılar,
yığıncaqlar keçirilmir. Hazırda
bizdə ədəbi mühitdəki gənclərə də
dövlət dəstəyi yoxdur. Gənclər
ya özləri pul tapır, ya da sponsor taparaq kitablarını
nəşr etdirirlər. Özləri nəşr
etdirdikdən sonra onun satışı və kitabxanalara
paylanması ilə də məşğul olurlar. İki-üç ildir, ölkə daxili və ya
beynəlxalq şeir şölənləri, şeir günləri
və ya gənc yazarlara aid hansısa toplantılar,
yığıncaqlar olmayıb. Dövlət
yox, bəzi beynəlxalq şirkətlər, fondlar, TÜRKSOY,
Avrasiya Yazarlar Birliyi kimi birliklər gənclərə dəstək
olurlar, onlar arasında ədəbi yarışlar keçirirlər,
mükafatlar verirlər. Məsələn, iki il əvvəl TÜRKSOY tərəfindən
Qırğızıstanda "Beş şair" müsabiqəsi
keçirildi və mən o müsabiqədə birinci yerə
layiq görüldüm.
İnternetdə
vaxt keçirən insanlar kitab oxumağa zaman ayırmırlar
-
Xalqın şeirdən, ədəbiyyatdan uzaq düşməyinin
ilk səbəbi internetdir. Bildiyiniz kimi,
hazırda hər kəsin əlində telefon, evində komputer
və televizor var. Gecə-gündüz internetdə vaxt
keçirən insanlar kitab oxumağa zaman ayıra bilmirlər.
Gün boyu daha çox siyasət, dedi-qodu və
özlərini nümayiş etdirməklə məşğul
olan insanlar üçün ədəbiyyatın heç bir
önəmi qalmadı. İkinci səbəbi
isə dərsverici, insanlara təsir edəcək, əbədi
mövzulara yer verən kitabların olmamağıdır.
Çünki qabiliyyətinə deyil, puluna,
imkanına arxalanan saxta yazarların saxta əsərləri
kitab dükanlarını doldurub. İnternet
portallarında yayımlanan şeir, hekayələrin isə
çoxunu heç oxumuram. Çünki
oradakı zibil yeşiklərini eşməyə ehtiyac yoxdur.
Oxucuların
ədəbiyyata marağının artması
üçün dövlət heç bir iş görmür.
Çünki bu gün bizdə dövlətin ədəbiyyata
və ədəbiyyatçılara heç bir ehtiyacı
yoxdur. Çünki Sovetler Birliyi zamanında dövlət
öz siyasətini, ideologiyasını, səsini xalqa
çatdırmaq üçün Yazıçılar
Birliyini yaradıb, öz qanunlarına tabe olan
yazıçı və şairləri yetişdirib,
kitablarını çap etdirib millətə paylayıb,
yazarlara qonorar ayırıb, mükafatlar verib. Dövlətin
siyasətinə qarşı çıxan əsər
yazmış, gerçəkləri dilə gətirmiş,
müstəqil düşüncəli şairlər həbs
olunub, sürgünə göndərilib, kitablarının
çapı və oxunması qadağan edilib. Əlbəttə, Sovetlər Birliyi
dağıldıqdan sonra hər şey dəyişdi. Bir çox millətlər müstəqilliklərinə
qovuşdular. Fəqət müstəqil
dövlətlər əvvəlki kimi öz
ideologiyasını, siyasətini xalqa çatdırmaq
üçün pul xərcləyərək yazarların əsər
yazmağını gözləmir. Çünki
internet, televizor, radio, sosial şəbəkələr, bir
sözlə kütləvi informasiya vasitələrinin köməyi
ilə öz məqsədinə pulsuz da çata bilir. Ona görə də dediyim kimi, dövlətin
yazarlara, ədəbiyyata ehtiyacı qalmayıb.
Biz gənclər isə ölkədəki vəziyyəti
dəyişdirmək üçün dövlətdən dəstək
gözləmədən öz-özümüzə
çalışırıq, nələrsə etməyə,
qurmağa, yaratmağa cəhd göstəririk. Öz
aramızda şeir günləri, müsabiqələr, ədəbi
toplantılar, yığıncaqlar keçiririk,
kitablarımızı öz hesabımıza çap etdirərək
paylayırıq, satırıq.
Qadınların ədəbiyyatdakı mövqeyi isə
ümumən passivdir. Əvvəllər ədəbiyyatla məşğul
olan qadınların sayı az idi. İndi daha da azalıb. Çünki
bu gün qadınlarımız kişilərə görə
çiyinlərində daha artıq yük
daşıyırlar. Səhərdən axşama kimi az maaşla dövlətə işləyən,
gecələri ev işlərini görərək uşaq
saxlayan qadınlarımız şeir yazmağa vaxt tapa bilmirlər.
Gənclərimiz
arasında qafiyəsiz, sərbəst şeir yazan yoxdur
- Qafiyəli,
daha çox on bir hecadan ibarət şeirlər yazmağa
öyrəşmişəm. Heç vaxt sərbəst
şeir yazmamışam. Çünki
düzənlikdə, Tanrı dağlarının ətəklərində,
təbiətlə iç-içə, kiçik
yaşlarından "Manas" dastanını dinləyərək
böyüyən qırğızlar sərbəst şeiri qəbul
etmirlər. Sərbəst şeir
1960-1980-ci illərdə dəbdə olub, bir çox şair qələmini
bu yöndə sınayıb. Fəqət
xalq tərəfindən sevilmədi. Ona
görə də bu gün gənclərimiz arasında qafiyəsiz,
sərbəst şeir yazan yoxdur. Ancaq gələcəkdə
qismət olarsa, qələmimi bu yöndə də sınamaq
istəyirəm.
