Markesin ölümü
Hekayə
Kamran İMRANOĞLU (ƏLİYEV)
Əməkdar elm xadimi
-
Oğul, bala, and olsun Allaha, bu dünyanın elə işləri
var ki, o işdən Allahdan başqa heç kəsin
başı çıxmaz. İstədim deyəm
ki, heç Allahın da başı çıxmaz, amma qorxdum,
Allahın özündən qorxdum.
Heç uşaqlığın yadına
düşürmü? Bilirsən, nəyi deyirəm? Sənin iki-üç yaşında bir kiçik
qardaşın vardı. Uşağa da sənin
babanın adını qoymuşduq: Baftalı Salah. Yox, elə
beləcə Salah! Bir gün uşaq bərk xəstələndi
və ananla bir yerdə onu rayon mərkəzindəki xəstəxanaya
apardıq. Onsuz da kənd yerində həkim
tapmaq çətindir. Olanlar da köçüb rayon mərkəzində
yaşayırlar: həm xəstəxanaya yaxın, həm də
üst-başları tər-təmiz. Sabir həkimi
tanıyırsanmı? Dayın Qəşəmin
uşaqlarını sünnət eləyən həkimi deyirəm.
Çətin tanıyarsan, tanısan da beynində
yəqin o qalıb ki, Sabir həkim sünnət həkimidi.
Yox, bala! Gözünü aç, yan-yörənə diqqətlə
bax! Oturub-durduğun, salam verdiyin
adamları yaxşı-yaxşı tanı. Tanı ki, sabah sənə xeyirləri olmasa da,
ziyanları da dəyməsin. Hə, Sabir həkimi deyirdim, Sabir
həkim sünnət həkimi deyil, cərrahdı, cərrah!
Hələ arvadı da həkimdi, oğlu da həkimdi,
qızı da həkimdi. Hərdən
dostlarınla Mustafa kirvənin uşaqlarının düz
rayonun mərkəzində yerləşən pasyolkadakı
çayçısına gedəndə bir dön sol tərəfə
də bax. Soldakı yaraşıqlı
bina Sabir həkimin şəxsi xəstəxanasıdır.
Leyla Şıxlınskayanın Bakıdakı xəstəxanası
kimi o da rayon mərkəzində özəl bir xəstəxana
açıb. İndi ürəyində
fikirləşirsən ki, atam bunları niyə mənə
deyir? Əslində, elə mən
özüm də fikirləşirəm ki, bunları sənə
niyə deyirəm?
O, bir az fasilə verdi və sonra mətləb
üstünə qayıtdı:
- Kənddə
həkim yox idi, ona görə də kiçik
qardaşını rayon mərkəzindəki xəstəxanaya
aparmışdıq. Bilirsənmi o uşaq
dünyaya niyə gəlmişdi? Bilmirsən,
indi deyim, heç olmazsa, bundan sonra bil. Sənin
dörd bacın var. Matdım-matdım mənim üzümə
baxıb fikirləşirsən ki, bu kişinin, yəni
atamın, deyəsən, ağlı çaşıb,
başı xarab olub. Mən dörd
bacımın olduğunu niyə bilmirəm, ya saymağı
bacarmıram? Bəlkə, məktəb-zad
görməmişəm. Elə bilirsən,
birinci sinifdə oxuyanda saymaq üstündə Şahhüseyn
müəllimin başımızda qoz
sındırdığı yadımdan çıxıb?
Hələ o da yadımdadır ki, Matı
xalanın evində dərs keçəndə Şahhüseyn
müəllim saymaq üstündə çəliklə vurub
uşaqlardan birinin başını da yarmışdı,
uşağın başının qanını saxlamaq olmurdu.
Oğul, bala, sus-pus dayanmağından başa
düşürəm ki, bacılarının sayının
dörd olduğunu bilirsən.
Mən özüm tək oğlan olmuşam, baban da tək
olub, indi sən də tək oğlansan. Təkliyin də
öz aləmi var. Məsələn, Tutu nənə səni
görəndə həmişə başını
sığallayıb deyərdi ki, Allah da təkdir. Elə əslinə qalsa, bu sözləri uşaq
vaxtı mənə də deyiblər. Baban
rəhmətlik söyləyərdi ki, o da Novruz bayramında
qapı-qapı gəzib bayramçalıq yığanda
ağbirçək arvadlardan onun arxasınca söylədikləri
“Allah da təkdir” sözlərini eşidərdi. Rəhmətlik babanı, səni deyə bilmərəm,
amma məndə belə bir fikir var ki, iki qardaş
olmağın bəzi problemləri də olur. Nəcəfalının uşaqlarını
tanıyırsan da, ikisi də saf və təmiz
uşaqlardır. Amma neçə ildir ki,
bir-birlərini qırırlar. Nəyin
üstə? Torpaq üstə, su üstə,
yol üstə. Bilirsənmi onun səbəbi
nədir? Səbəb odur ki, hərəsi
gedib bir tərəfdən qız alıb gətirib. Ay
balam, bizim kənddə qız tapılmırdı?! Yəni bizim kənddə qız belə qəhət
olub?
