Məmmədhüseyn Təhmasib və
folklorumuzun bəzi ağrılı nöqtələri
Məmmədhüseyn Təhmasib – 110
Muxtar KAZIMOĞLU
(Əvvəli ötən şənbə
sayımızda)
Niyə belə olur? Necə olur ki, ozan sənətinin
əsas göstəricisi olan bahadırlıq dastanları
öz yerini məhəbbət dastanlarına verir?
Hansı səbəbdən məhəbbət dastanları say
etibarilə qəhrəmanlıq dastanlarını üstələməyə
başlayır?
Ozan sənətinin sirləri bu gün belə tam
açılmayıbsa, bu sənətin özünəməxsus
sistemi hələ də bizə qaranlıqdırsa, onda
yuxarıda xatırlatdığımız suallara cavab verməyin
nə qədər əhəmiyyətli olmasını
aydınlaşdırmağa ehtiyac yoxdur.
Aydın
məsələdir ki, “aşıq” sözünü daha
çox “eşq” sözü ilə əlaqələndirən
Məmmədhüseyn Təhmasibin monoqrafiyada aşıq sənətinin
mənşəyi və mahiyyəti ilə bağlı fikirləri
ozan sənətinin də qaranlıq nöqtələrinə
müəyyən qədər işıq salır. Məmmədhüseyn
Təhmasib yazır: “Həsənoğlunun doğma dildə
yazılmış şeirlərindən başlayaraq təriqət
ədəbiyyatını yayan saysız-hesabsız
mürşid və müridlərin hər gün, hər
meydanda, hər məclisdə, hər yığıncaqda
oxuduqları nəfəslərdə - “haqq”, “haqq aşiqi” təbirlərini
eşidə-eşidə gələn ozanlar dünyasında,
bu doğma sənətkarlar aləmində də istər-istəməz
sarsıntılar başlamalı, təlatümlər
yaranmalı idi. Bu, belə də olmuşdu.
Əsrlərdən bəri söylənən
alplıq - qəhrəmanlıq “boy”larının əzəmətli
bünövrəsi çatlamış, bu sənətin
ürəyinə yeni ruhlu eşq
qığılcımları, yeni mənalı məhəbbət
qorları keçməyə başlamışdı. Bu qorları közərdən Nəsiminin nəfəsindən
gələn nəsim olmuşsa, Xətai ondan
qığılcımlar qoparıb xətasız
nişançı kimi tam hədəfə vurmuş,
Füzuli fəziləti, Füzuli qüdrəti, Füzuli
eşqi isə onu alovlandırıb yandırmış,
aşığın ozana qalib gəlməsi üçün
şərait yaratmşdı”. Alimlik zəkası ilə
yanaşı, yazıçılıq təxəyyülünə
də sahib olan Məmmədhüseyn Təhmasibin obrazlı
deyim tərzi ilə süslənmiş bu mülahizələrində
təriqət ədəbiyyatının geniş miqyas
alması ozan-aşıq qarşılaşmasının və
ozan-aşıq əvəzlənməsinin başlıca səbəbi
kimi nişan verilir. Bu tarixi qənaət
ozan-aşıq qarşılıqlı əlaqələrindən
bəhs edən sonrakı tədqiqatlar və tədqiqatçılar
üçün mühüm elmi mənbəyə
çevrilir. Bu, öz yerində. Amma Məmmədhüseyn Təhmasib sadəcə
mülahizə irəli sürməklə vəzifəsini
bitmiş saymır və aşıq
yaradıcılığının təriqətlə,
sufizm-panteizmlə bağlı tərəflərini
araşdırmağa təşəbbüs göstərir.
