Məxməri İstanbul
PƏRVİN
Lap əvvəldə bir neçə
saatlıq gördüm üzünü...
Sonra bir
gün, bircə gün küçələrini yordu
ayaqlarım, İstiqlal caddəsində yağışına
qoşulub mahnı oxudum, Çiçək passajında “vəzir
barmağı”, “xanım göbəyi” kimi ekzotik adlı
şirniyyatlarını daddım. Çox
keçmədi, yenə görmək istədim İstanbulu.
Bu dəfə avtobusla getmək düşdü
könlümə. Azərbaycanın,
Gürcüstanın, Türkiyənin balaca kəndlərini,
böyük şəhərlərini arxada qoya-qoya, uzun, əziyyətli
yolu keçib nəhayət mənzilbaşına
çatdıq. Bir sutkadan artıq yol gələn,
qışın soyuğunda gömrüklərdən piyada
keçdikcə yer üzünün bütün sərhədlərini
lənətləyən adam necə olar?!
Amma mən yaxşı idim, çox yaxşı! Xoşbəxt
idim həm də... Çünki yol yoldaşın Ülvi
olunca Məhəmməd Həsən əmini
götürüb piyada Kəbəyə də gedə bilərsən!
Həm də axı qarşıda İstanbul gözləyirdi
bizi! Uzun yolun yorğunluğundan sonra yatıb səhər
gözümüzü açanda harda olduğumuzu kəsdirə
bilməmişdik əvvəlcə... İstanbuldaydıq!
İlin sonuna bir neçə saat qalırdı... Nağıl
kimi günlərimiz isə hələ indi
başlayırdı!
İki ay öncə isə anamla gəzdim İstanbulu. Anamın
gözüylə ilk dəfə görürmüş, gəzirmiş
kimi içimə çəkdim, yaddaşıma həkk etdim
bu əfsanə şəhəri. Amma yenə doymadım,
yenə bir-birimizə deyiləcək sözümüz
qaldı sanki...
Bu dəfə ilk Türk Dünyası Gənc Yazarlar
Görüşünə qatılmaq üçün getdim. Nə Bizansın, nə
Osmanlının, nə də Türkiyə Cümhuriyyətinin
qəlbinə toxunmadan deyə bilərəm ki, bu artıq mənim
İstanbulumdu. Çünki hər adamın
düşüncəsində, qəlbində bir cür kök
salır İstanbul. Mənim
üçünsə bu, hüzur, rahatlıq şəhəridir.
Həm də ədəbiyyatla nəfəs alan,
ədəbiyyatı həyat tərzinə çevirən
insanların, dostlarının ətrafındasansa...
Avrasiya Yazarlar Birliyinin Türkiyə Cümhuriyyəti Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi ilə düzənlədiyi
tədbir Asiya tərəfdə baş tutmalı idi. Doğrusu,
İstanbulun bu tərəfində qalmaq bir ayrı şəhərdə
olmaq kimi gəldi əvvəldə mənə. Avropa tərəfin
dinamikası, tıxacları, səs-küyü ilə
buranın aram, asta həyatı fərqlənir.
Amma bizim tədbirlər üçün elə
ən gözəli də bu idi. Sanki hava da
qonaqpərvərlik edib bizə
uyğunlaşdırırdı özünü. Nə çox isti, nə çox soyuq. Birdən
yağış yağır, biz gəzməyə
çıxınca kəsir... Lapdan çox isti olur, amma bizi
görən kimi küləyini əsdirir İstanbul! Elə
ilk axşam yeməyində olduğu kimi...
Axşam
yeməyi... Tanışlıq!
Təşkilatçılar tanışlıq
üçün son dərəcə ilıq, romantik bir şərait
seçmişdilər. Axı tədbirə qatılmış
60-a yaxın gənc özünü tanıtmalı,
özü haqqında danışmalı idi. Bunu isə rəsmi tədbirdə yox, məhz rahat, sərbəst
bir axşam yeməyində etmək yerinə
düşürdü. Az qala
bütün türkdilli xalqların gənc nümayəndələri
- şairləri, yazıçıları
danışdıqca qəribə bir aura, ab-hava
yaranırdı məclisdə; ilk dəfə gələnlərin
İstanbul həyəcanları, yad yerdə, uzaqda
qalanların, müstəqil ölkəsi olmayanların azad bir
ortamda, qan qardaşları arasında duyduqları xoşbəxtlik...
