Kitab adam

 

Qəzənfər Paşayev - 80

 

“QƏZƏNFƏR PAŞAYEV. FOTODASTAN” KİTABINA YAZILMIŞ ÖNSÖZ

 

Vaqif BƏHMƏNLİ

 

 

Ön sözünü, böyük ehtiramla qələmə aldığım bu kitab poliqrafik təyinatına görə fotoalbomdur.

 

Belə kitablar postsovet məkanında, eləcə də Azərbaycanda prestijli nəşrlər sayılmış, yüzlərlə adda, yüzlərlə görkəmli şəxsiyyətlərin həyatından bəhs edən toplular işıq üzü görmüşdür. Biz “görkəmli şəxsiyyətlər” yazdıq... Bu o deməkdir ki, ciddi nəşriyyatların xətti ilə hər yerindən durana fotoalbom həsr etməyiblər.

 

Bu kitab qeyd-şərtsiz fotoalbomdur. Amma bununla belə, digər eyniməqsədli nəşrlərdən bir qədər fərqlidir, çünki qeyri-ənənəvidir. Burada ifadə üslubu, oxucuyla təmas tərzi, ən başlıcası isə struktur özəl olaraq düşünülmüşdür. Yaradıcı heyət, ələlxüsus tərtibçi ümid bəsləyir ki, qeyri-ənənəvi, ifadə tərzi və strukturu fərqli olan bu nəşr öz qəhrəmanının -  XX əsrin ikinci, XXI əsrin birinci yarısında formalaşıb yetişən, ümumtürk və Azərbaycan folklorşünaslığının, ədəbiyyat və dilçiliyimizin, publisistika və milli tərcümə sənətimizin inkişafına  öz qeyrətli və yorulmaz qələmi ilə 60 illik zaman aralığında xidmət edən elmlər doktoru, professor, tədqiqatçı, yazıçı, tərcüməçi Qəzənfər Paşayevin adına və çəkdiyi zəhmətlərə layiq olacaq!

 

Millətimizin dəyərli ağsaqqallarından birinin (əbəs deyil ki, xalq şairi Sabir Rüstəmxanlı Qəzənfər müəllim haqqında yazdığı portret oçerkə “Milli qeyrət” başlığı qoyub) istedadını, biliyini, zəhmətini və təbii ki, bütün bu təməl enerjiyə əsaslanaraq yaratdığı milli elmi-ədəbi sərvəti, bir sözlə Qəzənfər müəllimin həyatını və yaradıcılığını göz önünə gətirərkən həyəcanlanmamaq mümkün olmasa da hiss edirəm ki, eyforiya və emosionallıqdan uzağam. Niyə? Çünki düşüncəmə hər dürlü təəssüratdan, hər hissiyyatdan irəli, dərin bir məsuliyyət duyğusu hakim kəsilib.

 

Düzdü, bəlkə bir az tələsdim, bəlkə düşüncələrimi daha sürətlə bölüşmək istəyirəm, bununla belə nə üçün elə indi məsuliyyət hissinin önə çıxdığını, nə üçün digər meyarların fövqünə yüksəldiyini izah etməyə borcluyam. Qələmimi və qəlbimi bürüyən məsuliyyət hissinin yeganə səbəbi budur ki, professor Qəzənfər Paşayevin həyatını və yaradıcılığını ən düzgün və dəqiq aydınladan, təyin edən söz məhz həmən bu bir kəlmədir: Məsuliyyət! Məsuliyyət onun həm bünövrəsi, həm də davamıdır, yüksəlişinin səbəbidir. Məsuliyyət görkəmli qələm sahibinin, indiki halda bu kitabın qəhrəmanının həyat tərzidir, şüurlu, idarə olunan, düşüncəni və yaradıcılıq həvəsini qocalıb haldan düşməyə qoymayan, hər cür bəlalardan sovuşduran güc mənbəyidir və təbii ki, onun nümunəvi şəxsiyyətini, ibrətamiz həyatını, oyaq gündüzlərin və yenə də oyaq gecələrin zəhməti sayəsində yaratdığı və böyük səliqə-sahman, məsuliyyət meyarları ilə saysız-hesabsız kitablar şəklində xalqa, onun indiki və gələcək nəsillərinə təqdim etdiyi zəngin irsi dəyərləndirməyin özü də hər hansı bir ressenzentdən böyük məsuliyyət, ciddi yanaşma tələb edir.

 

“Fotodastan”ın yaranması niyyətinin lap əvvəlində təbii ki, müxtəlif mənbələrə (öncə Q.Paşayevin sayı 60-a çatan bütün kitablarına), o sıradan Vikipediyada “Qəzənfər Məhəmməd oğlu Paşayev” faylına baxdım. Bir “foto” sözü də yazdım axtarış bölümünə. Orada yazılana görə, ilk fotoaparat bizim zamanımızdan  elə də uzaq olmayan tarixdə, 1826-cı ildə fransalı Jozef Niepel tərəfindən yaradılıb. Dünyada ilk fototəsviri almaq üçün bu səbrli adam səkkiz saat vaxt sərf edib. O, içəridə, mənzilin pəncərəsi önündə səkkiz saat vurnuxaraq, həyətdə hansısa bir ağacın budaqları arasından görünən quş yuvasını fotoya çevirib. Aradan keçən 190 il ərzində milyardlarla insan, təbiət, kainat görüntüləri lentə köçürülüb... İndi foto müasir incəsənət sahəsi, bədii-elmi ifadə dilidir, insan düşüncələrinin aşkarlanmasına kömək edən vasitədir. Foto həm də xatirələrin yaddaş aynasıdır. İnsanlar dünyaya gəlib gedir, onlardan əməllərin xatirəsi, yaradılanların izi və solub saralsa belə yenə də qalan, nələrisə xatırladan fotolar yeni nəsillərin saxlancında ən dəyərli irsə çevrilir.