Əvvəl başlayım Nəcəfalının o
sarıbaş oğlundan. Şirzadı deyirəm də! Eşitməmisən, Nəcəfalının
arvadı qonşunun arvadı ilə dalaşanda qonşunun
arvadı Elmira bacı bilirsən nə deyib? Deyib ki, get o sarı murquzunun dərdini çək.
Nəcəfalının arvadı da əllərini
belinə qoyub hirsli-hirsli soruşub ki, nə olub mənim
oğluma? Yapı-yaraşığı,
boyu-buxunu, geyim-keçimi - hər şeyi yerindədir, ay
külbaş. Elmira bacı da cavab verib ki,
elə külbaş sənin özünsən. Sarı murğuzun çayın o tərəfindən
gətirdiyi arvadı sənin başına kül ələyir,
onun da başında qoz sındırır. Mən demirəm,
o biri gəlinin hay salıb ki, Şirzad şalvarlarını
da özü ütüləyir, hələ corablarını da özü
yuyur. Daha bundan artıq nə olacaq ki?! Bir azdan Şirzadın arvadı öz
corablarını da ona yudurdacaq.
Onun sözlərinin qabağında Nəcəfalının
arvadının matı-qutu quruyub, gözləri bərələ
qalıb və yavaşca geri dönərək evlərinə
gəlib. Orada da duruş gətirə bilməyərək
çəpərin balaca qapısından Şirzadın həyətinə
keçib. Şirzadın çayın o tərəfindən
alıb gətirdiyi arvadı da pilləkənin yanında
durubmuş. Belə məlum olub ki,
Şirzadın arvadı Elmira bacının sözlərini
eşidib. Nəcəfalının
arvadı yavaş-yavaş, dinməz-söyləməz gəlinə
yaxınlaşıb. Gəlin də dinməz-söyləməz
dayanıb və ona baxıb, həm də bu işin
axırının yaxşı olmayacağını xəyalından
keçirib. Nəcəfalının
arvadı ilk dəfə sezib ki, gəlində bir
peşmançılıq hissi var. Amma sezdiyi bu
peşmançılıq hissi Nəcəfalının
arvadının hirsini soyutmayıb. O lap gəlinə
yaxınlaşıb, gəlinin saçlarını əlinə
dolayıb, yerdə sürüyə-sürüyə deyib ki,
ay ləçər, sənin ananı ağlar qoyacağam.
Bax, görürsən, o sözlər var ki, Elmira
bacı deyirdi, onlar Şirzadın qardaşı
arvadının dilindən çıxmasaydı, həmin hadisələr
də baş verməzdi. İndi yadında saxla ki, ailədə tək
oğlan uşağı olmağın da öz faydası var.
Həmçinin, bizim tərəflərdə hamı oğlan
uşağının həsrətini çəkir. Bir evdə oğlan doğulmayanda gecə-gündüz
Allaha dua eyləyir ki, Allah onlara bir oğlan uşağı bəxş
etsin. Bəzən də sonuncu
qızlarına Bəsti, Kifayət, Yetər kimi adlar qoyurlar
ki, daha qızları olmasın.
Düzünü desəm, bizim tərəflərdə
ancaq Bəsti adına rast gəlmək
olar. Hətta Bəsti adlı bir qızın atasına bir dəfə
deyiblər ki, bəs sənin üç oğlun, iki
qızın var, niyə o qıza Bəsti adını vermisən,
o da tövrünü pozmadan cavab verib ki, mən
uşağın adını Bəsti Bağırovaya görə
qoymuşam. Oğul, bala, Bəsti Bağırova
sovet dövründə əmək qəhrəmanı idi, bir
gündə əl ilə 160 kiloqram pambıq
yığırdı. İndi onu da
tanıdınmı?
