Elnarə Akimova haqqında bitməmiş
fikir
Tehran ƏLİŞANOĞLU
Elnarə Akimovanı ədəbi aləmə
tanıtmağa hacət yox. Tənqidçi
imzasını nə vaxtdır övraqi-ədəbiyyata
yazmış birisidir Elnarə Akimova. Hər
həftə ədəbi həyatımızın baş salnaməsi
olan “Ədəbiyyat qəzeti” ilə ünsiyyəti mən
Elnarə Akimovadan başlayır; və sonra əhatəsinə
baxınıram. Görəm ki, ədəbi
prosesdə daha nə var, nə yox; daha kimlər daha nələr
söyləyir.
Təkcə
ona görə yox ki, Elnarə Akimova “Ədəbiyyat qəzeti”ndə
həmişə vardır; başlıcası ona görə
ki, ədəbi gündəmdə Elnarə Akimova faktoru
vardır; və yazılarında(n) bizim doğma-milli-lokal ədəbi
prosesimizin mütləq istisi-soyuğu, ritmi-ahəngi, ümumən
mənzərəsi görsənir. Gündəm oxucuları
bilmir; biz axı ədəbiyyatın içində oturanlar
yaxşı bilirik: Elnarə Akimovanın qələmində, əslində,
çağdaş ədəbiyyatımızın
bütöv bir təcrübəsi, biliyi, arsenalı
danışır; çoxlu açıq və gizli sitatlarda(n), bu günə gəlib
çıxmış azman ədəbiyyatımızın
dopdolusu baqajı, cəbbəxanası danışır.
Günün tənqidçisi olmaq çətindir. Günün tənqidçisi
həmişə öz sözünü demir ki; təcrübəmdən
bilirəm, bəzən olur ki, ədəbiyyatı qoyub,
dövrün, zamanın, ilin, ayın, hətta həftənin
sözünü söyləyir. Təkrarən,
ya orijinal; ədəbiyyatın yox, çağın Ədəbiyyata
münasibətini ifadə edir. Bizdə bir
zaman tənqid ədəbiyyatın vicdanıdır - deyirdilər.
Bunu bu gün bu şəkildə qavramaq çətin
olar; amma Elnarə Akimovanın tənqidində mən Yaşar
Qarayevdən günümüzəcən gedib-gələn
çağdaş tənqidimizin nəfəsini aydın
duyuram. Elnarə Akimovanın hər
yazısında ədəbi tənqidimizin gücü, enerjisi,
səriştəsi danışır. Özü
danışmasın qoy heç; yaddaşı,
altyaddaşı danışır.
Elnarə Akimova həm də müasir Azərbaycan ədəbiyyatının
problemləri ilə ardıcıl məşğul olan ciddi və
məhsuldar ədəbiyyatşünaslarımızdandır. Bax, bu barədə
danışmağa hacət var, məncə. Çün mənimcə, ədəbi aləm,
azmış kimi, ədəbiyyatşünas Elnarə
Akimovanın da varlığının çox da
marağında, hətta deyərdim, heç fərqində də
deyildir. Amma deyim ki, biz elmi-ədəbi
korpusda oturanlar nəinki bunun fərqindəyik, üstəlik,
heyətimizin daha bir sanballı tədqiqatçı
hesabına güclənməsinin əməlli-başlı
marağındayıq. Elnarə Akimova biz tərəfə
bir ətək də yaxınlaşaraq, son illərdə
apardığı gərgin tədqiqatlar nəticəsində
dissertasiya janrında, filologiya elmləri doktoru alimlik dərəcəsi
almaq üçün “Müstəqillik dövrü Azərbaycan
poeziyası müasir ədəbi təmayüllər
işığında” adlı bir iş ortaya qoymuş, əsasında
monoqrafiya da çap etdirmişdir: “Çağdaş poeziya və
ədəbi təmayüllər” (Bakı, “Elm və təhsil”,
2016). İş maraqlıdır, məzmunludur; və tam ürək
rahatlığı ilə demək olar: bu sahədə də
Elnarə Akimova imzasının möhürünü
daşıya bilir. Təbrik edək və müdafiəsində
uğurlar diləyək!
