Nəcməddin Mürvətovun şeirləri

 

 

Məni kədər böyütdü

 

Ötüşmədi qayğısız, yox, yox, uşaqlıq çağım,

Yürüməkdən qabardı, yara oldu ayağım,

Hər səhvimdə çəkildi dönə-dönə qulağım,

Rahatlığım olmadı, dincəlmədim bircə dəm,

Məni kədər böyütdü: ağrı-acı, qüssə-qəm.

 

Tapşırığa axşamdan səhər erkən qaçardım,

Bağ-bağçanı belləyər, bərə-bağlar aşardım,

Baş qoşardım hər işə - bacarmadım, bacardım...

Mızıldamaq olmazdı, ya da eyləmək çəm-xəm,

Məni kədər böyütdü: ağrı-acı, qüssə-qəm.

 

Ehtiyacla ötüşdü cavanlığım, gəncliyim,

Tək çalışdım, vuruşdum, heç olmadı dincliyim,

Yan ötməkçün əzabdan yetmədi fənd-bicliyim.

Olanlarım azdır, az, ha sayıram, gəlir kəm...

Məni kədər böyütdü: ağrı-acı, qüssə-qəm.

 

Əvəzimə başqalar verdi çox vaxt qərarı,

Razılaşdım köksümdə daşımaqla qübarı.

Aldandım, qızılımın misə çıxdı əyarı,

Yazılıbmış  bəxtimə ağır, uğursuz dönəm,

Məni kədər böyütdü: ağrı-acı, qüssə-qəm.

 

İstərdim ki, dillərə düşə səsim, sorağım,

Bağlandı yol, bənd-bərə, nəyə olsa marağım,

Saflığım, düzlüyümdü ömür boyu yarağım,

Daima ədalətə, haqqa versəm önəm.

Məni kədər böyütdü: ağrı-acı, qüssə, qəm.

 

Seçmək üçün günlərin qarasını, ağını,

Ötürürəm ömrümün indi ahıl çağını,

Eşitsəm nadanın rişxəndini, lağını.

Nəcməddinəm, yolumu, çətin ki, çaşam, çönəm,

Məni kədər böyütdü: ağrı-acı, qüssə, qəm.

23.10.2016.

 

Necə çəkim nazını...

 

Vurulmuşam surətinə, üzünə,

Göylərinə, dağlarına, düzünə,

Gərdişində "yek", dəyişməz sözünə.

Çox sevirəm payızını, yazını,

Fani dünya, necə çəkim nazını?

 

Qonağınam, gen açmısan süfrəni,

Nemətinin say-hesabı var yəni?

Gedəcəyəm, gözləyirəm vədəni...

Pozmaz kimsə o silinməz yazını,

Fani dünya, necə çəkim nazını?

 

Göstərib hey daş-kəsəkli yol mənə,

Bəxş eylədin ağrı-acı bol mənə.

Qismət etdin tikan mənə, kol mənə,

Çoxu kəsdin, gördüm elə azını,

Fani dünya, necə çəkim nazını?

 

Baxmamısan fəryadlara, ah-vaya,

Bir kimsəni salmamısan heç saya.

Fərq qoymadan o birisi dünyaya

Göndərirsən narazını, razını,

Fani dünya, necə çəkim nazını?

Tabeyik biz bir ilahi qərara,

Bilmirik ki, yön tutmusan sən hara.

Rəhmin yoxdur şöhrətə, vara,

Nəcməddinəm, görmüşəm hər üzünü,

Fani, dünya necə çəkim nazını?

 

16.02.2017

 

Şairdə sirr olmur

 

Deyirsən, qəlbini söylə mənə,

Sirrini demərəm kimsəyə, inan.

Vallah, mat qalmışam bu düşüncənə,

Sadəlövhsən deyim, ya tanımırsan?

 

Şairdə sirr hanı bölə, bölüşə

Açırsa qəlbini bütün dünyaya.

Gəlmirmi sizinlə hər an görüşə,

gizlini var ki, kiməsə yaya.

 

Köksünü yandırsa sirr, yazacaq, bil,

Sevinci köçəcək vərəqlərə.

Qəlbində bir kəlmə qalası deyil,

Deyəcək, qədər düşsə zərərə.

 

İnanır hamıya körpə uşaqtək,

Dindirsən bölüşər, varsa hər nəyi.

Düzlükdür adəti, bilməz şübhə-şəkk,

Təmizdir köksündə vuran ürəyi.

 

Əzizi, doğması sanırsa sizi,

Nəyi gizlədəcək, gizlətsin niyə?

Şairdir dünyanın safı, sirsizi,

Xəyalı uçsa da hey ənginliyə.

 

24.02.2017

 

Soruş

 

Mənim kimliyimi sorma kimsədən,

Köksündə döyünən ürəkdən soruş.

Sor ki, canındakı duyğu, hiss nədən,

Arzudan, istəkdən, diləkdən soruş.

 

Təkcə xəyallarla qalma baş-başa,

gözünü geniş, , gerçək yaşa.

Bilmirsənsə nədən dönmüsən daşa,

Bunu qəlbi yuxa, kövrəkdən soruş.

 

Ötürmə əlinə düşən fürsəti,

Hər anın vardır öz qədri-qiyməti.

Məqsədin udmaqsa oyunu qəti,

Onu mən bilmərəm, zirəkdən soruş.

 

Nəcməddin, keçmə gəl bizə dərsi sən,

Sözdə düz əməldə etmə tərsi sən.

Haqdan seçmək üçün zənni-fərzi sən,

Üz tut, göy üzündə mələkdən soruş.

 

10.03.2017

 

Oxu

 

Aşıq Telman köklə sazı,

Vəsf elə dövranı, oxu.

Zil-bəm elə səs-avazı,

Şux, oynaq havanı oxu.

 

Gözəlləşib Azərbaycan,

Göz oxşayır burda hər yan.

Hər el-oba, yurd çıraqban,

Gəl olaq heyranı, oxu.

 

Tikən, quran bəhsabəhsdə,

Tükənməyən şövq-həvəsdə.

Sən dillən, qoşub bəstə,

Öy belə insanı, oxu.

 

Zövqə dönüb indi həyat,

Ruha sığal - saysız büsat.

Ruh dincəlir, könül rahat,

Gör saysız imkanı, oxu.

 

Göydən sevinc, fərəh yağır,

Ürəklərə nəğmə axır.

Nəcməddini səslə, çağır,

Ən gözəl dastanı oxu.

 

17.03.2017

 

525-ci qəzet 2017.- 30 avqust. - S.4.