Dinlədikcə bir yandan sevinir, bir yandan kövrəlir adam. Amma daha çox da qürur duyur!
Azərbaycandan mənimlə bərabər üç gənc
həmkarım - Ramil Əhməd, Şahanə Müşfiq,
Müşfiq Şükürlü qatılıb tədbirə. Ramil artıq
bir ildir ki, İstanbulda Memar Sinan Universitetində magistratura təhsili
alır. Özünü təqdim edəndən
sonra təvazökarlıqla - şeirlərim uzundu,
zamanınızı almaq istəmirəm - deyir. Amma sonra Avrasiya Yazarlar Birliyinin
başçısı Yaqub Öməroğlu onu da şeir
oxumağa məcbur edir. Ramilin müharibə
mövzusunda bir neçə şeirini oxumuşam deyəsən.
Müharibə görməyən və üzündən təbəssüm
çəkilməyən gəncin bu qədər
ağrılı şeirlər yazması maraqlıdır:
Atasının
ayaqqabısını
geyinib
qaçan uşaq
maşınları da ötüb keçəcəyini düşünər...
Bağlaya
bilmədiyi ayaqqabının ipləri
dolaşar ayaqlarına -
yıxılar üzü üstə,
yıxılar atasızlığa.
Elə o axşam oxuduğu “Metamarfoz” şeirindən gətirdiyim
bu misraları, sonra bütöv şeiri təkrar-təkrar
oxuyub dərinliyinə getdikcə diksinirəm birdən. Axı burda
müharibəyə heç bir eyham da yoxdu. Bəs niyə bu mövzuda qəbul eləmişəm
şeiri?! Yəqin
səbəb alt qatdadı, ya da şeiri oxuyunca gözlərim
önünə gələnlərdə. Axı yol kənarında
durub əsgər gözləyərlər... Köhnə filmlərdə
belə görmüşük! Ramilin şeirlərində
də bu estetikanı duyuram. Yaqub bəy də kövrəlir
şeirdən, “atasının ayaqqabısını geyinən
uşaq hər kəsdən iti yürüyəcəyini
düşünər” deyə təkrar edir... Şahanə ilə
Müşfiq ilk dəfə gəliblər İstanbula... Esselər ustası, dr.Hüseyn Özbay
Müşfiqlə zarafatlaşır - “bu, şeir yazmayan tək
Azərbaycan gəncidi” - deyir. Görünür,
şeirə aşırı sevgimiz, daha doğrusu, şair
olmağa qəribə meylimiz türk qardaşlarımıza
da məlumdu. Hüseyn Özbay demiş - şeir yazmayan
Müşfiq, Kafkaya bənzədilməsindən rəncidə
olub Prustu “tərcih” edən bizim Müşfiq
Şükürlü də çıxışında son dərəcə
təvazökar danışır. Şahanə isə bir
kövrək qadın romantikası ilə şeirini oxuyur:
Gəlir
göydən
Yenə
yuxusuz bir gecə,
Gedir əldən, gedir əldən.
Sevgimə
kəfən biçirəm
Ağ vərəqdən,
ağ vərəqdən...
Əslində, Şahanənin şeiri haqqında
kövrək deyirəm, amma bir anlıq o axşama qayıdıb
düşünürəm, məgər orda kövrək
olmayan çıxış vardımı?! Yaqub bəy bu
görüşü təşkil edə bilməyinin, tədbirin
baş tutmağının sevincini bölüşür,
Əli Ağbaş bu qədər istedadlı gənci bir yerdə
görməkdən məmnunluğunu dilə gətirir, Anar
müəllim bizlərin Sovet dövrü gəncləriylə
müqayisədə nə qədər şanslı
olduğumuzu anladır... Axı o zaman kim
inanardı ki, belə bir görüş haçansa baş
tuta bilər və türk dünyası gəncləri ürəklə
türk, torpaq, vətən deyə şeirlər də oxuya
bilərlər.
Tatar
qızı Elvira səsi əsə-əsə
danışır: hələ məktəbliykən Azərbaycan,
qazax, özbək, türkmən, qırğız ədəbiyyatından
nümunələr keçirdilər, oxudurdular bizə. O zaman
böyük bir türk millətinin üzvləri
olduğumuzu, hamımızın eyni xalq olduğumuzu bilmirdik,
bu günə gəlib çıxacağımızı da
düşünmürdük. Bilsəydik, o əsərləri
daha dərindən oxuyub öyrənərdik.