Bu araşdırmada əsas hədəf Qurbani irsi və
məcazi məhəbbət dastanları olur. Folklorşünas-alim
Qurbanini sufizmə bağlı olan ustad aşıq sayır,
onun şeirlərində və “Qurbani” adlı üç
versiyadan ibarət dastanda sufizmin əlamətlərini
görür və bu dastanın başdan-başa rəmzi
vüsalın, namümkün məhəbbətin vəsfinə
həsr olunmuş bir əsər kimi yaranması, amma sonradan dəyişikliyə
uğrayıb nikbin xalq dastanına çevrilməsi
ehtimalını irəli sürür: “Qurbaninin özü tərəfindən
yazılmış dastan, bizcə, daha çox məcazi, rəmzi
bir əsərmiş. Bu gün əsər tam şəkildə
əldə yoxdur... Aşıqlar və onların
auditoriyasından ibarət olan geniş xalq kütləsi bu əsəri
qavraya, həzm edə bilməmiş, gündən-günə,
ildən-ilə onu öz ifalarında sadələşdirmiş,
reallaşdırmış, yeni əlavələr,
ünsürlər, epizodlarla “əsaslandırmağa”
çalışmış, nəhayət, gətirib bir-birindən
bu dərəcədə fərqli versiyalar şəklinə
salmışdır. Xalqın, onun yaradan, düzən,
qoşan dəstəsinin kollektiv yaradıcılıq qüdrəti
də burada özünü göstərir. O, məcazi
bir əsəri öz süzgəcindən keçirə-keçirə,
öz darağı ilə daraya-daraya, öz rəndəsi ilə
yona-yona gətirib Gəncə, yaxud Zəngan versiyası kimi
nikbin bir xalq dastanı dərəcəsinə
qaldırmışdır”.
Məmmədhüseyn
Təhmasib rəmzi məhəbbət dastanları
bölgüsünə daha çox “Qurbani”ni daxil etsə də,
istər “Tahir-Zöhrə” kimi astral dastanlarda, istərsə də
nağıllara, qədim eposa, yazılı ədəbiyyata
bağlı məhəbbət dastanlarında eşqin ilahi mənşə
ilə əlaqələndirilməsini səciyyəvi bir xətt
kimi diqqətə çatdırır və buta məsələsi
üzərində ətraflı dayanmağı vacib sayır.
Nurani dərviş, Xızır və yaxud Həzrət
Əli dastan qəhrəmanına nur badəsi içirir və
hansısa uzaq bir şəhərdə yaşayan gözəl
bir qızı qismət kimi ona nişan
verir. Dastan qəhrəmanı nur badəsini
içməklə haqq aşığına, gözəl
qızı görüb ona vurulmaqla haqq aşiqinə
çevrilir. Qeyri-adi qüvvələrin kəraməti
hesabına baş tutan bu cür butavermə əhvalatının
məhəbbət dastanlarında təsvir edilməsinin
mühüm səbəblərindən birini Məmmədhüseyn
Təhmasib baş qəhrəmanların, xüsusən də
məşuqənin öz davranışında sərbəstlik
qazana bilməsi ilə əlaqələndirir: “Diqqət edilsə,
dastanlarımızda buta (məşuqə - M.K.)
yaşadığı mühitə, tabe olduğu cəmiyyət
qaydalarına, hökmran din-əxlaq normalarına, ən
hüquqsuz, ən müti, ən məzlum üzvü
olduğu islam zehniyyətli partiarxal cəmiyyətin
amansızlığına baxmayaraq, həddindən artıq sərbəst,
müstəqil, hətta bir dərəcəyə qədər
açıq-saçıqdır... Şəriətə
görə naməhrəmlə görüşmək,
danışmaq günah və yasaq olsa da, bu qızlar hətta
oğlanı görən kimi “yıxılıb özündən
gedir”, ayıldıqdan sonra da görüşüb,
qucaqlaşıb, öpüşüb, “eyş-işrətə”
başlayırlar... İslamiyyətlə, onun
qadına münasibəti ilə daban-dabana zidd olan bu sərbəstlik
nə ilə əlaqədardır? Bizcə, bu...