Elnarə Akimova ədəbiyyat elmimizə tənqidşünas-alim
kimi qədəm qoymuşdur. “Müstəqillik
dövrü Azərbaycan ədəbi tənqidi (1990-cı illər)”
tədqiqatı və monoqrafiyası ilə (“Azərbaycan ədəbi
tənqidi müstəqillik illərində”, Bakı, 2009).
Ədəbiyyatşünaslığa tənqid
elmini öyrənməkdən başlaması Elnarə
Akimovanın gücüdür; və bu, onun ədəbi tənqidçilik
istedadını da, “müasir ədəbiyyat”
axtarışlarını da əvvəlcədən
stimullaşdıran, elmi axara salan başlıca amillərdəndir.
1990-cı illərin mürəkkəb, qarışıq,
sovet dövrü platformasından müstəqilliyə
keçid relslərinə çətin adlayan ədəbi-tənqidi
prosesindən baş açmaq, buna görə daha əvvəlki,
1960-1980-ci illərin tənqid təcrübəsini, Kamal
Talıbzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev, Akif
Hüseynli, Şamil Salmanov, Elçin, Rəhim Əliyev,
Şirindil Alışanlı, Nadir Cabbarlı, Vaqif Yusifli,
Nizaməddin Şəmsizadə, Tofiq Hacıyev, Aydın Məmmədov,
Arif Əmrahoğlu, Kamal Abdullayev, Nizami Cəfərov və
daha neçə tənqidçilərin işi, fəaliyyətini
yeni nəzərlə, müstəqillik ideyaları
işığında nəzərdən keçirmək,
üstəlik, yeni tənqidçi imzaları - Tehran
Əlişanoğlu, Cavanşir Yusifli, Rasim Mirzə, Rüstəm
Kamal, Əsəd Cahangir və b.-larının prosesə gətirdiyi
yeni ədəbi ideya və baxışları görmək, dəyər
və səciyyə vermək, ümumən yeni ədəbi-tənqidi
prosesi təsnif etmək, mövzularını, problemlərini,
istiqamət və tendensiyalarını üzə
çıxarmaq və s. və s. heç də asan məsələ
olmayıb əsl hünər istəyirdi və gənc tədqiqatçı
bacarıq və böyük entuziazmla bu işin öhdəsindən
gələ bilmişdi. Bu günə qədər minnətdaram
ki, o zamanlar elmi tribuna tapammadığımdan “qəzet
divanı” kimi ortaya qoyduğum “tənqid traktatı”nı - yüz yazıdan ibarət “Ədəbiyyat
söhbəti”ni də (bax: “press-Fakt” qəzeti, 1995-1997) Elnarə
Akimova elmi konsepsiyalar qismindən dövriyyəyə daxil
etmiş, elmi instansiyaların qəzetçiliyə mənfi
münasibətinə rəğmən dövrün təzahürü
kimi qiymətləndirmişdi.
Qətiyyətlə
demək olar: Elnarə Akimovanın birinciliyindən sonra
müstəqillik dövrü ədəbi tənqidinin problemlərinə
dair daha neçə-neçə dissertasiyalar
yazılmışsa da, tənqidşünas-alimin namizədlik
işi, habelə “Azərbaycan ədəbi tənqidi müstəqillik
illərində” monoqrafiyası həmin mövzuda birincilik
reytinqini bu gün də qoruyub-saxlayır. Məhz bütün
bunlara görədir ki, AMEA Nizami adına Ədəbiyyat
İnstitutunda akademik İsa Həbibbəylinin ideya rəhbərliyi
və elmi redaktorluğu ilə çapdan
çıxmış “Müstəqillik dövrü Azərbaycan
ədəbiyyatı” ikicildliyində də (Bakı, 2016)
dövrün ədəbi tənqid mənzərəsini
yaratmaq kimi mürəkkəb vəzifə Elnarə Akimovaya həvalə
olunmuş və o da, təbii ki, bunun öhdəsindən
layiqincə gələ bilmişdir.
