Zamanların
mozaikası: hadisələr və şəxsiyyətlər
Telman ORUCOV
(Əvvəli ötən şənbə
sayımızda)
Ən böyük müharibələr
Müharibə
qan axıtdığına, insan həyatı qurbanlarına səbəb
olduğuna, xalqların həyatında
oynadığı mənfi rola, şər mənbəyi
olmasına görə heç də “kiçik” sözü
onların dəyərləndirilməsinə, hətta təsnifləşdirilməsinə
də uyğun gəlmir.
Müharibə dərd, bəla mənbəyi kimi həmişə
böyük ölçülüdür, bir insanın məhvi
faciədirsə, çox sayda insanın qətlə yetirilməsi,
həlak olması dövrü, zamanı bütünlüklə
faciə rənginə bürüyür. Assuriyalıların
apardıqları işğal müharibələri elə qan
tökdürən olmuşdu ki, onların dəhşətləri
ilə müqayisədə həcmləri və ya
keçirildiyi müddətin qısalılığı
kölgədə qalır. Lakin sonralar
müharibələr daha uzun müddət davam etməsi ilə
yadda qalmışdır.
Bunlardan birincisi 1337-1453-cü illərdə fasilələrlə
gedən yüzillik müharibədir. Bu müharibənin
başlanmasına səbəb Fransa taxt-tacı
uğrundakı mübarizədə iki ölkənin yüksək
rütbəli nümayəndələrinin üz-üzə gəlməsi
olmuşdur. Kral IV Karlın 1328-ci ildəki
ölümü ilə Fransada Kapetinqlər sülaləsinin
hakimiyyəti sona çatmışdı. IV
Karlın varisi onun əmisi oğlu VI Filipp Valua idi. Eyni zamanda, fransız taxt-tacını tutmaq
hüququna ingilis kralı II Eduard da iddia etdi, çünki o
da əvvəlki fransız kralı Qəşəng IV Filippin
nəvəsi idi. Bu tarixdəki ən uzun
müddətli müharibənin başlanması
üçün bəhanə oldu və bu müharibə
Yüzillik müharibə adını aldı. Müharibə 1337-ci ildə başlandı, ingilis
kralı III Eduardı Avinyon papalığı ilə
mübarizə üçün özünə müttəfiq
axtaran IV Lui Bavariyalı da dəstəklədi. İlk böyük döyüşdə - 1340-cı
ildəki Sleys dəniz döyüşündə Fransa
ağır məğlubiyyətə düçar oldu.
Altı il sonra ingilis kralının
qoşunu VI Filippin 30 minlik fransız ordusunu məğlub etdi. Bu döyüşdə ilk dəfə ingilislər
odlu silahı tətbiq etdilər. 16
yaşlı Uels prinsi Eduardın başçılığı
altında yekunlaşan hücum fransızları
qaçmağa məcbur etdi.
Bu dövrdə həm də Avropada baş verən taun
epidemiyası qitə əhalisinin 30 faizinin qurban getməsinə
səbəb oldu. “Qara ölüm” adlanan bu dəhşətli
bəla 1350-ci ildə başlanmışdı. Sirayətlənmənin yayıcısı Asiyadan gətirilmiş
gəmi siçovulları idi. Orta əsrlər
təbabəti xəstəliklə bacarmaqda gücsüz idi,
müdafiə vasitəsi isə yalnız yaşayış evlərinin
iyli qətranla tüstüyə verilməsi idi. Taun xüsusən şəhərlərdə
cövlan edirdi, axı burada kanalizasiya yox idi, tullantılar kənara
daşınırdı, həm də şəxsi gigiena da
çox zəif inkişaf etmişdi.
Epidemiya nəticəsində Avropada dini fanatizm güclənmişdi. Yarımçılpaq adamların bir-birini
çubuqla döyməsi kimi tövbə prossesiyası
keçirilirdi. Bu, döyənlər hərəkatı
adlanırdı, həm də xəstəliyi guya arzulamaqda
ittiham edilən yəhudilərin təqibinə
başlandı.
