Kamal Abdulla və onun Dastan poetikası

 

Cəlil NAĞIYEV

 

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Kamal Abdullanın bu kitabının yeniliklərindən biri də reallıq və mifiklik anlayışlarının uyğunluğu (üst-üstə düşməsi) kateqoriyasının bədii mətndə ifadəsi məsələsində özünü göstərir.

 

Əksər mifoloqların da dedikləri kimi (o cümlədən də məşhur rus mifoloqları Y.M.Meletinski, O.M.Freydenberq və b.) ibtidai (ən qədim) insanların mifyaradıcılığında və bədii düşüncəsində mif mühiti ilə real həyat arasında müəyyən bağlılıqlar var. Belə ki, qədim insan təbiətdə müşahidə etdiyi çoxsaylı mənasını tam dərk etmədiyi, onun üçün sirr olan hadisələri bədii obrazlar (özlərinə bənzər, insanşəkilli - personifikasiya) formasında təsvir etmişlər. Bu baxımdan, ən ilkin mifik süjet və obrazlar real faktlar əsasında yaranmış və müəyyən mənada reallığı əks etdirmişdir. Bununla belə, mifyaradıcılığı birmənalı şəkildə bədii yaradıcılıq hadisəsidir və burada təsvir olunan hadisələrin, obrazların hamısını real həyatda axtarmaq da düzgün olmaz. Qədim insan özünün bədii təxəyyülünün, “intellektinin”, istedadının gücü sayəsində təbiət hadisələrindən qidalanaraq (bəhrələnərək) real həyat, dünya-aləm, varlıq və ezoterik (ruhi-mənəvi) məsələlərə aydınlıq gətirməyə çalışmış və bu kontekstdə əfsanəvi, qeyri-real, fantastik obrazlar, motiv və süjetlər yaratmışdır. Hətta bu zaman da mifyaradan qədim insan bədii və fəlsəfi düşüncə sahəsində qismən də olsa reallıqla səsləşən kəşflər etmişdir. Bu kəşflər prinsipcə intuitiv də ola bilər, təcrübəyə də əsaslana bilər.

 

Kamal Abdulla KDQ dastanında bu tipli bədiipoetik materialları aşkar edir və onların semantik interpretasiyasını verir. Bu paradiqma ilə əlaqədar tədqiqatçının ən uğurlu tapıntılarından biri “Söylədi, xanım, görəlim (baxalım) nə söylədi” ifadəsinin semantik məna çalarları ilə bağlı olmuşdur. Bu dastan bədii-poetik ifadəsində “deyilmiş (deyiləcək) sözün görünməsindən” bəhs edilir. Zahirən sadə görünən, hətta tam müasir səslənən, hamının adi qəbul etdiyi (məs. bu gün də adi danışıq zamanı deyilir:  de görüm nə deyirsən!) bu ifadənin ibtidaipoetik, mifik bir anlayışı var: sözün görünməsi. Yəni əgər qədim insan dağı yatan bir canlı, bir varlıq kimi görə bilirsə, o, sözün də maddi olduğuna inanır və onu görə bilir. Kamal Abdulla bununla əlaqədar yazır: “KDQ mətnində  özünü göstərən “Sözün görünməsi” (seçmə müəllifindir - C.N.) ideyası autentik mif dövründə onun real olaraq görünməsinə inamı özündə əks etdirir” (səh. 68).

 

Kamal Abdullanın bu kitabında barəsində müzakirə açmağa və düşünmək üçün yeni üfüqlər açan, sanki izahı mümkün olmayan, daha doğrusu, əsaslandırılması üçün əldə elə də bir mənbə, sübut-dəlil olmayan çox maraqlı məsələrdən biri də dastanın, mifloloji mətnin (“qədim mətnin”) yaranma mühiti və şəraiti məsələsidir. Tədqiqatçı, bu prosesi qeri-müəyyən (iks) müəllif tərəfindən, hətta konkret bir “auditoriya”da (məs.hansısa mağaranın bir küncü”)  yaranması fikrini söyləyir. Bu barədə o, yazır: “Belə ki, bu mətn həm müəllim, həm kahin, həm də mətnin, xüsusilə, bədii-poetik-lik qatının qurucusu (Müəllif) tərəfindən yaradılan bir reallıq kimi özünü göstərir” (səh.73). Dastanın, mifin, mətnin (mövzunun, süjetin, mifin, obrazın, ilkin ideyanın) yaranması prosesində tədqiqatçı “müəllif” faktoruna üstünlük verir. Əlbəttə, nəyinsə yaranmasında kimsə ilk addım atır, bu, yaradıcıdır (ilk müəllifdir). Əgər söhbət hansısa ən qədim, ilkin anonim müəllifdən gedirsə, onu təbii ki, “ilk müəllif” adlandırmaq olar. Lakin bu “ilk müəllif”in kimliyini müəyyən etmək faktiki olaraq mümkün deyil. Çünki yüz, min illər keçir, ilkin mətn şifahi şəkildə ağızdan-ağıza ötürülür, dönə-dönə yeni variantlarda, cilalanaraq yenidən yaranır və ilkin müəllif zamanın hökmü ilə mətnin qalın qatlarının altında qalır. Onu açmaq hər kəsin işi deyil.