 

lll

 

Ötən əsrin 80-ci illərində mən “Çəkilməmiş şəkillər” adlı bir poema yazmışdım. Orada ad günüm, dostların evimə qonaq gəlməyi, deyib-güləndən, yeyib-içəndən sonra şəkillərlə dolu albomları vərəqləməyimiz, sonra hamının dağılışıb getməyi və yerdə mənə qalan bir təəssüf hissi poetik dillə təsvir olunur. Sonra əsas sual gəlir: görəsən çəkilmiş şəkillərimə baxan dostlar bu fotolara əsasən ötüb keçən ömrümün mənasını anladılarmı? Axı həyatımın ən əsas şəkilləri çəkilməyib və onları lentə almaq heç mümkün deyil. Bundan sonra poemada on üç mövzu üzrə ömrün çəkilməyən şəkilləri, bir insanın portretini yarada bilən bədii süjetlər təsvir olunur...

 

Doğrudan da insanın ömrünün mənasını çəkilən şəkillərdən daha dürüst çəkilməyən şəkillər anladır.

 

Çəkilməyən şəkillərin fotoqrafı insanın özüdür.

 

“Qəzənfər Paşayev. Fotodastan” kitabı üzərində çalışarkən yuxarıda göstərilən səbəb də daim məni məsuliyyətə sarı çəkir, çünki bu böyük alim və xalq ziyalısı elə bir zəngin ömür yaşayıb ki, ailə albomundakı, arxivindəki fotoşəkillər onun həyatının heç mində birini də əhatə edə bilməz. Deməli, biz əlimizdə-ovcumuzda olan şəkillərə kömək göstərməliyik. Yəqin fikir vermisiniz, fotolar şəkilaltı sözlərlə müşayiət olunanda  ikiqat informasiya gücü qazanır...

 

Yenə də söz!

 

Bu “Fotodastan”ın qəhrəmanı hər şeydən öncə sözün övladıdır.

 

Söz - alim, yazar, tərcüməçi, folklorşünas, hər məsləhəti insanlara yol göstərən müdrik ziyalının, Qəzənfər Paşayevin həm qılıncıdır, həm qalxanı, həm yumruğudur, həm sığalı, həm sevgisidir, həm nifrəti, həm uğurudur, həm məğlubiyyəti...

 

Bu “Fotodastan”ın da şəkillərə ikiqat davamlılıq verən sözə ehtiyacı var. O sözlərin tərkibi, işlənmə məqamı barədə irəlidə tədricən məlumat veriləcək.

 

Amma indilikdə Qəzənfər müəllimin müxtəlif məqamlarda çəkilmiş foto portretlərindən öncə onun haqqında portret oçerki təqdim etmək zərurətini və məsuliyyətini dərk edirik.

 

Kimdir Qəzənfər Paşayev?

 

Sualın belə birbaşa və sadə qoyuluşu Azərbaycan, türk, türkmən, kərkük... hətta Avropa coğrafiyalarında yaşayan, əlli-altmış il ərzində onun bədii, elmi yaradıcılığını izləyən oxucuları incik də sala bilər. Çünki Qəzənfər müəllim geniş oxucu kütlələrinin nəzərində tanınan, bilinən söz sahibidir. O, xalq misalları ilə danışmağı və yazmağı sevir. Təbii ki, bizdən də elə xalqda deyildiyi kimi soruşula bilər: görünən dağa nə bələdçi?

 

Əvvəldən qoyulan sual əsasında qəhrəmanımızın yaradıclıq və həyat yolunu canladıran ön sözün kitaba daxil edilməsi tərtibat qaydasıdır. İkinci bir tərəfdən qüdrətli qələm sahiblərinin yaradıcı dünyasına baxış nöqtələri bəlkə də oxucuların sayı qədər fərqlidir.

 

Bu səbəbdən atdığımız addımdan geri çəkilmir, Qəzənfər Paşayevin yaradıcı şəxsiyyəti barədə mülahizələri davam etdirməklə “Fotodastan”ın içərilərinə doğru irəliləməyə qərar veririk.

 

lll

 

Mənim sayı 15 mini adlayan kitabxanamda professor, d-r Qəzənfər Paşayevin bu kitabları var:

 

“Kərkük bayatıları” (xalq şairi Rəsul Rza ilə birgə), “İraq-Kərkük atalar sözləri”, “Kərkük folkloru antologiyası”, “Nəsiminin İraq divanı”, “Qoca Azaflıyam”, Aleksandr Dümanın “Qafqaz səfəri”- Q. Paşayevin tərcüməsində, Sula Benetin “Necə yaşayasan, yüzü haqlayasan” (tərc. Q.Paşayev), “Altı il Dəclə-Fərat sahillərində”, “İraq-Türkman folkloru”, “Kərkük folkloru antologiyası”, Aqata Kristi “Mavi qatarın sirri” (tərc. Q.Paşayev), “Nostradamusun möcüzəli aləmi”, “Ədəbiyyatşünaslıq elmimizin patriarxı”, “Nəsimi haqqında araşdırmalar”, “Elçin haqqında düşüncələrim”, “Dilimiz, varlığımız”, “Bu sevda ölüncədi”, “Ömrün əbədiləşən illəri”, “Kərkük sevdalı elm adamı”... və bütün bu əsərləri, elmi monoqrafiyaları da əhatə edən 7 cildlik “Qəzənfər Paşayev.  Seçilmiş əsərləri”. “Seçilmiş əsərlər”in hər cildi orta hesabla 550 səhifə həcmindədir. Cildlərdən biri ingilis və rus dilində olan mətnlərdən tərtib edilib. Onsuz da biz yeri gəldikcə bu əsərlərin adlarını çəkib əsas elmi-ədəbi məziyytləri barədə ən qısa şəkildə nələrisə deməyi nəzərdə tutmuşuq. İndiki halda məqsəd bir informasiyanı çatdırmaqdır. Qəzənfər Paşayevin bütün iri həcmli, ciddi kitablarının sonunda həyat və yaradıcılıq yoluna dair demək olar ki, dəyişməyən məlumat yer alıb. Ön sözün yığcamlığı naminə həmin lakonik mətni düşüncə axarına qoşmaq istəyirəm.