Yüzillik
müharibənin ən məşhur simaların
dan biri
fransız qızı Janna d`Ark
idi. Bu qız 14 yaşında fransız dofini VII
Karla ingilislərə qarşı mübarizədə kömək
etmək barədə özünə təlqin etdiyi bir təyinatını
dərk etmişdi. Janna d`Arkın
komandanlığı altında fransız qoşunu Orleandan
ingilis mühasirəsini 1429-cu ildə
götürmüşdü. Orleandakı qələbədən
sonra VII Karla Reymsdə tac qoyulmuşdu. Janna d`Ark artıq “lazımsız” olmuşdu və
1430-cu ildə fransızların satqınlığı
ucbatından burqundiyalılara əsir
düşmüşdü. Burqundiyalılar
isə onu öz müttəfiqləri olan ingilislərə
vermişdilər. Jannanı fransız din
xadimləri mühakimə etdilər və 1431-ci ildə o,
Ruanda tonqalda yandırıldı. 25 il
sonra Janna d`Arkın üzərindən ittihamlar
götürüldü və o vaxtdan etibarən fransızlar
onu milli qəhrəman qız kimi sayırlar. İngilislərə
qarşı mübarizə simvoluna çevrilən bu “Orlean
qızı” 19 yaşında həyatla vidalaşmalı
olmuşdu. Lakin onun dalğalandırdığı vətənpərvərlik
bayrağı fransızları xeyli ruhlandırmış və
onlar ingilisləri öz torpaqlarından qovmağa nail ola bilmişdilər.
1453-cü ildə Avropa tarixindəki ən uzun sürən
müharibə başa çatdı. Müharibə
dövründə ingilis və fransız milli dövlətləri
formalaşaraq, özünün siyasi, iqtisadi və mədəni
xüsusiyyətlərinə yiyələndilər.
Əsas ölkələrlə yanaşı, müharibədə
müxtəlif vaxtlarda Portuqaliya, Kastiliya, Araqon, Şotlandiya,
Papalıq, Müqəddəs Roma imperiyasının
ayrı-ayrı əraziləri də iştirak etdilər. Yüzillik
müharibə ingilislərin tez-tez baş verən hərbi
uğurlarına baxmayaraq, Fransanın qələbəsi ilə
başa çatdı, ingilislər əvvəlki böyük ərazi
işğallarına baxmayaraq, sonda qitədə yalnız Kale
şəhər-limanını saxladılar. Sonralar bu dayaq nöqtəsi də ingilislərin əlindən
çıxdı və XX əsrdə imperiyasını da
itirən Böyük Britaniya adalar ölkəsi kimi qaldı.
İlk mərhələdə kiçik, lakin
yaxşı intizamlı və öyrədilmiş ingilis
qoşunu öz düşmənini ağır məğlubiyyətlərə
düçar edirdi. Sleysdə fransız donanması məhv
edilmişdi. 1356-cı ildə Frank mayordomu
Karl Martellin 732-ci ildə ərəblər üzərində
qələbəsinin şahidi olan Puatyedəki
döyüş fransız kralı II İoann Xeyirxahın əsir
düşməsi ilə nəticələndi. 1422-ci ildə Trua sülh müqaviləsi Fransanı
milli müstəqilliyini itirmək təhlükəsi
altında qoydu. Ancaq müharibənin son mərhələsində
VII Karl fransız taxt-tacına öz iddiasını təsdiq
edə bilməklə, 1429-cu ildə Reymsdə taclandı və
tədricən ingilisləri Fransadan qovdu. Fransızların
qəti qələbəsinə VII Karlın orduda və idarəetmədəki
islahatları şərait yaratdı. Həm
də beynəlxalq sahədə də onun üçün əlverişli
şərait mövcud idi, Burqundiyanın 1435-ci ildə
Fransanın tərəfinə keçməsi xüsusilə
böyük rol oynamışdı.
1648-ci ildə Vestfaliya sülhü ilə başa
çatan Otuz illik müharibə ilk dəfə dini
ayrı-seçkiliyə və münaqişəyə son
qoydu. Bu sülh Avropanın siyasi xəritəsində nəzərə
çarpan dəyişikliklər əmələ gətirdi.
Bu müharibə 1618-ci ildə başlamaqla,
Habsburq bloku ilə birlikdə Almaniyanın katolik knyazları və
antihabsburq koalisiyası (alman protestant knyazları) arasında
gedirdi. Habsburq bloku katolitsizm bayrağı
altında, antihabsburq koalisiyası ilə (xüsusən əvvəllərdə)
protestantizm bayrağı altında çıxış
edirdi. Müharibə dəyişən
uğurlarla gedirdi. Fransa 1635-ci ildə
müharibəyə qoşulmaqla, onun tərəfində
olduğu antihabsburq koalisiyası açıq
üstünlüyə malik oldu. Katolik Fransa, protestant
İsveçin tərəfində müharibəyə daxil
olmuşdu, bundan isə Fransa üçün başlıca
fayda Habsburqları bütövlükdə, xüsusən
İspaniyada zəiflətmək idi. Nəticədə
Habsburqların “dünya imperiyasını” yaratmaq və mili
dövlətləri tabe etdirmək planları alt-üst oldu və
siyasi hegemonluq Fransaya keçdi. Müharibə
yalnız 1648-cı ildə başa çatdı.
