Ümidlərin ardınca
PƏRVİN
Avqustun 29-da tanınmış
yazıçı-publisist, qəzetimizin dostu Aydın
Tağıyevin 65 yaşı tamam olur.
Bu münasibətlə dəyərli Aydın müəllimi
təbrik edir, Xalq yazıçısı Anarın təbrikini,
Pərvinin “Ümidlərin ardınca” məqaləsini
oxucularımıza təqdim edirik.
İstedadlı qələm adamı Aydın
Tağıyevin 65 yaşı tamam olur. Mən hələ
80-ci illərdən, ilk hekayələri işıq üzü
görəndən Aydın Tağıyevin ədəbi
mühitin diqqətini çəkdiyini müşahidə
etmişəm. O, bu illər ərzində müxtəlif
ədəbi orqanlarda çıxan yazıları ilə oxucu sevgisini
qazana bilib. Həmçinin, Aydın
Tağıyev Şabran kimi qədim bölgələrimizdən
birinin tarixi, etnoqrafiyası ilə maraqlanır və bu tədqiqatlarının
nəticəsi kimi işıq üzü görən məqalələri
diqqətəlayiqdir. Aydın
Tağıyev Şabranda ədəbi mühitin aparıcı
simalarından biridir. Son bir neçə
ildə burda keçirilən tədbirlərin,
yazıçılarla görüşlərin təşkilində
yaxından iştirak edib. Bunları nəzərə
alaraq Azərbaycan Yazıçılar Birliyi katibliyinin qərarı
ilə Aydın Tağıyev AYB-nin Şabran bölməsinin
rəhbəri təyin olunub. Bir neçə
ay öncə Şabranda Xaqani Poeziya Günlərində,
burdakı qaynar ədəbi mühiti, sözə, ədəbiyyata
üstün münasibəti müşahidə etdim.
AYB-nin Şabran bölməsinin fəaliyyəti ilə də
yaxından tanış oldum. Mən Aydın Tağıyevi 65 illik yubileyi
münasibəti ilə təbrik edirəm, ona bütün bu səmərəli
işlərin davam etdirilməsi yolunda müvəffəqiyyət
və yeni-yeni yaradıcılıq uğurları diləyirəm.
Azərbaycan
Yazıçılar Birliyinin sədri, Xalq
yazıçısı ANAR
Tanınmış
yazıçı, istedadlı publisist Aydın
Tağıyevin 65 yaşı tamam olur bu il.
Aydın müəllimin doğum günü
avqust ayına təsadüf edir. Doğrusu,
astroloji məntiqə o qədər də inanmasam da,
yazıçının həm xarakterindən, həm də
yaradıcılığından gələn istiliyin avqust
ayı ilə əlaqəsinin olub-olmaması haqqında
azacıq fikrə gedirəm. Amma sonra da
düşünürəm ki, axı nə fərqi, Aydın
müəllimin bu insansevər xasiyyəti, adamda xoş,
ilıq hisslər oyadan əsərləri avqustun
“günahıdı”, ya da deyil... Əsas odur ki,
bu, faktdır və sadə oxuculardan tutmuş, məşhur
yazıçılara, tanınmış tənqidçilərə
kimi hər kəs bunu təsdiq edir.
Aydın müəllim indiki Şabran, o vaxtkı Dəvəçi
rayonunda dünyaya gəlib. Əsərlərini oxuyanda məndə
belə hiss yaranır ki, elə ədəbiyyata da gəlişi
dünyaya gəlişi kimi təbii olub. Yəni
Aydın Tağıyev özünü yazmağa məcbur edənlərdən
deyil. Şöhrət naminə, hansısa
maddi, ya da sosial rifahdan ötrü qələmə
sarılmaz. Ürəyini deşən,
beynini rahat buraxmayan sözü kağıza
köçürüb. Və elə buna
görə də yazdıqları zamanındaca əks-səda
doğurub.
