"Sara Xatun"
jurnalı və saytı təqdim edildi
Dekabrın 1-də Muzey Mərkəzində
Mədəniyyət və
Turizm Nazirliyinin dəstəyi, Bakı Milli Geyim Evinin
təşkilatçılığı ilə "Sara Xatun" jurnalının və saytının təqdimatı,
eləcə də
"Ənənədən gələcəyə" adlı
moda nümayişi keçirilib.
Tədbirdə mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev, nazirliyin əməkdaşları, mədəniyyət
və incəsənət
xadimləri, ictimaiyyət
nümayəndələri iştirak
ediblər.
Jurnalın təsisçisi və baş redaktoru, Bakı Milli Geyim Evinin rəhbəri
Könül Vəlibəyli
çıxış edərək
tədbir haqqında məlumat verib. Bildirib ki, uzun fasilədən
sonra "Sara Xatun"
qadın jurnalı Bakı Milli Geyim Evi ilə
birlikdə "Ənənədən
gələcəyə" layihəsi ilə yenidən oxucuların, dəb həvəskarlarının
görüşünə gəlib:
"2002-ci ildə nəşrə
başlayan jurnal bir müddət aradan sonra yenidən
fəaliyyətini davam
etdirir. Bu il
jurnalın 15 yaşı
tamam olur. Məqsədimiz qloballaşan dünyada
milli dəyərlərimizi
vurğulamaq, qoruyub gələcək nəsillərə
ötürmək və
milli geyimlərimizi, milli mədəniyyətimizi
təbliğ etməkdir.
İstər ölkəmizdə, istərsə də Azərbaycandan kənarda yaşayan azərbaycançılıq
ideyalarına sadiq ziyalı, savadlı, istənilən sahələrdə
öz sözünü
deyən və bu istiqamətdə fəaliyyət göstərən
xanımlarımızı daha
yaxından tanımaq və tanıtmaq istəyirik".
Qeyd olunub ki, jurnalın
yeni sayı yubiley nömrəsi olmaqla yanaşı, eyni zamanda, xüsusi
buraxılışdır: "Bu mənada xanımları dinləmək, onların fikirlərini geniş auditoriyaya çatdırmaq,
gördükləri işlərin
əhəmiyyətini vurğulamaq
üçün daha çox söhbətlərə
yer verməyi məqsədəuyğun saydıq.
Növbəti saylarımızda isə maraqlı müsahibələrdən əlavə,
həmçinin, simalar,
elm, tarix, elçi, kino-teatr, muğam, sənətkar, ədəbiyyat,
dəb, sağlamlıq,
kulinariya kimi müxtəlif rubrikalarla görüşünüzə gələcəyik".
Millət
vəkili Jalə Əliyeva, Əməkdar incəsənət xadimi, tanınmış modelyer Fəxriyyə Xələfova
və başqaları
jurnalın yenidən nəşrə başlamasını
müsbət dəyərləndirib,
Bakı Milli Geyim Evinin son illər reallaşdırdığı
layihə və tədbirləri milli geyimlərimizin, milli mədəniyyətimizin təbliği
baxımından təqdir
ediblər. Tədbir çərçivəsində,
həmçinin, jurnalın
saraxatun.com saytı da
təqdim edilib.
Daha sonra Bakı Milli Geyim Evinin növbəti
"Ənənədən gələcəyə" adlı
milli geyim kolleksiyası nümayiş
olunub. Kolleksiyada Azərbaycanın müxtəlif bölgələrinə
xas olan milli geyimlər yer alıb.
"Sara xatun" jurnalında milli geyimlər deputat Jalə Əliyeva, modelyer Fəxriyyə Xələfova, "British Council" təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt, Xalq artisti Azərin, Əməkdar artistlər Gülzar Qurbanova, Fərqanə Qasımova və digər tanınmış şəxslərin təqdimatında verilib. Fotoların müəllifləri Rüstəm və Nəriman İsmayılov qardaşlarıdır.
Şahanə MÜŞFİQ