Bizi yada
salırmı?..
Cəmil
ƏLİBƏYOV- 90
Əmək fəailiyyətinə 1949-cu ildə "Azərbaycan gəncləri" qəzetində ədəbi işçi kimi başlayan Cəmil Əlibəyov, ədəbi işçilikdən baş redaktor vəzifəsinə kimi yüksəlmişdir.
Sonradan bir müddət Respublika Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının
direktoru, "Kommunist"
(indiki "Xalq qəzeti") qəzetində
baş redaktor işləmişdir.
O, harada, hansı
vəzifədə işləmişsə,
həmişə üzərinə
düşən vəzifəni
layiqincə yerinə yetirmişdir. "Azərbaycan gəncləri"
qəzetində işlədiyi
illərdə qəzet
gənclərin sosial həyatının gerçəkliyi
ilə işıqlandırdığına
görə o vaxtki gənc nəslin böyük hörmətini
qazanmışdır. Elə həmin qəzetdə tərbiyə mövzusunda
yazdığı məqalələri,
oçerkləri o dövrün
adamları indi də yaxşı xatırlayır.
Radioda işlədiyi
illərdə məhz
onun sayəsində ərsəyə gətirilən
bir çox verilişlər, xüsusilə
"Bulaq" verilişi
50 ilə yaxındır
ki, efirdədir. "Azərbaycanfilm"
kinostudiyasının direktoru
olduğu illərdə
istehsal olunan "Dədə Qorqud", "Babək",
"Dərviş Parisi
partladır", "Tütək
səsi", "Qaynana"
və digər bir çox filmlər qızıl fonda daxil olmuşdur.
Bədii
yaradıcılığa hələ
gənc yaşlarında
başlayan Cəmil Əlibəyovun "Sınaq",
"Mənim analı
dünyam", "Dözümlü
məhəbbət" romanları
və bir sıra povestləri Moskvada rus dilində
çap olunmuşdur.
Cəmil Əlibəyovun əsərləri
onun keşməkeşli
həyatının bədii
güzgüsüdür. "Mənim analı dünyam" romanında ana məhəbbəti ilə yanaşı, ananın başına gələn müsibətlər
öz əksini tapmışdır. Özünün dediyi kimi, son beşiyi olan "Zəmanələr ilə
üz-üzə" adlı
iri həcmli bioqrafik əsərində
öz şəcərəsinin
başına gələnlər,
özünün keçdiyi
həyat yolu təsvir olunur. Bu kitabda o, yaşadığı
cəmiyyətin haqlı-haqsız
problemləri ilə üz-üzə gəldiyini
qələmə almışdır.
Aşağıda bu problemlərin bir növ iştirakçısı
olmuş həmkəndlisi,
sinif yoldaşı Mürşüd Eminovun Cəmil Əlibəyov haqqındakı yazısını
cüzi redaktə ilə dərc edirik.
Mən qaçqınam,
25 ildir ki, qaçqınlıq həyatı
yaşayıram. Yaşım yüzü haqlayıb,
ömrümün ağrılı-acılı,
toylu-busatlı günləri
çox olub. Bəzən sübhə kimi yetmiş il yaşadığım,
indi əsirlikdə qalan kəndimizi xəyalən ələk-vələk
edirəm. Dədəlisiz yaşadığım illərdə Dədəlili
günlərimin xəyalı
ilə yaşayıram.
Onda hamı sağ idi. Musa əmi də, Cəlal kişi də,
İsa müəllim də, Ayaz da,
Rəşid də, Qaraş da, Müzəffər də, Teymur da, Cəmil
də, Şamil də, Famil də, Seyid Yəhya da. Artıq yaşıdlarımın çoxu
dünyasını dəyişib.
Hansının neçə
il yaşadığını
dəqiq xatırlamıram,
amma onu bilirəm ki, Cəmil Əlibəyov məndən dörd və ya beş
yaş kiçik idi. Analarımızın dediyinə görə,
mən şəftəli
gül açanda, Cəmil isə kəndə ilk qar yağanda doğulmuşuq.
Onu da deyim ki, o vaxt biz həmişə bir yerdə gəzərdik. Çilingağac oynamağa da, kolxoz bağına üzüm yeməyə də birlikdə gedərdik. Gecələr mal heyvanı yaylıma da birlikdə aparardıq. Onda qəribə bir öncəgörənlik də var idi. Boğaz heyvanların balasının erkək və ya dişi olmasını, hətta hamilə qadınların da oğlan və ya qız doğacaqlarını əvvəlcədən deyirdi. Dediklərinin hamısı da düz çıxırdı.