İlk dəfə 1975-ci ildə “Ulduz” jurnalının
2-ci sayında “Buz heykəllər əriyir” adlı hekayəsi
dərc olunub və dərhal da ədəbi mühit, ədəbi
tənqid hekayəyə müsbət reaksiya verib. Akademik Bəkir
Nəbiyev gənc müəllifin debütünü yüksək
qiymətləndirib. Aydın müəllimin yubileyinə
məqalə yazmağa hazırlaşanda haqqında olan bir
çox yazıları oxudum və bütün bu
yazıları birləşdirən ümumi cəhəti də
duya, dərk edə bildim... Aydın Tağıyevdən, onun əsərlərindən
danışan hər kəs saflığı,
dürüstlüyü, gələcəyə inamı və
ümidləri, dosta sadiqliyi xüsusi vurğulayır. Bu sadaladıqlarımı həm
yazıçının özünə, həm də əsərlərinə
aid edirlər. Oxuduqca düşünürəm,
görəsən, necə olur hamını məhz bu cəhətlər
düşündürür. Yəqin ki, saflığın,
dürüstlüyün, etibarın nadir keyfiyyət
olmasına görə. Və qəribədir ki,
zaman keçdikcə heç nə dəyişmir, Aydın
Tağıyevin hələ ilk gənclik illərində
yazdığı əsərlərdəki işıq, inam,
ümidlər lap son zamanlarda qələmə
aldığı əsərlərində də göz
qamaşdırır. “Buz heykəllər əriyir” hekayəsi
haqqında məqaləsində akademik Bəkir Nəbiyev
yazır: “Bu hekayə insana inam və etibar haqqında gənc
müəllifin qəlbindən qopan səmimi poetik səsdir. Bu səs insanların ən yaxşıları
üçün səciyyəvi olan nəciblik, xeyirxahlıq
duyğularına alqışlar deyir”. Hekayənin də,
məqalənin də
yazılmasından otuz ildən çox zaman
keçib. Bu zamanda həm yazıçının
həyatında, həm də mühitdə, ölkədə
bir çox hadisələr baş verib. Amma
o nəcibliyə alqış və insana inam, etibar Aydın
müəllimin əsərlərində hələ də
aparıcı xətt olaraq qalır. Və
mənə görə bu əsərləri oxunaqlı,
maraqlı edən də məhz bu cəhətidir.
Amma bununla belə Aydın Tağıyevi dünyanın
çirkabını, insan xislətindəki naqislikləri
görməyən, yalnız xəyallar, arzularla, böyük
ümidlərlə yaşayan yazıçı da hesab etmək
olmaz. Sadəcə məsələ burasındadır ki,
yazıçıya gələcəyə,
insanlığın itməməsinə inamdan ötrü
kiçicik bir işarə bəs edir. Elə “Buz heykəllər
əriyir” hekayəsində olduğu kimi... Əgər
şaxtada, balası ilə birgə yolda soyuqdan donan ananı
darda qoymayan, ona yardım edən bircə nəfər də
olsa adam tapıldısa, deməli “insan buz
heykəl deyil”. Bir az dərin düşünəndə
doğrudan da belədir. Dünya tək-tək
insanların yaxşılığı, az-az adamların nəcibliyi
üzərində durub.
Aydın Tağıyev yaradıcılığında əsas
motivlərdən biri də insanın özünün
özünü tərbiyəsidir. Yəni qəhrəmanının
səhvini anlaması, ya da düz yola qayıtması, ləyaqətini,
mənliyini qoruması üçün fövqəladə
hadisələrə, ciddi olaylara ehtiyac duymur
yazıçı. “Yaxın qohumlar” hekayəsinin
qəhrəmanı Vəliyev toylara gedən müğənnidir.
Amma eyni zamanda, bir dövlət işində də
çalışır. Hər dəfə rayonlara toya
getmək üçün dostları iş yerinə teleqram
vurub hansısa qohumunun öldüyünü xəbər
verirlər. Yazıçı bu tragikomik olayı o qədər
incəliklə, dəqiqliklə qələmə alır ki...
Həm millətimizin mentalitetindən gələn,
dərdli adama hayan, dayaq olmaq kimi cəhətləri
qabardır, həm də maddi rifahı üçün rola
girən insanın içindəki təzadları göstərir.
Əsərin qəhrəmanı Vəliyevin elə rayona gedən
qatardaca düşündükləri, özünü
bütün ölənlərə görə günahkar bilməsi,
cibində “sığalladığı gözəlin” yəni,
pulun da bir anda gözündən düşməsi, bütün
bunlar yazıçının ustalıqla
düşündüyü, qəhrəmanını gətirib
çıxardığı məqamdı. Bir
sözlə mənəvi dəyərlərin,
insanlığın, köklərə
bağlılığın hər şeydən, maddi təminatdan
daha vacib olmasını yazıçı belə sadə, həm
də dərin üsullarla göstərir.
