Azərbaycan alimləri Bursada Çingiz Aytmatova həsr olunmuş konfransda

 

PƏRVİN

 

 

Noyabrın 27-28-də Türkiyənin Bursa şəhərindəki Uludağ Universitetində böyük qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş konfrans keçirilib.

 

"Hər il bir böyük bilgi şöləni" adlandırılan konfransa türk dünyasının çeşidli yerlərindən alimlər, doktorantlar, ədəbiyyat adamları qatılıblar. Azərbaycandan konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elman Quliyev, həmin universitetin "Azərbaycan və dünya ədəbiyyatı" kafedrasının müəllimi Pərvin Nurəliyeva, gənc alimlər Ülkər Baxşıyeva, Leyla Kərimova, həmçinin, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad Şükürova və Çingiz Aytmatovun tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsən iştirak ediblər.

 

Açılış mərasimində Türk Ocaqları Dərnəyinin Bursa şöbəsinin rəhbəri professor Səlcuq Qırlı, Uludağ Universitetinin rektoru, professor Yusif Ulucay, Çingiz Aytmatovun oğlu, Qırğızıstanın keçmiş Xarici işlər naziri Əskər Aytmatov çıxış ediblər. Çıxışlarda Çingiz Aytmatovun türk dünyasının ortaq dəyəri olması və hər bir türkün bu yazıçıyla fəxr etməsi diqqətə çatdırılıb. Daha sonra dos.dr. Cıldız İsmayılovanın hazırladığı "Türk dünyasından əsintilər" adlı konsert proqramı konfrans iştirakçılarına təqdim olunub. Konsert proqramında türk dünyası ölkələrinin xalq və bəstəkar mahnıları ifa edilib. Azərbaycan mahnılarından "Sənə qurban" və "Sarı gəlin", həmçinin, "Çırpınırdı Qara dəniz" mahnısını auditoriya böyük coşqu ilə qarşılayıb.

 

Açılış mərasimindən sonra konfrans müxtəlif panellərdə, iştirakçıların Aytmatov yaradıcılığı ətrafında məruzələri, müzakirələri ilə davam edib. Azərbaycan alimlərinin çıxışları böyük maraqla qarşılanıb. Professor Elman Quliyev "Çingiz Aytmatovun yaradıcılığı türk bədii nəsrinin kamil nümunəsi kimi" mövzusunda məruzə edib. Professor Elman Quliyev Çingiz Aytmatovu bütün türk dünyasının qürur yeri hesab etdiyini dilə gətirib: "Birinci minillikdə Manas dastanını dünyaya bəxş edən qırğız xalqının ikinci minillikdə ən böyük ədəbi hadisəsi Çingiz Aytmatov oldu. Çingiz Aytmatov yaradıcılığı mənsub olduğu xalqa bağlılıq və sədaqəti nisbətində onun "təpədən dırnağa qədər qırğız" (B.Vahabzadə) hesab olunması, əslində, yazıçının ümumtürk və dünya ədəbiyyatı xəttində yerinin məhdudlaşmasından çox, elə bu xətdə sənətkarın adının əbədiləşdirilməsinin təsdiqinə çevrilir. Çünki Ç.Aytmatov dünyaya ərazisi və əhalisi kiçik, lakin tarixi və mədəniyyətinin qədimliyinə görə haqqı böyük olan qırğız elindən baxmaqla bir xalqın timsalında dünya ədəbi-bədii fikrinin zirvəyə yüksəlməsini təmin edib. Ona görə də böyük qələm sahibinin mövzu və ideyasından asılı olmayaraq, hər bir əsəri dünya ədəbiyyatında yeni bir ədəbi hadisəyə çevrilib. Ç.Aytmatov yaradıcılığı dünya ədəbiyyatında ümumi səciyyə daşısa da, bu sənət özünün spesifikasına, fərdiliyinə və s. xüsusiyyətlərinə görə daha çox fərqlənir. Yazıçının sənəti sadədir. Adi həyat hadisələrinə, bu hadisələrin sadəliklərinə fəlsəfi münasibət, zirvədən müşahidə etmək və daxilə enmək bacarığı Aytmatov sənəti üçün xarakterikdir. Ç.Aytmatov sənət və xalq qarşısında həmişə məsuliyyəti ilə seçilir. Bu da təsadüfi deyil. Yazılarının birində bunun səbəblərini o, belə açıqlayır: "İnsanlar mənə onların adından danışmaq hüququ veriblər, mən də bütün həyatım boyu sübut etməliyəm ki, onlar yanılmayıblar". Daha sonra professor Elman Quliyev Çingiz Aytmatovun oğlu Əskər Aytmatova özünün "Türk xalqları ədəbiyyatı" adlı sanballı kitabını hədiyyə edib.