Əlinin vermiş olduğu icazə, buta, badə ilə
bağlıdır... Ətrafdakı hökmran
qüvvələrin mənfi münasibətinə baxmayaraq, bu
qəhrəmanların özlərini kəbinli ər-arvad kimi
aparmalarının səbəbi həmin bu icazədə, bu
intixabdadır”. Düzdür, müəyyən qədər
sərbəstliyi “Dədə Qorqud” və “Koroğlu”
dastanlarında - Əlidən “icazə”si olmayan qızlarda da
görürük, amma Məmmədhüseyn Təhmasibin bir az
əvvəl misal çəkdiyimiz fikirlərində həqiqətin
ifadə olunması da şəksiz-şübhəsizdir.
Doğrudan da, məhəbbətin ilahi mənşəyə
bağlanması sənətkarın məclisdə eşq macəraları
üstündə saatlarla dastan danışmasına geniş
meydan açır. Onlarla məhəbbət dastanının əldə
olmasını nəzərə alsaq, eşq macəraları
ilə bağlı süjetlərin nə qədər müxtəliflik
və rəngarənglik yaratmasını təsəvvür
etmək çətinlik törətməz. Çətinlik bu müxtəliflik və rəngarənglikdə
üst-üstə düşən, oxşarlıq yaradan məqamları
aşkara çıxarmaqda, süjet xəttinin, bütün məhəbbət
dastanları üçün səciyyəvi olan mərhələlərini
müəyyənləşdirməkdədir. Məmmədhüseyn
Təhmasib belə bir çətinliyin öhdəsindən
yüksək səviyyədə gəlir və dastan
poetikasının öyrənilməsi üçün vacib
olan bir iş görür. Görkəmli folklorşünas belə
hesab edir ki, məhəbbət dastanlarımızın hamısında, “Dədə Qorqud”
və “Koroğlu” kimi qəhrəmanlıq
dastanlarımızın da bir sıra boy və qollarında əsas
məzmun qəhrəmanın öz sevgilisi uğrunda
mübarizə aparmasının təsvirindən ibarətdir.
Belə bir mübarizədən bəhs edən süjet
dörd mərhələyə bölünür: 1. qəhrəmanın
anadan olması və ilk təlim-tərbiyəsi; 2. aşiq və
məşuqənin buta almaları; 3. qabağa çıxan
maneələr və onlara qarşı mübarizə; 4.
müsabiqə və qələbə. Aydınlıq naminə
qeyd edək ki, bu bölgüdə “buta almaq” məsələsini
Məmmədhüseyn Təhmasib geniş mənada -
dastanın qız qəhrəmanının ortaya
çıxması mənasında işlədir və bu
hesaba bəzi başqa dastanlarla bir sırada “Dədə Qorqud”
və “Koroğlu”nun məhəbbət motivli boy və
qollarından da danışmaq imkanı qazanır.
Bölgüdə müəllif “qabağa çıxan maneələr
və onlara qarşı mübarizə”ni
süjet xəttinin əsas hissəsi sayır və bu hissənin
özünü də üç mərhələyə
ayırır: 1. qəhrəmanın hələ öz vətənində
rastlaşdığı maneələr; 2. yol; 3. butanın vətəninə
çatdıqdan sonrakı macəralar. Müəllif
bütün bu bölgülər əsasında məhəbbət
dastanlarına məxsus süjet poetikasını ortaya qoyur.
Nağıllarla, eposla, yazılı ədəbiyyatla
bağlı olan; orijinallığı ilə seçilən;
astral və rəmzi məzmun daşıyan məhəbbət
dastanlarından ayrı-ayrılıqda, həmçinin
bir-biri ilə müqayisəli şəkildə bəhs edərək
Məmmədhüseyn Təhmasib məhəbbət
dastanlarının bütövlükdə poetik sistemini
işləyib meydana çıxarır.
Məmmədhüseyn Təhmasibin məhəbbət
dastanları ilə bağlı araşdırmalarından
aydın olur ki, sufi-panteist ədəbiyyatın aşıq ədəbiyyatına
təsiri özünün qabarıq ifadəsini məhz məhəbbət
dastanlarında tapır. Ozan-aşıq qarşılaşmasında
aşığın tədricən öz nüfuzunu
artırıb dastan yaradıcılığı və ifaçılığının aparıcı fiquruna
çevrilməsində məhəbbət dastanları
mühüm göstəriciyə çevrilir. Bəs
aşıq sənətinin get-gedə güclənməsi
müqabilində ozan sənətinin taleyi necə olur?