 

Paşayev Qəzənfər Məhəmməd oğlu - ədəbiyyatşünas, publisist, dilçi, folklorşünas və tərcüməçi, filologiya elmləri doktoru (1993), professor (1995), 27 avqust 1927-ci ildə Tovuz rayonunun Düzqırıqlı kəndində anadan olmuşdur. Orta təhsili Düzqırıqlı kəndində alıb (1946 - 1956). Azərbaycan Dillər İnstitutunun İngilis-Azərbaycan dilləri fakültəsini bitirmişdir (1962). İxtisası İngilis və Azərbaycan dilləri müəllimidir. 1989-cu ildən Yazıçılar Birliyinin üzvüdür. Fəaliyyətə Əli Bayramlı rayonunun Vladimirovka kəndində ingilis dili müəllimi kimi başlamış (sentyabr-noyabr, 1962-ci il), sonra isə İraqda ingilis və rus dilləri üzrə tərcüməçi işləmişdir.

 

1964-1989-cu illərdə Azərbaycan Pedaqoju Dillər İnstitutunda (1973-cü ildən M.F.Axundov adına APİ) fəaliyyət göstərmiş, institutun İngilis dili fakültəsində dosent, dekan müavini (1970- 1971), Xarici dillər kafedrasının müdiri (1972-1989) olmuşdur. 1989-2000-ci illərdə ADU-nun Qərbi Avropa dilləri kafedrasında çalışmışdır.

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri olmuş (2001 - 2005), eyni zamanda, 2003-cü ildən bu günə kimi Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir.

 

Rəsmi nümayəndə heyəti tərkibində Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi münasibətilə İraqda (sentyabr, 1994) və Türkiyədə (noyabr, 1994), Azərbaycan mədəniyyəti günləri ilə bağlı Səudiyyə Ərəbistanında (noyabr, 2007) və İ.Nəsimi ilə bağlı Beynəlxalq konfransda Suriyada (noyabr, 2008) olub.

 

Əlavə olaraq qeyd edək ki, alim 2011-ci ildə Nizami Gəncəvinin yaradıcılığına həsr olunan İndira Qandi adına Mərkəzin təşkil etdiyi beynəlxalq konfransda (Dehli) da nümayəndə heyətinin tərkibinə qatılmış, böyük məruzə ilə çıxış etmiş, plenar iclasların aparıcısı olmuşdu.

 

İctimai işlərdə fəal iştirak etmişdir: Ali Təhsil Nazirliyinin nəzdində Qərbi Avropa dilləri üzrə elmi-metodik şuranın elmi katibi (1976-1982), Azərbaycan - İraq Dostluq Cəmiyyətinin sədr müavini olmuş (1990 - 2003), 1995-ci ildən Nizami adına Ədəbiyyat İnstitutu nəzdində fəaliyyət göstərən müdafiə şurasının üzvüdür. 1997-2006 illər arası və 2011-ci ildən 2014-cü ilədək yenidən həmin şuranın həmsədri olub. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Elmi Dini Şura yarandığı 1997-ci ildən bu günə kimi onun üzvüdür. 2004-cü ildən Yazıçılar Birliyinin Təftiş Komissiyasının sədridir. Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvüdür.

 

Bir çox xarici ölkələrdə: ABŞ (iyun-avqust, 1983) və İngiltərədə (iyun-iyul, 1988) ixtisasartırma kurslarında olub. İraq Respublikasında tərcüməçi işləyib (1962-1966, 1972-1975). Türkiyə, Səudiyyə Ərəbistanı, İraq, Hindistan, Suriya və keçmiş Sovetlər Birliyi ölkələrindən Rusiya Federasiyasında, Özbəkistan və Qazaxıstanda elmi konfranslarda məruzə edib. Yunanıstan, İordaniya, Çexoslovakiya, Avstriya, Sloveniya, Macarıstan, Almaniya, Misir, Ərəb Əmirlikləri və İranda səyahətdə və yaradıcılıq ezamiyyətlərində olub.

 

İraq Respublikasının “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif edilib (1976).

 

SSRİ Nazirlər Sovetinin, SSRİ Ali Təhsil Nazirliyinin,  Azərbaycan Ali Təhsil Nazirliyinin Fəxri fərmanları ilə təltif edilib. Dəfələrlə Kərkük Vəqfinin İraq-Türkman Cəbhəsinin və İraq Türkman Kültür Müdirliyinin (Ankara) yüksək diplom və ödüllərinə layiq görülüb.

