O işıqlı ad - Tofiq Quliyev

 

ANAR

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri

 

Bu il noyabrın 7-də Tofiq Quliyevin yüz yaşı tamam oldu. Amma nədənsə adama elə gəlir ki, Tofiq Quliyevin ölməz mahnılarının yaşı yüzdən çoxdur.

 

Xalq mahnıları kimi qəbul edilən, yaddaşlarda iz buraxan bu musiqilər millətimizin folklorunu, xarakterini, qədimlərdən gələn ənənələrini, hiss duyğularını canına hopdurub.

 

Bu mahnıları anamızın laylası kimi doğma, əziz bilməyimiz, nəsil-nəsil adamların bu mahnılarla böyüyüb tərbiyə olunması rəhmətlik Tofiq müəllimin təkrarsız istedadının, qeyri-adi peşəkarlığının göstəricisidir.

 

Tofiq Quliyev elə bir sənətkardır ki, onun hər mahnısından bir esse, hekayə, bəlkə daha irihəcmli əsər yazmaq olar. İnsana xas olan bir çox nəcib hisslər, zərif duyğular onun əsərlərində öz əksini tapıb. Bu günlərdə, ölməz bəstəkarımızın yüz illiyi ərəfəsində hələ sağlığında yazdığım bir təbrik məqaləmi xatırladım.

 

Məncə, o mahnılar yaşadıqca Tofiq Quliyev yaşayır, elə ona görə bəstəkarın sağlığında qələmə aldığım təbrik yazımı oxuculara təqdim etmək qərarına gəldim...

 

Tofiq Azərbaycanda ən çox yayılmış adlardan biridir, Quliyev ölkəmizdə tez-tez rast gəldiyimiz soyaddır. Amma Tofiq Quliyevbirləşməsiyalnız belə bir assosiasiya yaradır: sehrli melodiyalar, səmavi vergi, insanlara sevinc, tərtəmiz, işıqlı duyğular bəxş etmək, onların simasında təbəssüm yaratmaq istedadı...

 

Deyilənə görə, Tofiq Quliyev olduqca əlamətdar məqamda - “Avrora”dan yaylım atəşi açıldığı ildə, ayda, gündə, hətta həmin saatda dünyaya gəlib. Sovet hökümətinin Azərbaycan mədəniyyətinin inkişafı üçün etdiklərini danmadan, onu da vurğulamalıyam ki, bu yaylım atəşilə başlanan hadisələr xalqımıza, həmçinin Tofiq Quliyevin ailəsinə xeyli kədər, müsibət faciələr gətirdi. elə bu dərdlərdən təsəlli kimi tale xalqımıza Tofiq Quliyevi - bizi ümidsizlikdən, ruh düşkünlüyündən, üzücü həsrətdən qoruyub uzaqlaşdıran sənətkarı bəxş etdi. O, böyük bir hikməti bizə öyrətmiş oldu: bu dünyada böyük sarsıntılardan başqa böyük bir təsəlli olan Musiqi var. Üzeyir Hacıbəyov məktəbinin parlaq davamçılarından biri olan Tofiq Quliyevin adı Qara Qarayev, Niyazi, Fikrət Əmirovla yanaşı çəkilir. Mən bu sənətkarların fərqlərini, işlədikləri janrların müqayisəyə belə gəlməməsini çox yaxşı dərk edirəm. Amma düşünürəm ki, öz janrında birinci olmaq, başqa bir janrdaçoxlarından biriolmaqdan daha yaxşıdır.

 

Tofiq Quliyev Azərbaycan musiqisinin klassikidir, Azərbaycan cazının banisidir, 40-cı illərinmusiqi dissidentidir”, bizim həm zaman etibarilə, həm mahnılarının əbədiyaşarlığı baxımından birinci professional mahnı bəstəkarımızdır. Yarım əsr bundan əvvəl yaradılmış mahnıları indi , lap ilk dəfə ifa olunurmuş kimi, təzədir. Dahi Bülbülün, Şövkət Ələkbərovanın, Müslüm Maqomayevin, Fidan Xuraman Qasımovaların, Mirzə Babayevin, Akif İslamzadənin, Flora Kərimovanın ifasında, Vaqif Mustafazadənin, Fərhad Bədəlbəylinin interpretasiyasında səslənən mahnılar bu gün Brilliant Dadaşovanın, Azər Zeynalovun yeni nəslə mənsub başqa vokalçılarının ifasında təzədən doğulur sanki.

