Vyanada Tofiq Quliyevin
100 illik yubileyi qeyd edildi
Noyabrın 29-da Vyanada Azərbaycan
Mədəniyyət Mərkəzində
Azərbaycanın görkəmli
bəstəkarı, Xalq
artisti, Dövlət Mükafatı laureatı Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Azərbaycan Mədəniyyət Mərkəzinin
rəhbəri Leyla Qasımova qonaqlara bəstəkar Tofiq Quliyevin həyat və yaradıcılığı
haqqında məlumat verib, onun müasir
Azərbaycan caz və estrada
musiqisinin banilərindən
biri olduğunu, XX əsrdə Azərbaycanda
musiqi sənətinin inkişafında, eləcə
də ictimai həyatında oynadığı
roldan, Azərbaycan muğamlarının nota köçürülməsində
xidmətlərindən bəhs
edib.
Vurğulanıb ki, Tofiq Quliyevin
geniş yaradıcılığı
yalnız bəstəkarlıq
fəaliyyəti ilə
məhdudlaşmayıb, o, eyni
zamanda, gözəl pianoçu, dirijor, pedaqoq, Azərbaycan ictimai həyatında özünəməxsus çəkisi
olan xadim idi. Azərbaycanda ilk estrada orkestrinin yaradıcısı olan T.Quliyev çoxlu sayda bədii filmlərə bəstələdiyi
musiqiləri ilə dillər əzbəri olan neçə-neçə
əsər yaradıb.
Onun mahnıları zamanında
görkəmli müğənnilərin
ifasında insanların
qəlbini fəth edib və bu
gün də Azərbaycan milli musiqisinin inciləri sırasında yer alır. Qeyd edilib ki, prezident
İlham Əliyevin
"Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında"
2017-ci il 7 fevral tarixli Sərəncamına uyğun
olaraq həm Azərbaycanda, həm də ölkənin hüdudlarında kənarda
yubiley tədbirləri
keçirilir, dahi bəstəkarın əziz
xatirəsi anılır.
Konsertdə gənc Azərbaycan
musiqiçisi, dirijor
Mustafa Mehmandarovun rəhbərlik
etdiyi "Xəzər
virtuozları" orkestri
Tofiq Quliyevin əsərlərindən ibarət
konsert proqramı ilə çıxış
edib. Konsertdə dahi bəstəkarın mahnı, vals
və müxtəlif filmlər üçün
bəstələdiyi əsərləri
səsləndirilib. Bakı
Musiqi Akademiyasının
tələbəsi Orxan
Cəlilov və Vyana Musiqi və
İncəsənət Özəl
Universitetinin tələbəsi
Mərziyə Hüseynova
konsertdə T.Quliyevin
"Sənə də
qalmaz", "Neftçilər
mahnısı", "Axşam
mahnısı", "Sevgi
valsı", "Qızıl
üzük" mahnılarını,
eləcə də
"Görüş", "Telefonçu qız",
"Bəxtiyar" filmlərinə
yazdığı mahnıları
oxuyublar. Vyana Musiqi və
Səhnə Sənətləri
Universitetinin tələbəsi,
gənc pianoçu Abuzər Manafzadə bəstəkarın fortepiano üçün
yazdığı bir neçə əsəri ifa edib.
Xədicə
RƏHMAN
525-ci qəzet 2017.- 1 dekabr.- S.7.