Ozan ənənəsi bu qarşılaşmaya tab gətirməyib
sıradan çıxırmı? Əlbəttə,
yox. Ozanın alplıq-bahadırlıq
dastanı qoşmaq ənənəsi sıradan
çıxmış olsaydı, “Koroğlu” kimi nəhəng
epos yaranmaz və Məmmədhüseyn Təhmasib də
dastanlara həsr etdiyi monoqrafiyada bu eposun təhlilinə
geniş yer verməzdi. Məmmədhüseyn
Təhmasibin monoqrafiyada aşıq sənətinin məhsulu
kimi bəhs etdiyi “Koroğlu” alplıq-bahadırlıq ənənəsini
başqa bir yerdən yox, ozan sənətinin məhsulu olan “Dədə
Qorqud”dan götürür. Deməli, ozan ənənəsi
aşığın ifasında yaşamaqda davam edir. Alplıq-bahadırlıq “Koroğlu”da o dərəcədə
özünə möhkəm yer tutur ki, bəzi qolların məhəbbət
motivi üstündə qurulması həmin qolları qəhrəmanlıq
dastanı olmaqdan qətiyyən uzaqlaşdırmır. Bu cəhət də başqa bir yerdən yox, “Dədə
Qorqud”dakı məhəbbət motivli boylardan gəlir.
“Dədə Qorqud” boyları və “Koroğlu” qollarında
bahadırlığın yerini doğru-düzgün müəyyənləşdirmək
üçün Məmmədhüseyn Təhmasib məhəbbət
dastanları ilə müqayisələr aparmağı
lazım bilir: məhəbbət dastanlarının
çoxunda qəhrəmanın butadan əvvəlki
bacarığı ilə butadan sonrakı bacarığı
arasında böyük fərq olur. Butaya qədərki Qurbani
yer şumlamağı bacarmır, əmisindən borc
aldığı öküzlərin birini canavara yedirdir, o
birini palçığa batırır. Butaya
qədərki Abbas oxuyub-yazmaqda məktəb
yoldaşlarının hamısından geri qalır. Qərib isə atadanqalma mal-dövlətin qısa
vaxtda axırına çıxıb qəpiyə möhtac vəziyyətə
düşür. Buta veriləndən sonra
haqq aşığına və haqq aşiqinə çevrilən
bu qəhrəmanlar şəriətdən, təriqətdən,
mərifətdən, həqiqətdən xəbər verir,
böyük və yenilməz qüdrət sahibinə
çevrilirlər. Butadan əvvəlki fərasətsizliklə
kəskin təzadın yaradılması butadan sonrakı
qüdrəti daha qabarıq göstərməyə xidmət
edir. “Dədə Qorqud” və “Koroğlu”
dastanlarında, o cümlədən, bu dastanların məhəbbət
motivli boy və qollarında bu cür təzada rast gəlmirik.
Beyrək Banuçiçəklə görüşənə qədər
bazirganları qarətçilərin əlindən qurtarmaqla
öz igidliyini artıq sübuta yetirmiş olur. Dəmirçioğlu Telli xanımın dalınca
getməmişdən xeyli qabaq adlı-sanlı Koroğlu dəlisi
kimi tanına bilir. İstər “Dədə Qorqud”
boylarında, istərsə də “Koroğlu” qollarında
qız arxasınca getmək baş qəhrəmanın bahadırlığını bir daha nümayiş etdirmək
məqsədi daşıyır.
Məmmədhüseyn Təhmasibin yığcam şəkildə
xatırlatdığımız bu mülahizələri qəhrəmanlıq
dastanlarına yanaşmada başlanğıc nöqtəsinə
çevrilir.
