Fikrət
Qocanın şeirləri
Çağdaş poeziyamızın öncül
nümayəndələrindən olan Xalq şairi
Fikrət Qocanın bugünlərdə növbəti
doğum günü qeyd edildi.
Söz xəzinəmizə onlarla
parlaq poetik nümunə, yüzlərlə
dəyərli əsər
bəxş etmiş, bu gün də
əzmlə, ilhamla yazıb-yaradan Fikrət Qoca, haqlı olaraq, ədəbiyyatımızın
canlı klassiki, gerçək korifeyi sayılır.
Yeni yaşı
münasibətilə Xalq
şairini ürəkdən
təbrik edir, ona möhkəm cansağlığı, ömrünün
bundan sonrakı illərində də böyük yaradıcılıq
uğurları arzulayırıq. Bu əlamətdar günlə
bağlı onun bir neçə seçmə şeirini oxucularımızın diqqətinə
çatdırırıq.
Mən kiməm
I
Mən ayaq açıb anamın yanından
məzarıma kimi gedən bir yolçuyam.
Atamın
məsləkinə, anamın
laylalarına
qarovulçuyam.
II
Məni
yandırıb-yaxan
ən böyük hicranımın səbəbi
görüşlərimdir.
Böyük, kiçik, yaxşı,
pis
bütün əməllərim
yolüstü gördüyüm
işlərimdir.
lll
Evim-avtobuslar, vaqonlar, təyyarələr.
Kəndlər, şəhərlər, səyyarələr-
dayanacağım.
Milyon kilometrlərlə
ömür yaşamışam.
Kim bilir,
harada dayanacağam.
Xəstə və həkim
- Bir az ömür istəyirəm,
bir az, bir az da...
Bir əsr də azdır, beş
əsr də,
On əsr də azdır.
Həkim
heyrətlə
xəstənin nəbzindən
çəkdi əlini.
Bəs nə qədər?
- Beş gün də olsa,
bilməyim qədərini.
Səkilər
Çalın-çarpaz küçələr,
düyün-düyün səkilər.
Sinənizdə quş kimi
döyündüyüm səkilər.
Çox
da öyünməyin
siz,
dağılardı səkiniz,
Küçələrdən keçsəydi
qəlbimizdən keçənlər.
İnfarkt
Ürək doğuldu,
böyüdü, yaşa
doldu,
İnfarkt oldu.
Yüz yana yozdular
səbəbini,
Axtardılar çarəsini də.
Əsl səbəbi
ani intizar idi
“hə” ilə
“yox” arasında.
Gecə yaman uzundur
Gözümün işığına
hər kirpik bir yük olur.
Gecə yaman
uzundur.
Bəzən bir ömürdən
də
bir gecə böyük olur.
Gecə yaman
uzundur.
Qəlb
vüsalın möhtacı,
Göz yuxunun möhtacı,
Gecə yaman
uzundur.
İndi
yəqin yuxuda
Xumar-xumar
gülürsən,
Eh... sən hardan bilirsən
Gecə yaman uzundur.
İnsanam
Ömrümün sonuna doğrudur
atdığım hər addım.
Hələ üstəlik,
Atom bombası, böhtan, nüvə silahı, tənə
Bunları da
özümü öldürmək üçün yaratdım.
525-ci qəzet 2017.- 26 avqust .- S.13.