Aynur Fətullayeva: "Televiziyada çalışmaq uşaqlıq arzum idi"
"SƏHƏR
EFİRİNƏ ÇIXMAQDAN HEÇ VAXT
ŞİKAYƏTÇİ OLMAMIŞAM"
O, bizi İctimai Televiziyanın "Yeni gün" proqramından salamlayır, yeni günə səsləyir, studiyaya dəvət etdiyi qonaqlarına müxtəlif suallar ünvanlayır.
Bu dəfə isə
o özü bizim suallarımızın ünvanı
oldu. Söhbət, aparıcı Aynur
Fətullayevadan gedir.
Müsahibimlə televiziyadan,
aparıcılıqdan, mədəniyyətdən
və başqa mövzulardan danışdıq:
- Söhbətimizə elə
işinizdəki yeniliklərdən
başlayaq.
- Yenilik budur ki,
ötən mövsümdən
aparıcısı olduğum
"Qadın dünyası"
verilişi bu
yaxınlarda yenidən
yayıma başlayacaq.
İndi bu istiqamətdə hazırlıqlarımız gedir.
Ümumiyyətlə isə mən fəaliyyətimə
yeddi il
öncə İctimai
Televiziyada başlamışam.
Əvvəlcə "Qaraj" verilişinin
aparıcısı kimi.
O zaman Musiqili verilişlər departamentində
çalışırdım.
Sonra "Yeni
gün" proqramına
dəvət olundum. Uzun illərdir
ki, bu verilişin
aparıcılarından biriyəm.
Ekspertlər "Yeni Gün"ü tez-tez
"mini tv" adlandırırlar. Çünki
həftənin 6 günü
üç saat canlı yayımlanan bu proqramda TV-yə məxsus hər şey var: bol informasiya,
maarifləndirici söhbətlər
və əyləncə.
Bura müxtəlif səpkili qonaqları və tamaşaçı ilə
canlı ünsiyyəti
də əlavə etsək, mənzərə
lap aydın olar.
Biz, demək olar
ki, "non-stop" rejimində
çalışırıq. 3 saatın necə
keçdiyini heç
hiss etmirsən. Bir sözlə,
yükü ağır
verilişin öhdəsindən
ən yaxşı şəkildə gəlməyə
çalışırıq.
- Aynur xanım, niyə məhz televiziya?
- Mən uşaqlığımdan
məktəb və
rayon tədbirlərinin aparıcısı
olmuşam. O illərdən
başlayan aparıcılığım
indiyədək də
davam edir (gülür). Televiziyada çalışmaq uşaqlıq arzum idi.
- Adətən, öncələr sənə
inanmayan, dəstək
durmayan insanların uğurlar qazandıqca ətrafına toplaşdığını
görürsən. Sizdə necə
idi?
- Ailəmdə valideynlərim,
qohumlarım, ətrafdakı
hər kəs məni həkim kimi görmək istəyirdilər. Heç
kim televiziya
sahəsini ağlına
da gətirmirdi. Hətta bu arzuma qarşı
çıxmağa çalışanlar
da oldu. Öncə ən böyük dəstəkçim anam idi. Amma bu sahəyə
olan sevgimi, istəyimi və uğurlarımı görəndən
sonra dəstəkləyənlərin
də sayı artdı. Bu, həyatın qanunudur deyə bilərik. Mən buna normal baxıram. Heç bunun uğurlarla bağlı olduğunu da düşünmürəm,
ya da insanların
uğurlarıma görə
yanımda olduğuna inanmaq istəmirəm.
Həyatımdakı insanların səmimiyyətinə
inanmağı seçirəm.
Çünki inanmasam, güvənməsəm,
yaşaya bilmərəm.
Əlbəttə ki, qeyri-səmimi
insanlarla da qarşılaşıram və
bunu hiss edən kimi, onlardan uzaqlaşıram.
- Sizin fikrinizcə, aparıcı
necə olmalıdır?
