Mənim İstanbul nağılım

 

Şahanə MÜŞFİQ

 

 

Onunla ilk dəfə tanış olanda uşaq idim, lap uşaq. İlk dəfə evimizdəki köhnə dördkünc televizorun mavi ekranından boylanmışdı mənə.

 

Ərincəklikdənmi, yoxsa yaddaşsızlıqdanmı, adına gah "Təhminə", gah da "Zaur" dediyimiz, amma bir türlü bu iki adı qoşalaşdırıb "Təhminə və Zaur" demədiyimiz o məşhur kino ilə tanımışdım onu mən də. Ad məsələsinə heç vaxt beynimizi yormazdıq, biz o adları qoşalaşdırsaq nə olacaq ki, ssenari müəllifi Anar bu iki aşiqi əbədiyyən ayırandan sonra... Ədəbiyyat dərslərimizin birində romanın həqiqi adını öyrənəndən sonra filmin adı daha yaxşı yadımda qaldı: "Beşmərtəbəli evin altıncı mərtəbəsi". İstanbulla ilk tanışlığım belə başladı mənim: Təhminə ilə Zaurun nakam məhəbbət nağılı ilə. Bəlkə də ona görə elə o vaxtdan İstanbul mənim üçün ayrılıqlar şəhəri idi?!

 

Usta aktyorumuz Fəxrəddin Manafovun canlandırdığı Zaur səhərin sönük şəfəqlərinin altında yeni evləndiyi həyat yoldaşı Firanı İstanbulun bir otel otağında yarıyuxulu qoyub Təhminənin xəyalı və azanın sədasından yapışaraq küçələri dolanarkən ilk dəfə İstanbul ayrılıq libasını geyindi əyninə. Zaurunmu hüznü çökmüşdü şəhərə, yoxsa şəhərinmi hüznü Zauru alıb götürmüşdü nakam sevgisinin, sevgilisinin yanına... Məlum deyil...

 

O məşhur və möhtəşəm körpünün yaxınlığındakı sahildə siqaret çəkə-çəkə "heç bir təyyarə, heç bir gəmi insanın özünü özündən uzaqlaşdıra bilməz" deyə düşünən qəhrəman, bilmirdimi torpağına ayaq basdığı İstanbul məhz insanı özü-özündən uzaqladıra bilən şəhərdir?!

 

Körpü demişkən, o filmə baxan nə qədər insanın arzusudur həmin körpünü yaxından görmək, üstündə şütüyən maşınların birinin pəncərəsindən açılan Bosfor boğazının valehedici mənzərəsini seyr etmək, kim bilir. Elə mənim kimi...

 

Avrasiya Yazarlar Birliyinin düzənlədiyi "Türk dünyası gənc yazarlar görüşü"nə mənim də qatılmağım təklif olunanda, düzü, inanmadım. 22 ölkədən 60-a yaxın gənc yazarın qatılacağı tədbirin dörd azərbaycanlı təmsilçisindən biri kimi seçilmək, təbii ki, həm gözlənilməz, həm də qürurverici idi. Axır ki, yeddi il öncə aldığım xarici pasportumun da vərəqlərinə mavi, qırmızı "çiçək qonacaqdı".

 

Bu səfər təkcə gənc yazarın Türkiyəyə - İstanbula ilk səfəri deyildi, həm də bir gənc qızın öz ölkəsindən ilk çıxışı idi. Bu çıxışın ilk həyəcanı, illərlə sevdiyin ölkəni, arzuladığın şəhəri görməyin sevinci, tanımadığın, yolunu, izini bilmədiyin yad yerdə günlərini necə keçirəcəyinin tərəddüdü çuğlamışdı bütün bədənimi. Bir sözlə, hisslərin qol-qola, əl-ələ içimdə tüğyan qaldırdığı iki saatlıq uçuşdan sonra nəhayət, Atatürk Hava Limanına ilk addımlarımızı atırıq. Gecəyə gözlərini Bakıda yumub, günəşi İstanbulda salamlamaq da varmış qismətdə...

