Orta əsr əlyazmalarına dair sanballı tədqiqat

 

AKADEMİK MÖHSÜN NAĞISOYLUNUN "SEÇİLMİŞ ƏSƏRLƏRİ" NƏŞR EDİLİB

 

Sayalı SADIQOVA

Professor

 

Azərbaycanda şərqşünaslığın, əlyazmaşünaslığın, ədəbi dil tarixinin, bütövlükdə dilçiliyin tədqiqi sahəsində mühüm xidmətləri olan akademik Möhsün Nağısoylu "Orta əsrlərdə Azərbaycan tərcümə sənəti" (Bakı, 2000), "M.Füzulinin "Hədiqətüs-süəda" (Bakı, 2002), "XVI əsr Azərbaycan tərcümə abidəsi "Şühədanamə" (Bakı, 2003), Şirazinin "Gülşəni-raz" (Bakı, 2004), Əhmədinin "Əsrarnamə" əsəri" (Bakı, 2004) kimi dəyərli monoqrafiyaların və orta əsr mənbələrinə aid 300-dən artıq elmi məqalənin müəllifi, çağdaş milli əlyazma və mətnşünaslığın aktual problemlərini tədqiq edən görkəmli şərqşünas-mətnşünas alimlərimizdəndir.

 

Alimin əsas tədqiqat obyekti olan orta əsr Azərbaycan yazılı tərcümə abidələri milli ədəbiyyatımızın ayrılmaz tərkib hissəsidir. Ümumiyyətlə, M.Nağısoylunun araşdırmaları klassik ədəbiyyatımızın hərtərəfli tədqiqi üçün mühüm əhəmiyyət daşıyır. Bu mühüm amil nəzərə alınaraq Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə akademik Möhsün Nağısoylunun "Seçilmiş əsərləri" (Bakı, 2017, "Elm" nəşriyyatı) 2 cilddə nəşr edilmişdir. Kitabda mətnşünas-dilçi alimin monoqrafiyaları və seçmə məqalələri toplanmışdır. Tədqiqatın əvvəlində orta əsrlərdə Azərbaycanda tərcümə sənəti, əsas növləri və səciyyəvi xüsusiyyətləri təhlil edilmişdir. İstər Azərbaycan ədəbiyyatı tarixi, istərsə də ədəbi dil tarixinin ətraflı araşdırılması üçün çox dəyərli bir tədqiqat sayılan bu kitabda həllini tapan elmi problemlər aktuallığı, elmi yeniliyi və yüksək peşəkarlıqla işlənməsi ilə diqqəti cəlb edir. Alimin elmi araşdırmaları əsasən orta yüzilliklərdə olan mənbələrin fars dilindən Azərbaycan dilinə tərcümə edilməsinə və həmin əlyazmaların mətnşünaslıq və dilçilik baxımından tədqiqinə həsr olunmuşdur. Tədqiqatda bir-birini tamamlayan iki əsas istiqamət diqqəti cəlb edir:

 

1. Orta əsrlər tərcümə abidələrinin tədqiqi və nəşri.

 

2. Orta əsrlər türkdilli yazılı abidələrin tədqiqi və nəşri.

 

"Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti" adlanan hissədə Şərq klassik tərcümə sənətinin növ və xüsusiyyətləri ətraflı şəkildə araşdırılmış və indiyədək elm aləminə bəlli olmayan bir sıra klassik Azərbaycan tərcümə abidələri üzə çıxarılmışdır.

 