“Çini
kasalar” hekayəsində olduğu kimi... Əsərin
qəhrəmanı Rəhim müəllim ehtiyac üzündən
evində olan qiymətli çini kasaları satmaq qərarına
gəlir. Bir yandan arvadın dır-dırı, bir yandan
ehtiyac... Bütün bunlar qəhrəmanını
çıxılmaza salmaq, çətinə çəkmək
üçün yazıçı priyomlarıdır. Hər yerdən əli üzülən Rəhim
müəllim kasaları imkanlı müdirinə təklif etmək
qərarına gəlir. Yazıçı qəhrəmanının
qürurlu xarakterini də elə bu müdirlə dialoqda
açır:
“Saleh
deyilən müdir gözucu kasalara baxa-baxa pis-pis güldü:
- Bəh-bəh! Bəxtimin yeyinliyinə bax, özgə
müdirlərə işçiləri pay verir, mənimkilər
isə hərifcə müştəri axtarır...
Rəhim müəllimin arvadı
fağırlaşdı. Nədənsə kefi birdən-birə kökəlmiş
Rəhim müəllim coşdu: Rüşvətxor, yekəqarın!
Borcum var sənə, bilməmişdik hələ bir pay da verərdik!”
Gətirdiyim bu kiçik nümunədə
yazıçının insanlıq resepti var; ehtiyacın olsa
belə, başqasının qarşısında
aşağılanma, özünü sındırma,
qürurunu əymə. Bu mənada “Tərəkəmə” hekayəsinin
qəhrəmanı Balağanın da başına gələnlər
xeyli düşündürücüdür. Bir vaxt istəmədiyi
havanı oynamadığı üçün işdən
çıxarılan, sonra da dolanışıq dalınca kənddən
çıxan, özünə iş tapıb güzaran qurmaq
istəyən bu adam doğulduğu kəndə
ayrı cür, yəni Jiqulinin sükanı arxasında
qayıtmaq istəyir. Yazıçı bir vaxt əzilmiş
insanın belə bir kiçik özünütəsdiq
arzusunu ustalıqla qələmə alır. Başı daşdan daşa dəyən Balağa
indi şəhərdə ofisiant işlədiyi restoranda istədiyi
maşının pulunu yığmaqdan ötrü hər hava
oynamağa məcburdu. Amma yenə də
yazıçının özünəməxsus priyomu ilə
sonda qürur, ləyaqət hissi, mənliyini qorumaq
düşüncəsi hər şeyə üstün gəlir.
Hekayədə öz havasını oynamaq, yaxud
hər havanı oynamamaq ideyası həm də bir simvoldur.
Ümumiyyətlə, Aydın Tağıyevin
yaradıcılığında belə simvollar çoxdur.
Məsələn, “Güllü çit
yorğan” hekayəsində üşütməsi keçməyən
Seyidağa müəllimi isidən güllü çit
yorğan simvoldur. Valideynləri repressiya
olunan zaman bir əsgərin rəhmi, insanlığı sayəsində
bu güllü çit yorğanı uşağın əlindən
almamışdılar. İndi də
artıq yaşa dolmuş Seyidağa müəllimi isidən
elə illərin o tayında qalmış əsgərin
insanlığı, mərhəmətidir. Bir sözlə, yazıçı çit
yorğanı simvollaşdırıb. Necə ki,
“Ağrı” hekayəsində oğlunu itirən atanın
dişini də itirməsi, özü də bu dişi
oğlunu ondan alıb aparan gəlinin çəkməsi
kimi... Yaxud “Boy” hekayəsində əsərin qəhrəmanı
Allahdan hamını bir boyda yaratmasını diləyir. Yazıçı bu üsulla “sinfi bərabərsizliyi”
simvollaşdırır əslində.
Aydın Tağıyevin əsərlərinin digər məziyyəti
də koloritli dili, folklora söykənən üslubudur. Xalq
yazıçısı Mövlud Süleymanlı Aydın
Tağıyev haqqında “Aydın Tağı və
çoxlarının qibtə etdiyi söz” məqaləsində
bu məqamı xüsusi qiymətləndirir. Bir vaxt
“Bulaq” verilişi üçün mətnlər yazan Aydın
müəllimin koloritli üslubundan, dilindən söz
açır: “Aydın Dəvəçi bölgəsini
duyub, anlayıb “Bulaq” üçün qələmə ala
bildi... Mənim, bəlkə də hər birimizin
tanımadığımız çox maraqlı etnoqrafiya,
folklor, söz səmtini radio verilişlərinə gətirib
çıxara bildi...”