 

Bir çox doktorluq və namizədlik dissertasiyaları üzrə opponent, eləcə də kitabların redaktoru olub. Aspirantlara rəhbərlik edib. ABŞ, Türkiyə və İraqda ingilis, türk və ərəb dillərində, məqalələri dərc edilib. “Ədəbiyyat qəzeti” və “Kredo” qəzetlərinin, “Folklor və etnoqrafiya”, “Ozan”, “Filologiya məsələləri”, “Kəlam” və “Yada düşdü” dərgilərinin redaksiya heyətinin üzvüdür.

 

Yaradıcılığına xaricdə və Azərbaycanda bir çox görkəmli alimlər, yazıçı, şair və publisistlər məqalələr həsr edib. Müəllifin özünün isə görkəmli Azərbaycan, türk, İraq, fransız, ingilis və amerikan yazıçı və şairlərinə, elm adamlarına həsr etdiyi çoxsaylı məqalələr Azərbaycan, türk, ingilis, ərəb, rus dillərində Azərbaycan, Türkiyə, İraq və ABŞ-da dərc olunmuşdur.

 

Görkəmli ədəbiyyatşünas alimə aid yaradıcı ömrün ən qısa xronikası belədir. Təbii ki, biz bu bioqrafiyanı əsas tutmaqla Qəzənfər Paşayevin elmi, ədəbi, ictimai fəaliyyətinin bir neçə mühüm əhəmiyyət daşıyan istiqamətlərinə nəzər yetirə bilərik.

 

lll

 

Həyatın gedişatından belə görünürdü ki, 1962-ci ildə Azərbaycan Dillər İnstitutunun ingilis-azərbaycan dilləri fakültəsini bütün potokda, 30 nəfər içində yeganə əlaçı məzun olaraq başa vuran, buraxılış vinetkasında fotosu müəllimlərdən sonra birinci cərgənin tən ortasında yer alan tovuzlu balası, Düzqırıxlı kəndinin yetirməsi gənc Qəzənfər Qərb, Avropa təmayüllü regionşünas mütəxəssis olacaq və bu perspektivin içərilərinə, dərinliklərə doğru çox yol gedəcək. Təsadüfi deyil ki, onun yaradıcılığının ilk dövründə işıq üzü görən kitabları arasında rusca-ərəbcə danışıq kitabı, İngiltərəni tanıtma toplusu yer alır. Əslində, 1960-80-ci illər Azərbaycanı üçün bu cür nəşrlərin zəruriliyini Q.Paşayev tələbəlik illərində, ilk pedaqoji və tərcüməçilik fəaliyyəti dövründə hiss etmiş və bu işlərə vaxtında başlamışdı.

 

Onun ixtisası birbaşa Qərblə əlaqəli idi. Dünyagörüşünün əsasını klassik Şərq düşüncəsi təşkil etsə də, çağdaş Avropa mühitinə ən dayanıqlı bir vasitə ilə - peşə ilə bağlılıq da öz işini görmüşdü. Sonra tale elə gətirdi ki, Qəzənfər Paşayev Şərqlə Qərb arasında ipək keçidin yaradıcılarından biri oldu.

 

Bunun necə baş verdiyi alimin yaradıcılığını diqqətlə izləyən, 50 il ərzində toplanan geniş oxucu kütləsinə məlumdur. Çünki, o, 60-70-ci illərdə xarici ezamiyyətdə olmuşdu. O dövrlərdə minlərlə sovet mütəxəssisi keçmiş Sovetlər Birliyinin beynəlxalq sosial-iqtisadi siyasətini yürütmək üçün demək olar bütün dünyaya səpələnmişdilər. Onlar öz vəzifə borclarını yerinə yetirib bir qədər sərmayə və xaricdə çalışmanın daxili qüruru ilə vətənə dönürdülər. İmkan yaransa yenə də müxtəlif ölkələrə ezam olunurdular. Lakin Qəzənfər Paşayev İraqdan fövqəladə sərvətlə dönən elə qüdrətli alim və idrak sahibidir ki, onun mənimsəyib, yenidən yaradıb İraq-Azərbaycan, ümumən türk dünyasına bəxş etdiyi sərmayə, irs heç zaman tükənmir və tükənməyəcək də. Siz bu barədə “Fotodastan”da yeri gəldikcə verilən, xalqımızın böyük alimləri tərəfindən səslənmiş fikirləri oxuyacaqsınız. Ona görə də təkrara yol vermir, incələmə yox, ümumiləşdirmə aparırıq.

 

lll

 