 

Üzeyir HacıbəyovunArşın mal alan”ı Rəşid Behbudova dünya şöhrəti gətirdi, amma onun təkrarsız bir müğənni kimi yetişməsində Tofiq Quliyevin mahnılarının rolu böyük oldu.

 

Bizim bir çox bəstəkarlarımız yaxşı mahnılar yazıblar, indi yazırlar. Tofiq Quliyevin isə bir ciddi fərqi budur ki, o, çox gözəl mahnılar yazır təbii olaraq pis mahnılar yazmağı bacarmır. Bunu sadəcə söz oyunu naminə demirəm. Tofiq QuliyevBəxtiyarfilminin sujetinə uyğun olaraq, “haqq yolundan çıxmışBəxtiyarın - Rəşid Behbudovun oxuması üçün bir-iki zəif mahnı yazmalı idi. Hətta buzəifmahnılar da o qədər istedadla yazıldı ki, bizim məşhur müğənnilərimizin repertuarına daxil oldu onların hansı mətləb naminə bəstələndiyi tezliklə unuduldu.

 

Bir dəfə rəhmətlik Şəmsi Bədəlbəylinin kabinetinə girəndə telefonla danışdığını gördüm. Şəmsi müəllimin ovqatında dərin hüzn kədər duyulurdu. Dəstəyi asandan sonra telefonu işarə edib: - Tofiq Quliyev idi, - dedi, sonra da hüznlə əlavə elədi, - bilirsən, mənə deyirdi? Deyir, Şəmsi, sən Allah ölmə, bizim nəsildən, demək olar ki, heç kəs qalmayıb...

 

Təəssüf ki, tezliklə Şəmsi müəllim dünyasını dəyişdi. XX əsrin ikinci yarısında Tofiq Quliyevlə birgə Azərbaycan milli mədəniyyətinin nadir, unikal nümunələrini yaratmış həmkarları - Bülbül, Rəşid Behbudov, Qara Qarayev, Niyazi, Lətif Səfərov, Həsən Seyidbəyli, Tofiq Kazımov, Rəsul Rza - heç biri həyatda yoxdur artıq.

 

Bu günlərdə Tofiq müəllim ona bağışladığım kitabın avtoqrafını yada saldı: “Atamın dostuna, dostumun atasına”. Mən Tofiq Quliyevin oğlu Eldarla dostluğumdan qürur duyuram, amma Tofiq Quliyevin atamla dost olmasından daha artıq fəxarət hissi keçirirəm. İki insanın, kişinin yaradıcı adamın dostluğunun gözəl nəticələri oldu, unudulmaz mahnılar yarandı bu dostluqdan. BunlardanSənə qalmaz”, “Üzüyümün qaşıartıq uzun illərdir ki, xalq mahnıları kimi qəbul edilir, sevilir.

 

Üzüyümün qaşı” mahnısında belə misralar var: Yaman gündə dost əlindən bərk yapış, Dünyanın həvəsi keçib gedəndi”. Əziz Tofiq müəllim, sizin Rəsul Rzanın xatirəsinə sədaqətinizə dəfələrlə əmin olduğum üçün bu sözləri məhz sizə aid edirəm. Amma “Sənə də qalmaz”ın sözlərini heç cür sizə aid etmək olmaz. Sizin istedadınızın gözəl bəhrələri bu gün də, yarım əsr bundan əvvəl olduğu kimi, keçmiş SSRİ-nin, indiki MDB-nin, yaxın və uzaq ölkələrin yaxşı və çox da yaxşı olmayan adamlarını valeh edir. Sizin bir vaxt Şəmsi müəllimə dediyiniz sözləri təkrar etmək istəyirəm. Bəzən ölümlə zarafat edirsiz, amma etməyin, nə olar?! Siz hələ çox-çox uzun illər yaşamalısınız, borclusunuz yaşamağa. Ən azı ona görə ki, biz Sizin simanızda artıq bu dünyada olmayan o adamları - parlaq nümayəndələrindən biri olduğunuz nəsli xatırlayırıq, dəyərləndiririk, sevirik və minnətdarlıq duyğusu ilə anırıq.

 

Sizi təbrik edir, bağrıma basıram!

 

525-ci qəzet.-2017.-2 dekabr.-S.9.