Mövlud
Süleymanlının vurğuladığı bu məqamları,
yəni həm folklor elementlərindən, həm də nağıl
dilindən istifadəni Aydın Tağıyevin “Alma
oğurlayan divlər”, “Çiçəkli çölün
sarı gülü”, “Çiçəkli çölün
qırmızı gülü”, “Dan üzü ölən adam”
və digər hekayələrində görmək olar. Görünür, yazımın əvvəlində
vurğuladığım gələcəyin yaxşı
olacağına, insanlığın üstün bir mərtəbəyə
çatacağına ümid də elə folklora
bağlılıqdan gəlir. Axı nağıllarda həmişə,
hər şey gözəl bitir!
Bir də Aydın Tağıyev mənəvi həyatla
yaşamağın mümkünlüyünə inanır və
belə yaşamağa çalışır. Elə
yazımın bu məqamında bir xatirəmi
bölüşmək istərdim. Şabrandakı
tədbirlərdən birindən sonra Aydın Tağıyevlə
ədəbiyyat söhbətləri edirdik. İstedadlı yazıçı olmaqla bərabər,
gözəl bir ədəbiyyat bilicisi, həm də
ardıcıl oxucu olan Aydın müəllimin çox orijinal
fikirləri var bədii əsərlər haqda. Elə son
illərdə çıxan əsərlərdən
danışa-danışa birdən Aydın müəllimi
azacıq çaşdıran bir sual verdim: “Doğrudan
düşünürsüz ki, ruhu olan adam
yaltaqlıq edə bilməz?” Sualımın səbəbi
vardı. “Adəmin oğlu” hekayəsindən
gəldiyim qənaəti dəqiqləşdirmək istəyirdim.
Əsərin qəhrəmanı Adəmlə Həvvanın
oğlu Habil ruhunu itirməmək üçün yaltaqlana
bilmir. Yaltaqlandıqca ruhunu itirəcəyindən qorxur...
Yazıçı bu cür dini, əfsanəvi
adlara müraciət etməklə problemin qədim olduğuna
işarə edir əslində. Amma eyni
zamanda sual da yaranır, doğrudanmı belədir? Doğrudanmı bütün yaltaqlar ruhsuz
insanlardı? Bunu soruşanda Aydın
Tağıyevin gülümsəməsi və mövzunu dəyişməsi
də yaxşı yadımda qaldı. İndi bu əsərləri
təkrar oxuyub yazını yazdıqca düşünürəm,
heç şübhəsiz ki, Aydın müəllim zahirən
ruhsal, intellektual, ağıllı adamların da necə
yaltaqlandığını görüb, görməmiş
olmaz hər halda... Sadəcə bunlardan danışıb
heç kəsi məyus etmək istəməyib o məclisdə.
Axı o həmişə yaxşı olanı,
pozitivi ötürməyə çalışır. Hətta bədbin ruhlu, faciəvi sonluqlu “Səssiz
film”, “Külək qəfil qalxan gün” kimi hekayələrində
də bir işıq, ümid yeri qoyur. Çünki
insan ölümü ondan ötrü böyük faciə
deyil, sadə bir təbiət hadisəsidir... yarpağın
ağacdan düşməsi kimi. Amma bununla
belə yazıçı əzizlərinin
ağrılarına, kədərinə biganə qala bilmir.
Bacısı haqqında yazdığı “Qapın elə
bağlanıb ki”, yaxud dünyadan vaxtsız
köçmüş Dürdanənin ölümündən
sarsılıb dosta təsəlli olaraq qələmə
aldığı “Bir dürr dənəsi idi” essesi bu mənada
son dərəcə təsirlidir.
Aydın Tağıyevin nəsri ilə yanaşı,
publisistikası da çox maraqlıdır. Ümumiyyətlə,
son illərdə qələmə aldığı publisistik məqalələrinə
nəzər salanda belə başa düşmək olur ki, o, ədəbi
mühitdə baş verən yeniliklərə, mühüm
hadisələrə biganə qala bilmir. “Yoldur
gedirik” adlı kitabında məhz bu yazıları yer
alıb. Və bu kitabın adı da elə
Aydın müəllimin həyatını simvolizə edir.