Onun gördüyü möhtəşəm işi yenidən nəzərdən keçirib deyirik ki, azərbaycanlı alim yalnız Türkman folklorunun araşdırmaçısı deyil, İraqda yaşayan, sayı iki milyona qədər ehtimal olunan Kərkük türkmanlarının mükəmməl ensiklopediyasını yaratmışdır. Bu zaman Qəzənfər Paşayev ensiklopediyalara xas sözlük prinsipi deyil, mövzu prinsipinə əsaslanmış və fundamental tədqiqatlar öz içərisində sözlüyü də əhatə etmişdir. Sonradan hər biri qiymətli kitablar şəkli alan, zəngin dilçilik və folklor materialları əsasında işlənən monumental mövzuları sıralasaq, görəcəyik ki, araşdırmalarda problemlə bağlı heç bir məsələ alimin diqqətindən kənarda qalmayıb. Baxın, Kərkük dialektinin fonetikası,  folklorun janrları, İraq-türkman ləhcəsi, hər biri ayrı-ayrılıqda təqdim edilən Kərkük atalar sözləri, bayatılar, tapmacalar, nəhayət toplanmış bütün materiallar əsasında İraq-türkman folklorunun elmi tədqiqi və monoqrafik şəkildə qələmə alınması... Qəzənfər Paşayevin qəlbindən və idrak süzgəcindən keçən bu mövzular sonda İraq türkmanlarının tarixi, mənəvi, ədəbi obrazını yaradır. Professor Q.Paşayev İraq türkmanları ilə Azərbaycan türklərinin eyni kökə, eyni dilə, eyni milli xüsusiyyətlərə sahib olduğunu, tarixin hökmü ilə bir-birindən təcrid olunmuş coğrafiyalarda da yaşadıqlarını sübut etmək üçün məxsusi araşdırmaçı fəndi işlətmir, oxucunu inandırmağa xidmət edən mürəkkəb məntiqi cümlələr qurmur, sadəcə, olan materialları sistemləşdirib onları hamının oxuyub başa düşəcəyi, inandırıcı, təsirli bir dillə şərh edir. Əlbəttə, bu üslubi yanaşma elmi əsərlərə şamil edilən ciddi tələblərlə uzlaşdırılır. Nəticədə gözümüz önündə türk dünyasının daha bir sarsılmaz qalası ucalır: Kərkük-Türkman qalası... Baxırıq ki, orada əşyaların, yerlərin, insanların, xörəklərin, təbiət varlıqlarının adları bizimki ilə eynidir. Bu hələ azdır, əldə olunmuş materiallar nə külçədir, nə fraqment. Uzun zaman aralığında Kərkükdə və Azərbaycanda ümumxalq dili ilə  ədəbi dilin inkişaf prosesi sanki paralel getmişdir. Ortada olan yekun bundan ibarətdir ki, ayrı-ayrı dövlətlərin sərhədləri içərisində yaşasalar da, bu iki xalq, millət (necə istəyirsiniz elə adlandırın) tarixi gedişatın hökmü ilə nə zamansa bir-birindən qopmuş, əsrlərcə bir-birinin üzünə həsrət qalsalar da, öz ulu köklərini qeyb etməmişlər. Qəzənfər Paşayev Kərkük türkmanlarının ərəb səhralarına doğru irəliləməsi prosesinin çıxış nöqtəsində indiki o taylı-bu taylı Azərbaycanı görür, Atabəylərin, Eldənizlərin, Uzun Həsənin, Şah İsmayıl Xətainin, Nadir Şahın, Ağa Məhəmməd Qacarın yaradıb idarə etdikləri qüdrətli dövlətlər nəinki təmiz türk dilində danışan bu iki xalqın, hətta onların qalan və qalmayan ucsuz-bucaqsız torpaqlarının da sahibi olmuşlar.

 

Professor Qəzənfər Paşayev milli varlığımızın qorunub saxlanmasında ən mötəbər və dözümlü faktorun milli dil olduğu ideyasını dönə-dönə irəli sürür, xatırladır. Əlbəttə, haqqı var. Çünki böyük türk imperiyalarının qurub-yaratdığı minlərlə qalalar, qəsrlər, ucsuz-bucaqsız sərhədlər, xəzinələr qalmayıb. Bizim nəinki qənimətlər, hətta ulu cəddimizdən, dədə-babalarımızdan qalan sərvətlər də fələyin badına gedib. Lakin xalqın dili ovulub tökülməyib, qopmayıb, nə zamansa yer üzündə yaşamış, indi yaşayan,  min illər sonra da yaşayacaq vahid bir millətin tanınma nişanına çevrilib. Qəzənfər Paşayev doğma dilimizdə danışan 2 milyonluq qardaş xalqın şərəfli  irs yükünü 20-30 il ərzində yorulmadan möhkəm çiyinlərində Azərbaycana daşınmışdır. Bir adam bir başqa adama ən cüzi bir yaxşılıq edəndə bu xeyirxahlıq goracan unudulmur, bəzən nəsildən-nəsilə keçən bir ənənə misalında yaşadılır. Qəzənfər müəllim vaxtında müdrik addım ataraq 30 milyonluq Cənubuna həsrət qalan, Zəngəzur, Dərbənd, Qarabağ itirən Azərbaycanla 2 milyonluq Kərkük türkmanları arasında etibarlı körpü yaradıb. Belə bir nailiyyət hər alimə qismət olmur. Azərbaycan filologiyasının müxtəlif məsələlərinə həsr olunmuş neçə-neçə kəşfə bərabər, dərin elmi mündərəcəli əsərlər, monoqrafiyalar var. Amma onların heç birisi Azərbaycan xalqına itmiş qolunu, bədəninin, qəlbinin bir hissəsini əta etməyib. Qəzənfər Paşayev İraq ziyalılarını sanki səfərbərliyə alaraq onları öz kökünü axtarmağa,  ərəb dünyasında bir ada şəklində sıxılan bu türkdilli xalqın tək olmadığını anlatmağa nail olub. Və zəhmətin demək olar əhəmiyyətli hissəsini özü çəksə də, İraq türkmanlarının parlaq zəkalı alimlərinə, vətənpərvər insanlarına sevgi və ehtiramı səxavət və ürək genişliyi ilə dilə gətirməyi unutmayıb.

 

Qəzənfər Paşayevin İraq-Kərkük türkmanlarının mənəvi, mədəni, elmi, folklor irsi ilə bağlı tədqiqatları Azərbaycanın qüdrətli alimləri (bunların içərisində dilçilər, filoloqlar, folklorşünaslar, tarixçilər, ədiblər, mütərcimlər, əcnəbi müəlliflər, ictimai və dövlət xadimləri  var.) tərəfindən dönə-dönə, davamlı olaraq ən yüksək səviyyədə dəyərləndirmişdir. Amma bununla belə, onun banisi olduğu kərkükşünaslıq elmi ayrıca bir tədqiqatın mövzusudur. Alimin elmi-ədəbi yaradıcılığına aid İraq-türkman folkloru tədqiqatını onun şah əsəri adlandırırlar. Məncə, bu reallığın lokal ifadəsidir. Əslində, sözügedən araşdırma ümumən kərkükşünaslıqda, Ə.Bəndəroğlunun doğru olaraq göstərdiyi kimi, şah əsərdir və üstəlik bu monoqrafiya müqayisəli dilçilik elminə ən dəyərli töhfədir.