Şeirləri yaşayaraq yazır və yaşayaraq da
oxuyuram. Əlbəttə, şeir yazmaq ayrı, oxumaq da
ayrı məsələdir. Çünki
qələmlə deyil, ürəklə yazılmış əsəri
ürəklə də oxumaq lazımdır. Bir də əzbər şeir ifa etmək daha
çox təsirli olur. Ona görə də
bütün şeirlərimi əzbər bilirəm. Mənim üçün şeir həyatdır,
taledir, qismətdir. Taleyi olmayan şair həqiqi
şair deyil, qisməti olmayan şeir gerçək şeir
deyil.
Hardasa on beş ildir tərcüməylə məşğul
oluram. Adətən şeir tərcümə
edirəm. Daha çox başqa dillərdən
öz ana dilimə, yəni qırğız dilinə
çevirirəm. Bu günə qədər
məşhur türk şairi Yunus Əmrənin həyatını,
ədəbi baxışlarını araşdırıb,
seçmə şeirlərini qırğız dilinə tərcümə
edərək, 2005-ci ildə "Sevgi Sultanı Yunus Əmrə"
adlı kitab çap etdirdim. Kitab o gündən bu yana üç dəfə təkrar nəşr
olundu. Sonra 2010-cu ildə Bəxtiyar Vahabzadənin
"Gülüstan" poemasını Azərbaycan dilindən
qırğız dilinə çevirərək kitab kimi
çap etdirdim. O da iki dəfə təkrar nəşr
olundu. 2015-ci ildə Azərbaycanın şəhid
şairi, nakam taleli Ülvi Bünyadzadənin ''Ömür
yolu'' poeması mənim qələmimlə
qırğızcaya çevrildi. Bu il
böyük şair Mövlana Cəlaləddin Rumi haqqında
"Mövlana" adlı kitab nəşr etdirdim. Kitab iki hissədən ibarətdir. İlk hissədə şairin həyatı,
yaradıcılığı, ikinci hissədə ona aid
seçmə əsərlərin qırğız dilində tərcüməsi
yer alıb. Tərcümə etmək
üçün hər zaman gözümə deyil, qəlbimə
toxunan əsərləri seçirəm.
Ortaq ədəbi
toplantılar türk dünyasının gələcəyi
üçün çox gərəklidir
- Avrasiya Yazarlar Birliyi qurulduğu gündən etibarən onlarla iş birliyi həyata keçirirəm. Onların nəşr etdikləri "Kardeş kalemler" dərgisini həmişə oxuyuram. Bəzən o dərgiyə materiallar da - şeir, məqalə, reportaj - göndərirəm. Onların hazırladıqları topantılardan, yığıncaqlardan xəbərdar oluram. Bir neçə il öncə İstanbulda təşkil etdikləri "Türk dünyası ədəbiyyat dərgiləri" konfransına qatılmışdım. Bu il də onlardan yenidən dəvət gəldi və mən də gənc yazarların görüşünə qatıldım. Bundan da çox məmnunam.
Bu görüş Türk dünyası ədəbiyyatına çox yaxşı təsir edəcək. Yəni, eyni dildə danışan, eyni coğrafiyada yaşayan, dili, dini, mədəniyyəti, tarixi eyni olan, ortaq mədəniyyəti paylaşan qardaş ölkələrdən gələn çox istedadlı, qabiliyyətli gənc yazarların, şairlərin, ədəbiyyatçıların, jurnalistlərin bir yerə toplanması, səmimi münasibət qurması, öz hiss və düşüncələrini paylaşmağı türk dünyası ədəbiyyatına çox şeylər qazandıracaq. Hər ölkədən gələn iştirakçılar sadəcə öz ölkəsindəki ədəbiyyatın hazırkı vəziyyətilə deyil, həm də digər ölkədəki ədəbiyyatların son vəziyyətləri ilə tanış oldular, oradakı gənclərin ən çox nəylə məşğul olduqlarını, zamanlarını necə keçirdiklərini öyrəndilər, dost oldular. Bu, türk dünyası üçün önəmlidir. Türk dünyasının birləşməsi, dost olması bütün türkdilli ölkələr üçün mühüm və önəmlidir. Ona görə də belə ortaq ədəbi toplantıların tez-tez təşkil edilməsi həm gənclər üçün, həm ölkələr üçün, həm də türk dünyasının gələcəyi üçün bütün hallarda çox gərəklidir.
Əslində, belə yığıncaqlar dünyagörüşümüzü artırır, yeni fikirlərin ortaya çıxmasına, yeni əsərlərin yazılmasına səbəb olur. Türk gənclərinin bir-birini daha yaxından tanımasına, bir-birini oxumasına, bir-birinin əsərlərini öz dillərinə tərcümə etməsinə, ruh körpüsünün qurulmağına səbəb olur. İsmayıl Qaspiralının dediyi dildə, fikirdə, işdə birlik ifadəsi belə toplantılarla gerçəkləşir. Məncə, türk dünyasının gələcəyi sadəcə siyasət və iqtisadiyyatla deyil, ədəbiyyatla, mədəniyyətlə, adət-ənənələrlə, fikirlərlə, ortaq düşüncələrlə, ortaq miraslarla inkişaf edəcək.
Şahanə
MÜŞFİQ
525-ci qəzet 2017.- 23 avqust.- S.4.