...Hamının
ovqatı bu cürdü; təəccüb qarışıq
sevinc, itirdiyimiz zamana görə təəssüf və gələcəyə
böyük, çox böyük ümid dolu...
Öməroğulları
Budəfəki İstanbul səfərimizin bir
üstünlüyü də Yaqub Öməroğlunun ailəsi
ilə tanışlıq oldu. Ötən il
Ankarada Yaqub bəyin oğlu Osmanla tanış olmuşduq. Amma İstanbulda ailəni bir yerdə görəndə
Yaqub bəyin böyük bir sirrini anlamış oldum. Sən demə, bu uğurlu, istedadlı, böyük
layihələr müəllifi olan adamın arxasında dağ
kimi ailəsi durubmuş. Həyat yoldaşı Hava
xanımın, qızı Özgənin, oğlu Osmanın ona
sevgisini, hətta bir az da azarkeşliyini
müşahidə etdikcə zövq alırdım. Həm də XXI əsrdə bu cür möhkəm
ailələrin varlığı gələcəyə
ümidləndirirdi məni. Hava xanım sosioloqdur,
Özgə bu il universitetin psixologiya
bölümünə daxil olub, Osman pilot olmaq istəyir. Nədənsə
mənə elə gəlir ki, bu ailədə hər kəsin
peşəsi, gördüyü iş Yaqub bəyə
bağlıdır. Yəni hər şeydə
onun fikri, düşüncəsi üstünlük təşkil
edir. Üstəlik, Yaqub bəyin də işlərində,
tədbirlərində ailəsi yaxından iştirak edir,
yardımçı olurlar. Axşam yeməyində
bizimlə bir süfrə arxasında əyləşmiş
Özgənin, Osmanın reaksiyalarını müşahidə
edirəm. Hər hansı çıxışda
atalarının adını eşidən kimi diqqət kəsilirlər,
üzləri gülür... Bilmirəm bu
uşaq xasiyyətidir, ya böyük. Uşaq
vaxtı elə bilirsən ki, valideynin hamıdan
yaxşıdı, hamıdan güclüdü, hamıdan
gözəldir. Böyüdükcə belə
ibtidai hisslərin korşalır, amma yenə də atan-anan
haqqında xoş söz eşidəndə
uşaqlaşırsan elə bil. Mən də
çıxışımda üzümü Yaqub bəyin ailəsinə
tutub minnətdarlıq borcumu ifadə etməyə
çalışdım. 2015-ci ildə
Bakıda Kitab Fuarı keçirilirdi. Vaxtsız
itirdiyimiz, böyük minnətdarlıq və borcluluq hissi ilə
andığım mərhum Bəhruz Axundovun “Təhsil” nəşriyyatında
“Anar dünyası” kitabım çapa hazırlanırdı o
ərəfələrdə. Kitabın cəmi
bir neçə nüsxəsini sərgi üçün tələsik
hazırlamışdılar. Yaqub bəy kitabımı
görəndə təbrik etdi və bir nüsxəsini
götürüb zarafatla - biz də Türkiyədə
basarıq - dedi. Bir ay keçdi, Axundzadə adına
Milli Kitabxanada kitabımın təqdimat mərasimindən
çıxanda Yaqub bəydən emeyl gəldi - Aysun xanım
kitabının tərcüməsinə başladı,
sualı olsa yazacaq sənə... Sevincimin həddi-hüdudu yox
idi. Anarın
ikinci vətənində - Türkiyədə bu kitabın
işıq üzü görməsi mənim üçün
böyük hadisə olacaqdı. Belə də
oldu. Bir neçə aydan sonra kitab artıq hazır idi,
Ankarada Anar müəllimin, Rəşad Məcidin kitabları
ilə birgə “Anar dünyası”nın
da imza günü keçirildi. Mənim
düşüncəmdə indiki zamanda, söz verib telefonu
söndürənlərin, vəd verib xilaf
çıxanların zəmanəsində bu, çox nadir
keyfiyyətdi. Və mənə görə
yaxşılıq məhz bu cür olmalıdı - yormadan,
incitmədən, gözlətmədən, bezdirmədən,
“edəcəm - edəcəm” - deyib ürəyi üzmədən!
Bütün bunları o axşamkı məclisdə deməyə
bilməzdim, necə ki, indi bu essemdə yazmaya bilməzdim!