Bu ki, ədəbi tənqiddən başlanan “tənqid
marafonu”nda Elnarə Akimova üçün sanki fəlsəfə
doktorluğundan filoloji elmlər doktorluğuna əl uzadıb
çatmaq qalırdı. Amma tənqidşünas-alim
doktorluq mövzusunu şeirşünaslıqdan
götürdü, bu dəfə müstəqillik dövrü
Azərbaycan poeziyasını araşdırmağı predmet
seçdi. Yalnız ədəbiyyatın
daha da dərinlərinə baş vurmaq istəyənlər
belə edir. Tənqidşünaslıq ədəbiyyatın
refleksiyasının, yəni mətn haqqında mətnin
araşdırılmasıdır, şeirşünaslıq -
bilavasitə ədəbiyyatın. Son illərdə
dərc etdirdiyi, müstəqillik illəri poeziyasının ən
müxtəlif məqamlarına işıq salan
çoxsaylı məqalələri də, doktorluq
dissertasiyası da göstərdi ki, Elnarə Akimova doğru
yoldadır, özünə-güvəncdə heç də
yanılmamışdır. Ən önəmlisi - Elnarə
Akimovanın müasir Azərbaycan poeziyası haqqında
öz anlayışı, düşüncələri, elmi qənaətləri
olmasıdır və bütün bunların ilk cümlədən
son akkordlara qədər, hər fəsil, hər bənd, hər
abzasda, fikir tutumundan müəllifin sintaksisinə qədər
dissertasiyada əksini tapa bilməsidir. Dissertasiyanın
arxasında ciddi tədqiqat dayanır. Elnarə
Akimova müasir poeziyamızı bilir, bu barədə
düşünməyi və yazmağı bacarır.
Dissertasiya janrı predmetə konseptual yanaşma tələb
edir, burda ümumi mülahizələrlə, yalnız bu və
ya digər tənqidçi qənaətləri ilə
keçinə bilməzsən. Aydın görünür ki, Elnarə
Akimova bunu da bilir və predmet üzərində(n)
özünəxas konsepsiya qurur. İlkin tanış
olduğum variantda müəllif tədqiqatı üç fəsildə
strukturlaşdırmış, birinci fəsildə (“Azərbaycan
poeziyasında ədəbi təmayüllərin inkişaf mərhələləri”)
tarixən gəlişmə kontekstində, ikinci fəsildə
(“Milli müstəqillik və yeni poetik mərhələnin
başlanğıcı”) nəzəri prizmadan,
üçüncü fəsildə isə praktiki, real nəticələrində
- müstəqillik illəri Azərbaycan poeziyasını ədəbi
təmayüllər işığına tuta bilmişdir.
Doğrudur, fikir var ki, guya doktorluq dissertasiyası akademik
olaraq, üç deyil, beş fəsildə
olmalıdır, amma bu, işin formal tərəfidir.
Dissertasiyanın həcmi və ehtiva etdiyi materiallar kifayət
qədər imkan verirdi ki, müəllif onu üç deyil, beş fəsildə reallaşdırsın. Təsadüfi deyil ki, son variantda, habelə
monoqrafiyada həmin şərtə də riayət
olunmuşdur. Amma Elnarə Akimovanın
ideyası elə üç fəslə də
sığır və aydın şərhini tapırdı.
Monoqrafiyada məni ən çox son üç fəsil
(əvvəlki variantda üçüncü fəsil) razı
saldı. Çünki işin canı burdadır; burda konkret
tədqiqat var, müstəqillik illəri poeziyasının
canlı mənzərələri var; təmayülləri,
yaxud da təmayülləşmə meylləri
görünür. Başlıca olaraq modernizm məcrasında
inkişaf edən, milli şeir ənənələrini gəlişdirən
müstəqillik illəri şeiri burda bəzən
adlar-imzalar, bəzən mövzular-tendensiyalar, bəzən
poetik-üslubi qabarma və çəkilmələr müstəvisində
kifayət qədər professional, aydın, arqumentli təhlil və
şərh olunur. Poetik hadisələrə
münasibət və rəy bildirilir, tendensiyaların, bu və
ya digər təzahürlərin kökünə diqqət
yetirilir və tənqidçi-ədəbiyyatşünas səriştəsi
ilə dəyərləndirilir. Məsələn,
poeziyamızda postmodern təzahürlərə kifayət qədər
anlaşıqlı yanaşılsa da, son halda bəhrəsizliyi
qənaəti ifadə olunur. Əksinə,
milli ənənələr üzərində gəlişən
şeirin bəhrələrinə diqqət və önəm
verilir və s.