Alimin əsas xidməti mətnşünaslığın nəzəri və təcrübi məsələləri, Məhəmməd Füzulinin, Şirazinin, Şeyx Mahmud Şəbüstərinin, Həzininin, Abbasqulu ağa Bakıxanovun tərcümə irsinin öyrənilməsi ilə əlaqədardır. Farsdilli yazılı abidələrin kataloqlaşdırılması, onların Azərbaycan dilinə tərcüməsi və nəşrə hazırlanması, eləcə də türkdilli tərcümə əsərlərinin tədqiqi sahəsində mühüm nailiyyətləri vardır. Sədrəddin Bəlağinin "Quran qissələri", Ə.Bəxşayişinin "Sidiqeyi-Tahirə" və Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz" məsnəvisi onun peşəkar və bacarıqlı bir tərcüməçi-mətnşünas olduğunu sübut edir. Onun Azərbaycan elminə, xüsusilə filologiya sahəsinə ən böyük xidməti çoxsaylı elmi məqalələri ilə yanaşı, türkdilli yazılı abidələrin tədqiqi və nəşridir. Həmin abidələr ön söz, tədqiqat hissəsi, izah və şərhlərlə nəşr edildiyindən ilkin qaynaqlar kimi böyük elmi əhəmiyyətə malikdir. Onun qələmi ilə elmi ictimaiyyətə çatdırılan əsərlər Azərbaycan türkcəsinin ədəbi dil kimi təşəkkül və təkamül yollarını izləmək baxımından da dəyərlidir. Orta əsrlərdə qələmə alınan müxtəlif məzmunlu türkdilli və farsdilli abidələrin tədqiqi sahəsində tanınmış mütəxəssis olan Möhsün Nağısoylu ayrı-ayrı illərdə şərq fəlsəfi fikrini, islam dinini tərənnüm edən, orta əsrlər şərq dünyasının sahib olduğu milli-mənəvi dəyərlər kodeksi olan əsərləri - Sədrəddin Bəlağinin "Quran qissələri", Əqiqi Bəxşayişinin "Sidiqiye-Tahirə" və Şeyx Mahmud Şəbüstərinin "Gülşəni-raz" əsərlərini fars dilindən ana dilimizə tərcümə etmişdir.

 

Qeyd etmək lazımdır ki, şərqşünas alim Möhsün Nağısoylu hər hansı bir əsərin tərcüməsi zamanı ilk öncə orijinal mətni filoloji tədqiqata cəlb edir, onun yazılma tarixi və nüsxələri, başqa tərcümə variantları haqqında geniş bilgi verir, elmi-nəzəri baxış süzgəcindən keçirir. Tərcümə əsərinə bu prizmadan yanaşma mütərcimin dəsti-xəttini müəyyənləşdirsə də, əlbəttə, həm də gözəl elmi nəticələr əldə etməyə imkan yaradır. Əsərlərin tərcüməsinin həm bədii tərtibatı, həm dillərinin sadəliyi və bədii estetik keyfiyyəti tərcüməçinin fars dilinin incəliklərinə nə qədər vaqif olduğunu nümayiş etdirir. Müəllif çətin anlaşılan, fars dilli oxucunun belə, idrak edə bilməyəcəyi dərin məzmuna malik olan əsərlərin tərcüməsi zamanı orijinal mətnin hər bir cümləsinin, xüsusən terminlərin, dini məfhumların mahiyyətinin dərin qatlarına nüfuz edə bilmiş, İslamın əsas prinsiplərini tərənnüm edən anlamların incə mətləblərini zərgər dəqiqliyi ilə ana dilimizə çevirmiş və əsərin orijinal anlamının tam şəkildə ifadə olunmasına müvəffəq olmuşdur. Orta əsrdə böyük şöhrət qazanmasına və geniş yayılmasına baxmayaraq, "Gülşəni-raz" tərcüməsi indiyədək istər Azərbaycanda, istərsə də başqa ölkələrdə ayrıca olaraq nə araşdırılmış, nə də nəşr olunmuşdur. Bu mənada M.Nağısoylunun "Gülşəni-raz" tərcüməsinə həsr etdiyi filoloji-tekstoloji araşdırmasını, xüsusilə də tərcümənin üç əlyazması əsasında nəşrə hazırladığı mətnini Azərbaycan filologiya elmi üçün çox təqdirəlayiq və əlamətdar bir hadisə hesab etmək olar. Kitab iki hissədən ibarətdir: birinci hissədə "Gülşəni-raz" tərcüməsi filoloji-tekstoloji yöndən geniş araşdırılır, ikinci hissədə isə tərcümənin müasir əlifba ilə mətni, onun izahları və qısa lüğəti verilir. Tekstoloji tədqiqinə həsr olunmuş bölmə tərcümə ədəbiyyatı tarixinin araşdırılması baxımından olduqca əhəmiyyətlidir. Hər iki əsərin mətnlərini başdan-ayağadək müqayisəli şəkildə - bölmə-bölmə, fəsil-fəsil araşdıran tədqiqatçı onlar arasında tam üst-üstə düşən məqamlar, xüsusiyyətlərlə yanaşı, bir sıra kəskin fərqli cəhətlərin də müşahidə olunduğu aşkara çıxarılır.