Yaşca bizlərdən kiçik olsa da, aramızda böyük hörməti var idi. Məktəbdə hamıdan yaxşı oxuyurdu. Axşamlar kəhrizin başındakı çinarın dibinə yığışanda Cəmil maraqlı əhvalatlar danışardı. Yaxşı yadımdadır, müharibənin qurtarmasına az qalmışdı. Kəndimizdə yaşı düşənlərin hamısı müharibəyə getmişdi. Axşamlar kənddə qalanların hamısı, böyük də, kiçik də bir yerə kəhrizin başına yığışar, əsgərlərin müharibədən göndərdikləri məktubları Cəmilə oxudardılar. Sonra da elə Cəmilin əli ilə cəbhədəki həmkəndlilərimizə məktub yazdırardılar. Cəbhəyə göndərilən məktubların bəzi cümlələrini indi də xatırlayıram. Cəmil bütün məktubların sonunda yazardı: Axşam hava qaralandan sonra hamımız kəhrizin başına yığışıb aya baxırıq. Siz də hava qaralandan sonra aya baxın, qoy, gözlərimiz o ayın çöhrəsində görüşsün. Bu, bir ənənə olmuşdu. Axşamlar hamı kəhrizin başına yığışardı, əsgərlərdən gələn məktublar oxunar, cavab yazdırıldıqdan sonra aya baxardı. Əzizlərimizi bax beləcə xatırlayardıq. Bu, Cəmilin fikri idi, aya baxmaqla əsgər ailələri sanki bir təskinlik tapırdı. Sonralar qonşu kəndlərdə də bu bir adətə çevrildi. Bu fikir hamımızı bir yumaq kimi birləşdirmişdi. Havanın qaralmasını hamı səbirsizliklə gözləyirdi. Səhəngini çiyninə alan qız-gəlinlər də, mal-qarasını yerbəyer edən yaşlı kişilər də, uşaqlar da kəhrizin başına tələsərdi. Kəhrizin başı bir növ məsləhət yerimiz olmuşdu. Kimin nəyə ehtiyacı var idisə, orada açılırdı. Rəhmətlik Nəriman babanın məsləhəti və tapşırığı ilə hamısını bizlər yerinə yetirirdik. Birinin yağış yağanda daman evinin üstünü düzəldir, başqa birisinin həyətinin otunu çalardıq. Bu işlərin hamısında Cəmil qabağa düşərdi...
Lap kiçik yaşlarından yaşıdları arasında böyük hörmət qazanan, çoxlarının müəllim deyə çağırdığı Cəmil Əlibəyovu müharibənin qurtarmasına az qalanda qardaşı Bakıya apardı, az sonra universitetə daxil oldu.....
Bizim kənd rayonda ən çox ziyalısı olan kənddir. Buna görə hamımız Cəmilə borcluyuq. Bakıda oxuyanda yay tətillərində kəndə gələndə müharibədən qayıdanları da, təhsilini yarımçıq qoyanların da hamısını aparıb şəhərdəki axşam məktəbinə yazdırdı. Onun təkidi ilə axşam məktəbinə düzələn neçə gəncin sonradan Ali məktəblərdə oxumasına kömək etdi. Onların neçəsi nəinki ali təhsil aldı, hətta elmlər doktorluğuna qədər yüksəldi.
Cəmil vəzifə pilləsində addım-addım yüksəlsə də, uşaqlıq dostlarını heç vaxt yaddan çıxarmırdı. Kəndimiz əsir düşməmişdən əvvəl kəndə gələndə Ziba nənənin evinə yığışardıq. Keçmiş günləri xatırlayardıq. Yazdığı kitabların hamısı haqqında bizə danışardı. Əslində, onun o kitablarda yazdıqlarının hamısı, əksər adlar da hamımıza tanış idi. Onun yaratdığı qəhrəmanlar kəndimizin adamları, təsvir etdiyi təbiət mənzərələri isə bir vaxtlar əkib-becərdiyimiz yal-yamaclar, sinəsində qoyun-quzu, otardığımız dağlardır.
Qaça-qaçdan əvvəl bir məktub göndərmişdi. Kəndin adamlarına dözümlü olmağı tövsiyə edirdi. Tezliklə kəndə gələcəyini, kəhrizin başında görüşəcəyimizi vəd edirdi. Amma həm düşmənlər, həm də fələk imkan vermədi, Cəmil bir neçə il bundan əvvəl dünyasını dəyişdi. Kənddən çıxmaq məcburiyyətində qalanda, Cəmilin sonuncu məktubunu salafana büküb kəhrizin başındakı Çinarın dibində basdırdım. Fikirləşdim ki, kəndə qayıdanda bu məktub əhvalatını ona sövqat eləyərəm. Amma indi Cəmil müəllim yoxdur, neçə-neçə həmyaşıdlarımız kimi o da dünyasını dəyişib. Heyif səndən Cəmil müəllim...
Deyirlər ruhlara sərhəd yoxdur. Yəqin ki, uşaqlıq dostum, qardaşım, hamımızın məsləhət yeri olan Cəmil Əlibəyovun ruhu indi Dədəlidədir. Bir vaxtlar kölgəsinə yığışdığımız çinarın dibində, kəhrizin başında dolanır. Həm alman faşistləri ilə, həm də erməni faşistləri ilə müharibədə şəhid olanlarla görüşüb, söhbətləşir. Görəsən, bu görüşlərdə bizi yada salırlarmı?
Mürşüd EMİNOV
Füzuli rayonunun Dədəli
kənd sakini
525-ci qəzet 2017.- 5 dekabr.- S.7.