- Aparıcı zəngin bilik və dünyagörüşünü
nümayiş etdirən
səlis nitq mədəniyyətinə və
kübar maneralara malik olmalı, efir qaydalarına riayət etməlidir. Bizim işimiz göz qabağındadır. Efirdə dediyin
bircə yanlış
söz bütün imicinin üstündən xətt çəkə bilər. Ona görə də
aparıcı mütəmadi
olaraq öz üzərində işləməlidir.
- Sizcə, təhsil şərtdirmi?
- Bəli, mütləq şərtdir.
- Təhsilsizlər çoxdur
amma...
- Bu, təkcə televiziyaya yox, başqa sahələrə də
aid ola bilər.
Amma bu cür hal
çox davam etmir. Zamanla hər şey
yerini alır. Başqalarını deyə bilmərəm,
İctimai TV - ciddi qurumdur və biz ciddi işlə məşğuluq. Burada savadlı
və istedadlı aparıcılara üstünlük
verilir.
- Bəzən aparıcılar səhər
proqramına çıxmağa
çəkinirlər. Siz isə
uzun illərdir səhərin ilk saatlarından
tamaşaçıların görüşünə gəlirsiniz.
Hansı
çətinlikləriniz olur?
- Yalnız aparıcılar deyil, elə bir çox adamlar səhər proqramına çıxmağa
çəkinirlər, hətta
dəvət etdiyimiz bəzi qonaqlar belə (gülür). Mən televiziyaya gələndə səhər
proqramı aparacağımı,
uzun illər bu cür gərgin
iş rejimində çalışa biləcəyimi
düşünməmişdim. Amma insan get-gedə öyrəşir, bu rejimə uyğunlaşır.
Bunun öz üstünlükləri
var. Deyirlər, tez yuxudan oyanmaqda bir fayda var. Biz də günə tez başlamaqla bir çoxlarından bir addım öndə oluruq. Efirə çıxdığım günlərdə
mənim əhvalım
çox yaxşı olur. Əlbəttə, həyatdır, bəzən
hansısa problemlə
üzləşə bilərəm,
amma studiyanın qapısından içəri
girən kimi hər şeyi unuduram, verilişə və qonaqlarıma adaptasiya oluram. Studiyadakı
yaradıcı və işgüzar ab-hava mənim əhvalıma birbaşa təsir edir. Səhər efirinə çıxmaqdan
heç vaxt şikayətçi olmamışam,
əksinə, işimi
çox sevirəm.
- Sizin tərəf-müqabili ilə
birgə efirə çıxdığınız günlər də olur. Biri ilə
efiri bölüşmək
necə hissdir, hansı özəllikləri
var?
- Bu, bilavasitə tərəf-müqabilinə
bağlıdır. Baxır, sən
efiri kiminlə bölüşürsən?! Əgər həmkar kimi bir-birini tamamlayıb, başa düşə bilirsinizsə, onda tərəf-müqabili ilə
birgə proqramı aparmaq daha rahat
olur. Biz bayramlarda, ölkəmizin tarixində önəm kəsb edən günlərdə proqramı
duet şəklində aparırıq.
Demək
olar ki, aparıcı kimi yük azalır, harmoniya yaranır. Tamaşaçılar da bu cür duetləri sevirlər. Efir üçün daha rəngarəng görünür.
- İstənilən
sənət sahəsində
rəqabət var. Ancaq
məhşurlarda bu rəqabət daha çoxdur. Bəs, televiziyada
vəziyyət necədir?
- Təbii ki, bizim sahədə də rəqabət var. Ancaq əsas odur ki, bu,
sağlam rəqabət
olsun, başqa məqsədlərə xidmət
etməsin. Rəqabət inkişafa xidmət
etməlidir. "Yeni gün"çülər
kimi biz bu istiqamətə üstünlük
veririk. Əgər fikir verirsinizsə,
3 saatlıq efir boyu tamaşaçılara
faydalı informasiyalar
ötürür, cəmiyyətdə
və dünyada baş verən ən maraqlı hadisələrə diqqəti
cəlb edir, tanınmış siyasət,
elm, mədəniyyət və
incəsənət xadimlərini,
nümunələrini təbliğ
edirik. Bununla da TV-nin ən vacib 3 prinsipinə - məlumatlandırmağa,
maarifləndirməyə və
əyləndirməyə əməl
etməyə çalışırıq.