Bu sülh müqaviləsinin nəticələri onun
iştirakçılarının taleyində müxtəlif
cür təsir göstərdi. İsveç yeni ərazilər
qazandı, bu, ona imkan verdi ki, Baltikada
hegemon vəziyyətə sahib olsun. Baltikyanı
ölkələrin çoxu artıq ona məxsus idi. Müqəddəs Roma imperiyasında imperatorun
ziyanına knyazların mövqeləri gücləndi. Habsburqların hakimiyyəti onların irsi
torpaqları ilə məhdudlaşdırıldı. İmperiyanın faktiki olaraq parçalanması və
müstəqil dövlətlərin konqlomeratı hesabına
imperiyanın hərbi və siyasi funksiyaları zəiflədi.
Sülh müqaviləsinin bağlanmasından
Fransa daha böyük fayda götürdü, o, öz sərhədlərini
genişləndirdi və Reyn üzərində Habsburqlar
hakimiyyətini gücdən saldı. Müqəddəs
Roma imperiyasındakı knyazlar öz təbəələrinin
dinini müəyyən etmələrini davam etdirdilər.
Bütövlüklə bu protestantların qələbəsi
demək idi. Vestfaliya sülh müqaviləsi
tərəfindən müəyyən edilmiş iki dinin
yayılması sərhədləri XX əsrdə də
praktiki olaraq dəyişilməmiş qalmışdı.
Vestfaliya sülhü Avropanın siyasi xəritəsini qəti
olaraq müəyyən edə bilmədi, çünki hələ
1659-cu ilə kimi Fransa ilə İspaniya arasında hərbi əməliyyatlar
davam edirdi. Həm də siyasi qüdrətin yenidən
bölüşdürülməsi yeni münasibətləri
meydana gətirə bilərdi. Ancaq bu
sülh Avropa tarazlıqlarının formalaşmasında
mühüm bir mərhələ oldu. Bütövlükdə
digər hadisələrlə yanaşı, Vestfaliya
sülhü yeni dövrün Avropa tarixinə güclü təsir
göstərdi.
1756-cı ildə isə Avropada Yeddiillik müharibə
başlandı. Buna startı Prussiya kralı II Fridrixin
qoşunlarının Saksoniya ərazilərinə müdaxiləsi
verdi. Onun məqsədi
Avstriyanın yaratdığı antiprussiya koalisiyasını əzmək
idi.
Bu müharibə birinci növbədə müstəqilliklər
üstündəki mübarizədə ingilis-fransız rəqabətinin
güclənməsi, həm də Avropa qitəsində
Avstriyanın və Prussiyanın mənafelərinin
toqquşması idi. Bu, Avropa dövlətləri arasında
birinci müharibə idi ki, bu müharibədə hərbi əməliyyatlar
təkcə Avropa qitəsində deyil, həm də onun
hüdudlarından kənarda - Hindistanda və Amerikada gedirdi.
Müharibə üçün səbəb rolunu Amerikadakı Oqayo
çayı vadisində fransız və ingilis kolonistləri
arasındakı toqquşma oynadı. İlk əvvəllərdə
məskunların özləri öz maraqları uğrunda
vuruşurdular. Lakin 1756-cı ilin yazında
müharibənin rəsmi qaydada elan olunmasından sonra
münaqişəyə hər iki metropoliyanın qüvvələri
cəlb olundu. Fransa da, Böyük Britaniya
da özlərinə müttəfiqlər axtarırdılar.