Bu zaman bir cəhət diqqətimi məxsusi cəlb etdi. “Ədəbi təmayül”,
“izm” hadisəsi ədəbiyyatımıza, təbii ki, Qərb
ədəbiyyatından nüfuz etmiş və kifayət qədər
milli əsasda - “füyuzatçılıq” (romantizm) və
“molla nəsrəddinçiliy”in (realizm) təcrübəsində
yaradıcı şəkildə dərk və həzm
olunmuşdur. Milli ədəbiyyatşünaslıq elmi də az qala yüz ildir həmin çevrə ətrafında
dolanaraq (bir addım əvvələ - maarifçilik, bir
addım bu yana - sosrealizm), sanki dairədən çox da
uzaqlaşmağa meyl etmir. Bəs sonrası?
Dünya ədəbiyyatı təcrübəsində
qarşısıalınmaz modernizm (yenilikçilik,
müasirlik, gündəmlik, XX yüzil çevrilişləri)
epoxası gəlir ki, güman, milli ədəbiyyatın
axtarışları da həmin kontekstdən kənarda
deyildir. Hər halda milli ədəbiyyatşünaslığa
da həmin nəzəri postulatı tədqiqatda sınamaq
qalır. Doğrudur, müstəqillik
zamanından ürkək-çəkinə belə addımlar
atılmaqdadır; hətta son zamanlarda bu istiqamətdə
dissertasiya mövzuları da intensivləşib. Amma pisi odur ki, bəzən sadəcə yeni
ideyanın havasını alaraq, tədqiqata söykənmədən,
kor-koranə Qərb “izm”lərini milli ədəbiyyata yazmaq və
yozmaq yanlışları da mövcuddur. Görək,
Elnarə Akimova nə edir?
Nə yaxşı ki, qəhrəmanımızın tənqidşünas-alim
səriştəsi vardır və hələ 1990-cı illər
ədəbi tənqidinin təcrübəsindən bilir ki, bir
növ “tətbiq tənqidi” heç də həmişə
özünü doğrultmur. Tədqiq
materiallarının içində yaxşı üzməyi
bacaran Elnarə Akimova yanaşma strategiyasını da
düzgün seçir. Əvvəlcə (III fəsil)
“Dünya ədəbi təmayüllərinin
çağdaş poeziyada dərki” səviyyəsini üzə
çıxarmağa çalışır və qoyulan
problemlər: 1) Poeziyada çöküş fəlsəfəsi.
“Dekadentizm” anlayışı və onun ədəbiyyatda təzahür
formaları; 2) Müasir poeziya və modernist cərəyanlar;
3) “Yeni dünya” həqiqətləri - postmodernizm - cavab
axtarışlarını da səmtləndirir...
Daha sonra
(IV fəsil) milli şeirin öz təcrübəsindən
(“Çağdaş şeir və milli “izm”) tədqiqat
materiallarına boylanır və nəticələri iki bənddə:
1) Yeni düşüncə və bədii-estetik dəyərlər;
2) Ənənəvi mövzulara yeni baxış - kimi problemləşdirir.
