Əlimərdan bəy Topçubaşovun İstanbul görüşləri: İranla çətin dialoq

 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

 

Vilayət QULİYEV

 

 

1918-ci ildə Azərbaycan dövlətini qurmaq, iki ilə qədər yaşatmaq və gələcək milli dövlətçiliyimizin zəmininə, bünövrəsinə çevirmək kiçik bir qrup milli liderin yaratdığı möcüzə idi.

 

Yeni milli dövlətin üzləşdiyi çətinliklər hansı idi?  Yəqin ki, yaxın tarixi keçmişimizin şanlı tarixi ilə maraqlanan hər kəsə bəlli faktlardır. Amma bir daha sadalayaq: Azərbaycan adlı dövləti qonşular da, yeni dünya nizamı yaratmaq istəyən Avropa və Amerika gücləri də qəbul  etmirdilər. Vilson prinsipləri dünyanın kiçik dövlətlərə bölünməsinə qarşı idi. Qırmızı və ruslar biri-birlərinin qanını içsələr də, Azərbaycana münasibətdə yekdil mövqedən çıxış edir - ölkəmizi “vahid və bölünməz Rusiyanın” tərkibində görürdülər. Özü tarixi türk torpaqlarında yaranmış oyuncaq Ermənistan yalnız Osmanlı imperiyasının 6 Şərq əyalətinə deyil, Kür çayına qədər bütün Azərbaycan torpaqlarına  da iddialı  idi. Gürcüstan ölkəmizin şimalını - Zaqatala və Balakən bölgəsini öz sərhədləri daxilinə qatmaq iştahasını gizlətmirdi. Hətta dar gündə köməyimizə gəlib Bakını daşnak-bolşevik işğalından qurtaran qardaş Türkiyədə də Azərbaycanı müstəqil, demokratik və dünyəvi  türk Cümhuriyyəti deyil, Osmanlı imperatorluğunun bir əyaləti kimi görmək istəyən qüvvələr vardı.

 

Öz dövlətini idarə edə bilməyən, çar Rusiyası və Böyük Britaniyanın əlində girinc qalan müsəlman və şiə İran da Azərbaycan Cümhuriyyətinə münasibətdə “qonşudan qalma dala” siyasəti yürüdürdü. Dünyanın yeni siyasi xəritəsinin cızıldığı ərəfədə bir vaxtlar rus silahına yenildiyi, Gülüstan və Türkmənçay müqavilələrinə əsasən, Rusiyaya güzəştə getdiyi Şimali Azərbaycanı yenidən özünə birləşdirmək istəyirdi. Kəsrəvilik ideologiyası hələ meydana çıxmasa da, bənzər düşüncə tərzi idarəçilərinin əksəriyyəti (hakim Qacar sülaləsi daxil) türk olan İran hakimiyyət dairələrində artıq özünə kök salmağa başlamışdı. İranın türk əhalisinin guya səlcuqilərin hakimiyyəti dövründə zorla türkləşdirilmiş farslar olduğu haqqında uydurmaya geniş rəvac verilirdi. Araz çayından şimaldakı torpaqların heç vaxt Azərbaycan deyil, sadəcə Aran, yaxud Arran adlandırıldığı, Azərbaycanın isə yalnız İrana məxsus bir toponim olduğu iddia edilirdi. Bu baxımdan da Ə.Topçubaşovun rəhbərlik etdiyi Sülh heyəti Paris konfransı zamanı İran nümayəndələrinin cəfəng iddialarına meydan verməmək üçün bir çox sənədlərdə təmsil etdikləri dövləti Qafqaz Azərbaycanı Respublikası kimi tanıtmışdılar.

 

İstanbulda olduğu günlərdə digər qonşu dövlətlərin nümayəndələri kimi İran rəsmiləri ilə görüşüb onların mövqeyi və gələcəklə bağlı planları barədə öz hökumətini məlumatlandırmağı zəruri saymışdı.