Fransa Avstriya ilə müttəfiqlik müqaviləsi
bağladı. Avropada tam yeni siyasi qruplaşma
meydana gəldi. Prussiya kralı Fransanın tələbini
yerinə yetirməkdən imtina edib, Böyük Britaniya ilə
şəxsi uniyada olan Hannoverə qarşı
çıxış etmədikdə, Berlinlə Paris
arasında o vaxta qədər dostcasına olan münasibətlər
xeyli dərəcələ pisləşdi. Prussiya
ilə Britaniya kralı III Corc arasındakı
razılığa görə Hannover neytral tərəf kimi
tanındı. Prussiya kralı II Fridrix
Böyük Britaniya ilə münasibətlərin dəyişilməsindən
Avstriyanın izolyasiya edilməsinə və Rusiyanın
Böyük Britaniyaya hüsn-rəğbətini qazanmağa
bel bağlayırdı. Ancaq Fransa Avstriya
ilə müttəfiqlik müqaviləsi
bağladığına görə, axırıncıya
Rusiya da yaxınlaşmışdı, II Fridrixin manevri əslində
əks təsirə malik oldu. Bu, Prussiyaya
qarşı yönələn fransız-rus-Avstriya
koalisiyasının yaranmasını sürətləndirdi.
Müharibənin gedişində ingilis generalı Robert Klayv 1757-ci ildəki Plessi yaxınlığındakı döyüşdə Böyük Moğolun Benqaliya valisi üzərində qələbə çaldı. İngilislər bu vaxtadək Benqaliyaya və digər torpaqlara sahib olmuşdular.
İngilislər öz Ost-İndia kompaniyalarının əldə etdikləri ərazilərdə bütün fransız ticarət nümayəndələrinin idarə olunmasını öz əllərinə keçirdiyinə görə, fransızları Hindistandan sıxışdırıb çıxarmağı bacardılar. Hindistanı öz müstəmləkəsinə çevirmək barədə Fransanın planları alt-üst oldu. İngilislərin Plessi yaxınlığındakı qələbəsinə hind döyüşçüləri də öz töhfələrini vermişdilər. Vali Sirac-ud-Daul əsir götürüldü və ingilislər tərəfinə keçmiş hindlilərin komandanına təhvil verildi, o da öz növbəsində onu edam etməyi əmr etdi. Komandan Mir Məhəmməd Cəfər vali olduqdan sonra, Kəlküttədən cənuba olan torpaqları Ost-İndia kompaniyasına verdi.
Yeddiillik müharibə 1763-cü ildə Paris sülh müqaviləsi ilə başa çatdı. Sülhün bağlanması Böyük Britaniyanın və Prussiyanın qələbəsi və Fransanın müstəmləkə ağalığının sonu demək idi. Böyük Britaniya Fransadan Kanadanı, Şərqi Luiziananın və Hindistandakı torpaqlarının çox hissəsini aldı. İspaniyadan isə Floridanı özünə götürdü. Prussiya Sileziya ərazisinin ona məxsus olmasını möhkəmləndirdi. Mərkəzi Avropada 1756-cı ilə qədər olan vəziyyət bərpa olundu.
Bir sıra ağır məğlubiyyətlərdən sonra Prussiya kralı II Fridrix müharibənin beşinci ilində rus-Avstriya qüvvələrinin üstünlüyünə baxmayaraq, strateji təşəbbüsü ələ keçirdi. 1761-1762-ci illərin qışında müttəfiqlik münasibətlərində dəyişikliklər baş verdi. Böyük Britaniyada kral II Corcun vəfatından sonra antifransız siyasətinin aparıcı fiquru olan Böyük Uilyam Pitt 1761-ci ildə xarici işlər naziri vəzifəsindən istefa verdi. Britaniya hökuməti Mərkəzi Avropada sülh bağlamaq yollarını aramağa məcbur oldu. Rusiya imperatriçəsi Yelizaveta Petrovnanın ölümü Prussiyanın vəziyyətini yüngülləşdirdi, çünki yeni imperator, almanofil və Böyük Fridrixin pərəstişkarı olan III Pyotr Avstriya ilə müttəfiqlik münasibətlərini pozdu, Prussiyaya qarşı hərbi əməliyyatları dayandırdı və Prussiya kralı ilə sülh bağladı. III Pyotr devrildikdən sonra Rusiya öz neytrallığını elan etdi. Fransa Kanadadakı və Hindistandakı, demək olar ki, bütün müstəmləkə torpaqlarını itirdikdən sonra 1762-ci ildə Fontenbloda Böyük Britaniya ilə qabaqlayıcı sülh bağladı. Prussiya isə özünün Avropa dövləti vəziyyətini möhkəmləndirdi.
(Ardı var)
525-ci qəzet 2017.- 26 avqust.- S.22.