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Esmira Fuad Şükürova "Çingiz Aytmatov dünyasında manqurtla üz-üzə  düşüncələr... bayatılar,  ninnilər    özünəqayıdış..." mövzusunda çıxış edib. Esmira Fuad çıxışına Çingiz Aytmatovun "Ədəbiyyat sürgün əməyidir, lakin şikayət deyil" - sözləri ilə başlayıb. Yazıçının ən müxtəlif əsərlərində "məhəbbət, xoşbəxtlik və yaradıcılıq nədir?" suallarına sadə adamların vasitəsiylə cavab verdiyini deyib: "Ç.Aytmatovun əsərlərində sadə adamların həyatı, məişəti, onların cəmiyyətdə cərəyan edən proseslərdə iştirakı, baş verənlərə münasibəti və s. məsələlər parlaq şəkildə əks olunur. Məhz bu səbəbdən yazarın böyük ustalıqla qələmə aldığı mövzular, toxunduğu məsələlər bu gün üçün də aktualdır. Yer üzündə insanların yaratdığı fəlakət və qırğınlar, onların bir-birinə qənim kəsilməsi, dövlətlərin qarşı-qarşıya gəlməsi, döyüşən tərəflərin kütləvi itkiləri, dağıdılan kənd və şəhərlər, nəticədə dövlətlərin iqtisadi, sosial və siyasi böhranlara məruz qalması və s. bir yazar kimi onu həmişə düşündürüb. "Köçəri quşun ağlaması" əsərində oxuyuruq: "...Mən durnalarla uçuram və özüm də bir durnayam, mən qaranlıq gecələrdə durnalarla ulduzlara, gündüzlər isə şəhərlər və zəmilər üzərində uçuram. Öz düşüncələrimə dalıram. Uçuram və ağlayıram... Durna göz yaşları nə demək?.. Silin üzünüzdən! Amma yenə də, hər halda ey insanlar, qeyri-insani bəlalardan, sönməyən yanğınlardan, qarşısı alınmayan qanlı qırğınlardan, düzəlməyən işlərdən qurtulun! Ey insanlar, pis adamların bəlalarından qurtulun!.."  Bu, Ç.Aytmatovun əqidəsi idi, doğrunu yalandan, xeyri şərdən ayırıb insanlığa göstərmək, onları yalnız ədalətə və sevməyə, dünyanın - insanın ilk və son beşiyinin dəyərini bilməyə və qəhrəman olmağa səsləmək..."

 

Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, Çingiz Aytmatov tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsən "Ç.Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş" və E.M.Hemenqueyin "Qoca və dəniz" əsərində insan, dəniz və tale: obraz və onun modelləşdirilməsi" mövzusunda məruzəsini edib. Mehman Həsən dünya ədəbiyyatında özünəməxsus yer tutmuş iki böyük sənətkarın əsərlərini müqayisə edərək gəldiyi qənaətləri konfrans iştirakçılarına çatdırıb: "Həm Hemenquey, həm də Aytmatovun əsərində mifə istinad olunur. Miflər dünyanın ilkin yaranışında və onun ayrı-ayrı inkişaf mərhələlərində, ulu əcdadlarımızın ətraf aləmi dərk etməsi, onu narahat edən, maraqlandıran hadisələrlə bağlı yaratdıqları şifahi bədii mətnlərdir. Qədim insanların həyat tərzi kimi qəbul edərək yaşadıqları miflər, bəşəriyyətin inkişafının növbəti mərhələlərində bu və ya digər formada iştirak etmiş, öz mövcudluqlarını qoruyub saxlamışlar. XX əsrdə Karl Qustav Yunq Ziqmund Freydin şüuraltı nəzəriyyəsinin əksinə özünün təhtəlşüur konsepsiyasını irəli sürdü. Yunqun təhtəlşüur psixoloji konsepsiyasının üç elementindən biri ortaq təhtəlşüur adlanırdı. Məhz bu elementin əsasında Yunq arxetip nəzəriyyəsini yaratdı. Yunqun nəzəriyyəsinə görə, ortaq şüur insanların həyatlarında bəzən ixtiyari, bəzən də qeyri-ixtiyari şəkildə iştirak edən vərdişlərin, inancların məcmusudur.

 

Beləliklə, modernist estetikanın faktı kimi mifə istinad XX əsrdə dünya nəsrində geniş yayıldı. Baş verən hadisələri izah etməyə çətinlik çəkən sənət, mədəniyyət geriyə, ilkin başlanğıca qayıtmaqla izahlar tapmağa çalışırdı. Məhz bu səbəbdən, Hemenqueyin "Qoca və dəniz", Aytmatovun "Dəniz kənarıyla qaçan alabaş" povestlərində insan taleyinin bəşəriyyətin ilkin başlanğıc əlamətləri - mif gerçəkliyi kontekstində izahı təbiidir".

 

Mehman Həsən çıxışında, həmçinin, hər iki yazıçının bu əsərlərlə oxucularına ötürmək istədikləri ismarışları izah edib: "Yazıçılar qəhrəmanlarını sınaq qarşısında təsvir edir. Modernist ədəbiyyatın əsas prinsiplərindən biri də bu idi. Yəni tam mənasıyla müsbət və ya əksinə, bütün mənfiləri, yaramazlıqları özündə birləşdirən qəhrəman yoxdur. İnsanın keyfiyyətləri sınaq qarşısında üzə çıxır. Hər iki yazıçı insanı və insanlığı ucaltmağa, onun dəniz kimi intəhasızlığını, məğlubedilməzliyini göstərməyə çalışır. Eyni zamanda, insandan, bütün varlığın üzərində fövqəladə bir güc - tale haqqında bəhs edirlər. İnsanın şüurunu, dərrakəsini ötüb keçən, onun sərhədlərindən kənarda olan şeylər var. Əsl ədəbiyyat məhz bu məsələri öyrənməlidir. Sonda hər iki yazıçının gəldiyi qənaət də budur: Tale sirlidir və hətta ölümdən belə üstündür!"

 

Çıxışından sonra Mehman Həsən Çingiz Aytmatovdan  Azərbaycan dilinə çevirdiyi "Üz-üzə" povestini konfrans iştirakçılarına təqdim edib, bu povestin Azərbaycanda böyük maraq doğurduğunu diqqətə çatdırıb.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Azərbaycan və dünya ədəbiyyatı" kafedrasının müəllimi Pərvin Nurəliyeva Çingiz Aytmatovun Azərbaycanla, Azərbaycan ədəbi-mədəni mühiti ilə bağlılıqlarından danışıb: "Çingiz Aytmatov Azərbaycanda müsahibələrindən birində onu ən çox təsirləndirən yazıçılardan birinin Mirzə Cəlil Məmmədquluzadə olduğunu demişdi. Həqiqətən bu iki yazarın əsərlərində, qəhrəmanlarında çoxlu oxşar məqamlar görmək olar. Çingiz Aytmatov yaradıcılığa daha əvvəlki illərdə başlasa da, özünü altımışıncılar adlanan nəslin nümayəndəsi hesab edirdi. Və Azərbaycanda da bu nəsildən olan bir çox yazıçılarla dostluğu, ünsiyyəti vardı. Həmçinin, dəfələrlə Azərbaycan ədəbiyyatına, musiqisinə, rəssamlığına sevgisini dilə gətirirdi. Bu gün Azərbaycan rəssamlıq sənətini dünyada tanıdan rəssamlarımızdan olan Cavad Mircavadovu, Toğrul Nərimanbəyovu çox sevirdi. 2014-cü ildə Bişkekdə Aytmatovun evini ziyarət edəndə adını çəkdiyim bu rəssamların ən gözəl tablolarını onun evinin divarlarında görmək son dərəcə qürurverici idi. Azərbaycanın Xalq yazıçısı Anar Çingiz Aytmatovun yubileyinə həsr etdiyi məqaləsini "Onunla biz də fəxr edirik" adlandırmışdı. Zənnimcə, bu da təsadüfi deyil və Çingiz Aytmatovun ortaq dəyərimiz olduğunu bir daha təsdiqləyir". Sonra Pərvin Nurəliyeva "Çingiz Aytmatovun "Cəmilə" əsərində məhəbbət mövzusu  ənənəvilik və müasirlik kontekstində" məruzəsini edib.