Hər iki baxış: dünya ədəbi-nəzəri təcrübəsindən
və milli poeziya arsenalından predmetə
çıxış ən nəhayət (V fəsil), tədqiqatçıya
müstəqillik dövrü ədəbiyyatında “Poetik
axtarışların səciyyəvi xüsusiyyətləri”ni problemləşdirməyə: 1) Yeni forma, məzmun
yeniliyi və ideya-bədii axtarışlar müxtəlifliyi;
2) Yeni dövr poeziyasında lirik qəhrəman problemi. Postmodernist poeziyada bədii fiqur; 3) Modern dünya,
insan və “mən” konsepsiyası; 4) Poeziyada qadın
başlanğıcının yeni meyl və tendensiyalarda təzahürü
- və bu barədə elmi qənaətlərini ortaya
qoymağa imkan verir. Bu və ya digər məqamlarda tədqiqat
qənaətləri ilə mübahisə etmək olar, amma mənimcə,
nəzəri-metodoloji yanaşma özünü tamamən
doğruldur, müstəqillik dövrü poeziyamızın
ümumi mənzərəsi və gəlişmə
tendensiyalarını bütövlükdə görməyə,
habelə dərk
etməyə imkan verir.
Məxsusi qabartmadığım digər (I və II) fəsillərdə
də dissertant kifayət qədər səriştəli,
aydın qənaətlərdən çıxış edir, tədqiqat
predmetinin üstünə gəlmək, əsas
sözünü demək üçün, bir növ zəmin
hazırlayır. Bu zaman istər-istəməz şərhçilik,
icmalçılıq, sitatçılıq yaranmalıdır
və yaranır da. Axı min illik
poeziyanı bir dissertasiyanın bir fəslində izləyib,
inkişaf meyllərinə necə elmi hökm vermək olar?!
Sadəcə ekskurs etməyin özü bir
hünərdir və Elnarə Akimova bunu bacarır. Mövcud tədqiqatlara söykənərək, hər
bir poetik mərhələni (orta çağlar, XX əsrin əvvəlləri,
sovet dönəmi, 60-cı illər) öz dilində,
başlıca təmayüllərində görə-danışdıra
bilir. Bu halda əsərdə bəzən,
şəxsən mənə səthi görünən yerlər
də nəzərə çarpır. Məsələn,
sovet dövrü ədəbiyyatının tədqiqatçısı
olaraq, sosrealizm ədəbi cərəyanının yalnız
ideoloji aspektdən, yaxud 60-cı illər şeirinin təkcə
sərbəst şeir problemi ətrafında nəzərdən
keçirilməsi məni o qədər də qane etmədi.
Monoqrafiyada maraqlı bir polemika da diqqətimi çəkdi. Poeziyamızda
1960-cılardan başlayan növbəti mərhələnin
“yenilikçi”, “modernist”, ya “anti-modernist” səciyyəsi barədə
Elnarə Akimova bu dövr poeziyasının başqa bir
araşdırıcısı, “Milli oyanış və
özünəqayıdış lirikası” tədqiqatının
müəllifi Yaşar Qasımbəyli ilə elmi mübahisəyə
girir. Hər iki tədqiqata bələd
olduğumdan zənn etmirəm ki, tədqiqatçılar
arasında dərin fikir ayrılığı var; mübahisələr
daha çox sözlərdə, terminolojidə, tədqiqat nəticələrini
ifadə çətinliyindədir. Məncə, Yaşar
Qasımbəyli tədqiqatında 1960-cı illər
şeirini 1920-1930-cu illərin hər cür, o cümlədən,
“estetik inqilabçılığı”ndan təmizləməklə
və bu mənada “anti-modernist” səciyyədə təqdim
etməklə, əslində, onu “milli şeiri”n (altqatdakı)
davamı kimi görür; Elnarə Akimova isə “milli
şeir”in 1920-1930-cu illərdə qırılıb, özgələşib,
1960-cılardan yenidən və yeni tərzdə dirçəlməsi
kimi. Aşkar görünür ki, hədəfdə
- daha da dərin tədqiqatını gözləyən
1920-1950-ci illərin “sovet dövrü” milli şeiridir. Ona da inanıram ki, problemin çözülməsində
dövrün tədqiqatçıları sırasında
yetkin bir şeirşünas kimi Elnarə Akimovanın gələcək
tədqiqatlarının da vacibən yeri olacaq.