 

lll

 

...”Altı il Dəclə-Fərat sahillərində” kitabını isə gərək biz padşah əsər adlandıraq. Qəzənfər Paşayevin oxucuları yaxşı bilir ki, bu tarixi-bədii-publisistik kitab ədibin yaradıcı dünyasına daxil olmaq yolunda onun elmi-estetik amalını hər kəs üçün əlçatan eləyən açardır.

 

Birmənalı olaraq 60-80-ci illərdə formalaşıb yetişən, indiki ilə müqayisədə çox qaynar və konseptual olan oxucu kütləsi məhz bu əsərlə tanışlıqdan sonra Qəzənfər müəllimin hər çıxan təzə kitabını göydə qapdı.

 

Bir məsələni söyləmək qaçılmazdır. Azərbaycanda bədii-epstolyar janrın ortacağ örnəkləri bizə klassik ədəbiyyat tariximizdən məlumdur. Müxtəlif səyahətnamələr, təzkirələr, risalələr, çünglər, məktublar... yaradılmışdır. Məsələn, əsərlərində Qəzənfər müəllimin adını tez-tez çəkdiyi Xaqani Şirvaninin “Mədain xərabələri”, “Töhvətül-İraqeyn” hələ XI əsrdə yaranan poetik səfərnamələr deyilmi? Sadəcə bu əsərlər öz zamanının ədəbi janrında və dilində qələmə alınmışdı. Bu janrın A.Bakıxanov və M.F.Axundovla başlayan yeni istiqaməti Azərbaycanda milli mətbuatın yaranmasının əsası olmuşdu. Sözün düzü, mən A.Bakıxanovun “Gülüstani-İrəm” kimi çox dəyərli tarixi əsəri ilə Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində” publisistik-etnoqrafik romanı arasında mənəvi qaynayıb  qovuşma, varislik görürəm.

 

Yenə ora qayıdıram, 1960-80-ci illər aralığında Azərbaycan mədəniyyəti, milli ədəbi-bədii düşüncə hər sahədə(elm, incəsənət, ədəbiyyat, memarlıq, kütləvi informasiya vasitələri) sanki bir intibah yaşayarkən bədii publisistikanın da qol-qanad açmasına göz yuma bilmirik. Mirzə İbrahimovun, İmran Qasımovun, Məmməd Arazın, Nurəddin Babayevin, Elçinin, Anarın, Məstan Günərin, Səyavuş Sərxanlının, Vaqif İbrahimin, Nemət Veysəllinin, Möhbəddin Səmədin, Tofiq Abdinin... sözün kəsəsi, əksər ədiblərimizin meydana qoyduqları, əslində Sovet mətbuatına ayrı bir dil pafosu, hava gətirən publisistika dövrün klassik mətn formalarından (poeziya, nəsr, ədəbi tənqid) heç də az təsir göstərmirdi və indi bir çox “xalis” bədii əsərlər meydanı tərk etdiyi halda, sözü- gedən müəlliflərin publisistikası, ön sırasında Qəzənfər Paşayevin “Altı il Dəclə-Fərat sahillərində” kitabı olmaqla, öz aktuallığını qoruyub saxlamaqdadır. Məncə, bunun yeganə sirri mövzunun faktlara söykənərək, zərgər seçmələri apararaq, yüksək bədii publisistik meyarı hədəf götürərək işıqlandırılması deyil, elə bunlar qədər də vacib olan insaniyyətlə, dərin humanizmlə, ideyaya ehtiramla qələmə almasındadır.

 

Bizim vətəndaş nəslimizin, elə Qəzənfər müəllimin özünün də mənsub olduğu nəslin oxucu kütləsi “Altı il Dəclə-Fərat sahillərində” kitabını nəinki nəşr olunduğu ildə, hətta demək olar, dərhal -  onun işıq üzü gördüyü ilk günlərdə oxumuşdular. Bu kitab deyildi yalnız, əsl möcüzə idi. Düzdür, müəllif Amerika kəşf etməmişdi, o zamanlar sovet rejiminin sıxıb incidən zəncirlərini daha çox hiss edən, həmişə olduğundan daha şiddətlə Araz dərdi ilə qovrulan Azərbaycan insanı üçün sanki tarixin hansı bir qarışıq dövründəsə itkin düşən qardaşını tapması heç şübhə doğurmurdu. Kitabın məqsədini yalnız türk axtarışı ilə məhdudlaşdıra bilmərik. “Altı il Dəclə-Fərat sahillərində” kitabı insanlıq, xalq harayıdır, tarixin at gedişlərinə üsyandır. Əgər İraq-Kərkük, Bağdad, Kərbəla, Mosul... bu gün od tutub yanmasaydı, dağıntılar ölkəni başdan-başa xarabazarlığa çevirməsəydi, Qəzənfər Paşayevin Azərbaycana təqdim etdiyi İraq yenə də axırı xeyrin qələbəsi ilə bitən 1001 gecə nağıllarına bənzəyərdi... Bununla belə, bu ağır vaxtda da onlar həmin kitabı dönə-dönə ərəbcə çap edirlər.