Qısa müddətdə Öməroğlularla xeyli
doğmalaşdıq. Özgə mənim kimi parfüm həvəskarı
imiş. Parfümlərdən danışırıq,
adlarını soruşur, bəyəndiklərimi sadalayıram və birdən -
Özgə, Yaqub bəy danlayacaq məni, lütfən bu
parfümlərlə xərcə salma onu - deyirəm. Hava xanımla gülüşürük. Özgə - yox, özüm işləyib qazanaram -
deyir. Özgəni “ümidləndirmək”
üçün - Amma məncə, Yaqub bəy, comərd bir
insandır, etiraz eləməz - deyirəm. Və Hava
xanım əsl yazıçı cavabı verir - Bilmirəm,
Pərvin xanım, yoxlayarıq, baxarıq... Bu
iti yumorlu cavabdan zövq alıram, gülüb gedirəm.
Bir anlıq Yaqub bəyin “Gecikmiş piknik” hekayəsi
yadıma düşür; balasını dünyaya gətirə
bilməyən inəyə kömək edən bir baytar həkimin
ailəsi evdə onu səbirsizliklə gözləyir, çünki
birgə piknikə, təbiət qoynuna getmək istəyirlər.
Oxuduğum gündən unutmadığım o
hekayədə möhkəm bir ailə tablosu vardı. Elə
Öməroğulları kimi! Kim bilir, Yaqub bəyin işlərinin
çoxluğundan bu ailənin neçə pikniki gecikib, təxirə
düşüb...
Açılış
mərasimi... Ümidliyik!
Gənc
Yazıçılar Görüşünün
açılış mərasimini, ordakı Anar, Əli
Ağbaş, İsmayıl Bozqurd, Yaqub Öməroğlu, Nəbi
Avcı, Osman Çeviksoy kimi böyüklərimizin, gənc
qələm dostlarımızın
çıxışlarını birləşdirən
ümumi cəhət - gələcəyə ümidlərin,
böyük ümidlərin duyulmasıdı. Biz
gənclər öz gələcəyimizə ümidlə
danışırıq, böyüklərimiz isə bizim gələcəyimizə
inamla. Həm də bu tədbirdən,
görüşlərdən maksimum
faydalanmağımızı istəyirlər. Eyni zamanda, ustad yazarların gənc qələm
adamlarında ruh, həvəs aşılaması da xoşdu.
Yaqub bəy - siz sərbəst olun, bir-birinizin əsərlərini
oxuyub, şeirlərini dinləyib təhlil edin burda, biz sadəcə,
sizə qonaq gələk, sizin işinizə müdaxilə etmədən
müşahidəçi olaq - deyir. Anar
müəllim - o məşhur lətifədə olduğu kimi
- Sovet ölkəsində yaşayan sərçənin sadəcə,
cik-cik etmək arzusundan danışıb, bu zamanda “cik-cik
azadlığından” yararlanmağımızı tövsiyə
edir. Türkiyənin keçmiş Mədəniyyət
və Turizm naziri Nəbi Avcı - televiziyanın, internetin,
sosial şəbəkələrin kitabı üstələməsindən
narahatlığını dilə gətirir, hər kəsi
kitab oxumağa çağırır. Türk
dünyasının hər köşəsinə şeir yazan
şair Əli Ağbaş - gənclikdə yazmalı
olduğunuz şeirləri sonraya saxlamayın - söyləyir.
Müxtəlif ölkələrdən gələn
gənclər, kimisi şeir deyir, kimisi çıxış
edir, kimisi milli geyimini, şirniyyatını, suvenirlərini
ustad yazarlara hədiyyə verir. Bir sözlə, rəsmi
açılış mərasiminin özü də rəngarəngliyi,
fərqliliyi, amma ən əsası böyük ümidlər
ifadə edən çıxışları ilə
yaddaşımıza həkk olunur... Qarşıda isə bizi
peşəkar yazıçıların dərsləri,
master-klassları gözləyir...