- Aparıcı kimi fəaliyyətinizdə
xarici televiziyalardan bəhrələnirsiniz, yoxsa
ölkəmizin klassik
TV ənənələrini davam etdirirsiniz?
- Bizim özümüzün
çox gözəl klassik TV ənənələrimiz
var. Azərbaycan Televiziyası
kimi bir məktəb var. 61 illik zəngin tarixə malik olan AzTV-də
fəaliyyət göstərmiş
tanınmış diktorlarımız
indiki aparıcılara
ən böyük örnəkdir. Mən heç də
düşünmürəm ki, bizim peşəkar
aparıcılarımız dünya səviyyəsindən
geri qalır. Elə İctimai TV-nin "Yeni gün" proqramını dünyadakı
səhər proqramları
ilə müqayisə
edə bilərik.
Əminəm ki, biz bu rəqabətdən
"alnı açıq,
üzü ağ"
çıxarıq. Çünki üç saat boyu canlı yayımı idarə etmək hər kəsin işi deyil.
Azərbaycan "Eurovision" mahnı müsabiqəsinə ev sahibliyi edən dönəmdə "Yeni gün"ün çoxlu xarici qonaqları olurdu. Onların arasında əcnəbi həmkarlarımız da vardı. Onlar görəndə ki, biz üç saat canlı efir aparırıq, yaxşı mənada "hər vəziyyətdən çıxış yolu" tapırıq, heyrətlənirdilər. Əcnəbi həmkarlarımız deyirdilər ki, ölkələrində bu cür efirləri yalnız öncədən yazılışla həyata keçirirlər. Bu o deməkdir ki, Azərbaycan Televiziyasının canlı efir ənənələri bu gün də davam edir. Biz də işimizi ən peşəkar şəkildə həyata keçirməyə çalışırıq.
- Sizcə, indiki televiziyalarımızda nə
çatmır?
- Mən yalnız aparıcısı olduğum "Yeni Gün" haqqında nəsə deyə bilərəm. Biz hər zaman proqramımızda tamaşaçıların istəklərini nəzərə almağa çalışır, onların zövqünü oxşamağa, eşitmək istədikləri mövzuları müzakirə etməyə, görmək istədikləri qonaqları efirə dəvət etməyə çalışırıq. Təvazökarlıqdan uzaq olmasın, amma kənardan proqramımız haqqında yalnız xoş sözlər eşidirik. Şükürlər olsun ki, bu günə kimi "Yeni Gün" proqramı və onun üç aparıcısı - Azər Süleymanlı, Rəşad Mehdili və özümlə bağlı heç bir mənfi rəy eşitməmişəm.
- Hazırkı
tamaşaçının zövqünü
necə dəyərləndirirsiz?
- Zövqlər müxtəlifdir. Amma tamaşaçıları qınamaq bizə
düşməz. TV kütləni arxasınca
aparmağı bacarmalıdır. Biz ən yaxşını təqdim edək, seçim - tamaşaçınındır.
Televiziyalarımızın da, tamaşaçılarımızın
da ən yüksək mədəniyyət
daşıyıcısına çevrilməsi hər birimizin istəyidir və bu yolda
əlimizdən gələn
hər şeyi edirik.
- Tanınmaq qadın kimi sizə çətinlik yaradıbmı?
- Xeyr, demək olar ki, yaratmır.
Mən kamera qarşısında aparıcıyam, həyatda
isə sakit təbiətli, riskləri
və çılğınlıqları
sevməyən insanam.
Şahanə MÜŞFİQ
525-ci qəzet 2017.- 5 dekabr.- S.4.