 

Bizi qarşılamaq üçün təyin olunmuş bələdçilərin mehribanlığı, dilini bildiyimiz, başa düşdüyümüz, rahat ünsiyyət qurduğumuz insanlarla ilk görüş ürəyimdəki tərəddüdü az da olsa aradan qaldırır. Mən ki yad ölkədə deyil, Azərbaycanın dili bir, dini bir qan qardaşı Türkiyədəyəm. Orada qaldığım bir neçə gün ərzində hələ çox şükür edəcəkdim ilk səfərimin başqa, yad ölkəyə deyil, məhz Türkiyəyə olduğuna.

 

Hava Limanı İstanbulun Avropa hissəsində, bizim üçün təyin olunmuş otel isə Asiya yaxasında yerləşdiyindən maşınla bir saatlıq yol getməli oluruq. Elə yoldaca - görməyi arzuladığım ecazkar körpünün üzərində bizi ilk qarşılayan günəş olur. Sanki o da xəbərdardır içimdəki qeyri-müəyyən hisslərdən, şəfəqi ilə sığallayır saçlarımı, üzümü, "qorxma, İstanbuldan qorxmaq lazım deyil, İstanbulu sevmək və hiss etmək lazımdır" deyir sanki. Maşının pəncərəsindən boylanıram bu ecazkar şəhərə. Bir tərəfdə hündür binalar, son dəblə inşa olunmuş göydələnlər, universitetlər, xəstəxanalar, digər tərəfdə isə kiçik yaşayış yerləri, yaşıl ağaclar, parklar. İstanbul yalnız iki qitəni deyil, müxtəlif mədəniyyətləri, kültürləri, təbiəti də özündə birləşdirən nağıl şəhəridir.

 

Bir neçə dəqiqə sonra Boğaz körpüsündən keçirik. Mavi suları ilə İstanbulu qucan Bosfor boğazı həzin-həzin dalğalanmağındadır. Səhərin lap erkən saatları olmasına baxmayaraq, vapurların səsi bizə "xoş gəldin" türküsü ifa edir sanki. Körpünün üzərindən keçərkən İstanbul haqqında oxuduğum, müxtəlif mənbələrdən öyrəndiyim məlumatları xatırlamağa çalışıram. Bu qədim şəhərin başı tarix boyu hansı bəlalardan keçməyib, insanları hansı sınaqlara sinə gərməyib...

 

Otelə gələndən sonra açılış tədbiri axşam olacağı üçün bir xeyli zamanımız vardı. Bu zamanı boşa xərcləmək olardımı? Əlbəttə ki, yox. Bir az dincəlib şəhərlə tanış olmağa çıxdıq. İnsanların, maşınların çoxluğu, sıxlıq ilk baxışda adamı yorsa da, zaman keçdikcə sanki bu səs-küyə də alışırsan, doğmalaşırsan. Küçələrdə evinə, işinə tələsən insanlar, gəzməyə çıxan tursitlər, bircə dəqiqə dayanmayan dinamik hərəkət insanda baş döndürücü təsir buraxır.

 

Açılış tədbirində çıxış edən bir çox iştirakçıların, qonaqların da dedikləri ortaq fikir kimi, İstanbul yad deyildi və onunla tanış olduqca heç zaman da yad olmadığını hiss edirsən. Bu, doğmalıq fiziki doğmalıq, yaxınlıq deyildi. Bizi bir-birimizə yaxınlaşdıran könül bağlılığı, mənəvi doğmalıq idi.

 