O,
axırıncı sualı yüksək tonla deyərək
şəstlə oğlunun üzünə baxdı və
davam etdi:
-
Yaxşı, indi deyəcəksən ki, Salahın dünyaya gəlməsinin
bu məsələyə nə dəxli var, ona görə ki,
biz dörd bacı və bir qardaş olmuşuq, yəni
dörd bacı və mən. Bəli, dəxli
yoxdur, amma bəzən olurdu ki, bir oğlu olan ikincisini də
istəyirdi. Məsələn, yadıma gəlir
ki, kəndimizdəki Hacılar məhəlləsindən bir
uşaq Kamçatkaya hərbi xidmətə getmişdi.
O da dörd bacının bir qardaşıydı. Bir gün xəbər çatdı ki, uşaq
Kamçatkada ölüb, gəlin aparın. Heç kəs getmədi, çünki imkanları
yox idi. On beş gündən sonra
uşağın ölüsü gəlib çıxdı. Gəlib çıxana qədər də onların
evində hər gün yas məclisi quruldu. Həmin vaxtlar SSRİ ilə Kitay arasında
yüngülvarı dava olmuşdu və ölənlər də
var idi. Bunu bilən ölmüş əsgərin
atası elə il boyu deyinirdi ki, yalan
danışırlar, mənim oğlumu Kitay davasında
öldürüblər. Niyə deyinirdi, nə
üçün deyinirdi, vallah, axıra qədər heç
kəs bilmədi. Amma anası
ağlayıb-sızlayırdı ki, kaş bir oğul da
doğaydım. Bundan sonra kənddə
bütün arvadlar iki-üç oğlan uşağı
doğmağa başladılar və uşaqların da sayı
səkkiz-doqquza çatdı, çünki uşağın
oğlan-qız olmağı o vaxtlar bilinmirdi. Hətta qonşumuzdakı arvad on uşağı
ötdü və qəhrəman ana oldu. Bax,
görürsən, ikinci oğul doğmağın da belə
sirləri var. Amma sənin qardaşın Salahın dünyaya gəlməsinin
bu məsələlərlə heç bir əlaqəsi
yoxdur. Bir sözlə, o uşağın
dünyaya gəlməsinin səbəbini bilmirsən. İndi danışım, sən də qulaq as.
Əvvəl-əvvəl başı boş əminin
ogünkü söhbətini tamam yadından çıxart. Əminin
şirin-şirin danışdığı Tormoz Hüseynin
uşaq istəməsi əhvalatını deyirəm. Yadından çıxıb, yoxsa özünü
avamlığa qoyursan? Bəs o gün əmin
demədi ki, Tormoz Hüseyn bir gecə bayırda kətildə
yatdığı yerdə hansı yuxunu görüb-görmədiyini
bilmirəm, amma o başdan şalvarını çəkib əyninə
düz birqadir Həsəngilə yollanıb. Həsən də xeyli təəccüblənib ki,
səhər o başdan - qancıq tayadan düşməmiş
Tormoz Hüseynin onların həyətində nə işi
var? Tormoz Hüseyn də onu ədəb-ərkanla
çəkib tövlənin dalına və deyib ki, mənə
də artıq üzüm yaz, aldığımı da səninlə
yarı böləcəyəm. Həsən də
cavabında deyib ki, a kişi, çox
gecikibsən. Əgər doğrudan istəyirsənsə,
gərək arvadını dekretə çıxardasan. Arvadın da dekretə çıxması
üçün uşaq olmalıdır. O da
qayıdıb evə, düşüb arvadın üstünə
və deyib ki, hökmən uşaq doğmalısan. Tormoz Hüseynin arvadı uşaq doğdu da, Tormoz
Hüseyn arvadını dekretə çıxarıb pul
aldı da, onu briqadir Həsənlə böldü də.
Həmin uşaq indi Moskvadadır, yaxşı
pul qazanır. Bunları təkrar edib demək
istəyirəm ki, sənin kiçik qardaşın Salah dekretə
görə də doğulmayıb.
Yenə
fasilə yarandı, yenə o, oğlunun üzünə diqqətlə
baxıb davam elədi:
-
Oğul, bala, bizim nəslin ən böyük dərdi-məlalı
dayın Qəşəmin uşaqlarının olmaması idi.
Elə bilirsən, indiki dövrdür,
uşağı olmayanın çarəsi bir içim su
kimidir. Xəstəxanaya gedirsən, ərizəni
yazırsan, razılığını verirsən, o nədir
eey, köçürürlər qadına, qurtardı getdi.