Anardan
ustad dərsi
Gənclər bir neçə qrupa bölünüb,
türklərin təbirincə desək, “atölye”lərə
göndərilirlər. Hekayə, şeir, roman, esse “atölye”lərində
peşəkar yazıçıların dərsləri,
söhbətləri nəzərdə tutulub. Anar müəllim hekayə yazan gənclərə
ustad dərsi deməlidir. Proqrama baxıb
düşünürəm, görəsən, nə
danışacaq Anar müəllim. Axı o
özündən deməyi, özü haqqında
danışmağı xoşlamır, adamı qabağına
qoyub dərs keçməyi, ağıl öyrətməyi də
yoxdur, metr intonasiyası da tamamilə yaddır ona. Amma elə dərs başlayınca başa
düşürəm ki, burda toplaşan gənclərin Anara
sualları çoxdur. Qazax,
qırğız, özbək, tatar, çuvaş gəncləri
ümumi ədəbiyyatdan, problemlərdən, Anarın əsərlərindən,
təcrübəsindən çoxlu suallar verirlər, həm
də öz ölkələrində ədəbiyyatın vəziyyətindən,
mədəni layihələrdən, gənclərə diqqətdən
danışırlar. Deyəsən sual verməyən
yeganə adam mən oluram. Axı
nə soruşum Anardan? Öyrənmək
istədiklərimi əsərlərindən, kitablarından
soruşmuşam, aldığım cavabları da məqalələrimdə,
esselərimdə, kitablarımda, dissertasiyamda yazmışam.
Amma nə suallarım bitib, nə cavablarım...
Gənclərin suallarından, öz ölkələrindəki
durumu anlatmalarından onu da başa düşdüm ki, deyəsən,
biz öz qədrimizi bilmirik. Daha doğrusu,
yaradılmış şəraiti lazımınca dəyərləndirmirik.
Hər hansı gəncin kitab təqdimatının keçirilməsini
elə ürəkdən, həm də böyük hadisə
kimi danışırdılar ki... Ona görə
mən də Azərbaycanda gənclər üçün
yaradılmış şəraitdən, Yazıçılar
Birliyindəki tədbirlərimizdən, Gənc Ədiblər
Məktəbindən danışıb, müsabiqələr,
təqaüdlər haqqında məlumat verirəm. Deyəsən,
təəccüblənirlər!
Fellinisayağı
Boğaz turu
Proqramımızda
Bosfor turu da var... İndi də yadıma salanda
bu gəmi gəzintisi mənə nədənsə Fellininin
filmlərindən fraqmenti xatırladır. Ümumi bir süjet yoxdur, hamı azaddır, sərbəstdir,
hər kəs istədiyini edir, ilk baxışdan xaotik bir mənzərədir,
amma bunların hamısı birləşir və ümumi bir
ideyanın tərkibinə çevrilir. Şair Əli
Ağbaş “Sularda axşam” şeirini deyir, gənclər
öz dillərində mahnı oxuyurlar, kimisi rəqs edir,
kimisi bir tərəfə çəkilib Bosfordan
açılan əsrarəngiz gözəlliyi seyr edir sakitcə,
başqası şəkil çəkdirir dostlarıyla,
ayrı birisi elə ancaq özünü çəkir, selfi
çubuğunu əlindən qoymur, Özgə telefonun
kamerasını işə salıb müsahibə
götürür qonaqlardan, kiçik bir bəlgəsəl
hazırlamaq fikri varmış. Anar müəllimə
yanaşıb - Böyük yazar olmağınızı nəyə,
yaxud kimə borclusunuz? - soruşur və
Anar müəllim özünəxas yumorla - gəlin əvvəl
müəyyənləşdirək görək
doğrudanmı böyük yazaram? - deyir.
Özgə şirin-şirin gülüb gedir, növbəti
müsahibinin, Əli Ağbaşın yanına...
İki qitəni birləşdirən körpünün
altından elədən-elə, belədən-belə
keçirik. Kimsə orijinal evlilik təklifi
düşünüb, qayığı körpünün
altında saxlayıb, işıq effekti ilə körpüyə
“Sibel benimle evlenirmisin?” - soruşur. Sibelin cavabından sonra, “Sibel “evet” dedi”- yazır.
Bütün gəmilərdən alqışlar
gəlir. Baxıb düşünürəm,
insan övladı hisslərini ifadə etmək
üçün, sevgisindən danışmaq
üçün milyon vasitə tapa bilər. Yetər ki,
arzu olsun...
Qız
Qalası... Martı quşlarının “vəd”i...