Aydın olur ki, qəhrəmanlıq
dastanlarında yalnız məhəbbət yox, bütün digər
motiv və süjetlər, bütün ünsür və
elementlər bahadırlığın qabarıq ifadəsinə
xidmət edir. Belə elementlər
sırasına, heç şübhəsiz, mifoloji mahiyyət
daşıyanlar da daxildir. Məhəbbət
dastanlarına ozan epik ənənəsi əsasında
yanaşıb butanı mifoloji baxımdan qəhrəmanın yenidən
doğuluşu kimi mənalandıran Məmmədhüseyn Təhmasib
bahadırlıq dastanlarındakı əsatiri qata biganə
qala bilməzdi və biganə qalmır. Təsadüfi
deyil ki, alimin monoqrafiyada ətraflı bəhs etdiyi qəhrəmanlıq
dastanlarından biri və birincisi “Basat” boyudur. Alim həmin
boyla bağlı təhlillərində Basatın aslan
südü ilə bəslənməsinə, özünün
mifoloji kökünü “qaba ağac” və “qoğan aslan”a
bağlamasına xüsusi diqqət yetirir və bu cür
möcüzəli doğuluşu Koroğlunun timsalında da
axtarır: “Qədim türk eposunun bütün ünsürləri,
yəni dağ kultu da, su kultu da, ağac kultu da, nəhayət
və ən əsaslısı nur, işıq kultu da
Qoşabulaqda birləşdirilir, adi kəndli balası olan
Rövşən də məhz bu ünsürlərin sayəsində
qəhrəman, Koroğlu dərəcəsinə yüksəlir”.
Müxtəlif
xalqlarda bu qəhrəmanın Koroğlu, Qaraoğlu,
Goroğlu kimi adlar daşımasını xatırladan Məmmədhüseyn
Təhmasib yazır: “Koroğlu da, Qaraoğlu da, Goroğlu da
qaranlıqla əlaqədardır. Birinci variantda
o, korun, ikincidə qaranın, üçüncüdə isə
qaranlıq qəbrin oğludur. Bütün
dünya xalqlarının əsatirində isə qaranın,
qaranlığın, korluğun, bir sözlə, zülmətin
oğlu fəcrdir, günəşdir, işıqdır”.
İstər Basat, istərsə də
Koroğludan bu yöndə və bu kontekstdə
danışarkən Məmmədhüseyn Təhmasib janrın
formalaşmasında mifoloji elementlərin yerini və
funksiyasını aydınlaşdırmaq məqsədi
güdür. Bu məqsədin Məmmədhüseyn
Təhmasib yaradıcılığında ardıcıl şəkildə
izləndiyinin şahidi oluruq. Həm
dastanlara həsr edilmiş monoqrafiyasında, həm də həmin
monoqrafiyadan xeyli qabaq yazılmış “Mövsüm və mərasim
nəğmələri”ndə mif və ritual janrın məzmununa
əsaslı təsir göstərən amillər kimi tədqiqata
cəlb olunur. Məmmədhüseyn Təhmasib
yaradıcılığında qabarıq şəkildə
özünü göstərən bu istiqamət folklor elmimizdə
Məmmədhüseyn Təhmasibdən sonra davam və
inkişaf etdirilən, az-çox öz bəhrəsini verən
istiqamətlərdəndir. Çağdaş
Azərbaycan folklorşünaslığında janrın
genezisinin janrın poetikası ilə vəhdətdə
öyrənilməsində, söz yox ki, Məmmədhüseyn
Təhmasib irsinin mühüm əhəmiyyəti və rolu
vardır.