 

Qədim Çində Konfutsi ilə bağlı olan bir rəvayət bu məsələyə aydınlıq gətirə bilər: qədim Çin qaydalarına görə, hər bir yeniyetmə bir neçə mərhələ keçərək təhsil alır, Bu mərhələnin biri də musiqi təhsilidir. Yəni yeniyetmə çalğı alətində müəyyən bir musiqi parçasını ifa etməyi mənimsəməlidir. Konfutsi də kiçik yaşlarında olarkən belə bir təhsil mərhələsini keçir. Müəyyən olunmuş zaman kəsiyində o, müəlliminin ona öyrətdiyi müsiqi parçasını məharətlə ifa edir. Müəllimi bundan razı qalsa da, Konfutsi yenə də həmin musiqini daha dərindən öyrənmək istədiyini bildirir. Bir neçə belə dərsdən sonra o, müəlliminə ifa etdiyi və o vaxta qədər müəllifi məlum olmayan bu musiqinin yaradıcısının (müəllifinin) kim olduğunu deyir. Konfutsi bu musiqini dərindən mənimsəyəndən sonra nəinki müəllifin adını, hətta onun xarici görünüşünü, portretini də təsvir edir. Bu misal immanent təhlilin ən parlaq nümunəsidir. Kamal Abdulla da qədim mətnləri, ilk dastanları, mifləri yaradanların kimliyini məhz bu üsulla, mətni dərindən öyrənməklə, kifayət qədər yaxşı mənimsəməklə, immanent təhlil yolu ilə müəyyən etməyin yollarını göstərir. Bir də ki, axı, başqa yol da yoxdur.

 

Dastan (mif) mətni şifahi yaradıcılıq nümunəsidir. Şifahi yaradıcılıq nümunəsinin kollektiv yaradıcılıq növüdür. Bu, hamıya yaxşı məlumdur. Belə olan halda tədqiqatçı nəyi (kimi) axtarır. O, dastanın (mifin) mətninin yaranma mühitini və onun ilk yaradıcısını axtarır. Təbiidir ki, hər hansı motif, mövzu rüşeyim halında kiminsə beynində yaranır (bu, ilk yaradıcıdır), sonra o ağızdan-ağıza keçir (çünki hələ yazı mövcud deyil, mətn yalnız şifahi şəkildə yaşaya bilər). Sonra o, ətə-qana dolur, kamilləşir, yetkinləşir və bədii-poetik şəklə düşür, bədii əsər şəklini alır. Burada, nəzərə almaq lazımdır ki, elə motivlər, elə süjetlər var ki, onlar məhz onu yaradan müəllifin (xalqın, kollektivin) yaradıcılıq məhsuludur. Lakin elə ədəbi-bədii materiallar (folklor, mif süjeti) da var ki, onlar müxtəlif ərazilərdə yaşayan, bir-birləri ilə hansısa əlaqəsi olan və olmayan qədim insanlar tərəfindən yaranır (məs: qədim oğuz Təpəgözü - qədim yunan Polifemi, Alkesta-Admet süjeti - Dəli Domrul-xatunu, Buğac və “Edip kompleksi” mövzusu və s.). Qədim folklor və mif materiallarında bu tipli süjetlər istənilən qədərdir. (Sinderella (Göyçək Fatma) nağılının süjeti qədim Misir ədəbiyyatından (Rodopis) başlayaraq, Amerika hindularının və Avrasiyanın müxtəlif xalqlarının folklorunda müşahidə olunmaqdadır (məs: fr. Cendrillon, alm. Aschenputtel, ing. Cinderella, rus. Zoluşka, Azər. Göyçək Fatma və s. demək olar ki, dünyanın əksər xalqlarının folklor və əsatirində eyni səciyyəlidir).

 