Bu fikri həm
də o baxımdan əsaslı bilirəm ki, Elnarə
Akimovanın “Çağdaş poeziya və ədəbi təmayüllər”
monoqrafiyasında(n) görünən tədqiqat
ideyası konkret araşdırma predmetindən (müstəqillik
dövrü poeziyası) daha genişdir, məncə. Bir daha şeirşünas-alimin
çıxış nöqtəsi kimi təkanlandığı
elmi konsepsiyaya qayıdıram. Bütövlükdə,
Elnarə Akimova müasir (modern) Azərbaycan şeirinin təşəkkül
və formalaşma zəminini XX əsr dekadansında
axtarır və çabalarında az qala əsrin
əvvəllərinə qədər enir. İdeya
özlüyündə maraqlıdır və hesab eləmirəm
ki, ilkindir, məhz Elnarə Akimovaya məxsusdur (Tədqiqatda
yeri gəldikcə digər mənbələrlə
yanaşı, alimin mənim məqalələrimə də, o
cümlədən, “Çağdaş Azərbaycan ədəbiyyatında
modernizmin gəlişməsi”, 2004; “XX əsr ədəbiyyatı
- tarixi-tipoloji vahid kimi”, 2006 və s.-ə isnadını da
unutmuram). Amma şəksiz ki, İdeyanın
milli poeziya müstəvisində bu genişlikdə, belə
israrla, konseptual tətbiqi
düşündürücüdür və xüsusən
Hüseyn Cavid yaradıcılığına münasibətdə
daha da əsaslıdır.
İstər-istəməz
sual doğur: indiyəcən ədəbiyyatşünaslıqda
ədəbiyyatımızın romantizm-realizm mərhələsi
kimi öyrənilmiş XX əsrin əvvəlləri
şeirinin dekadentizmə aid edilməsi nə dərəcədə
doğrudur? Amma əgər konseptual şəkildə
tətbiq olunursa, dəlilləri də kifayətedici
olmalıdır. Bütün dramatizmi, faciəvi
mahiyyəti ilə birgə milli ruh yüksəkliyini də
özündə ehtiva edən romantizm, ya ruh
düşkünlüyünün fəlsəfi ifadəsi olan
dekadans? Dissertasiyada və monoqrafiyada bu
suallara, təbii ki, cavablar yoxsa da, ötən əsrin əvvəlləri
Azərbaycan ictimai-bədii fikrində dekadans ideyası
özlüyündə maraqlı və hətta cəzbedici
görünür. Bir anlığına: geniş Qərb-Şərq
qarşılaşması və düşüncələri,
milli filosofların ulu Şərq xiffəti, Əlibəy
Hüseynzadənin Turançılığı fonunda dekadans
ümum-Şərq romantizmi və habelə realizmi hadisələrini
də daha əvvəllərdə(n)
aramağa impulslar verir. Və üstəlik, üstəgəl
bu gün Elnarə Akimovanın da məcrasında qələm
çaldığı Azər-turançılıq
ideyaları...
Kamal Abdulla tədqiqatlarından birində Sözü - mifin, Cümləni isə yazının ifadəçisi hesab edir. Hər bir “yazı”çı kimi, məncə, hər bir alimin də bütünlükdə potensialını görükdürən Cümləsi olur. “Çağdaş poeziya və ədəbi təmayüllər” elmi əsəri, şəksiz ki, ədəbiyyatşünaslığımızda Sözdür, mühüm tədqiqat ideyasını özündə qapsayır. Amma bu hələ ədəbiyyatşünas Elnarə Akimovanın tədqiqatçı istedadının cəmisi (cümləsi) deyil; cümlə haqqında sadə tərifi yada salsaq, Elnarə Akimova imzası bizim ədəbiyyat aləmində hələ bitməmiş fikirdir. Hər halda mən belə düşünürəm və çox yaxın əyyamlarda elmi-ədəbi dairələrin də buna tam əmin olacağına şübhə etmirəm. Uğur olsun!
525-ci qəzet 2017.- 16 dekabr.- S.17.