 

Türklərin idarə etdiyi fars dövlətinin İstanbul elçisi ilə söhbətdən də göründüyü kimi İran-Azərbaycan münasibətlərindəki ilk qarşıdurma və fikir toqquşması bir qədər üstüörtülü şəkildə də olsa, hələ Osmanlı paytaxtında başlamışdı. Osmanlı türklərinin siyasətindən narazılığını gizlətməyən  səfir Mirzə Mahmud xan həm açıq şəkildə, həm də müəyyən işarələrlə guya Azərbaycan əhalisinin əslində türk olmadığını, tarix boyu mədəniyyət və mentalitet baxımından daim İrana bağlandığını, Azərbaycan Cümhuriyyətinin isə sadəcə bir Osmanlı layihəsi kimi meydana çıxdığını, yeni Turan sevdasına düşmüş pantürkist İttihad və Tərəqqi liderlərinin  istəyi ilə qurulduğunu sübut etməyə çalışmışdı.

 

Cənubi Qafqazda çar Rusiyasının süqutundan sonra yaranan  hər üç dövlətin - Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərinin müəyyən tarixi dövr ərzində İran şahlarının hökmü altında olması faktdır. Lakin işin qəribə cəhəti türk əsilli Qacar idarəçilərinin iddialarının yalnız Azərbaycana qarşı yönəlməsi idi. Tarixi faktlara əsaslansalar, onlar İrəvan xanlığının baş şəhərini özlərinə paytaxt seçmiş ermənilərə münasibətdə də eyni, bəlkə də daha sərt  iddiadan çıxış etməli idilər. Amma görünür, bir tərəfdən Avropadan çəkinən, o biri tərəfdən isə Azərbaycan əhalisinin yeni tarixi-siyasi şəraitdə  Rusiya-İran dilemmasında ikincini seçəcəklərinə ümid bəsləyən İran diplomatiyası yalnız Azərbaycana təzyiq yolunu tutmuşdu. Amma Əlimərdan bəyin nüfuzu və diplomatik məharəti sayəsində Paris sülh konfransının gedişində İran nümayəndə heyətinin neytrallaşdırmaq, onların antiazərbaycan çıxışlarının qarşısını almaq mümkün olmuşdu.

 

Aşağıda Azərbaycan Cümhuriyyətinin fövqəladə və səlahiyyətli naziri Əlimərdan bəy Topçubaşovun İranın Osmanlı imperatorluğundakı səfiri Mirzə Mahmud xanla söhbətinin yazısını təqdim edirəm.

 

Ə.TOPÇUBAŞOVUN İRAN XARİCİ İŞLƏR NAZİRİ MİRZƏ  ƏLİQULU XANLA BİRİNCİ SÖHBƏTİNİN YAZISI

 

9 yanvar 1919-cu il, saat 11.30-12.00

 

Pera Palas oteli

 

Fars nümayəndə heyəti, xüsusən də onun başçısı - xarici işlər naziri, müşavirül-məmaliklə görüş üçün ağız açmağa bir az tərəddüd edirdim. Onların salonda hamıdan ayrı oturmaları, şəxsi xahişimlə yanlarına gedən M.Mirzəyevə verdikləri cavab (“Biz türkcə danışmırıq” - deyə nazirin sonradan öyrəndiyimiz kimi hüquq məktəbində oxuyan oğlu rusca belə demişdi), fars hökumətindən ümumi narazılıq, xüsusən də buradakı İran elçisi ilə söhbətim arzu olunmayan anlaşılmazlığın meydana çıxacağı təhlükəsini təlqin edərək onlarla söhbətdən çəkindirirdi.

 