İki gün ərzində otelin daxilində keçirilən tədbirlər, toplantılar, dərslərə görə İstanbulu gəzmək fürsəti tapa bilmədik. Ancaq bu günlər ərzində biz başqa səyahətə çıxmışdıq: könül səyahətinə. Görüşdə iştirak edən müxtəlif ölkələrin, xalqların nümayəndələri bir-birinin dilini yarı-yarımçıq anlayaraq və ya heç anlamayaraq ünsiyyət qurmağı bacarırdı. Orada bu günlər ərzində bir türk rüzgarı əsirdi sanki. Ədəbiyyat adamına ədəbiyyatdan başqa nə lazımdır ki? Biz də orada ədəbiyyatın tam mərkəzində idik. Hələ açılış tədbirində Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunun, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın, şair Ali Akbaşın və başqalarının çıxışlarında bu görüşə olan ümidlər, gənc yazarların bir neçə cümləyə sığdırdıqları İstanbul təəssüratları, mənasını anlamayıb, hisslərini duyduğumuz şeirləri önümüzdəki nağıl kimi günlərin ilk müjdəçiləri idi. Sonrakı iki gün isə şeir, hekayə və roman qruplarına ayrılaraq ustad yazarların müzakirələrini dinləyib, öz ədəbiyyatlarımız haqqında müzakirələr apardıq, türk dostlarımızı məlumatlandırdıq, məlumatlandıq. Tatarıstandan Fanil Gileji, Elvira Yılmaz, Qırğızıstandan Altınbek İsmayılov, Türkiyədən Semih Diri, Kiprdən Sezer Oza, İraqdan türkmən dostumuz Ammar, İrandan Elyar Musevi, Özbəkistandan Muhammədəmin Toxliyev və başqaları ilə tanışlıq, ünsiyyət onların vətənlərindəki həm ictimai, həm də ədəbi durumla tanışlığımıza səbəb oldu. Bu müzakirələrdə ən çox dillənən mövzu türk xalqlarının ortaq ünsiyyət dilinin yaradılması, Türkiyə türkcəsinin ortaq türk dili kimi seçilməsi idi.

 

İstanbulu daha yaxından tanımaq üçün bir neçə saatlıq boğaz gəzintisi kifayət imiş. Biz də bu şansı səfərimizin üçüncü günü qazandıq. İstanbulla ilk tanış olduğumuz gün üstündən keçib getdiyimiz körpünün indi altından, Bosfor boğazının sularının üzərindən keçərək bu sirli-sehirli şəhərin həm Avropa, həm də Asiya hissəsini eyni anda seyr etmək imkanımız yaranmışdı. Hava qaraldıqca bizdən uzaqda qalan sahildə sayrışan işıqlar, gecənin bir aləmi olmasına baxmayaraq, hələ də harasa tələsən maşınlar, ara-sıra restoranlardan, əzəmətli villalardan qulaqlarımızı yalayıb küləklə xoş ahəng yaradan musiqilər, uşaqlığımızdan əzbərimizə çevrilmiş türkülər bizə "arzuladığınız İstanbul mənəm"- deyirdi. Gəmiyə söykənib məşhur türk şairi Orxan Vəlinin şeirində dediyi kimi "İstanbulu dinləmək istəyirəm, gözlərim qapalı..." Ancaq bu gözəlliyə göz yummaq mümkün deyil ki... İki-üç dəfə keçdiyimiz sahilə, ayaqlarımızın altında nazlanan sulara acgözlüklə baxırıq. Elə onda başa düşürəm ki, İstanbul həm də bu suları ilə doğmadır mənə. Aylar öncə Türkiyədən Azərbaycana qonaq gələn bir gənc şair demişdi ki, Bakı dənizi ilə İstanbulu xatırladır. Onda onun nə demək istədiyini anlamışdım. Amma hiss etməmişdim. Boğazın suları üzərində isə bunu hiss etdim. Bəli, İstanbul suları ilə doğma Bakının Xəzərini yada salmışdı.

 

Gəzinti zamanı İraq türkməni Ammarın şeirləri, qırğız, qaqauz, çuvaş, qazax təmsilçilərinin xalq mahnıları mədəniyyətləri qovuşdurmuşdu. Bir balaca gəmiyə 22 ölkənin, xalqın mədəniyyəti sığmışdı. Bir də uzaqdan qızaran Türkiyə bayraqları... Bu şəhər həm də buna görə sevimli idi: xalqının bayrağına olan hörməti, sevgisi ilə...

 

...Sevdiyin şəhərə onu sənə ilk dəfə tanıdıb sevdirən adamla getmək də bir ayrı zövqdür, gözəllikdir, zənnimcə. Yazımın əvvəlində adını çəkdiyim, Zauru Təhminədən ayıran, Fira ilə evləndirib İstanbula gətirən və İstanbulda yenidən Təhminəni onun yadına salan Xalq yazıçısı Anar da bizimlə birgə çıxmışdı İstanbul səfərinə. Səfərin bəlkə də ən qəribə və xoş tərəfi idi bu. İstanbulun havasını onu sənə ilk tanıdan adamla paylaşmaq, suyuna ortaq olmaq, küçələrində qoşa izlər buraxmaq, işıqlı sahillərini, boz sularını birgə seyr etmək insana ilıq və məhrəm hisslər yaşadırdı. Hiss edirdim ki, bu qədim və ecazkar şəhər Anar müəllim üçün də həm doğma, həm də buranı dəfələrlə görməyinə, gəzməyinə baxmayaraq, maraqlıdır. Onun "Otel otağı" hekayəsində də hadisələr məhz bu şəhərdə baş verir.