 

Filologiya üzrə fəlsəfə doktoru Ülkər Baxşıyeva "Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərində totalitar və türk milli maraqlarının qarşılaşması" mövzusunda məruzəsində Çingiz Aytmatovun qüdrətli qələm sahibi kimi ustalığından söz açıb, həmçinin, əsərdəki "Manqurt" əfsanəsinin özəlliklərindən danışıb: "Manqurt" qüdrətli yazıçı Çingiz Aytmatov tərəfindən məharətlə işlənmiş bir əfsanədir. Əfsanəyə görə, qədimlərdə Sarı-Özək çöllərində juan-juan adlanan işğalçı bir tayfa yaşayırmış. Tayfanın işğalçılığından başqa əsir götürdükləri tayfanın adamlarına qarşı amansız hərəkəti var idi. Onlar əsirlərin başını qırxıb təzə kəsilmiş dəvə dərisi keçirərmişlər. Dəvə dərisi sıxılıb kiçildikcə başa olmazın əzab verib və nəticədə, başına bu iş gəlmiş adam yaddaşını itirərmiş. Yaddaşını itirmiş adama manqurt deyirmişlər. İndi Ana-Beyit qəbiristanlığında uyuyan Nayman ananın oğlunun başına da bu işi gətirmişdilər. Juan-juanlara əsir düşmüş və manqurtlaşmış adamın dadına heç kim yetmirmiş. Çünki manqurtlaşmış adam nə adını, nə evini, nə tayfasını, nə vətənini, nə atasını, nə də anasını tanıyarmış. Ona görə də, onlar düşünürdülər ki, belə adamın arxasınca getmək, onu qaytarıb evə gətirmək faydasızdır. Lakin Nayman ananın oğlunun qul vəziyyətində juan-juanların əlində qalmasına ürəyi dözmürdü. Juan-juanlar manqurtlar sarıdan rahat idilər. Onları ən ağır çöl işlərində işlədirdilər. Qaçacaqlarından da ehtiyat eləmirdilər. Çünki manqurt üçün vətən, ailə ocağı və ata-ananın heç bir əhəmiyyəti yoxdur. Onları maraqlandıran bir şey vardısa, bu da qarınlarının tox olması idi. Milli mənliyini, milliyətini itirmiş adam keçmiş və gələcəklə maraqlanmır, belə adam ancaq bu gün üçün yaşayır, təki onun bu gün qarnı tox olsun, başqa şeylər olmasa da olar. Əfsanəyə görə, Nayman ana uzun müddət axtardıqdan sonra oğlunu çöldə tapmışdı. Ana oğlunu aparmaq üçün gəlsə də, ümidləri boşa çıxmışdı. Çünki manqurtlaşmış oğlu anasına qarşı o qədər biganə idi ki, onu təsadüfən buralardan keçən adam hesab edir. Kədərindən özünə yer tapmayan Nayman ana buna baxmayaraq, oğlunu aparmaq üçün çox səy göstərirdi. Ona kimliyi haqqında, ata-anası haqqında danışır, dilə tuturdu. Lakin manqurt oğlu anasının dediklərinə olduqca laqeyd qulaq asırdı. Bu vaxt Nayman ana ən son varianta əl atdı - oğluna layla dedi. Çox maraqlıdır ki, müəllifin qənaətincə, laylanı dinləyən manqurtun sanki üzündə canlanma olmuşdu: "Layla onun çox xoşuna gəldi. Arvadın laylası onun ürəyinə yayılırdı. Xoşluqla qulaq asırdı, onun gündən qaralıb codlaşmış, donuq sifətində nə isə canlı, ilıq bir halət əmələ gəlmişdi". Layla millətin keçmişdən gələn səsi, əks-sədasıdır. Bəlkə buna görədir ki, heç bir şeyə reaksiya verməyən manqurt oğlanı yalnız layla ayıltmışdı. Daha sonra Ülkər Baxşıyeva "Manqurtluq müasir dövr üçün xarakterikdirmi?" - sualına Çingiz Aytmatovun öz sözləri ilə cavab verib: "O, müxtəlif dövrlərdə müəyyən şəraitdə müxtəlif cür təzahür edə bilər. Əsas o deyil ki, insan yaddaşını itirsin..."