Təsadüfən iki gün sonra fars nazirinin yanına getməyə hazırlaşan təbrizli Seyid Aslanı gördüm. Xahiş etdim ki, nazirlə görüşmək istədiyim barədə işarə vursun. Seyid Aslan mənə elə həmin gün cavab gətirməyə söz verdi və sözünün üstündə durdu. Lakin istənilən halda belə münasibəti qeyri-normal sayıb  katibim Haşım bəyi başına Qafqaz papağı qoyub vizit kartımla birlikdə nazirin yanına göndərdim. Haşım bəy çox tez qayıtdı və müşavirül-məmalikin  məni görüşə dəvət etdiyini xəbər verdi. Dərhal getdim və onun yanında deyəsən fars Azərbaycanından olan şair Daneş bəyi gördüm. Nazir məni çox lütfkarlıqla qəbul edib divanda, yanında oturtdu. Özümü təqdim etməyə imkan tapmamış bütün sifətinə yayılan təbəssümlə: “Yəqin unutmusunuz, sizinlə çoxdan tanışıq. Keçmiş elçi Mirzə Həsən xan Müşir-ül-Mülklə birlikdə, Bakıda evinizdə qonaq olmuşuq. İndi də orada toplaşmış müsəlman ziyalıları ilə xoş söhbətləri məmnuniyyətlə xatırlayıram. Cənabınızı sağ-salamat görməkdən çox-çox şadam. İzn verin, sizi Daniş bəylə tanış edim”.

 

Mən: Çox şadam. Əlbəttə, bizim evdə keçirdiyimiz həmin o xoş axşamı mən də çox yaxşı xatırlayıram. İndi siz də yadıma düşdünüz. Amma təbii ki, o vaxt cavan idiniz.

 

Nazir: Axı, bu, təxminən 18-20 il qabaq olub. Üstündən xeyli vaxt keçib.

 

Mən: Hə, görünür, yaddaşım məni bir az aldadır. Ona görə də sizi birinci dəfə salonda görəndə tanımadım. Bura hansı yolla gəlmisiniz?

 

Nazir: Nümayəndə heyətimiz Tehrandan Rəştə, oradan da Bakıya gəlib. Bakıda Nəsib bəy, Əbdül Əli bəy  Əhməd Ağayevlə görüşdük. Onlardan sizin Parisə göndərilən Nümayəndə heyətinin başçısı seçildiyinizi öyrəndik. Hökumətiniz istefaya gedib. Əvvəlcə sizi baş nazir gətirmək istəyirdilər, sonra Fətəli xan Xoyskini  dilə tuta bildilər. Eşitdiyim qədər, ingilislər özlərini mərifətli  aparır və hökumətinizin işlərinə qarışmırlar. Yolumuz çox yaxşı və rahat keçdi. Ümumiyyətlə, ölkənizdə sakitlik hökm sürür.

 

Mən: Bakıda çox qaldınız? Daha kimlərlə görüşdünüz?

 

Nazir: Bakıda iki gün qaldıq. Bir axşamı bizim konsulluqda Əhməd bəy Ağayevlə keçirdik. Xeyli maraqlı söhbətimiz oldu. Əhməd bəy həmişəki adəti üzrə çox qızğın danışır və kəskin şəkildə İranla mümkün birləşmənin əleyhinə çıxırdı. Tarixi faktlar gətirərək bəzi xanlıqların yüzilliklər boyu müstəqil yaşadıqlarını bildirirdi.

 

Mən: Bu, həqiqətdir.

 

Nazir: Bəli, amma o da həqiqətdir ki, Azərbaycan bizim şahların hökmünə tabe olub. Bu mənada mən də Əhməd bəyə çox qızğınlıqla etirazımı bildirir, hücumlarını dəf etməyə çalışırdım.

 

Mən: Yaxşı, sonda hansı nəticəyə gəldiniz?

 

Nazir: Hərə öz fikrində qaldı. Amma axı, siz bilirsiniz, Əhməd bəy çox odlu-alovlu adamdır. Siyasi məsələlərlə bağlı belə müzakirə aparmaq olmaz.

 

Mən: Orada məsələlərin necə qoyulduğundan xəbərim yoxdur. Amma indi İran hökumətinin bizim Azərbaycan Respublikasına münasibəti o qədər də yaxşı deyil. Bu barədə,  əlimdə, təəssüf ki, o qədər də böyük sayılmayacaq bəzi sübutlar var. Və həmin sübutlar münasibətlərimizin çox da xoş olduğuna dəlalət etmirlər. İzin versəniz, sonra bu barədə sizə danışaram.