Bu tipli süjetlərin (səyyar süjetlər nəzəriyyəsi ilə izahı inandırıcı görünmür) müəyyən sosial, ictimai, mənəvi-əxlaqi mühitlə bağlı yaranmasının səbəblərinin araşdırılmasına ehtiyac var. Kamal Abdullanın təklif etdiyi tədqiqat metodologiyası bu sahədə yararlı ola bilər. Belə ki, tədqiqatçının təklif etdiyi Mağara faktorunun mif yaradıcılığı prosesində rolu maraqlı elmi hipotezalardan biridir. Onun fikrincə, dünya mədəniyyətşünaslığı tarixində qəbul edildiyi kimi, Mağara yalnız “rəsm nümunələrinin (qayaüstü və divar rəsmlərinin) yer aldığı bir mədəniyyət məkanı olmamışdır” (səh. 76). Bu fikrini davam etdirərək o, tam haqlı olaraq yazır: “Mağaradaxili “mədəni intibah”, başqa sözlə, Mağara mədəniyyəti (Seçmə müəllifindir - C.N.) yalnız təsviri sənətlə, rəssamlıqla məhdudlaşmır. Mağara həm də qədim (primitiv) ədəbi nümunələrin formalaşdığı məskən olmuşdur” (səh. 76). Təbiidir ki, tədqiqatçının nəzərdə tutduğu “ədəbi nümunələrin formalaşması” prosesi rəsmlərin çəkildiyi vaxtla üst-üstə düşməyə də bilər, müəyyən zaman fərqi ilə yarana bilər, hər halda burada haqqında bəhs olunan Mağara mühiti qədim insanın estetik dünyagörüşünün formalaşaraq və tədrici təkamül yolu keçərək süjetli narrativ mətnlərin yaranması yolunda bir mərhələ rolunu oynamışdır. Tədqiqatçı bu barədə deyir: “...Mağara gələcəkdəki bitkin mifoloji mətnlərin yaranmasına öz köksündə ilkin şərait yaradan məkan kimi özünü göstərdi” (səh. 77).

 

Bu tədqiqatın maraqlı məqamlarından biri də dastanın (barada KDQ-un) müəlliflik məsələsidir. Kamal Ablulla bu məsələyə xüsusi önəm verərək, dastan poetikasının bədii-poetik xüsusiyyətlərinin açılışında müəlliflik faktorunun xüsusi əhəmiyyət kəsb etdiyini bildirir. Burada, yenə də mübahisəli bir məsələ üzə çıxır. Xalq yaradıcılığı və müəllif məsələsi. Yəni məlum həqiqət belədir ki, Molla Nəsrəddin lətifələrinin, xalq nağıllarının, xalq nəğmələrinin dastanların müəllifləri məlum deyil. Doğrudur, folklorşünaslıq tarixində belə bir hipoteza da mövcuddur ki, KDQ-ın müəllifi Dədə Qorqud adlı bir ozan, “Koroğlu”nun müəllifi Koroğlu adlı hansısa bir aşıq (yanşaq) ola bilər (Dədə Qorqudun tarixi şəxsiyyət olması fikrinə dastanda işarə də var: “Rəsul əleyhissəlam zamınına yaqın, Boyat boyından Qorqud ata diyərlər, bir ər qopdı” (səh. 31). Əlbəttə, bunula belə, bu tezisi sübut etmək çox çətindir. Amma Kamal Abdullanın Dədə Qorqudun müəllif - müəllim - kahin olması ideyası bu baxımdan diqqətəlayiqdir. Kamal Abdulla yazır: “KDQ mətnində həm müəllim Qorqudu, həm də müəllif (ozan) Qorqudu birləşmiş variantda görürük. Yunan mifologiyasının dili ilə desək, ikiüzlü Yanus kimi” (səh.95).

 

Dastandan da görmək mümkündür ki, Dədə Qorqud dastanın sadəcə olaraq qəhrəmanlarından (personajlarından) biri olaraq qalmır; o, el ağsaqqalıdır, başbiləndir, adqoyandır; daha doğrusu, onun yaradıcılıq “intellektuallıq” potensialı dastanda tam şəkildə öz ifadəsini tapıb (“Oğuzın, ol kişi təmam bilicisiydi, - nə diyərsə, olurdı. Ğaibdən dürlü xəbər söylərdi. Haqq təala anın könlinə ilham edərdi” (səh. 31). Burada diqqəti cəlb edən başlıca amillərdən biri də Dədə Qorqud obrazının spesifikası, özünəməxsuluğudur. Tədqiatçı bu obrazın daxili (ictimai-sosial) portretini ümumiləşdirərək, onu eyni zamanda, həm kahin, həm müəllim, həm də yaradıcı-müəllif (ozan) kimi görür.  Şübhə yoxdur ki, bu obraz öz səciyyəsinə görə dastanın bütün digər qəhrəman və personajlarından fərqlənir. O, daha passiv səciyyəli Xanlar Xanı Bayandır xandan fərqli olaraq, tam passiv obraz deyil (o, bəzən dastanda fəal qəhrəman kimi iştirak edir). O, həm də Qazan xan, Beyrək, Buğac, Dəli Domrul, hətta Təpəgöz kimi fəal qəhrəman da deyil. Dədə Qorqud sanki bir xülya kimi həm, var, həm də yoxdur. Onu bu xüsusiyyətinə görə bəzən övliya da adlandırırlar (bir qədər Xızıra yaxınlaşdırırlar). Bu baxımdan, həqiqətən də Dədə Qorqud obrazına xüsusi yanaşma tələb olunur.

 

(Ardı var)

 

525-ci qəzet.-2017.-2 dekabr.-S.19.