 

Filologiya üzrə fəlsəfə doktoru Leyla Kərimova "Böyük mütəfəkkir Çingiz Aytmatovun əsərlərindəki qəhrəmanların mənəvi dünyası" məruzəsində "Ağ gəmi" əsərindəki uşağın duyğularından söz açıb: "Çingiz Aytmatovun mənəvi mövzular izah edən əsərlərindən biri "Ağ gəmi" əsəridir. Burada yazar uşaq ürəyinin saflığı içərisində başqa duyğularını da izah edir. Ana və atası tərəfindən tərk edilən uşaq atasının bir gün gəmi ilə geri dönəcəyinə inanır. Öz nağıl dünyasında xoşbəxt olan bu uşaq hər gün İssık Kula baxaraq atasının dönməsini gözləyir. Ağ gəmi əsərdə ümid simvoludur. "Maral Ana" əfsanəsinə inanan uşağın nağıl dünyasının məhv edilməsi ona çox təsir edir. Burada uşaqla birlikdə Mömin babanın də mənəvi dünyası məhv edilmişdir". Daha sonra Leyla Kərimova yazıçının əsərlərindəki mifoloji qaynaqlar barədə danışıb və bunların tarixlə əlaqələndirildiyini dilə gətirib: "Çingiz Aytmatov əsərlərində mifologiya ilə birlikdə, tarix, müasir düşüncə qarşılıqlı bir şəkildə mövcuddur. Qırğız olsa belə, ortaq türk düşüncəsindən qaynaqlanan mənəvi dəyərlər böyük yazarın əsərlərində çox araşdırılmışdır. Çingiz Aytmatov hansı mövzuda yazarsa yazsın, onun əsərlərinin bir tək qəhrəmanı var. İnsan ... Sadəcə insan yox, həm də onun mənəvi dünyası, düşüncələri də Çingiz Aytmatov əsərlərinin ana temasıdır. Xüsusilə, "Ağ gəmi", "Gün var əsrə bərabər", "Cəmilə", "Dəniz kənarıyla qaçan alabaş", "Üz-üzə" və digər əsərlərində Çingiz Aytmatov insan anlayışını, insanlıq mövzusunu, mənəviyyatla əlaqəli düşüncələrini sərgiləmişdir".

 

İki gün davam edən konfransda Türkiyədən Ali İhsan Kolçu, Ramazan Qorxmaz kimi Aytmatovşünas alimlər, həmçinin, Qırğızıstandan gələn alimlər, araşdırmaçılar çıxışlar edib, yazıçının yaradıcılığı ətrafında müzakirələr ediblər. Konfransın bağlanışı günü Azərbaycan nümayəndə heyətinin üzvlərinə təşəkkür bəlgələri və diplomlar təqdim olunub.

 

525-ci qəzet  2017.- 1 dekabr.- S.5.