"Əlli il Azərbaycan səhnəsində" təqdim edildi

 

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük elmi işçi Sona Xəyalın tərtib edib nəşrə hazırladığı və geniş ön söz yazdığı Bisəvad təxəllüslü Kərbəlayi Muxtarın "Əsərləri" və şairin oğlu Əhməd Anatollunun "Əlli il Azərbaycan səhnəsində" adlı kitablarının təqdimat mərasimi keçirilib.

 

Təqdimatı giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov mədəni-tarixi və elmi-ədəbi irsimizin müxtəlif arxivlərdən toplanıb ərsəyə gəlməsində S.Xəyalın xidmətlərindən danışıb. Alim bu kitabların ilk dəfə çap olunduğunu və gələcəkdə ciddi tədqiqat obyektləri olacağını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov 100 kitab ərsəyə gətirmiş S.Xəyalın təkcə bu il ərzində yeddi kitabının işıq üzü gördüyünü diqqətə çatdırıb. Ə.Nəcəfov müəllifin elmi-tədqiqat istiqamətinin çoxşaxəli olduğunu, ədəbiyyatla yanaşı, tarix, tibb, coğrafiyabaşqa sahələri də əhatə etdiyini vurğulayıb. Kitabın redaktorlarından Nəbibə Səfərova çıxışında kitab üzərində prosesindən danışıb. O, Əhməd Anatollunun aktyor kimi məşhur olmasına baxmayaraq, onun həm də istedadlı dramaturq, şair, yazıçı olduğunu bildirib.

 

Əhməd Anatollunun yetişdiyi mühitin yetirməsi olan, şair Həsən Qulamov, Şair-publisist Fəxrəddin Meydanlı, tədqiqatçı və yazıçı Teyyub Qurban, AYB-nin Xəzər Bölməsinin sədri, şair Arif Buzovnalı, şairlər Musa Ələkbərli və başqaları çıxış edərək nəşr olunan kitabların dəyərindən söhbət açıblar.

 

Sonda Ə.Anatollunun nəticəsi Qorxmaz Səfərov kitabların ərsəyə gəlməsində xidməti olan hər kəsə minnətdarlığını bildirib.

 

ŞAHANƏ

525-ci qəzet 2017.- 6 dekabr.- S.7.