Bu, o qədər də vaxt aparmır, qadın
olur hamilə. Vəssalam. Lap istəyirsən, əkiz uşağın olsun, bu
da həkimlərin əlindədir. Bəs
o vaxtlar? O vaxtlar qızı ki ərə verdilər,
üstündən heç bir ay keçməmiş,
anasından, qayınanasından yavaşca soruşardılar
ki, nə var, nə yox? Elə ki başlar
bulandı, pıçapıçların əl-ayağını
yığışdırmaq mümkün olmazdı. Sən
onda qızın anası ilə qayınanasının
halına baxaydın, az qalırdılar kənddən
baş götürüb qaçsınlar. Bəs
indi? İndi elə şeylər eşidirsən
ki, adamın əli üzündə qalır. Vallah, utanmasan oynamağa nə var? İki-üç gün bundan əvvəl bir
televiziya aparıcısı başqa bir televiziya
kanalının verilişində iştirak eləyirdi. Əvvəla, ondan soruşan lazımdır ki, ay
qızım, ay bala, öz televiziyanda çıxış eləməyin
bəs deyil, nə düşmüsən qapı-qapı gəzirsən?
Sözün varsa, elə öz televiziyanda de də! Daha buraya gəlib başqa birisinin yerini tutmaq nəyə
lazımdır? Yaxşı, tutalım,
bunu bağışladıq getdi. İkincisi
və ən əsası, bu qız o televiziya ekranından
bilirsən nə deyirdi? Deyirdi ki, mən yoldaşımla
razılaşmışam, hələ iki il
uşağımız olmayacaq. Tutu nənə
sağ olsaydı və o sözləri eşitsəydi,
dişinin dibindən çıxanı söyləyərdi, bəkə
də, televizorun üzünə tüpürərdi. A
qardaş, vallah, daha böyük-kiçik qalmayıb!
Bəli, dayın Qəşəmin vəziyyəti
çox çətin idi. Çünki Qəşəm
çayxanaya gələndə, toyda-yasda görünəndə
hamı onu gözaltı süzərdi. Bir də adam nə qədər maymaq olsa belə, həmin
eyhamlı baxışları az-çox başa
düşür, necə ki Qəşəm də başa
düşürdü. Hələ o tərəfini
demirəm ki, Qəşəmin anası ilə
qayınanası camaatın arasında olanda gizlənməyə
yer axtarırdılar, amma tapa bilmirdilər. İndi sən bax, televizordakı o qız hara, Qəşəmin
arvadı hara? Qəşəmin arvadının bircə
dəfə cəsarəti çatmadı ki, durub el
arasında, lap elə el arası qalsın bir tərəfə,
qonşusunun yanında desin ki, mən özüm hələ
doğmaq istəmirəm. Yaxud da bu zəhrimarı
atsın Qəşəmin üstünə, söyləsin ki,
Qəşəm hələ uşaq istəmir. Deyir ki,
Bakıda ev alandan sonra
uşağımız olacaq. Ay gidi dünya, birinin
ağzını çuval kimi açırsan, o birinin də
ağzına möhür vurursan.
Xülasə, Qəşəmin arvadını ocaq-ocaq,
pir-pir gəzdirdilər. Ətək-ətək pul tökdülər,
mal tökdülər, faydası olmadı ki, olmadı. Onda da Qəşəmin arvadı baş
götürüb qaçmaq istəyirdi. Özü də
bir sinif yoldaşı vardı - Şərəbanı, ürəyini
həmişə ona açardı, onu yolda-izdə tutub
xısın-xısın deyərdi ki, ölüm istəyirəm,
Şərəbanı, ölüm, kim məni
belə qarğıdı? Mən kimə pislik eləmişəm
ki! Dədəmin, anamın da heç kəslə
işi yoxdur, öz evləri, öz içləridir. Atam heç kəsin toyuğuna bir daş atmayıb,
anam heç kəsin sözünü danışmayıb.
Uşaq vaxtı Novruz bayramı günü qonşunun
qızı ilə odun üstündən tullananda qız qəflətən
oda düşdü, qıçları yandı, vallah mənim
günahım yox idi, elə bil qızın ayağı nəyəsə
ilişdi, yıxıldı, indi də uzun paltar geyməsə,
baldırlarındakı yanıq əməlli-başlı
bilinir, bəlkə, ona görə bu əziyyəti çəkirəm.
Şərəbanı da yanımcıl bir
qız idi və Qəşəmin arvadının o
üzündən-bu üzündən öpüb
yazıq-yazıq deyirdi ki, səbir elə, Güldəstə,
səbir elə, hər şey yaxşı olacaq. Bəndədən bir şey çıxmaz,
Allahın ətəyindən yapış. Allah qadir Allahdı.