 

Əsərin "Gülşəni-raz" tərcüməsi ilə onun farsca orijinalının müqayisəli tekstoloji tədqiqinə həsr olunmuş bölməsi tərcümə ədəbiyyatı tarixinin araşdırılması baxımından olduqca əhəmiyyətlidir. Hər iki əsərin mətnlərini müqayisəli şəkildə araşdıran tədqiqatçı üst-üstə düşən məqamlar və xüsusiyyətlərlə yanaşı, fərqli cəhətləri də müəyyənləşdirir. Tədqiqat nəticəsində məlum olur ki, "Gülşəni-raz" bəsit tərcümə əsəri olmayıb, tərcüməçi müəllifin əlavələri və dövrün ədəbi dilinin ən mükəmməl ifadə vasitələrinin istifadəsi ilə orijinalı qədər dəyərlidir. Müxtəlif sufi anlayışlara və dini məsələlərə aid zəngin faktların verildiyi "Gülşəni-raz" əsəri fəlsəfi məzmun daşıyan və insanlara təsəvvüf dünyagörüşünün ən xırda incəliklərini aşılayan orta əsr tərcümə sənətinin ən gözəl nümunələrindəndir. M.Nağısoylu bunu nəzərə alaraq tərcümə əsərinin dilini geniş şəkildə təhlil etmiş, dövrün dil xüsusiyyətlərini bu mənbə əsasında araşdırmış, leksik ünsürlərin linqvistik-etimoloji açıqlamasını vermiş, müasir dil üçün arxaikləşmiş bir çox sözün Şiraziyə qədərki və ondan sonrakı dövr əsərlərində işlənmə məqamları dəqiqləşdirilmişdir. Bununla kifayətlənməyən müəllif kitabın sonunda 130 adda izahda bu cür anlayış və ifadələrin qısa şərhini vermiş, tərcümədəki ərəb və fars sözlərin lüğətini, eyni zamanda, əski türk sözlərinin lüğətini tərtib etmişdir. Akademik Möhsün Nağısoylu "Əhmədi Təbrizi və "Əsrarnamə" tərcüməsi" adlı tədqiqat əsərini forma-struktur baxımından elmi araşdırma işinin ən mükəmməl formasında hazırlamış və sistemli olaraq təqdim etmişdir. Müəllif əsərin Türkiyədə İstanbul və Bursa, Fransada Paris, Rusiyada Sankt-Peterburq və Azərbaycanda Bakıdakı 2 nüsxəsinin orfoqrafik-fonetik, leksik və qrammatik fərqlərini müqayisəli şəkildə ustalıqla səciyyələndirmişdir. Tədqiqatda diqqət mərkəzində olan məsələlərdən biri də Əhmədinin "Əsrarnamə"sinin tərcümə, yaxud orijinal əsər olması ilə bağlı aparılan araşdırmalardır. Orijinaldakı hekayətlər, tərcümədəki hekayətlər və beytlərin sayı qarşılaşdırılaraq müqayisə olunmuş və göstərilmişdir ki, fərq özünü yalnız həcmdə deyil, eyni zamanda, məzmunda da göstərir. Bu da Əhmədinin tam sərbəst formada hekayətlərin mətninə müdaxilə etməsi kimi qəbul olunur. Yalnız bu əlavələr müdaxilədən daha çox hekayətlərin məntiqi davamı və nəticəsi təsirini bağışlayır.

 

Monoqrafiyada Əhmədinin tərcüməsində tərcümə sənətinin iki növünün də mövcud olması nümunələrlə izah olunur. O da qeyd olunur ki, əsər nəzm formasında qələmə alındığı üçün az da olsa müəyyən məqamlarda hərfi tərcümədən istifadə olunub, ancaq burada sərbəst tərcümə üstünlük təşkil edir və xalq kütlələri üçün nəzərdə tutulan məsnəvinin dili sadə və anlaşıqlılığı ilə seçilir. Bəzi mənzum hekayətlərdə orijinala daha çox sadiq qalan Əhmədi hər beyti, hər misranı olduğu kimi, dəyişikliksiz, hərfən tərcümə etmişdir. Ancaq tədqiqatçı Əhmədinin bədii tərcümə sahəsindəki xüsusi qabiliyyət və bacarığını digər mənzum hekayətlərin tərcüməsindən nümunələr göstərərək vermişdir. Bu nümunələrdə Əhmədi, Əttarın mənzumələrinin məzmununu saxlamaqla bəzi əlavə və artırmalar etmişdir və bu əlavələrin dili çox sadə, anlaşıqlı və türk mənşəli sözlərdən ibarətdir. Bu əlavələr isə hekayətlərin daha anlaşıqlı olması, daha asan qavranılmasına xidmət edir. Bu baxımdan da müəllif Əhmədinin tərcüməçilik bacarığı, şairlik istedadı, ana dilinin zəngin söz xəzinəsinə bələd olması və ondan yüksək səviyyədə istifadə etməsini qeyd edərək, onu öz dövrünün istedadlı tərcüməçilərindən adlandırmışdır.