Folklor janrları içərisində epos, tarixi hadisələri
daha qabarıq əks etdirən janr sayılır. Görkəmli
folklorşünaslar, eləcə də Məmmədhüseyn
Təhmasib nağıl janrı ilə müqayisədə
eposun “uydurma” yox, “gerçək” hadisələri əks etdirən
bir əsər kimi danışılması qənaətinə
gələrkən, görünür, eposdakı tarixilik məsələsini
də xüsusi nəzərə alırlar. Yəqin
belə hesab edilir ki, xalqın öz varlığı
uğrunda mübarizəsindən bəhs edən epos real hadisələrə
daha çox bağlı bir janrdır. Eposda
tarixilik məsələsinə xüsusi önəm verilməsi
Məmmədhüseyn Təhmasibin dastan təsnifatında
aydın ifadəsini tapır. “Tarixi hadisələrlə
səsləşən qəhrəmanlıq
dastanları”nın ayrıca qrup kimi nəzərdə
tutulması, “Dədə Qorqud” və “Koroğlu”dakı bəzi
boy və qolların həmin qrup daxilində təhlil edilməsi,
Qıpçaq Məlik, Koroğlu, Eyvaz, Dəli Həsən və
b. surətlərin tarixdəki prototiplərinin müəyyənləşdirilməsi
tarixilik məsələsinə Məmmədhüseyn Təhmasibin
xüsusi diqqətlə yanaşdığını göstərir.
Amma o da var ki, Məmmədhüseyn Təhmasib
bir neçə dəfə “epos tarix kitabı deyil” deyib
tarixilik məsələsi ilə bağlı
nigarançılığını da bildirir. Nədir bu nigarançılığın səbəbi?
Görkəmli folklorşünas bu məqamda nədən
narahat olur, nədən ehtiyat edir? Məsələ
burasındadır ki, tarixilik də folklorun ağrılı
yerlərindən, o qədər də düzgün
anlaşılmayan məsələlərindən biridir. Düzgün anlaşılsaydı,
folklorşünaslıq məktəblərindən biri olan
tarixi məktəb xalq ədəbiyyatının bütün
janrlarında eyni dərəcədə tarixilik axtarmazdı.
Tarixilik məsələsində folklor
janrlarının özünəməxsusluğunu nəzərə
almamaq folklorşünaslıqda tarixi məktəbin
nöqsanı kimi qiymətləndirilir. Belə hesab
edilir ki, tarixilik rəvayət, nağıl, epos və s. kimi
janrlarda özünü daha qabarıq şəkildə
göstərsə də, bu qabarıqlıq həmin
janrların poetik sistemini dəyişdirə bilmir, əksinə,
tarixi hadisələrin və tarixi şəxsiyyətlərin
təsviri janrın poetikasına tabe olur. Tarixi
şəxsiyyət konkret bir dövrdə
yaşadığı halda, epos qəhrəmanı neçə-neçə
əsri əhatə edən tarixi hadisələrlə əlaqələndirilə
bilir. Ən möhtəşəm, ən təsirli
tarixi hadisə belə folklorda məhz folklorun öz tələblərinə
uyğun şəkildə əks olunur. Folklorun
aparıcı janrlarından olan eposda tarixilik baxımından
başlıca şərt tarixi gerçəkliyin epik
gerçəkliyə uyğunlaşdırılmasıdır.
Əgər tarixi gerçəklik konkret zaman və
məkan daxilində baş vermiş hadisələrdən ibarətdirsə,
epik gerçəklikdə bu cür konkretlik axtarmaq çox
çətindir və yaxud heç mümkün deyil.
Epos söyləyicisi iki zaman tanıyır: öz
zamanını və epos qəhrəmanlarının
zamanını. Real şəxsiyyət və
real yer adlarının çəkilməsi epos qəhrəmanlarının
yaşadığı zamanı konkretləşdirə bilmir.
İfaçı sənətkar epos qəhrəmanlarının
zamanını özünün yaşadığı zamandan tamamilə fərqli
bir zaman kimi təqdim edir. Bu zaman, söz yox ki,
şərtiliklərlə dolu zamandır və epos qəhrəmanlarının
bir neçə əsri əhatə edən hadisələrlə
əlaqələndirilməsi belə şərtiliklərdəndir.