Günlərin bir günü də Qəşəmlə Güldəstə həyətlərinin yanından axan çayın kənarına palaz sərib üstündə oturmuşdular. Onlar hər yayı isti adamın gözünə görünüb buxar kimi havaya qalxanda qaralmış-qartımış iydə ağacının altında özlərinə istirahət yeri düzəldərdilər. Dədə-babadan qalmış samovarlarını da palazın düz yanına qoyardılar. Güldəstə də hərdənbir soyumasın deyə samovarın odluğuna ağac kömrü atardı. Qəşəmlə Güldəstə günün ən qızmar çağını burada keçirərdilər. Deməsəm, düz olmaz, kənddə hamı buna vərdiş eləmişdi. Amma Qəşəmlə Güldəstənin bu yay istirahətində başqalarından fərqli bir məqam vardı. Məsələn, Həşim bir tikə çörək yiyən kimi başını yastığın üstünə atıb yatmaq istəyəndə elə o dəqiqə yuxuya gedərdi. Salatının bəh-bəhlə süzdüyü çayı da içə bilməzdi, çay stəkanda qalıb bumbuz olardı. Belə vaxtlar Nəcəfalının arvadının günü qara gələrdi. Öyrədən var idi, öyrədən yox idi, bilmirəm, amma Nəcəfalı bir xortum siqaret çəkərdi, bir nəfəs də arvadını söyərdi. Arvadı da nə ağ dinərdi, nə də qara, çünki ərinin söyüşlərinə öyrəşmişdi. Oğul, bala, indi gözlərini bərəldib məndən soruşmaq istəyirsən ki, bəs Qəşəmlə Güldəstə o palazın üstə nə ilə məşğul olardılar? Ağlına başqa-başqa şeylər gəlməsin, Qəşəmlə Güldəstə orada iki-üç saat söhbət eyləyirdilər. Hamı da bunu bilirdi və hamı da təəccüblənərdi ki, Qəşəmlə Güldəstə hər gün iki-üç saat nədən danışardılar və bu danışdıqları mövzunu haradan tapardılar?
Bəli, elə həmin günlərin biriydi və Qəşəmlə Güldəstənin danışdıqlarını sənin anan açıq-aydın eşidirmiş. Güldəstə Qəşəmə danışırmış ki, axşam yuxu görmüşəm və mənim indiyə qədər ömrümdə belə yuxum olmayıb. Görmüşəm ki, yanımızdan axan çaya düşüb qışqırıram, sən də gəlib məni xilas etmək istəyirsən, amma ikimiz də boğuluruq. Bu zaman onların arxasında dayanan anan ucadan deyir ki, su aydınlıqdır, Güldəstə. Durub görüşürlər, öpüşürlər, Güldəstə elə ayaqüstəcə deyir ki, aydınlıq olmağına qoy, aydınlıq olsun, amma məni təəccübləndirən budur ki, bu çayın nə suyu var, biz də düşüb orada boğulaq, heç körpə uşaq da burada batmaz. Otururlar və bir az həşdən-küşdən danışandan sonra anan üzünü qardaşı Qəşəmə tutub deyir ki, ay qardaş, belə qərara gəlmişik ki, bir uşaq doğub onu saxlamaq üçün sizə verək. Yaşınız ötür, bir müddət sonra qocalığınız var, ahıl vaxtlarınızda sizə bir baxan olmalıdır, ya yox! Onlar çətinliklə də olsa, razılaşırlar, amma ölüm-itim dünyasıdır, onu deməliyəm ki, anan o söhbəti açanda mənimlə bir kəlmə də danışmamışdı, axşam anan bu əhvalatı mənə dedi, mən də etiraz etmədim. Bəs sonra nə oldu? Dörd-beş ay keçməmiş, Güldəstənin boyuna uşaq düşdü. Bizim uşağımız da özümüzə qaldı. Bax, sənin Salah qardaşın belə dünyaya gəlib. Sonra da Salah xəstələnib öldü. İndi bildin, həmin uşaq dünyaya niyə gəlmişdi?
O, qəfil söhbəti dayandırdı, gözünü divarın yuxarısına zillədi və qulağını bir az irəli verdi, sonra ucadan qışqırdı:
- Ay uşaq, ay uşaq mətbəxdəki
radionun səsini qaldır. Dayan, dayan, gör nə
danışır? Nəəə? Markes ölüb? Düz
eşitdim?
Bəli, radio Markesin ölümü barədəki xəbəri
dünyaya yayırdı.
01.06. 2014
525-ci qəzet.-2017.-2 dekabr.-S.23-24.