Quba
xalçaçılığının Qonaqkənd qolu
Azərbaycanda xalçaçılıq zəngin və
qədim tarixə
malikdir.
Qədim dünya tarixçiləri - Heredot,
Klavdi Elian, Ksenofont və başqaları Azərbaycanda xalçaçılığın
inkişafı haqqında
məlumat veriblər.
Azərbaycan xalçaçılıq sənəti həm coğrafi mövqeyinə,
həm də naxış, kompozisiya, rəng və texniki xüsusiyyətlərinə
görə 7 əsas xalçaçılıq məktəbinə
ayrılır: Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ, Təbriz.
Quba xalçaçılıq məktəbi
Quba qədim
xalçaçılıq məskənidir və Quba xalçaları dünya miqyasında yüksək qiymətləndirilir. Bu xalçaların kompozisiyası
digər xalçaların
kompozisiyasından daha
mürəkkəbdir. Macarıstanın paytaxtı Budapeştdə,
ABŞ-ın Viktoriya və Albert muzeylərində,
İsveçrədə, İranda
Quba xalçaları vardır. Vyanada XV əsrə aid "İncəsənət
və sənaye" muzeyində saxlanan naxışlı Quba-Şirvan
tipli xalça var. Bu xalçalar Kanada, ABŞ,
Yaponiya, Suriya, İtaliya, Türkiyə,
ADR, Belçika yarmarkalarında
nümayiş etdirilib.
XV-XVI əsrlərdə yaşamış dünya
şöhrətli rəssamların
əsərlərində Quba
xalçalarının təsvirinə
rast gəlinir. Qərbi Avropada məşhur olan, 1472-ci ildə çəkilmiş "Məryəm
ana uşağı ilə birlikdə" tablosunun müəllifi Niderland rəssamı Hans Memlinq Məryəmin ayaqları altında Quba-Şirvan tipli Azərbaycan xalçasını
təsvir etmişdir.
XIX əsrin əvvəlləri
1920-ci ilə qədər
Quba xalçası öz texnologiyası və kompozisiyasına görə dünyada birincilərdən olub. Bu xalçalar ayaq altında 100 ildən çox yaşaya bilib. Xalqımızın, eləcə də
nənələrimizin ulu
sənəti keçmişimizi,
mədəniyyətimizi, zəkamızın
yüksəkliyini dünyaya
bildirir. Zəngin təxəyyülü
ilə elm yaradan nənələrimizin yaratdıqları
bu gün də alimləri düşündürməkdədir. Zəkanın yüksəkliyi görülən
işin mürəkkəbliyi
ilə bağlıdır.
Azərbaycan təbiətini bilən,
bitkilərini yaxşı
tanıyan nənələrimiz
ustad sənətkar nənələrindən dərs
almışlar. Mərkəzləşmiş rəhbərliyi, planı, proqramı olmayan bu məktəblərdə
nə qədər qadınlar dərs almış, bütövlükdə
Azərbaycan xalçaçılığını,
o cümlədən, ən
böyük məktəbini
- Quba xalçaçılığını
inkişaf etdirmişlər.
XIX əsrin sonu
XX əsrin əvvəlləridə
çiçili xalça
ustası Əfəndiyeva
Güllərin toxuduğu
xalçalar sənət
əsərinə çevrilmiş,
"Herat-Pirəbədil" xalçası Fransada keçirilən tətbiqi
sənət sərgisində
qızıl medala layiq görülmüşdür.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra xalçaçılığın inkişafı dövlətin
diqqət mərkəzinə
keçdi. Bunun nəticəsi olaraq
respublikada "Azərxalça
birliyi" yaradıldı.
1930-cu illərdə 85 min xalçaçıya rəhbər
olan Lətif Kərimov ixtisaslı kadrlara ehtiyacı ödəmək məqsədilə
1934-cü ildə Qubada
Xalçaçılıq texnikumunun açılmasına
təşəbbüs göstərir.
Texnikumda
baş ustalar, texnoloqlar, yoxlayıcılar
xalça sənətinin
bədii və texnoloji sirlərinə yiyələnirlər. Respublikanın bir çox rayonlarından burda təhsil alırdılar.