 

Nazir: Əlbəttə, yenə görüşəcəyik. Lakin indi demək istəyirəm ki, siz təkcə Qafqazda deyil, bizim ölkədə də yaxşı tanınan şəxssiniz. Yəqin İran hökumətinin məhkəmə işlərinin təşkili üçün sizi Tehrana çağırdığı da yadınızdan çıxmayıb. Biz həmişə müsəlmanların ümumi mənafeyini düşünmüşük. Sizi əmin etmək istəyirəm ki, yenə də məhz müsəlmanların ümumi mənafeyi naminə biz farslar Azərbaycana xoşbəxtlik arzulayırıq. Onun müstəqilliyinə sizinlə birlikdə sevinəcəyik. Mənim fikrim belədir.

 

Mən: Doğrusu, başqa münasibət də gözləmirdim. Çünki müstəqilliyimiz tək özümüzə deyil, İrana da faydalı olacaq. Xüsusən, indiki vaxtda! Ona görə  güman edirəm ki, sülh konqresində sizin nümayəndə heyəti, ələlxüsus da Zati-aliniz Azərbaycanın müstəqilliyinə tərəfdar çıxacaq.

 

Nazir: Əsla şübhəniz olmasın. Amma bu haqda yenə danışacağıq.

 

Mən: Nə zaman istəsəniz, xidmətinizdə hazıram. Məni yadınızda saxladığınıza və xoş sözlərinizə görə izin verin bir daha təşəkkürümü bildirim. Tezliklə görüşənədək. Bağışlayın, bir şey soruşacaqdım: siz türk xarici işlər nazirinin yanında olmusunuz?

 

Nazir: Bəli, rəsmi görüşümüz olub. Bilirsiniz, mən lap tezliklə, gəmi olan kimi, bəlkə   iki-üç günə Parisə yola düşmək istəyirəm. Ona görə də vaxtım çox azdır. İnşallah, bəlkə nazirlə yenə görüşə bildik (Qapıya qədər ötürür).

 

Ə. TOPÇUBAŞOVUN MİRZƏ ƏLİQULU XANLA İKİNCİ SÖHBƏTİNİN YAZISI

 

12 yanvar 1919-cu il, saat 22.00-22.30

 

Pera Palas oteli

 

Şam yeməyindən sonra fars nümayəndə heyətinin bütün üzvləri ikinci salonda, pəncərənin önündə oturmuşdular. Xarici işlər nazirinə yaxınlaşıram. O, məni heyətin digər üzvləri - Zəkaülmülk, İntizamülmülk, Mirzə Həsən xan (charge) və b. ilə tanış edir. Aralarında nazirin Peterburq hüquq məktəbində oxuyan oğlu da var. Rus və fransız dillərində danışır. Ədliyyə nazirinin müşaviri, fransız müsyö Perni də buradadır. Nazirin özündən başqa bizim dili heç kim bilmir. Ya fransızca, ya da farsca danışırlar.

 

Nazir: Sultanı ziyarət etmisiniz? Qəzetlərdə oxudum.

 

Mən: Bəli, dünən.

 

Nazir: Qəbul yaxşı keçdi? Siz rəsmi vəzifəniz olmasa belə, xüsusi diqqət və ehtirama layiqsiniz.

 

Mən: Qəbul yaxşı keçdi və düşünürəm ki, indiki dövr üçün mümkün olan diqqət göstərildi. Mən sizdən Tiflis barədə soruşmaq istəyirdim. Oranı necə gördünüz? Ermənilərlə gürcülərin münasibətləri necədir?

 

Nazir: Tiflisdə də iki gün qaldıq. Biz orada olanda ingilislərlə fransızların işə qarışmaları nəticəsində erməni-gürcü qarşıdurması artıq səngimişdi. Amma  yenə də hər iki tərəf biri-birindən narazı idi. Ümumən götürəndə, milli məsələ Qafqazda çox kəskin şəkildə dayanır və bütün  işlərə ziyan vurur.