 

 Budur, “Altı il Dəclə - Fərat sahillərində” adlanan, bir ölkənin taleyi və ona biganə qala bilməyən müəllifin can yanğısı haqqında ən yaxşı romanlardan birini oxuduğum zamandan otuz ildən çox vaxt keçir. Amma oradakı heyrətamiz üslub, həyati zənginlik, yer planetinin Kərkük əfsanəsi, nadir faktların, seçmə misalların dili və İraq timsalıyla dünya gərdişinin təlqini, bir sözlə kitabın bütün ruhu və informasiya çəkisi yaddaşımda, elə yer alıb, sanki o kitabı dünən oxumuşam. Sanki bu ərəb məsəlini də indicə eşidirəm:  “Övlad kiçik olanda valideyni yatmağa, böyüyəndə yaşamağa qoymur”. Dünya tarixi sovet imperiyasının qanlı əllərindəki “Kalaşnikov” avtomatı ilə “dəlmədeşik edildiyi bir dövrdə”, qırmızı imperializmin (hər rənginə lənət olsun!) şahə qalxdığı zamanda Qəzənfər Paşayev yazırdı ki, qədim dünya mədəniyyəti yeni eradan dörd min il əvvəl Misir və İraq ərazisində meydana gəlmişdir. İlk yazı, ilk kotan, ilk təkər, ilk suvarma şəbəkəsi, ilk memarlıq abidələri, ilk təqvim, ilk artroloji xəritə, ikiməchullu tənliyin həlli bu yerlərdə məskən salan babil, assur və xadeylərin ən qədim irsidir. 6 min il əvvəl onlar qızılla işləməyi bacaran zərgərlər idilər. Hammurappinin 120 maddədən ibarət qanun məcəlləsi burada yazılmışdı, dünyanın yeddi möcüzəsindən biri, Semiramidanın “Asma bağlar”ı buradadır. Hanı indi möhtəşəm Mesopotamiya?

 

Qəzənfər Paşayev yazır: “İndi mən tarixin təlatümlərinə düşərək əldən ələ keçmiş, talan olmuş, soyulmuş, geri qalmış, Mesopotamiyanın halına acıyıram”.

 

Mədəniyyət beşiyinin bizim eradakı taleyi necə olmuşdu. Müəllif tarixi örnəkləri bir zərgər dəqiqliyi ilə ipə-sapa düzür. ...637-ci ildə Sasanilərin zəifləməsindən istifadə edən ərəblər Mesopotamiyanı tutur. Hakimiyyət başında Ömər idi. 644-cü ildə Ömər öldürülür. Hakimiyyətə Osman gəlir. 656-cı ildə o da öldürülür. Hakimiyyətə Maviyyə gəlir. 661 - 751-ci illərdə Əməvilərin hakimiyyəti sürür. 749-da Mesopotamiyada Abdulla Əbdül Abbas xəlifə elan edilir. O, Əməvilərə tabe olmur. Abbasilər sülaləsininin əsası qoyulur. 754-cü ildə vəfat edən Abdulla Əbdül Abbasın yerini qardaşı Abu Cəfər (xalq arasında Əl Mənsur-Qalib) tutur. Bağdadın əsasını o qoydu. Şəhər salınarkən onun 4 şərtinə əməl etmişdilər: Paytaxt ölkənin mərkəzində yerləşməlidir, iqlimi qızdırmaya səbəb olmamalıdır, onunla rəqabət aparan digər şəhərdən aralıda yerləşmişdir, ən başlıcası şəhər dənizə çıxışı olan çay üzərində salınmalıdır. Hökmdar 762-ci ildə Bağdadın ilk təməl daşını öz əli ilə qoyur. Şəhərin salınmasında 100 min insan iştirak edib. Şəhər çiçəklənir. Hətta VII əsrdə burada kağız istehsalı varmış. Bağdad Harun Ər Rəşidin (787 - 809) elm və mədəniyyət mərkəzi olur. 891-ci ildə şəhərdə 100-dən çox kitab mağazası varmış, əhali 1 milyondan çox imiş...

 

Sonra Qəzənfər müəllim əsrarəngiz Bağdad gecələrinin qoynunda bir çıraq kimi alışıb oxucunu Təhrir (Azadlıq), Əbu-Nəvas, Sədun küçələrindən keçirir. Yazır ki, Sədun 1922-29-cu illərdə İraqın  baş naziri olub. İngilislərin müstəmləkəçi sazişinə imza atmayıb və bunun əvəzinə xalqın gözü qarşısında özünü öldürüb.

 

... Kim Bağdad bazarını görməyibsə, deməli Bağdadı görməyib. Müəllif qeyri-adi örtülü bazarlardan danışanda bu misalı çəkir. ...Koroğlu baxanda gördü: Bağdad xurmalarının sayı var, qoşunun sayı yoxdu. Kitabdan məlum olur ki, yayda istiliyi 50 dərəcəyə çatan, səmum yelləri əsən, havanın istiliyinə görə körpələri ana bətnində 7 aya yetişib doğulan İraqda xurma milli sərvət sayılır. Müəllif İraqda olduğu illərdə xurma ağacların sayı 33 milyondan çox imiş. Bu meyvə vitaminlərlə zəngindir. 1 kq xurmada 2700 kalori var. İraq qədim şumerlərin yaşadıqları İkiçayarasında (Dəclə - 1718 km, Fərat-2300 km) - İran, Səudiyyə Ərəbistanı, Suriya, İordaniya, Küveytlə qonşuluqdadır. Bağdadla yanaşı əsas şəhərləri Bəsrə, Mosul, Kərkük, Kərbəla, Nəcəf (İmam Hüseyn və Həzrət Abbas burada qətlə yetirilib), Ərbil, Kufə, Hillə, Süleymaniyyədir.