Xalçaçılığın inkişafına Ulu
Öndər Heydər
Əliyevin respublikamıza
rəhbərlik etdiyi dövrlərdə də qayğı göstərilmişdir.
1983 və 1988-ci illərdə
Azərbaycan xalça
sənətinə dair
beynəlxalq simpoziumlar
keçirilmiş, Azərbaycan
Xalçası və
Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi fəaliyyətini
genişləndirmiş, muzeyin
Quba, Gəncə və Şuşa filialları açılmışdır.
Xalçaçılığın inkişafı üçün
baza
Quba xalçaçılıq məktəbinə
(Quba, Şabran, Qonaqkənd məntəqələri)
"Quba", "Köhnə
Quba", "Pirəbədil",
"Xırdagülçiçi",
"Sırtçiçi", "Alşagülçiçi", "Qımıl", "Hacıqayıb",
"Qrız", "Mollakamallı",
"Şahnəzərli", "Zeyvə", "Qonaqkənd",
"Afurca", "Yerfi",
"Cimi", "Xan"
və başqa xalça kompozisiyaları
daxildir. Azərbaycan xalçaçılıq sənətində görkəmli
yer tutan bu məktəbin zəngin və mürəkkəb naxışlı
xalçaları çox
məşhurdur. Xalçaçılığın ta qədimdən
bu ərazidə yüksək inkişafı
ona görə olmuşdur ki, Böyük Qafqazın yamaclarında yüzminlərlə
qoyun bəslənilmiş,
bu qoyunların yunu əl əməyi
ilə emal olunaraq geyim üçün, toxuculuq məmulatları üçün
istifadə edilib.
Bu dağların oğlu Qaraca Çoban da Qazan xanın sürülərini bu ərazilərdə bəsləyib.
1930-cu ildən 1959-cu ilədək
mövcud olmuş Qonaqkənd rayonu ərazisində əhalinin
əsas məşğuliyyəti
qoyunçuluq olmuşdur. Yayda davarını
Şahdağ, Babadağ
yaylaqlarında bəsləyən
qoyunçular qışda
Dərbənd-Şabran istiqamətində
dəniz kənarlarında
və Şirvan düzündə saxlamışlar.
Bu gün təkcə
Xaçmaz rayonu ərazisində 52 kəndin
adında oba, qışlaq sözlərinin
olması buna sübutdur.
Əfsus ki, xalçaçılıq
üçün baza olan qoyunçuluq, eləcə də bu qoyunçuluğun inkişafına baza olacaq Qonaqkənd rayonu 1959-cu ilin 4 dekabrında ləğv edildi. Qonaqkənd rayonunun
ərazisi gözdən
iraq, könüldən
uzaq oldu. 1960-cı illərdə 60 minə yaxın qoyunu olan Xınalığın,
eləcə də digər dağ kəndlərinin tənəzzülü
başladı. 1970-ci illərdə respublika rəhbərliyi Quba ərazisində yun emalı müəssisəsinin
açılmasını münasib
bildi. Lakin o vaxtkı rayon rəhbərliyi
işçi qüvvəsinin
azlığı bəhanəsilə
boyun qaçırdı.
Müəssisə Yevlaxa verildi.
Sual yaranır: "Məgər Mingəçevir
SES tikiləndə lazım
olacaq işçi qüvvəsi orda vardımı? Əksinə, burada açılacaq
hər hansı müəssisə işçi
qüvvəsinin kənara
axınını zəiflədərdi.
Quba-Xaçmaz zonası dedikdə meyvəçilik və tərəvəzçilik yada
düşür. Amma bu zonanın
dağlıq ərazisinin
- keçmiş Qonaqkənd
rayonunun meyvəçilik
və tərəvəzçiliklə
heç bir əlaqəsi yoxdur.
Qonaqkənd ərazisinin Qubaya birləşdirilməsi Xaçmaz
ərazisindəki oba və qışlaqların
böyük kəndlərə
çevrilməsinə səbəb
oldu. Dağlar boşaldı. Qoyun bəsləyən Qaraca çobanlar bazar alverçilərinə çevrildilər.
Bu dağ çaylarının
həzin ana laylası və ana naləsi eşidilməz oldu.