 

M.Nağısoylu bu monoqrafiyasında bədii tərcümənin vacib nüanslarından olan frazeoloji birləşmələrin tərcüməsi məsələsinə diqqət yetirmiş və frazeoloji vahidləri tərcümədə qoruyub saxlamağın nə qədər çətin bir iş olduğunu vurğulamışdır. Əhmədi orijinalın bəzi hissələrində söz birləşmələrini "kalka" üsulu ilə tərcümə etsə də, böyük bir hissədə bu vahidlərin ana dilindəki qarşılıqlarını vermişdir. Müəllif aşkara çıxarmışdır ki, tərcümədə vəzn pozğunluğu, qafiyə yoxsulluğu kimi hallara rast gəlinmir və məsnəvi geniş xalq kütlələri üçün nəzərdə tutulduğundan bədiilik, obrazlılıq, məcazilik arxa plana keçmiş, sadə və anlaşıqlı dili ilə fərqlənmişdir. Bununla yanaşı, Əhmədinin "Əsrarnamə" tərcüməsinin qələmə alındığı dövrün ədəbiyyat nümunələrinin dil-üslub xüsusiyyətlərinə nəzər yetirilir və göstərilir ki, təsəvvüf ədəbiyyatının nümunəsi kimi əsərin dilinin sadə olmasında məqsəd həmin dövrdə sufi fikirlərin xalq arasında yayılması olmuşdur. Tədqiqatın əsas dəyərli cəhətlərindən biri ondan ibarətdir ki, müəllif bu tərcümə əsərinin dilini Orxon-Yenisey abidələri, Yusif Xas Hacibin "Kutadqu biliq", Yusif Məddahın "Vərqa və Gülşah", Suli Fəqih və Mustafa Zəririn "Yusif və Züleyxa", "Dastani-Əhməd Hərami", "Kitabi-Dədə Qorqud", Əlinin "Qisseyi-Yusif" əsərlərinin dili ilə müqayisəli şəkildə verməsidir.

 

 Bununla yanaşı, orta əsr şairi-mütərcimi Həzininin "Hədisi-ərbəin" tərcüməsini ayrıca olaraq filoloji-tekstoloji baxımdan geniş şəkildə araşdırmış və filologiya elmimiz üçün olduqca dəyərli bir tədqiqat əsərini ortaya qoymuşdur. Həzininin "Hədisi- ərbəin" tərcüməsi kitabı şərti olaraq iki hissəyə bölünür. Birinci hissədə əsər filoloji-tekstoloji istiqamətdən geniş araşdırılır, ikinci hissədə isə tərcümənin latın əlifbası ilə ilk dəfə hazırlanmış mətni verilir. Görkəmli alim Həzinin "Hədisi-ərbəin" tərcüməsini tədqiq etməklə və ən başlıcası əsərin tam mətnini ilk dəfə nəşrə hazırlamışdır. Müəllif "Qırx hədis" toplularının strukturundan, mövzu əhatəsindən bəhs edərkən bu topluların tanınmış araşdırıcısı türkiyəli alim professor Ə.Qaraxanın adını xüsusi qeyd edir. Əbdülqadir Qaraxanın araşdırmalarından məlum olur ki, "Qırx hədis" kitabları formal-şəkil baxımından nəsrlə, nəzmlə və nəsrlə nəzmin növbələşməsi şəklində yazılmışdır. Quranın fəzilətləri, Məhəmməd peyğəmbər, nəsli, səhabələri; təsəvvüf və təriqət, dünyəvi əməllər, siyasət və hüquqla bağlı məsələlər, elm, alim və s. bu toplularda başlıca mövzular olmuşdur. Fars dilində tərtib edilən hədis topluları ("Çehel hədis") yalnız nəzmlə yazılmış və şiələrin birinci imamı həzrət Əlinin (ə) fəzilətlərindən bəhs etmişdir.

 

(Ardı var)

525-ci qəzet  2017.- 5 dekabr.- S.8.