Şabranda yaşayan, amma tez-tez Bakıya gəlib-gedən
yazıçının yollara zamanı çox gedir.
Görünür, elə həyatı da Aşıq Veysəl
demiş “uzun, incə bir yol” sayır...
Yazıçını tanımaq üçün bir neçə yol var; onun özüylə ünsiyyət, əsərləriylə yaxından tanışlıq, yaxud haqqında yazılanları diqqətlə oxumaq. 65 yaşlı Aydın Tağıyevlə hər üç üsulla tanış olmaq mümkündür. Ünsiyyətə çox açıqdır, əsərləri mətbuatda mütəmadi çap olunur, həmçinin haqqında da saysız-hesabsız yazılar qələmə alınıb. Və Aydın Tağıyev bu məsələlərdə bir az da şanslıdır məncə... Çünki hər yazıçı haqqında roman yazılmır.
Yazıçı-publisist Novruz Nəcəfoğlunun Aydın Tağıyev haqqında “Nağıl adam” romanı onu mühitə, oxucularına, elə ən yaxın dostlarına da ayrı yöndən, bir az daha dərindən tanıtdı. Bu roman haqqında ayrıca məqalə yazdığım üçün, burda özümü təkrar etmək istəmirəm. Amma etiraf edim ki, Aydın müəllimin əsərlərini araşdırandan sonra bu romanı tamam ayrı cür dərk etdim. O zaman “Nağıl adam”ı böyük dostluğun, Aydın Tağıyev - Novruz Nəcəfoğlu birliyinin bədii nümunəsi kimi yozmuş, təhlil etmişdim. Çünki əsərdə kifayət qədər dost zarafatları var. Novruz müəllim özünəxas yumorla qəhrəmanının başına gələn qeyri-adi hadisələri qələmə alır, hətta bəzən özü də oxucusuna qoşulub gülümsəyir də bütün olanlara. Bir az nasiranə “əlavələrini” də edir məncə. Amma bütün bu rahat söhbətlərin, zarafatların fonunda bir yazıçı ömrü təsvir olunur. Və Aydın müəllimin yazdıqları ilə dərindən tanış olandan sonra o əsərlərin bir çoxunun kökünü “Nağıl adam”da, yəni yazıçının nağıl kimi ömründə görmək, tapmaq olur. Novruz müəllim bir neçə cümlə ilə yazıçı Aydın Tağıyevi belə ifadə edir:
“Aydın yazıçıdı. Yazıçı olmaq Aydına nə qazandırıb? Çox şey - elə indiyəcən bütün bu danışdıqlarımı! Axtardığımız, daha doğrusu, arzuladığımız bu ali keyfiyyətləri: saflığı, səmimiliyi, gözü toxluğu, insani sevgini, mərdliyi, əxlaqlı həyat tərzini, həm də bir-birindən gözəl, içdən gələn yaratdığı obrazları! Aldığı öyüd-ibrətdən naxışlanan, mərdlik, vətənpərvərlik, milli qeyrət, mənəvi dəyərlərimizin nümunəsi olan o obrazlar bəlkə də daha çox Aydının öz xarakterik cizgilərindən qaynaqlanıb. Bir sözlə, yazıçılıq Aydına elə Aydını qazandırıb”.
Novruz Nəcəfoğlunun fikirlərinin davamı kimi onu da əlavə etmək olar ki, yazıçılıq Aydın Tağıyevə dostlarını qazandırıb, bir də oxucu sevgisini. Beş il öncə Şabranda keçirilən təm-təraqlı yubiley gecəsi, yazıçının işığına toplaşan oxucuları, qələm dostları elə buna bariz nümunədir.
Bir yazıda Aydın Tağıyevin bütöv yaradıcılığını əhatə etmək mümkünsüzdür. Mən sadəcə yazıçının yubileyini “bəhanə” edib yaradıcılıq aləminə azacıq da olsa nəzər salmağa çalışdım... Bir də niyyətim əziz dostumuzu təbrik etmək idi. 65 yaşınız mübarək olsun, Aydın müəllim!
525-ci qəzet 2017.- 26 avqust.-
S.14-15.