Qonaqkəndin "Qumaş" xalça
arteli
1931-ci ildə Azərbaycan SSR Sənaye Kooperasiyası Şurası Azərxalçaittifaq Qonaqkənd Sənaye "Qumaş" xalça artelini təşkil etdi. Tezliklə digər dağ kəndlərində xalça sexləri işə düşdü. Bu sahədə çalışan qadınlar arasından respublikada tanınan xalça ustaları meydana çıxdı. Ötən əsrin ortalarında toxuduğu xalçaları muzeylərin ən qiymətli eksponatına çevrilən Mustafayeva Gülnənə həmin dövrün yüksək təltifinə - SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. Dəfələrlə Qonaqkəndin "Qumaş" xalça fabrikinin xalçaları sərgilərdə mükafata layiq görülmüşdür. Qonaqkənd xalçaçılığı haqqında qəzetlərdə oxuyuruq: "1908-ci ildə Peterburqda rus muzeyinin etnoqrafiya şöbəsinə Azərbaycan xalçalarını toplamaq tapşırılıb. Görkəmli etnoqraf, muzeyin Qafqaz şöbəsinin ilk müdiri Aleksandr Miller Dəvəçinin Pirəbədil, Qubanın Çiçi, Qonaqkəndin Yerfi kəndlərini gəzib, xeyli xalça toplayıb”. ("Kommunist" qəzeti, 11 may 1988-ci il.) Və ya: "Azərxalça İstehsalat Birliyinin Şuşadakı sexi üç aydır ki, işləyir. Doqquz dəzgahda 30 toxucu işləyir. Altısında "Yerfi", üçündə "Köhnə Quba" çeşnili xalçalar toxunur. Hamısı ixrac üçündür". ("Kommunist" qəzeti, 15 iyun 1988-ci il.)
1970-ci ildə Qonaqkənd "Qumaş" xalça fabrikinin nəzdində Qubada xalça sexi təşkil olunmuşdur. Hazırda Qubada 2 xalçaçılıq müəssisəsi fəaliyyət göstərir. Yaxın günlərdə yenisi də açılacaqdır. Ötən günlərdə rayonun Alpan kəndində də xalçaçılıq müəssisəsi açılmışdır. Bunlar fərəhləndirici xəbərlərdir. Heç şübhəsiz, xalçaçılığa qayğının artırılmasıdır.
Qonaqkənd rayonunun ləğvi bu əraziyə vurulan öldürücü zərbə oldu. Bir çox sahələr kimi, xalçaçılıq da zəiflədi. Adı respublikamızdan kənarda tanınan "Qumaş" xalça fabriki isə 1999-cu ildə 68 yaşında fəaliyyətini dayandırdı. Əsrlərin sınaqlarından çıxmış, nəsildən nəslə ötürülmüş, əsasən dağ kəndlərinin məşğuliyyətinə çevrilmiş bu peşə Qonaqkənd ərazisində yavaş-yavaş sıradan çıxmaq üzrədir. Bu gün də gec deyil. Qoyunçuluq gəlirli sahədir. Xalçaçılıq olan yerdə xammal da olmalıdır. Babalarımız görüb deyiblər:
Qoyunlu ellər gördüm,
Qurulu yaya bənzər.
Qoyunsuz ellər gördüm,
Qurumuş çaya bənzər.
Bu dağlarda əhalinin sayına deyil, kənd təsərrüfatının inkişafına - qoyunçuluğun, atçılığın, heyvandarlığın, arıçılığın inkişafına diqqəti artırmaq, kənd təsərrüfatının bazasını qüvvətləndirmək lazımdır. Bu baza qüvvətlənəndə əhali sayı da artacaqdır.
Son illərdə respublikamızın müxtəlif bölgələrində, hətta adı xalçaçılıq tarixində olmayan rayonlarımızda xalçaçılıq sexləri açılır. Lakin xalçaçılıq tarixində yeri olan böyük bir əraziyə gözucu da olsa baxılmır. Üzümü Qonaqkənd ərazisindən olan imkanlı şəxslərə tutub deyirəm: "Unutmayın ki, Siz bu dağların övladısınız. Dağ qeyrətli, Zeynalabdin Tağıyev məsləkli olun!"
Tahir HƏSƏNLİ
Quba rayonu, Yerfi kəndi
525-ci qəzet 2017.- 1 dekabr.- S.6.