Eposda təsvir edilən əhvalatların tarixi hadisələrlə
eyniləşdirilməsini yanlış bir yol sayan Məmmədhüseyn
Təhmasib yazır: “Tarixdə baş vermiş hadisələri
eposda eyni ilə axtarmaq, hər epizodu, qolu tarixi hadisə kimi qəbul
etmək, hər bir surətə tarixdə yaşamış
bir şəxsiyyət kimi yanaşmaq doğru olmaz... Məsələ bu ünsürlərin bənzəyişində,
eyniyyətində deyil, dövrün əsas... ictimai mənzərəsinin
eposdakı inikasında, xalq kütlələrinin cərəyan
edən hadisələrə münasibətinin
doğru-düzgün ifadəsindədir”. Epik əhvalatlarla
tarixi hadisələrin, epos qəhrəmanı ilə tarixi
şəxsiyyətin bir-birinə nə dərəcədə
bənzəyib-bənzəməməsini yox, xalqın hadisələrə
münasibətini əsas göstərici sayırsa, bu o deməkdir
ki, Məmmədhüseyn Təhmasib folklorda tarixilik məsələsinə
də bir çox başqa məsələlər kimi dünya
elmi-nəzəri fikri səviyyəsində yanaşa bilir. Nəzərə alır ki, qabaqcadan xalqın təsəvvüründə
formalaşıb yaşamaqda olan epik obraz ona az-çox
uyğun gələn tarixi şəxsiyyətin timsalında
ortaya çıxır. Tarixi hadisələri və
tarixi şəxsiyyətləri dəqiqliklə əks etdirməkdən
daha çox xalqın təsəvvüründəki epik
obrazları, ilk növbədə isə yenilməz bahadır obrazını
əks etdirmək qəhrəmanlıq eposunun səciyyəvi
xüsusiyyətlərindən biri kimi özünü göstərir.
Eposşünas V.Putilovun sözləri ilə desək, tarixi
şəxsiyyətə qədər də mövcud olan epik
obraza tarixi şəxsiyyət ad və bir az
da “bioqrafik” material verir.
Məmmədhüseyn Təhmasib irsi çərçivəsində Azərbaycan folklorunun mübahisəli məsələlərindən danışarkən “Koroğlu” dastanının tərtib probleminə toxunmamaq mümkün deyil. Əlbəttə, bu məqamda söhbət, ilk növbədə, Məmmədhüseyn Təhmasibin tərtib etdiyi “Koroğlu”dan gedir. O “Koroğlu”dan ki, Məmmədhüseyn Təhmasib onu sovet dövründə nəşrə hazırlamışdı. O dövrdə qəhrəmanlıq eposlarının sinfi mübarizə ideologiyasına uyğun şəkildə “hazırlanıb” ortaya çıxarılması təxirəsalınmaz vəzifələrdən sayılırdı. Qəhrəmanlıq eposunun roman kimi ölçülü-biçili olması qarşıya qoyulmuş vəzifələrin mühüm şərtlərindən idi. Bizim bəxtimiz onda kəsdi ki, bu vəzifəni yerinə yetirmək Vəli Xuluflu və Hümmət Əlizadədən sonra Məmmədhüseyn Təhmasib kimi ciddi folklorşünas və söz sərrafının öhdəsinə düşdü. Məmmədhüseyn Təhmasib çox çətin ictimai-siyasi şəraitdə “Koroğlu”nun ruhunu qoruyub saxlaya bildi və onilliklər boyu eposun Məmmədhüseyn Təhmasib nəşri oxucuların stolüstü kitabına çevrildi. Bunu qeyd etməklə yanaşı, sovet dövründə “Koroğlu”nun necə, hansı şərtlərlə nəşrə hazırlanmasından, epos üzərində hansı istiqamətlərdə iş aparılmasından danışmağı da vacib hesab edirik. Belə düşünürük ki, o vaxt “Koroğlu” üzərində aparılan işin ümumi mahiyyəti eposu “nümunəviləşdirmək”dən ibarət olub. Və bu “nümunəviləşdirmək” qəhrəmanın, süjetin, kompozisiyanın, eləcə də dilin “nümunəviləşdirilməsi” kimi müxtəlif istiqamətləri əhatə edib. Ayrı-ayrı qollar arasında əlaqə yaratmaq tərtibçinin əsas qayğılarından biri olub. Bəs tərtib zamanı Məmmədhüseyn Təhmasib hansı mətnlərə əsaslanıb və o mətnlərdən necə istifadə edib? Bu sualın cavabını Məmmədhüseyn Təhmasibin mənbələrlə bağlı izahlarına baxmaqla tapmaq olar. “Alı kişi” qolunun mənbəyini Məmmədhüseyn Təhmasib belə göstərir: “Bu qolun tərtibində “Koroğlu-Əsəd”, “Koroğlu-Bozalqanlı”, “Koroğlu-Əli” və “Qaf-Penn” variantları əsas götürülmüşdür”. Bu, o deməkdir ki, tərtibçi “Alı kişi” qolunu Aşıq Əsəd, Aşıq Hüseyn Bozalqanlı və Aşıq Əlinin dilindən ayrı-ayrılıqda yazıya alınan, o cümlədən A.Xodzko tərəfindən toplanıb, 1856-cı ildə S.Penn tərəfindən rus dilinə tərcümə edilən müxtəlif variantlar əsasında işləyib ortaya çıxarıb. Eposun yerdə qalan qollarının da tərtibində Məmmədhüseyn Təhmasib həmin prinsip üzrə hərəkət edib. Ayrı-ayrı söyləyicilərin dilindən yazıya alınan müxtəlif variantlar tərtibçi süzgəcindən keçirilib və oxucuya vahid təhkiyəçi dilindən çatdırılıb. Elə təhkiyəçi ki, bütün hadisələrin fövqündə dura və hadisələrin bir-biri ilə əlaqəsini görə bilir.
Bir vaxt Lyonrot Finlandiyada “Kalevala” üzərində necə işlədiyini, eposun ayrı-ayrı hissələri arasında necə əlaqə yaratdığını oxucudan gizlətmədiyi kimi, Məmmədhüseyn Təhmasib də “Koroğlu” üzərində necə işlədiyini görkəmli folklorşünas olaraq, oxucudan gizlətməyə ehtiyac görməyib. Lyonrotun böyük zəhmət və istedad hesabına tərtib etdiyi “Kalevala” xalq arasında geniş yayıldığı kimi, Məmmədhüseyn Təhmasibin də böyük zəhmət və istedad bahasına tərtib etdiyi “Koroğlu” xalq arasında geniş yayılıb. Həm Lyonrot “Kalevala”sı, həm də Məmmədhüseyn Təhmasib “Koroğlu”su bir tarixə çevrilib. “Kalevala” və “Koroğlu”nu yeni tərtibdə oxucuya təqdim etmək istəyən folklorşünas, heç şübhəsiz, bu tarixə böyük sayğı və ehtiramla yanaşmalıdır. “Kalevala”nı finlərin öhdəsinə buraxıb söhbəti konkret olaraq bizim “Koroğlu”nun üstünə gətirsək, qeyd etməliyik ki, bu gün yeni tərtib arzusunda olan folklorşünasın başlıca işi əsil söyləyiciləri - koroğluxanları o taylı-bu taylı Azərbaycanda arayıb tapmaq, eposun qollarını ayrı-ayrılıqda canlı ifadan necə var, o şəkildə qələmə almaq, qələmə alınanı xüsusi əlaqələndirmə, xüsusi “nümunəviləşdirmə” qayğısına qalmadan bütün təbiiliyi ilə nəşr edib oxucuya çatdırmaqdır.
Amma qarşıya bir sual da çıxır: bütün bu şərtlər əsasında tərtib və nəşr edilən “Koroğlu” oxucu üçün Məmmədhüseyn Təhmasib “Koroğlu”sundan daha maraqlı olacaqmı? Suala dəqiq cavab vermək çətindir...
525-ci qəzet 2017.- 2 dekabr.- S.10;24.