 

Mən: Amma ziyanın qarşısını almaq mümkündür. Bu məsələdə İran böyük kömək göstərə bilər. Ümumiyyətlə, hesab edirəm ki, İran Qafqazdakı hadisələrə münasibətdə seyrçi mövqe tutmamalıdır. Çünki sosial-siyasi istiqamətdə baş verən xoşagəlməz dəyişikliklər ölkənizə də təsirsiz ötüşmür. Baxın, indi bizdə üç, əgər Şimali Qafqazı da saysaq, dörd yeni respublika yaranıb. Onlara münasibətiniz necədir?

 

Nazir: Bu respublikaları tanıyırıq. Xüsusilə sizin Azərbaycana rəğbətimiz böyükdür. Əvvəl də dediyim kimi, müstəqilliyinizin əleyhinə deyilik, əksinə, ürəkdən sevinirik. Sizin müstəqil olmağınız İran üçün hər cəhətdən sərfəlidir. İlk növbədə isə gələcək Rusiya ilə bağlı məsələdə müəyyən zəmanət qazanmış oluruq.

 

Mən: Zati-alinizin dilindən bu fikirləri eşitmək çox xoşdur. Çünki indiyə qədər hansısa gizli narazılıq qalmaqda idi. Mən bolşevik əsirliyindən qayıdandan sonra  Yelizavetpolda bu barədə tez-tez eşidirdim. Sizin elçiniz də fikirlərini açıq şəkildə bildirməkdən çəkinmirdi. Deyirdi ki, Azərbaycan dövlətini fars Azərbaycanını İrandan qoparmaq niyyəti güdən türk siyasi xadimlərinin diqtəsi altında qurmuşuq. Doğrusu, bu, məni çox təəccübləndirirdi. Bizim fars Azərbaycanına heç bir iddiamız yoxdur. Sizinlə münasibətlərdə də dostluqdan və qarşılıqlı yardımdan başqa heç bir şey axtarmırıq. Əgər Ermənistan, Gürcüstan respublikalarının mövcudluğuna qarşı hər hansı etirazınız yoxdursa, o zaman nə üçün bizim əleyhimizə olmalısınız?

 

Nazir: Tamamilə düzgün buyurursunuz. Sizin müstəqil olmağınızı daha çox arzulayırıq. Eşitdiklərinizin hamısı “Azərbaycan” adının düzgün başa düşülməməsindən irəli gələn anlaşılmazlıqdır. Axı, indiyə qədər bizim mərkəzi Təbriz olan ərazilərimiz Azərbaycan adlanırdı. Ancaq məsələ bunda deyil. Bəs müstəqilliyinizi necə qoruyub saxlayacaqsınız? Axı, qonşularınız - ermənilərlə gürcülər sizə düşməndirlər. Türkiyəyə görə Antanta dövlətlərinin yardımına bel bağlamağınız da mümkün deyil. Ümumiyyətlə, gərək siz Müttəfiq dövlətlərin nümayəndələrini ölkənizdəki vəziyyətlə yaxından tanış edəsiniz.

 

Mən: Elə bu barədə danışmaq istəyirdim. Burada Antantanın bəzi nümayəndələri ilə görüşüb onlara Qafqaz Azərbaycanındakı vəziyyətlə bağlı memorandum təqdim etmişəm. Memorandumda belə bir fikri əsaslandırmağa çalışmışam ki, Qafqazda, xüsusən də Zaqafqaziyada hər xalqın daxili muxtariyyətinin qorunub saxlanması şərti ilə İsveçrə konfederasiyasına bənzəyən və ittifaq hökumətinə malik federasiya formalaşmalıdır. Bildiyim qədər, ermənilər və gürcülər də bu fikirlə razıdırlar. Ən azı onların buradakı nümayəndələri federasiya ideyasına tərəfdar çıxdıqlarını bəyan ediblər.

 

Nazir: Buna böyük şübhəm var. Zənnimcə, gürcülər, xüsusən də ermənilər sizinlə birgə olmaq istəməzlər. Ermənilərlə yola getmək xüsusən çox çətin olacaq. İndi onların güclü dəstəyi var və federasiya təklifindən boyun qaçıracaqlar. Öz erməni çarlıqlarını qurmağa çalışacaqlar.

