Bəstəkar Azad Zahidin 60 illiyi qeyd olundu
M.Maqomayev
adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış
bəstəkar Azad Zahidin
60 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbir Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi, "Mədəniyyət"
kanalı, Azərbaycan
Bəstəkarlar İttifaqı
və filarmoniyanın
birgə təşkilatçılığı
ilə reallaşıb.
"Mədəniyyət" kanalının direktoru Ramil Qasımov və musiqişünas alim Ceyran Mahmudova
sənətkarın həyat
və yaradıcılığından
danışaraq musiqi mədəniyyətimizin inkişafındakı
xidmətlərini qeyd
ediblər.
Vurğulanıb ki, Qara Qarayevin
yetirmələrindən sayılan
A.Zahid Moskva və Dağıstan radiolarında Azərbaycan
musiqisinə həsr olunmuş 500-dək verilişin
müəllifi kimi tanınır. Onun bəstələri bu gün bir
çox ifaçılar
tərəfindən müxtəlif
konsert salonlarında böyük məhəbbətlə
səsləndirilir. Azad
Zahidin yaradıcılığında
vətənpərvərlik mahnıları da böyük yer tutur. Bəstəkar qəlbindəki ülvi
duyğuları, hissləri,
səsə, lada çevirib insanlara xoş ovqat bəxş edir. O, rahatlığını, mənəvi
ruhi toxtaqlığı
notlarda tapır.
Bəstəkarın sənət fəaliyyətindən
söz açan natiqlər onun yorulmaz əməyini yüksək qiymətləndirərək
bildiriblər ki, Azad Zahid müasirliklə klassik ənənəni sintez edə bilən bir sənətkardır. Onun yaradıcılığını
irihəcmli 2 simfonik əsər, fortepiano üçün
konsert, simli kvartet üçün konsert, eyni zamanda,
vokal əsərləri
zənginləşdirir.
Respublikanın tanınmış mədəniyyət
və incəsənət
xadimlərinin iştirak
etdiyi tədbir konsert proqramı ilə davam edib.
Konsertdə, solistləri Əməkdar
İncəsənət Xadimi
Nazim Hacıəlibəyovun
dirijorluğu ilə Azərbaycan Televiziya və Radiosunun Niyazi adına
Simfonik Orkestri müşayiət edib.
Xədicə
RƏHMAN
525-ci qəzet.-2017.-1 dekabr.-S.7.