Bu Qız qalaları - istər bizimki, istər türklərinki
qəribə bir hüzün gətirirlər insana. Ayrılığın,
həsrətin simvoluna çevriliblər. Boğazda
böyük qayanın, balaca adanın üstündə
inşa edilən, Asiya yaxasında Bizansdan qalan yeganə tarixi
abidəyə - Qız qalasına səfərimiz də mənim
üçün unudulmaz oldu. Bu qalayla
bağlı ən müxtəlif əfsanələr var. Bəzisi
sevgi əfsanəsidir, bəzisi ailə
mövzularındadır. Amma nədənsə Qız
qalası şairlərin, yazıçıların, rəssamların
ilham mənbəyinə çevrilib, ayrılığın
simgəsi kimi əbədiləşib əsərlərində...
Qalaya ucalan dolama pillələrlə lap
yuxarıya qalxıb qarşında açılan gözəl
mənzərəyə baxdıqca heyrətindən söz
tapmırsan. Qalanın ətrafında gəzişib
dörd tərəfdən görünüşünü seyr
edirəm, xəyal edirəm, görəsən o Qız kim imiş? Kiminçün
inşa edilib bu gözəllik? Və elə
gəzdiyim yerdə Qalanın göylərdən “mühafizəçiləri”,
Martı quşları bəmbəyaz köynəyimi “bəzəyirlər”.
Dostlar - varlı olacaqsan - deyirlər. Gülmək tutur məni, içəri keçib
köynəyimi təmizləyirəm. Düşünürəm,
görəsən, varlı olmaq üçün bu
“çirkaba” mütləq bir dəfə batmalısan?! Yəqin
ki yox! Kirlənmədən də firavan həyat
yaşayan adamlar var, şübhəsiz. Amma yox, əgər
bu mütləqdirsə, yaxşı qurtardıq, “bəzəyimiz”
Martı quşlarından gəldi...
Vida...
Gənc Yazarların Görüşündən sonra mühüm qərarlar qəbul edilir. Gələcəkdə bu görüşlərin, tədbirlərin daha da genişləndirilməsi, başqa şəhərlərdə də keçirilməsi planlaşdırılır. Bütün bu gözəl planlara, arzulara baxmayaraq, görüşlərimizin sona çatması hər kəsi kədərləndirir. Oteldəki vidalaşma, Hava limanına yolasalma mərasimimiz elə özü ayrıca bir əsərdi. Bir-biri ilə təkrar-təkrar sarılıb kövrələn kim, kitabını hədiyyə edən, telefon nömrələrini dəyişən kim... Bütün bunlara baxıb düşünürəm, görəsən, yazımın sonluğunda gördüyüm mənzərəni təsvir edə biləcəyəmmi?! Amma nə biləydim, yazım üçün başqa bir sonluq varmış qismətimizdə...
P.S. QARABAĞ
İstanbul görüşümüz haqqında yazımı işlədiyim günlərdən birində unudulmaz hadisə, sevindirici olay yaşadıq. “Qarabağ” futbol komandamız Çempionlar Liqasının qrup mərhələsinə düşdü. Bu isə Avropaya, dünyaya bir daha öz həqiqətimizi sübut etməyimiz, Qarabağın bizim olmasını həm də bu üsulla anlatmağımız deməkdi...Gecənin yarısı küçədən eşitdiyim siqnal səsləri işləməyə imkan vermir. Pəncərədən baxanda gördüyüm mənzərə sözə gəlməz. Gənclər maşınların pəncərələrindən Azərbaycan, Türkiyə bayraqlarını dalğalandırır, avtomobilləri saxlayıb küçədəcə rəqs edir, bir-birini tanımayan adamlar sarılıb sevinclərini bölüşürlər. Kimsə yolu əksinə sürür, başqası maşının üstündə uzanıb bayrağı da üstünə salıb, hamı eyni ritmlə maşın siqnallarını verir, “Qarabağ bizimdir” - qışqırır. Ayrı vaxt burda olanların kiçik bir hissəsinə görə polis cərimələyərdi vətəndaşı. Amma indi olmaz! Adamı vətəni sevdiyinə görə cərimələmək olmaz! Baxıb düşünürəm, Aman Allah, necə də ehtiyacımız varmış qələbəyə, necə də səmimidi, böyükdü bu sevinc. Ən böyük Qələbəni yaşayacağımıza əminləşirəm. Elə bu kiçik qələbə də o böyük Qələbənin müjdəçisidir. Pəncərədən xeyli tamaşa edib yazımın sonluğunu tapıram... Bir cümlə, bircə cümlə: Dünya cənnətə dönsə, yaddan çıxmaz Qarabağ.
525-ci qəzet 2017.- 26 avqust.- S.10-11.