 

Mən: Mən buna şübhə edirəm. Əlbəttə, çalışacaqlar, amma çətin ki, istədiklərinə nail ola bilsinlər. İnanmıram və belə fikrin mümkünlüyünü yaxına da buraxmaq istəmirəm. Türkiyə Ermənistanının muxtariyyəti - bax, bu başqa məsələdir. Amma məlum deyil ki, hansı sərhədlər daxilində...

 

Nazir: İstənilən halda onlarla qarşı-qarşıya gəlmək çətin olacaq. Bəs ermənilərlə gürcülər doğrudan da sizinlə bir federasiyada birləşmək istəməsələr, o zaman nə edəcəksiniz? Axı, onda tamam tək qalacaqsınız...

 

Mən: Nə olacaq ki? O zaman indi etdiyimiz kimi ayrıca dövlətimizi quracağıq. Nə ermənilərdən, nə də gürcülərdən heç bir qorxumuz yoxdur. Bundan sonra Rusiyanın tərkibinə qayıtmağı isə qətiyyən istəmirik. Ortaya nə cür çətinliklər çıxsa da, ümid edirəm ki, batıb-qırılmarıq, çünki indinin özündə də Vilson prinsipləri əsasında müstəqil siyasi həyat yaşamaq üçün bütün imkanlarımız var. Əgər İran müstəqilliyimizi  həqiqətən də istəyirsə, bu məsələdə bizə kömək etməlidir.

 

Nazir: Təəssüf ki, sülh konqresində səsimizin və sözümüzün elə bir əhəmiyyəti olmayacaq. Türkiyənin rolu bizdən də zəif olacaq, çünki onu hər tərəfdən boğurlar. Eyni zamanda, Vilson prinsiplərindən başqa tarix, tarixi haqq məsələsi də var. Bu baxımdan əsrlər boyu İran şahlarının hökmü altında olan Zaqafqaziyanın vəziyyəti sizə də yaxşı məlumdur. Güman edirəm ki, sülh konqresi tarixi haqq məsələsinin yerli-dibli inkar edə bilməz.

 

Mən: Yəni demək istəyirsiniz ki, İran bizim Azərbaycanımıza olan hüquqları məsələsini qaldıracaq, yaxud qaldırır? Bəlkə İranın tarixi hüquqlarına qarşı daha qədim xarakterə malik digər hüquqlar ortaya qoyulacaq? Amma az öncə bacardığınız qədər kömək edəcəyinizi demişdiniz. Əgər buna gücünüz çatmasa və tam köməksiz vəziyyətdə qalsaq, onda bəlkə də bizim İranla birlikdə olmağımız kombinasiyası baş tuta bilər. Bəs buna necə, gücünüz çatar? Sülh konqresində öz tarixi hüquqlarınızı qorumaq niyyətinizlə bağlı Bakıda danışmısınızmı, ümumiyyətlə, məsələni bizim hökumətlə müzakirə etmisinizmi? Dedikləriniz mənim üçün yenidir, dərindən fikirləşməyə ehtiyac var. Amma istənilən halda, təşəbbüs sizindir.

 

Nazir: (bir qədər fikirləşəndən sonra) Əlbəttə, müzakirə etmək lazımdır. Həm sizin, həm də bizim üçün fövqəladə əhəmiyyətə malik məsələdir. Ona görə də Parisə mümkün qədər tez gəlməyiniz lazımdır. Təəccüblənirəm, rəhbərliyiniz altında Parisə getməli olan  nümayəndə heyəti niyə indiyə qədər burada yoxdur? Düşünürəm ki, tezliklə gələrlər ( saatına baxır). Oho, tezliklə saat on bir olacaq.

 

Mən: Bizim nümayəndələrin adlarını bilirsinizmi? Neçə nəfərdirlər?

 

Nazir: Doğrusu, yadımda qalmayıb, bilmirəm. Salamat qalın. Yenə görüşərik. Nədənsə, bizim gəmi də ləngiyir (yerindən qalxır, vidalaşırıq).

 

Rus dilindən tərcümə: Vilayət Quliyev

 

525-ci qəzet.-2017.-2 dekabr.-S.6-7.