 

Televizordan, filmlərdən, Orxan Pamukun, Rəşad Nuri Güntəkinin, Ayşə Kulinin kitablarından küçə-küçə gəzib, döngə-döngə dolandığımız şəhəri indi öz ayaqlarımızın tozu ilə yorur, addımlarımızla əldən salırıq.

 

Səhəri gün, gözlədiyimiz gəzinti - İstanbulun tarixi məkanlarına ziyarət gerçəkləşdi. İlk dayanacağımız məşhur və qədim Qız qalası, türklərin deyimincə, Kız kulesi oldu. Ən az Bakıdakı Qız qalası qədər haqqında rəvayətlər danışılıb əfsanələr uydurulan Kız kulesi Boğazın Mərmərə dənizinə yaxın yerində balaca adanın üzərində tikilib. Qalanın üzərindən bütün Boğaz, sahildəki İstanbul ayaqlarının altında qalır.

 

Kız Kulesi - Qız qalasından sonra getdiyimiz ilk məkan Qapalı çarşı olur. Dünyanın ən qədim və ən böyük bazarlarından biri olan Qapalı çarşıya kimisi alış-veriş mərkəzi, kimisi isə tarixi məkan kimi yanaşır. Mənimçün çarşıdan daha öncə tarixi məkan kimi maraqlı olan Qapalı çarşıya Mahmut Paşa qapısından daxil oluram. Qarşımda dörd gündür gördüyüm, öyrəndiyim, tanıdığım İstanbuldan daha fərqli İstanbul açılır. Burada mən əsl türk mədəniyyətinin, keçmişinin canlı şahidinə çevrilirəm, satılan əl işləri, tarixi özündə əks etdirən divarları, dükanları, səni tanımasa da üzünə gülən canayaxın mağaza sahibləri, mallarını satmaq üçün insanları dükanlara səsləyən satıcılarıyla birgə 17-18 əsr Osmanlısına xəyali səyahətə çıxıram. İstanbul küçələrində burnunu oxşayan qovrulmuş şabalıd, qızardılmış qarğıdalı qoxusunu burada ən müxtəlif ədviyyələrin xoş rayihəsi əvəz edir.

 

Nəhəng ölçülü bir labirint kimi, 60-a qədər küçəsi, üç mindən çox dükanı ilə Qapalı çarşı, İstanbulun görülməsi lazım olan, bənzərsiz bir mərkəzidir. Sanki bir şəhəri xatırladan, bütünlüklə qapalı bu yer zaman keçdikcə inkişaf edib böyümüşdür. XV əsrdən qalan qalın divarlı, ardıcıl qübbələrdən ibarət olan iki quruluşlu hissəsi olmuşdur, lakin sonrakı əsrlərdə inkişaf edən küçələrin üstləri örtülərək, bir neçə əlavələr edilmiş bir alış-veriş mərkəzi halına gəlib. Keçmişdə buranın hər bir küçəsi müəyyən peşələrin iştirak etdiyi və əl işi emalatxanalarından ibarət olan, ticari əxlaq və adətlərə çox hörmət göstərilən bir çarşı idi. Hər cür qiymətli parça, ləl-cəvahirat, silah, antikvar əşyalar, nəsillərin mütəxəssisləşmiş ailələri tərəfindən, tam bir təhlükəsizlik vəziyyətində satışa təqdim edilərdi. Keçən əsrin sonlarında zəlzələ və bir neçə böyük yanğın keçirən Qapalı çarşı köhnəsi kimi təmir edilmişsə də, keçmişdəki xüsusiyyətləri, korlanaraq dəyişikliyə uğramışdır.

