İtaliyada Azərbaycan Mətbəxi
Festivalı
Romadakı “Baglioni Hotel Regina” mehmanxanasında Azərbaycanın İtaliyadakı səfirliyi, İtaliya-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə İtaliyada birinci Azərbaycan Mətbəxi Festivalının açılışı keçirilib.
Tədbirdə İtaliya hökumətinin, parlamentinin
nümayəndələri, mədəniyyət, incəsənət,
kulinariya aləminin tanınmış simaları, kütləvi
informasiya vasitələrinin təmsilçiləri iştirak
ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın
İtaliyadakı səfiri Məmməd Əhmədzadə
bildirib ki, Romada ilk dəfə keçirilən festivalın təşkilində
məqsəd ölkəmizin zəngin mədəniyyətinin
tərkib hissəsi və xalqımızın əsrlər
boyu formalaşmış tarixi dəyəri olan kulinariya ənənələrimizin
italyanlara tanıdılmasıdır.
Azərbaycan
və İtaliya arasında diplomatik münasibətlərin
qurulmasının 25 illiyinə təsadüf edən 2017-ci il ərzində
səfirlik tərəfindən Romada bir sıra mədəni tədbirlərin,
o cümlədən, birinci Azərbaycan Kino Festivalının
da keçirildiyini vurğulayan diplomat bu tədbirlərin iki
ölkənin xalqları arasında təmasların daha da
yaxınlaşmasına xidmət etdiyini deyib.
Sonra
çıxış edən İtaliyanın mədəniyyət
və turizm nazirinin müavini Antimo Çezaro cari ilin may
ayında Bakıda keçirilmiş IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumunda iştirak etmək üçün ölkəmizə
səfəri ilə bağlı xoş təəssüratlarını
bölüşüb. Natiq Azərbaycan mədəniyyətinə,
incəsənətinə, memarlığına olan
heyranlığını ifadə edərək ölkəmizin
multikulturalizm ənənələrini təqdir edib. Mətbəxinin zənginliyi və unikallığının
da məhz ölkəmizdə mədəniyyətlərin
qaynayıb-qarışmasının nəticəsi olduğunu
söyləyən Antimo Çezaro Azərbaycanda mədəni
irsin qorunması və dünyaya təqdim edilməsi istiqamətində
aparılan işləri yüksək qiymətləndirib.
İtaliya-Azərbaycan
Ticarət Palatasının prezidenti Manuela Traldi festivalın
keçirilməsinin Azərbaycan mətbəxi ilə
yanaşı, ölkəmizin ərzaq məhsullarının və
“Made in Azerbaijan” brendinin də İtaliyada təqdim edilməsi
üçün yaxşı imkan olduğunu bildirib. O,
festivalda bir sıra Azərbaycan şirkətlərinin, o
cümlədən, “Gilan Qəbələ Konserv Zavodu”,
“İsmayıllı Şərab 2 ASC”, “AzNar QSC” və
“RaziRice” kimi şirkətlərin məhsullarının
nümayiş etdirildiyini diqqətə çatdırıb.
Daha sonra peşəkar aşpazlar Abuzər Şirəliyev
və Tural Bayramov milli mətbəximizin atributlarında olan
“Şah Plov”u nümayiş etdiriblər.
Festivalın rəsmi açılış mərasimindən
sonra iştirakçılar Azərbaycan təamlarının
dadına baxmağa dəvət edilib. Milli komponentlərimizlə bəzədilmiş
Azərbaycan süfrəsində təqdim edilən 14 cür təamlarımız,
habelə milli mətbəximizin özünəməxsus
komponentləri olan nar şirəsi, şərbət növləri,
zəfəran, sumax, eləcə də yerli istehsalımız
olan şərablar və çay tədbir
iştirakçıları tərəfindən xüsusi rəğbətlə
qarşılanıb.
Tədbirdə Azərbaycan və italyan musiqiçilərinin
birgə ifasında tanınmış bəstəkarlarımızın
əsərləri təqdim olunub, eləcə də milli mətbəximizə
aid materiallar paylanılıb.
XƏDİCƏ
525-ci qəzet.-2017.-2 dekabr.-S.18.