 

Hələ o zaman biz “Altı il Dəclə-Fərat sahillərində” kitabından bilirdik ki, müəllif orada olduğu vaxtın işdən kənar bir saatını da boş buraxmamış, İraqı qarış-qarış gəzib dolaşmış, xalqla, ziyalılarla görüşərək təbii ki, bu təsirli kitab üçün və türkmanların folkloruna dair zəngin bir xəzinə toplamış, nəticədə eyni dilli, eyni mentalitetli bir xalqla, İraq türkmanları ilə Azərbaycan arasında heç bir dövlət quruluşunun yarada bilməyəcəyi əzəmətli qardaşlıq körpüsü qurmuşdur.

 

Biz ilk dəfə insan taleyi və bürclərin verdiyi öncəgörmələr barədə də Qəzənfər müəllimin məşhur əsərindən xəbər tutduq. Həmin proqnozlara görə, bu “Fotodastan”ın qəhrəmanı qız bürcündə doğulub. Bu bürc altında dünyaya göz açan kişilər ciddi, ağıllı, dərin düşüncəli, məntiqli, aydın fikirli olur, böyük şövqlə qocalana qədər oxuyub öyrənir, bilik qazanmaqdan doymurlar. Tutduğu elm yolunu Nostradamusun möcuzəli dünyasına qədər genişləndirən Qəzənfər Paşayev öz bürcünün əlamətləri ilə yaşamaqda, ali səviyyəli insanlara aid əlamətlərə sadiq qalmaqdadır.

 

Qəzənfər Paşayevin yeddi cildlik “Seçilmiş əsərləri” (Bakı, “Təhsil” nəşriyyatı, 2012) hər bir azərbaycanlı ailəsinin evində olmağa layiq kitablardır. Bu, həqiqətən də elmdən, ən gözəl sözlərdən ibarət xəzinədir.

 

Alimin dahi şairimiz İmadəddin Nəsiminin yaradıcılığı və şəxsiyyəti ilə bağlı araşdırması, Nəsiminin İraq divanının axtarılması, tapılması, üzərində iş aparılması və nəhayət Azərbaycan oxucusuna təqdimatı - bütün bunlar bir alimin güc imkanlarını aşan, milli qeyrətdən, hünərdən, istedad və zəhmətdən qaynaqlanan fədakarlıqdır. Bu barədə dövrü mətbuatda, kitablarda çox yazılıb, radio və televiziyalarda rəylər səsləndirilib. Tək bu barədə yox, Qəzənfər Paşayevin dilçiliyiə və doğma dilimizin inkişafında müstəsna xidmətlər göstərən dilşünas alimlərə, ədəbiyyatşünaslara, folklorşünaslara, ədiblərə, aşıqlara dair məqalə və fundamental tədqiqatları, bu mövzularda tərtib etdiyi kitabları, tərcümələri, problematik yazıları, zamanın  diqtəsi ilə yazılan məqalələri barədə geniş söhbət açılıb. Həmin rəylərdə Qəzənfər Paşayevin alim və şəxsiyyət cizgiləri böyük ehtiram və məhəbbətlə təsvir olunur.

 

Alim yazıçı, publisist, tərcüməçi, Qəzənfər Paşayev həm də yüzlərlə tələbənin təfəkküründə tükənməz nur və enerjiyə çevrilən ustad müəllimdir. Onun pedaqoji təcrübələri, hərtərəfli biliyi, xüsusilə şəxsi pedaqoq nümunəsi bu gün də böyük təsir qüvvəsini qoruyub saxlayır. O, Azərbaycanda hər kəsin arzusunda ola biləcəyi olduqca xeyirxah, mərhəmətli, sözün hər mənasında düzgün yaşayan, əldə olunan bütün nailiyyətin xalqdan, xalqa ehtiramdan gəldiyini həyat tərzinə çevirən bir ailənin, bir nəslin başçısıdır.

 

“Qəzənfər Paşayev. Fotodastan” toplusu üçün yazılan ön söz bir qədər geniş alındı, eyb etməz. İndən sonra kitabın qəhrəmanının ömür yolunu -  gəncliyini, müdrik çağlarını, yaradıcılığını, dostlarını, pedaqoji fəaliyyətini, səfərlərini... fotolar anlatsa da, deməliyik ki, o şəkil adam deyil, kitab adamdır. Biz çalışmışıq ki, ömrün anlarını əbədiləşdirən şəkillər həm mövzusuna, həm tarixiliyinə, məkanına, foto sənəti baxımından kamilliyinə görə mənalı olsun. Lakin bəribaşdan deyirik, heç bir fotoalbom, yaxud onun haqqında yazılmış monoqrafiya Qəzənfər Paşayevi onun özünün yaratdığı kitablar qədər ifadə edə bilməz! Yenə də təkrar edirik: o, kitab adamdır, kitab adamıdır. Ömrünü kitablara çevirməyi bacaran şəxsiyyətdir. Baxın, onun gənclik illərindən üzübəri çəkdirdiyi şəkillər də çin-çin düzülərək Qəzənfər müəllimin yeni bir kitabına çevrildi. İnanırıq ki, bu kitabı da sevəcəksiniz. Çünki Qəzənfər Paşayev şəxsiyyətinə və yaratdığı irsə dəyər verməmək mümkün deyil, Kərküklü yazıçı Mövlud Taha Qayaçı demiş, onu sevməmək olmur!..

 

525-ci qəzet  2017.- 26 avqust.- S.16;23.