 

Fateh Sultan Mehmetin Qapalı çarşı inşaatına başladığı il olan 1461 - Qapalı çarşıın quruluş ili kimi götürülüb. Əsl böyük çarşı isə Qanuni Sultan Süleyman tərəfindən inşa etdirilib. Köhnə zənginlərin ləl-cəvahirat, qiymətli mədən, kürk və murassa silah kimi qiymətli əşyalarının yanında dövlət xəzinəsinin böyük qismi də buralardakı kassalarda mühafizə edilirdi. Övliya Çələbi buranı böyük güclü bir qala kimi təyin etmişdi. Hər dövrdəki həyatımızı əks etdirən çarşı, xarici səyyahların kitablarında, xarici rəssamların fırçalarında min bir gecə nağılları kimi yaşadılmışdı.

 

Qapalı çarşı dünyanın ən qədim bankıdır, ən qədim və ən böyük örtülü bazarıdır. Dünyanın səkkizinci möcüzəsi olan Qapalı çarşı tarixi və mədəniyyətilə yalnız bizim deyil, bütün dünyanın malıdır.

 

Nəhayət, Qapalı çarşını zaman baxımından tam gəzə bilməsək də, müəyyən qədər dolanıb tanış oldqdan sonra gəzintimizi başqa tarixi yerlərdə davam etdiririk.

 

Uzaqdan ucalan minarələri ilə Sultan Əhməd məscidi qarşımızdadır. Yalnız müsəlmanların ibadət yeri deyil, həm də turistlərin görməyə can atdığı tarixi məkan olan bu məscid öz əzəməti, illərə meydan oxuyan duruşu və zövqlü naxışları ilə ta uzaqdan "mən buradayam" deyib səsləyirdi bizi. Addamlarımızı yeyinlədib çatdıq ona. Burada da insandan çox yenə də insan tapmaq mümkün idi. Ən çox isə turistlər... Məscidin içərisi hündür, çox hündür tavanı, divarlarındakı ornamentləri, rəsmləri ilə bir ayrı aləm açır qarşımızda.

 

Sultan Əhməd Məscidində dünyamız, xalqımız, dövlətimiz, ailəmiz, sevdiklərimiz və özümüz üçün dualar etdikdən sonra üz tuturuq məşhur Aya Sofya muzeyinə. Məscidlə üzbəüz inşa edilən muzey pəmbə rəngi ilə kövrək ab-hava bəxş edir insana. Sanki Suultan Əhməd Məscidi bir kişi, Aya Sofya isə onun sərtliyini, kobudluğunu səssizcə qəbul edib, öz kövrəkliyi ilə bu sərtliyə mülayimlik qatan qadını xatırladır.

 

Təəssüf ki, icazəmiz olmadığı üçün muzeyin içərisinə girə bilməyib həyətində, binaların arasında dolanmaqla yetinməli oluruq. Ancaq bu belə o möhtəşəm tarixi hiss etməmizə əngəl olmur.

 

Tarixi məkanların gəzintisinə İstanbulu dünyada tanıdan tıxacı son qoyur. Otelimizə qayıdarkən Boğaz körpüsünə çatmamış düz üç saat tıxacda vaxt keçirməli oluruq. Bu müddət isə bizə İstanbul yollarını, nəqliyyatının hərəkətini daha yaxından tanıdır.

 

Əsrlərin o tayında bu bənzətməni Təbriz üçün edən Xaqani Şirvaninin ruhundan üzr istəyərək təkrarlamalıyam ki, anasından ayrı düşən yavrunu ovudan ata kimidir İstanbul. Qoynuna rahatlıqla sığına, başını sinəsinə könül xoşluğu ilə qoya, gözlərini dincliklə yumub asudə yuxunun ağuşuna atıla bilərsən. Bilərsən ki, yuxuda olduğun müddətdə sənə heç bir xətər, heç bir ziyan dəyə bilməz. Ancaq yuxudan oyanıb gözünü açanda atanın əllərindən bərk-bərk yapışıb ananı axtararsan, onunçun ağlayarsan. İstanbul da eləcə... Bir neçə gün sonra mən də gözəlim İstanbulun əllərindən yapışıb anam Bakını axtarmağa başlamışdım. Beləcə, İstanbula "ilk fürsətdə yenə də gələcəyəm" - deyərək göylərə doğru bir təyyarə qanadlanır...

 

 

525-ci qəzet 2017.- 23 avqust.- S.7.